Məhkəmə qərarları › İş №2(103)-7002/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7002/2022

16.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7002/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7002/2022 Açar sözlər: (maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 2019-cu ilin avqust ayında ünvan 2, bina 95, 8-ci giriş, 1139 mənzildə yerləşən, ümumi sahəsi 63,39 kv.m olan 2-ci mərtəbədə yerləşən 2 otaqlı, yaşayış sahəsi 39,73 kv.m olan mənzili Cavabdeh Mənzil-Tikinti Kooperativindən 05 avqust 2019-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə əsasında almışdır. 2.2019-cu ilin sentyabr ayından mənzildə baş vermiş su axıntıları ilə bağlı iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MTK-ya qarşı (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi sahəsi 63,39 kv.m yaşayış sahəsi 39,73 kv.m olan ünvan 2, ev 95, 8-ci giriş, mənzil 1139 yerləşən iki otaqlı mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh Mənzil-Tikinti Şirkətinə onun əvvəl satın aldığı ünvan 2, bina 95, 8-ci giriş, mənzil 1139, iki otaqlı mənzili sanitariya-gigiyena normalarına cavab verən daha iki otaqlı bir mənzillə əvəz etməyin tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin avqust ayında ünvan 2, bina 95, 8-ci giriş, 1139 mənzildə yerləşən, ümumi sahəsi 63,39 kv.m olan 2-ci mərtəbədə yerləşən 2 otaqlı, yaşayış sahəsi 39,73 kv.m olan mənzili Şaiq Mənzil-Tikinti Şirkətində 05 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında almışdır. Sonra 2019-cu ilin avqustunda adı çəkilən mənzilə köçmüş və yaşamışdır. 2019-cu ilin sentyabr ayında mənzilində keçən şaxta sızmağa başlamış, bununla əlaqədar göstərilən mənzil binasının komendantına müraciət etmiş, komendant isə çatışmazlıqları aradan qaldıracağını vəd etmişdir. Ancaq ertəsi gün ləkə şəklində spotun lampasından su axmağa başlamışdır. Müraciəti ilə əlaqədar evin komendantı yanında bir işçi göndərmiş və onlar sızma mənbəyini axtararaq altıncı mərtəbəyə çatmışlar, mənzillərə girmişlər, ancaq mənzildə qonşuların heç birindən heç nə axmırdı, qonşuların bəzilərində divar kağızı aralanmışdı, amma quru idilər. İki gün ardıcıl olaraq o, hər saat bir dolu vedrə su çıxarmış, bunun nəticəsində onda uşaqlıq düşməsi müşahidə olunmuşdur. Gecə saat birdə 112 ilə əlaqə saxlamağa məcbur olmuşdur. Ancaq xidmət işçiləri zəng vuraraq izah etmişlər ki, evin daxilində baş verənlər yalnız Şaiq Mənzil-Tikinti Şirkətinə və evin komendantına tabedir. İki gündən sonra su damlamağı dayandırılmışdır. Evin komendantı söz vermişdir ki, döşəmə quruyanda təmir ediləcək. Üç ay keçdi, heç birtəmir olmadı, ancaq vaxtaşırı su damır və indi divar boyunca su axır, bəzən spotun lampasından su axır, bir neçə dəfə komendanta yaxınlaşmış, sonda komendant, üç ildir su axımının səbəbini və mənbəyini bilmədiklərini və tapa bilmədiklərini söyləmişdir. Bu vəziyyətlə əlaqədar o, sakitlik və rahatlığını itirmişdir. Uzun müddət evdən çıxa bilmir. Daimi nəmişlik zəminində öskürək inkişaf etdi və dayanmır, təzyiq yüksəlir. Faktiki olaraq, qısa qapanma və hətta yanğın ola biləcəyi üçün həyatı daim təhlükə altındadır. Sual budur ki, bütün bunlardan sonra Şaiq Mənzil-Tikinti Şirkətinin rəhbərliyi bu çatışmazlıqlardan xəbərdar idi və bu çatışmazlıqları gizlədərək ona problemli mənzili satmışlar. Bu vaxt o, xəstə, kimsəsiz bir yaşlı qadındır, əri vəfat etmiş, çarəsizdir, nə edəcəyini bilmir, heç kim belə bir problemli mənzil ondan almayacaqdır. Yalnız onlar mənzili ona satmağı bacardılar, o da qüsurları bilərəkdən gizlədərək saxtakarlıq etmişlər. Mənzilin dəyərini ödəməklə yanaşı, Şaiq Mənzil-Tikinti Şirkətinin rəhbərliyinə də onların istəyi ilə sözdə mənzil dizaynı üçün 3000 manat pul vermişdir. Sözügedən problemdən xəbəri olmadığı üçün vaxtını mebel, “kombi” qurğularına və qalan 6000 manat sərf edərək üstəlik sağlamlığını itirmişdir. Beləliklə, 23 dekabr 2019-cu il tarixdə səhərə qədər su axmışdır. Buna görə o, gecəni yatmamış və gecə saat 1-də 102 polis xidmətinə zəng etmək məcburiyyətində qalmışdır. Sözügedən xidmətin əməkdaşları bu problemin səlahiyyətlərinə aid olmadığını izah etmişlər. Gecə saat 03:00 radələrində 112-yə zəng etmiş, orada ona izah etmişlər ki, bu problemin həlli Cavabdeh Mənzil-Tikinti Şirkəti və evin komendantının məsuliyyətidir. Bununla əlaqədar cavabdehə yazılı bir müraciətlə müraciət etmişdir ki, yuxarıda göstərilən faktları yoxlamaq və suyun sızması mənbəyini müəyyənləşdirmək üçün müvafiq komissiya təyin etmək, habelə onun göstərdiyi faktları təsdiqləmək və əvvəllər alınmış iki otaqlı mənzili başqa iki otaqlı mənzillə sanitariya standartlarına cavab verən bir mənzillə əvəz etmək üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Lakin müraciətini cavabdehin imzaladığı poçt bildirişi ilə təsdiqlədikdən sonra rəsmi cavab əldə etmişdir ki, bu da onun tələbini təmin etməkdən imtina hesab olunur. 5.İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, sonuncu dəqiqləşdirilmə ərizəsində isə Cavabdeh tərəfindən nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, dəymiş maddi zərər qismində 1508 manat, mənəvi zərər qismində 3000 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Abbasova İlahə) iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən zərərə səbəb olmuş nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulması, Cavabdeh MTK-dan 1508 manat məbləğində dəymiş maddi zərər və 1500 manat məbləğində mənəvi zərərin tutularaq, İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1 Kod:210005VÖEN ********** m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. 7.İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Q.Qarayev prospekti, ev 61, 89 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.1998-ci ildə hüquqi qeydiyyatdan keçirilmişdir. 8.İş materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2019-cu ildə verilmiş 892 saylı arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 8-ci giriş, 2ci mərtəbəsində olan, 2 otaqlı, 1077 saylı mənzil hal-hazırda 1139 saylı mənzil kimi nömrələnmişdir. 9.İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 61, 89 saylı mənzilə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. 10.İş materiallarında olan 05 avqust 2019-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilədən görünür ki, həmin tarixdə Cavabdeh MTK və İddiaçı arasında müqavilə bağlanmışdır və həmin müqavilənin predmetini “Satıcı”ya ayrılmış ünvan 2 ünvanında “Payçı”ların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 1139 saylı mənzili təşkil etmişdir. 11.İş materiallarında olan iddiaçının çoxsaylı şikayətləri əsasında Bakı şəhəri İcra Hakimiyyəti Başçınının Aparatının xx.xx.2020-ci il tarixli məktubu ilə Xətai rayonu, Telnov küçəsi, 2347-2348 saylı məhəllə, ev 95, mənzil 1139-un sakini İddiaçı Cavabdeh MTK-ya məxsus yaşadığı binanın onun mənzilindən keçən şaxta hissəsindən suyun axması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhəri İcra Hakimiyyətinə daxil olmuş müraciət aidiyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. 12.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/820 nömrəli, 23 iyun 2021-ci il tarixli rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-2348 məhəllə, ev 95, 8-ci giriş, 1139 saylı mənzilin divarlarında olan su sızma əlamətlərini nəzərə alaraq, həmin qüsurların şaxtanın daxilindən keçən ümumi kanalizasiya sistemində nasazlıqlar nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin kanalizasiya xəttinin üzəri bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan İddiaçı mənzilində su sızma nəticəsində tavanından təqribən 10 sm aşağı hissəsindən divarın döşəməyə qədər boya qatının şişməsi, su ləkələrinin əmələ gəlməsi və döşəməsində, laminat şişməsi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan İddiaçı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1508,0 manat məbləğində müəyyən olunur. 13.Məhkəmə belə qənaətə gəlmişdir ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/820 nömrəli 23 iyun 2021-ci il tarixli rəyi ilə təsdiq edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347- 2348 məhəllə, ev 95, 8-ci giriş, 1139 saylı mənzilin divarlarında olan su sızma əlamətlərini nəzərə alaraq, həmin qüsurların şaxtanın daxilindən keçən ümumi kanalizasiya sistemində nasazlıqlar nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin kanalizasiya xəttinin üzəri bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı olaraq iddia tələbi Cavabdeh tərəfindən nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. 14.Bununla yanaşı qeyd edilmiş rəylə Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan İddiaçı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1508,0 manat müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh MTK-dan 1508 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. 15.Bununla yanaşı məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması ağlabatan və əsaslı olduğu üçün iddia tələbi cavabdehdən mənəvi zərərin tutulması hissəsində də qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 1500 manat mənəvi zərərə görə pul vəsaiti tutulmalıdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 17.Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib, əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə zərərçəkənin özü göstərir ki, su spotun dibindən düşmüşdür. Məhkəmə ekspertiza mərkəzinin isə aydın olmayan 10/820 saylı rəyində göstərilir ki, su sızma əlamətləri nəzərə alınaraq həmin qüsurların şaxtanın daxilindən keçən ümumi kanalizasiya sistemində nasazlıqlar nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin kanalizasiya xəttinin üzəri bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Bundan belə nəticəyə gəlmək olur ki, su 8-ci giriş 3-cü mərtəbədə yerləşən X3 məxsus 1146 saylımənzildən iddiaçıya məxsus mənzilə spotun dibindən (yəni kanalizasiyadan yox) su axmışdır. Məhkəmə tərəfindən maddi (realzərərin) və mənəvi zərərin kim tərəfindən vurulması və zərərin yaranmasına üçüncü şəxsin davranışının hansı həcmdə şərait yaratması nəzərə alınmamışdır. Həmçinin həmin binaya hansı hüquqi və fiziki şəxs tərəfindən xidmət göstərilməməsi aydınlaşdırılmamışdır. Bundan əlavə Cavabdeh MTK-nin inşa etdiyi kooperativin yox, ayrı-ayrı paycıların (yəni binada yaşayanların) mülkiyyətindədir. Həmçinin Cavabdeh MTK ilə iddiaçı arasında öhdəliyin əmələ gəlməsinə dair müqavilə yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. 21.İş üzrə İddiaçı və 3-cü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 23.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 24.Maddə 1096.1-ci və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 26.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 29.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Maddə 124.Dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. 31.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası cavadehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)- 2178/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 35.Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcuddur və iş materiallrında olan sübutlarla (ekspert rəyi) öz təsdiqini tapmışdır. 36.Buna görə də məhkəmə su sızmasının məhz şaxtadan olmasına görə iddia tələbini nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edərkən haqlı olmuşdur. 37.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyi əsasında mənzilə vurulmuş zərərin həcmini 1508 manat müəyyən etməklə, maddi zərərlə bağlı iddianın təmin edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. 38.Kollegiya apellyatorun həmin binaya hansı hüquqi və fiziki şəxs tərəfindən xidmət göstərilməsinin aydınlaşdırılmaması, bundan əlavə Cavabdeh MTK-nin inşa etdiyi kooperativin yox, ayrı-ayrı paycıların (yəni binada yaşayanların) mülkiyyətində olması, həmçinin Cavabdeh MTK ilə iddiaçı arasında öhdəliyin əmələ gəlməsinə dair müqavilə olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı mübahisəli mənzili 05 avqust 2019-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh MTK-dan əldə etmiş, binada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaranması ilə bağlı cavabdeh tərəf heç bir sübut təqdim etməmişdir. 39.Kollegiya həmçinin apellyatorun suyun 8-ci giriş 3-cü mərtəbədə yerləşən X3 məxsus 1146 saylı mənzildən iddiaçıya məxsus mənzilə axması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, bu məsələ ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, həmin rəylə su sızmanın şaxtadan olması müəyyən olunmuş, cavabdeh xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş həmin rəyi şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. 40.Kollegiya iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 41.Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 42.Bununla yanaşı, kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. 43.Kollegiya, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, iddiaçının mənzilinə şaxtadan suyun sızması, bununla da iddiaçının mənzilində müəyyən vaxt sərf etməklə təmir işlərinin aparılması zərurətinin yaranması, nəticədə mənzilindən istədiyi kimi istifadə edə bilməməsi və ona maddi zərər vurulması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. 44.Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” 45.Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 46.Kollegiya iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1500 manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. 47.Kollegiya qeyd edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də məhkəmə tərəfindən düzgün həll edilmiş, məkəmənin mövqeyi kifayət qədər qanuni və əsaslı olmuşdur. 48.Bundan əlavə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Prosessual Qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə xərclərinin tərkibi hissəsi olan dövlət rüsumu və ekspertiza xərcini təmin edilmiş tələbə münasib olaraq həll etmişdir. 49.Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 53.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar