Məhkəmə qərarları › İş №2(103)-7002/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7002/2021

08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7002/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbləri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadından Tərahim Abbasovun nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin sahənin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən xeyrinə 3600 manat pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı adına verilmiş 08 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, çıxarışın alınması zamanı korrupsiya halına yol vermiş şəxslərin məsuliyyət məsələsinə baxılması üçün xüsusi qərardad çıxarılaraq Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 da İddiaçı qarşı müstəqil iddia irəli sürərək, ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş 08 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, çıxarışın alınması zamanı korrupsiya halına yol vermiş şəxslərin məsuliyyət məsələsinə baxılması üçün xüsusi qərardad çıxarılaraq Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 02 aprel 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə dair hissələrdə xitam verilməsi qərara alınmış, eyni tarixli qətnamə ilə ilkin iddia tələbinin qismən təmin olunması qət edilmişdir. Həmin qərardaddan Tərahim Abbasovun nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyi, həqiqətin ortaya çıxarılmasında maraqlı olmadığı, işi tam və hərtərəfli araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Tərahim Abbasov və Cavabdeh məhkəməyə gəlməmiş, bununla belə Tərahim Abbasovun vəkili ərizə ünvanlayaraq təmsil etdiyi şəxsin Bakı İnzibati Məhkəməsində müvafiq iddia qaldırdığını bildirməklə işin icraatının dayandırılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə şikayətin əsassız olduğunu və şikayətçinin inzibati məhkəmədə iddia qaldırmaqla əslində məhkəmənin mövqeyi ilə razılaşdığını bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad Tərahim Abbasova aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, ünvan 3 ünvanında yerləşən binanın yarımzirzəmisindəki 34,7 m2 qeyri-yaşayış sahəsi 01.07.2002-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində İddiaçı satılmış, bununla bağlı ona müvafiq şəhadətnamə verilmiş, sonuncu dəfə o, 08.05.2019-cu il tarixdə əmlaka dair çıxarış almışdır. İddiaçı iddiasına görə həmin qeyri-yaşayış sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur; qarşılıqlı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs isə onun mülkiyyət sənədinin saxta yollarla əldə edildiyini irəli sürməkdədirlər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, Tərahim Abbasovun ləğv olunmasını tələb etdiyi çıxarışın aid olduğu əmlak, əmlakın sərəncamvericisi olan Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti (Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən İddiaçı satılmışdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; müstəqil tələb irəli sürən üçüncü şəxs isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edirlər. Nəzərə alınmalıdır ki, mübahisəli əmlaka dair Tərahim Abbasovun ləğv olunmasını tələb etdiyi çıxarış dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən verildiyi üçün, qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Qərarda həmçinin göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın xüsusi mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilənin nəticəsində İddiaçı verilmiş çıxarışın mübahisələndirilməsinə dair iddianın inzibati mübahisə olduğunu nəzərə almaqla qanuni qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2021 saylı iş üzrə 02 aprel 2021-ci il tarixli qərardadı X1 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar