Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-701/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 Cunar qızının və Cavabdeh1 vəkili (nümayəndəsi) X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən və ümumi sahəsi 131,9 kv.metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metr hissəsinə onun mülkiyyət hüququnun tanınması, qeyri-yaşayış sahəsinə dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” Cavabdeh1 adına aparılmış qeydin və həmin qeyd əsasında Cavabdeh1 verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın özəlləşdirilməsi üçün qanunauyğun formada sənədləşmə işlərinin aparılmasına 2004-cü ilin yanvar ayında başlamışdır. Bu hərəkətlərin aparılması üçün lazım olan bütün vəsait onun tərəfindən tam ödənilmişdir. Onunla qohumu, hazırki iş üzrə Cavabdeh1 arasında əldə olunmuş şifahi razılıq əsasında Cavabdeh1, sözügedən ünvanda yerləşən daşınmaz əmlakı iddiaçının adına rəsmiləşdirmişdir. Şifahi razılıqlarına əsasən Cavabdeh1 sözügedən əmlaka nəzarəti həyata keçirtməklə məşğul olmalı, əmlakdan əldə olunacaq aylıq qazancın 1/4 hissəsi əmək haqqı kimi Cavabdeh1 ödənilməli, əmlak iddiaçının adına rəsmiləşdirildiyi zaman iddiaçı, həmin əmlakdan 30 kv.metr hissəni Cavabdeh1 bağışlamalı idi. Qeyri-yaşayış sahəsinin özəlləşidirilməsi və bununla bağlı rəsmiləşdirilmə işlərinin həyata keçirilməsi zamanı Cavabdeh1 tərəfindən hər hansı vəsait xərclənməmiş, əmlak formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı özünə məxsus iki mənzili 2007-ci ildə satmış və satışdan əldə etdiyi pul vəsaitini Cavabdeh1 vermişdir ki, sonuncu qeyri-yaşayış sahəsinin təmirini həyata keçirsin. Cavabdeh1 özü təmirə xərc çəkməmişdir. Bundan başqa, o, bankdan da kredit götürərək pulu təmirə xərcləmişdir. 2021-ci ilin sentyabr ayında, iddiaçı, faktiki onun vəsaiti ilə alınmış qeyri-yaşayış sahəsinin 101 kv.metr hissəsini öz adına rəsmiləşdirmək istədikdə, Cavabdeh1 bundan boyun qaçırtmışdır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehlərin iddia tələbinə münasibətləri barədə məlumat
3. Cavabdeh1 iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasını onunla əsaslandırır ki, guya o, 2004-cü ilin yanvar ayından həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün qanunauyğun formada sənədləşmə işlərinin aparılmasına başlamış, bunun üçün bütün vəsaiti ödəmiş, lakin şifahi razılığa əsasən əmlak Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qeyd olunanlar tamamilə uydurma olmaqla, heç bir sübutla təsdiq olunmur. Belə ki, iddia ərizəsində göstərilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 418,4 kv.metrdir. Qeyri-yaşayış sahəsi 2004-cü ildən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı isə həmin əmlakın özəlləşdirilməsinə, bununla bağlı ödənişin edilməsinə, ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti olmamışdır. İddiaçı iddiasında yuxarıda göstərilən halları, yəni qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün sənədləşmə işlərini aparması, bunun üçün bütün vəsaiti özünün ödəməsini qeyd etsə də, həmin hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə bu cür sübut mövcud deyildir. İddiaçı öz iddiasını əsaslandırmaq məqsədilə Mülki Məcəllənin 158, 159, 161, 162, 164, 165-ci maddələrinə istinad etmişdir ki, həmin maddi hüquq normaları ilə bağlı iddianın təmin edilməsini ehtimal etməyə heç bir hüquq əsas mövcud deyildir. Belə ki, sadalanan maddi hüquq normaları “sahiblik hüququnun” müdafiəsi ilə bağlı olan normalardır. Məlum olduğu kimi sahiblik hüququ, mülkiyyət hüququnun sahiblik, istifadə, sərəncam hüquqlarından ibarət olan üç tərkib elementindən biridir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir və belə olan halda həmin əmlaka sahiblik etmək hüququ da məhz Cavabdeh1 məxsusdur. Qeyd edilən əmlaka sahibliyin İddiaçı məxsus olması və yaxud onun faktiki sahibliyində olması ilə bağlı sübutlar olmadığından onun həmin iddiası tamamilə rədd olunmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı bacısı, Cavabdeh1 isə əmisinin baldızı Xalidə Məsimova öz qulluq mövqeyindən, əlaqə və imkanlarından istifadə edərək, bu və digər vasitələrlə qanunsuz olaraq Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsini onun əlindən almaq istəyir. 2021-ci ilin sentyabr ayında X8 Salamova bildirmişdir ki, əlində olan pul vəsaitinin bir hissəsini daşınmaz əmlaka yatırmaq istəyir və bunun üçün münasib bir qeyri-yaşayış sahəsi axtarır. Həmin dövrdə Cavabdeh1 övladlarının işləri ilə bağlı müəyyən qədər pul vəsaitinə ehtiyacı olduğundan, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsini satmaq fikrində olmuşdur. Xalidə Məsimova da əmlak almaq niyyəti ilə bağlı dedikdə, o, obyektinin bir hissəsini satmaq barədə fikrini Xalidə Məsimovaya bildirmişdir. Danışıqlar nəticəsində belə bir razılıq əldə olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan 418,4 kv.m. qeyri-yaşayış sahəsinin 300 kv.m. hissəsini ona satır, o, isə hər kv.m. üçün 2.500 manat pul ödəməklə qeyri-yaşayış sahəsini alır. Razılıq əldə olunduqdan sonra Xalidə Məsimova bildirmişdir ki, o, hazırda vəzifəli şəxs olduğundan əmlakı öz adına deyil, bacısı qızı Vüsalə Məmmədovanın adına rəsmiləşdirəcəkdir. Həmçinin bildirmişdir ki, əmlakın dəyərinin bir hissəsini rəsmi olaraq ödəyəcək, qalan hissəsini isə 1 ay müddətində nağd şəkildə verəcəkdir. Bunu onunla əsaslandırmışdır ki, vəzifəli şəxs olduğundan özünün və qohumunun adının rəsmi qaydada notariat orqanında külli miqdarda pul vəsaitinin dövriyyəsi ilə bağlı hallanmasını istəmir. Bütün bu söhbətlərdən Vüsalə Məmmədovanın da xəbəri və məlumatı olmuşdur. Cavabdeh1 qohum kimi Xalidə Məsimovaya və Vüsalə Məmmədovaya tam inandığından, onların dediyi bütün təkliflər ilə razılaşmışdır. Çünki onun niyyəti əmlakı satmaq olmuşdur. Beləliklə, tam razılıq əldə olunduqdan sonra sənədləri Daşınmaz Əmlakın Reyestr Xidmətinə təqdim etmişlər və həmin Xidmətin əməkdaşlarının ölçməsindən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin bölgüsü həyata keçirilərsə, onun tam olaraq 300 kv.m. hissəsi deyil, 286,5 kv.m. hissəsini bölüb ayırmaq mümkündür. Bu hal məlum olduqdan sonra Cavabdeh1 ilə Xalidə Məsimova məsələni yenidən müzakirə etmişlər və yekun olaraq belə razılıq əldə olunmuşdur ki, o, qeyri-yaşayış sahəsinin 286,5 kv.m. hissəsini alır, bunun üçün hər 1 kv.m. üçün 2.500 manat olmaqla, ümumilikdə 716.250 manat pulu, pulun 300.000 manatını rəsmi qaydada, qalan 416.250 manatını isə 1 ay müddətində nağd qaydada və qeyri-rəsmi ödəniləcək idi. Söhbətlərin bu formada davam etməsindən sonra Vüsalə Məmmədova da əmlakın onun adına rəsmiləşdirilməsinə razılığı vermiş və qalan pulu 1 ay müddətində ödəyəcəyini bildirmişdir. Cavabdeh1 onların təklifinə razılıq vermiş və xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri 51 saylı Notariat Ofisində bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən, həmin qeyri-yaşayış sahəsinin 286,5 kv.m. hissəsini Xalidə Məsimovanın bacısı qızı olan Vüsalə Məmmədovanın adına keçirtmişdir. Xalidə Məsimova ilə əldə olunmuş razılığa əsasən 2021-ci ilin oktyabr ayının sonundan qalan 416.250 manat pulu tələb etməyə başlasa da, artıq Xalidə Məsimova yayınmağa başlamış, hər dəfə müxtəlif vədlər verməklə, vaxtı uzatmağa, gah ödəməli olduğu pulun məbləğini azaltmağa çalışmış, gah da ümumiyyətlə maddi vəziyyəti imkan vermədiyindən imkanı olanda pulu ödəyəcəyini bildirmiş, hətta Cavabdeh1 həbs etdirəcəyi ilə hədələmişdir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Cavabdeh1 yaşadığı və Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən evin qarşısından özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər heç bir səbəb göstərmədən Cavabdeh1 İdarəyə aparmış, onu orada 2 gün saxlayaraq, qarşısında qəti şərt qoymuşlar ki, o, Xalidə Məsimovadan heç bir məbləğdə pul tələb etməli deyil, bundan əlavə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerdə qalan 131,9 kv.m. hissəsini də Xalidənin bacısına - İddiaçı adına keçirtməli, əks halda dələduzluqda ittiham edib həbs ediləcək. Cavabdeh1 bu şərt ilə əvvəl razılaşmasa da, ona göstərilmiş fiziki və mənəvi təzyiqlərə tab gətirməyərək, məcbur qalıb və ondan tələb olunan məzmunda iltizam yazmışdır. Yalnız bundan sonra Cavabdeh1 sərbəst buraxılmışdır. xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində BMCMİ-nin əməkdaşları Cavabdeh1 yaşadığı evin qarşısından öz avtomobillərinə oturdaraq həmin İdarəyə yenidən gətirmişlər. Bu dəfə isə Cavabdeh1 3 gün saxlayaraq, tələb etmişlər ki, mülkiyyətində olan qeyriyaşayış sahəsini İddiaçı adına keçirsin. Lakin Cavabdeh1 bununla razılaşmamışdır. Nəhayət onun ailə üzvlərinin və vəkilinin şikayətlərindən sonra, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh1 azadlığa buraxılmışdır. Hazırda da, ona qarşı bu kimi iddianın irəli sürülməsi yuxarıda qeyd edilən təzyiq və təsirlərin davamıdır.
4. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia tələbinə qarşı etiraz verməmiş və işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın “mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına aparılmış qeydin və həmin qeyd əsasında Cavabdeh1 verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə” hissəsi üzrə işin icraatına xitam verilməsini qərara alınmışdır.
6. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın icraatda qalmış qalan hissəsinin – yəni ümumi sahəsi 131,9 kv.metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metr hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə hissəsinin təmin edilməməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və rədd edilmiş tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işdə olan sübutlarla mübahisəli əmlakın həqiqətən iddiaçıya məxsus olduğu öz təsdiqini tapmışdır. Lakin Rayon Məhkəməsi tərəfindən sübutlara düzgün, qərəzsiz, obyektiv qiymət verilmədiyindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, o və təmsil etdiyi iddiaçı, Rayon Məhkəməsinin iddianın “mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına aparılmış qeydin və həmin qeyd əsasında Cavabdeh1 verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə” hissəsi üzrə işin icraatına xitam verilməsi barədə qərardadı mübahisələndirmirlər, onlar həmin qərardadla razıdırlar. Buna baxmayaraq onlar həmin tələblə bağlı İnzibati Məhkəməyə də müraciət etməmişlər, çünki hesab edirlər ki, həmin tələb hazırki tələbin həllindən asılıdır.
10. Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
11. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001682 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 418,4 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2004-cü il tarixdə satın almışdır.
14. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə X4 və qeyrilərinin CM-nin 179.3.1 və s. maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən Azərbaycan Respublikasının Standlaşdırma Metrologiya və patent üzrə Dövlət agentliyinin balansında olan 418,4 kv.metr olan qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin ləğv olunması qərara alınmışdır.
15. Cavabdeh1 Məmməd oğlu ilə X3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh1 yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsini Vüsalə Məmmədovaya satmışdır.
16. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş və qeydiyyat nömrəsi ********** olan “Reyestrdən çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən və sahəsi 131,9 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
17. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı şikayət ərizəsi ilə həmin İdarəyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 onu aldadaraq ona məxsus qeyri-yaşayış sahəsini ələ keçirmişdir. Araşdırma zamanı İddiaçı İdarəyə verdiyi izahatda şikayət ərizəsində göstərilənləri təsdiq etmişdir. Cavabdeh1 İdarəyə verdiyi izahatında bildirmişdir ki, qohumu İddiaçı bacısı Xalidə Məsimovanın tərəfindən 2004-cü ildə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 57 ünvanında yerləşən 418 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək bundan sonra formal olaraq onun adına rəsmiləşdirildiyini, sonrakı müddətdə obyekti icarəyə verməklə aylıq qazancdan 3.000 manat özünə götürdüyünü, Xalidə Məsimovanın ona obyektin ¼ hissəsini gələcəkdə ona verəcəyini vəd etdiyini, lakin aralarında narazılıq yarandığından 2021 -ci ilin sentyabr ayında Xalidə Məsimovanın tələbi ilə obyektin 286,5 kvadrat metr sahəsini sonuncunun bacısı qızı Vüsalə Məmmədovanın adına sənədləşdirib qalan 131,7 kvadrat metr sahəni özünə götürdüyünü bildirmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizəçiyə əmlak tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı izah edilmişdir.
18. Göstərilənləri, iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatları, İddiaçı və Cavabdeh1 mövqeyini nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140.). Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (maddə 178.1.).
19. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
20. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və ümumi sahəsi 131,9 kv.metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metrinə onun mülkiyyət hüququnun tanınmalı olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Çünki qeyri-yaşayış sahəsi Cavabdeh1 adına tərəflər arasında hər hansı müqavilə əsasında deyil, dövlət tərəfindən özəlləşmə əsasında keçmiş, həmin əmlakın üzərinə cinayət işi ilə bağlı qoyulmuş həbs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqəsi ilə ləğv olunmuşdur. Həmin əmlakın 131,9 kv metr olan hissəsi “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyata əsasən Cavabdeh1 mülkiyyətini təşkil edir və həmin qeydiyyat hazırda qüvvədədir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının müddəalarından da görünür ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həqiqi hesab edilir.
21. Bundan başqa, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi Cavabdeh1 tərəfindən götürülmüş kreditin təyinatı, yəni məqsədi evin təmiri üçün müəyyən olunmuşdur. Digər tərəfdən həmin kredit müqaviləsi üzrə İddiaçı tərəfindən əmlakının ipoteka qoyulması ilə bağlı müqavilə üzrə əldə olunan kredit məbləğinin, onun və onun yaxınına məxsus mənzillərin alğı-satqı müqavilələrindən əldə olunan vəsaitlərin də mübahisələndirilən qeyriyaşayış sahəsinin təmirinə sərf olunması, ümumilikdə isə təmir ilə bağlı 14.240 manat xərc çəkilməsi bildirilsə əldə olunan vəsaitlərin məhz mübahisələndirilən obyektin təmirinə xərclənməsi sübut olunmamış və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan əlavə aralarında hazırki mübahisə yarananadək yaxşı münasibətlərdə olan qohumların biri-birinin kreditinə görə əmlakını ipotekaya qoyması Məhkəmə tərəfindən ağlabatan hesab olunur.
22. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilənlərə əsasən iddianı təmin etməməkdə haqlı olmuşdur.
23. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən iddiaçının vəkilinin (nümayəndəsinin) vəsatəti əsasında Cavabdeh1 dindirilmə protokollarının və onun mübahisəli əmlakın iddiaçıya qaytarılmasını öhdəliyinə götürməsi barədə protokolunun surətləri sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən götürülərək tədqiq edilmiş və Cavabdeh1 verdiyi izahatı ilə, hazırki iş üzrə iddiaya verdiyi izahat arasında ziddiyyətlər olduğu müəyyən edilmişdir.
24. Buna baxmayaraq, Məhkəmə, Mülki Məcəllənin 140-cı maddəsinin tələbini və artıq yuxarıda təsvir edilmiş öz mövqeyini nəzərə alaraq hesab edir ki, qeyd edilən həmin hal apellyasiya şikayətinin əsaslı hesab edilərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və “ümumi sahəsi 131,9 kv.metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metr hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə” tələbin təmin edilməsi üçün əsaslı deyil.
25. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.