Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7030/2025 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(004)- 6179/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 nömrəli barışıq sazişinə əsasən “1. Tərəflər onlar arasında xx.xx.2015-ci il tarixdə 385 №-li reyestr qeydi ilə Səadət Sarayı Bakı nikah evində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2. İİ tərəf onların birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 İ tərəfin, yəni Maraqlı şəxs yanında qalmasına razılıq verir. 3. İİ tərəf uşağın saxlanılması üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 5 dən 10-a qədər minimum əmək haqqının 0.62 misli məbləğində alimenti İ tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. 4. İ tərəf uşağın təhsil aldığı müəssisəni dəyişdiyi halda İİ tərəfin (atanın) razılığı olmalıdır və İİ tərəf uşağın məktəbə gediş-gəliş, transfer xərclərini ödəməyi öz öhdəsinə götürür. İİ tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda İ tərəf uşağın təhsil aldığı müəssisəni istədiyi məktəbə dəyişə bilər. 5. İ tərəf həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür. 6. İlkin mediasiya xərcini (60 manat), tam medaisiya xərcini (40 manat) İ tərəf və tam mediasiya xərcini (160 manat) İİ tərəf ödəyir.” xx.xx.2025-ci il tarixli, 2(004)-3603/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında Səadət Sarayı Bakı nikah evində xx.xx.2015-ci il tarixdə 385 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Hazırda Ərizəçi (ata) Maraqlı şəxs (ana) ilə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 nömrəli barışıq sazişinin “ İ Tərəf (Maraqlı şəxs) həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür” məzmunlu 5-ci bəndinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı Barışıq Sazişinin həftənin şənbə və bazar günləri atanın, yəni Ərizəçi Rafık oğlunun birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X3 ilə ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradılmasına dair şərtinin məcburi icrası üçün xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə Səadət Sarayı nikah evində xx.xx.2015-ci il tarixində 385 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan Maraqlı şəxs tərəfindən Bakı Şəhəri 18 saylı Mediasiya Təşkilatına nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment və uşaqla ünsiyyət tələbinə dair mediasiya müraciəti ünvanlanmışdır. Mediasiya sessiyasının nəticəsi olaraq, Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı barışıq sazişi bağlanmışdır. X4 əsasən, Maraqlı şəxs ilə aralarında xx.xx.2015-ci il tarixdə 385 №-li reyestr qeydi ilə Səadət Sarayı Bakı nikah evində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına, birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 Maraqlı şəxs yanında qalmasına razılıq əldə olunmuş, həmçinin Ərizəçi Rafık oğlu uşağın saxlanılması üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 5-dən 10-a qədər minimum əmək haqqının 0.62 misli məbləğində alimenti uşağın məktəbə gediş-gəliş, transfer xərclərini, Maraqlı şəxs məxsus bank kartına ödəməyi öz öhdəsinə götürmüşdür. Digər tərəfdən Maraqlı şəxs uşağın təhsil aldığı müəssisəni dəyişdiyi halda onun razılığının olması razılaşdırılmış, həmçinin Maraqlı şəxs həftənin şənbə və bazar günləri atanın, yəni onun uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürmüşdür. Ardınca hazırkı iş üzrə Maraqlı şəxs ona qarşı “Nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək aralarında Səadət Sarayı nikah evində xx.xx.2015-ci il tarixində 385 nömrəii akt qeydi ilə bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəticədə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-3603/2025 nömrəli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan Səadət Sarayı nikah evində xx.xx.2015 ci il tarixində 385 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 3603/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini almadığından cavabdehlə nikahlarına xitam verilməsə də, faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşayırlar və övladı X3 anası ilə birlikdə yaşayır. Lakin Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı barışıq sazişinə əsasən, üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyinə baxmayaraq, Maraqlı şəxs həmin Barışıq Sazişinin 5-ci bəndinə əsasən, öz üzərinə götürdüyü həftənin şənbə və bazar günləri atanın, yəni onun uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağına dair öhdəliyini pozaraq, ayrı yaşadığı müddətdən qızı xx.xx.2016-cı il təvəllüdlü X3 ilə ünsiyyət yaratmağa müxtəlif yollarla maneçilik törədir və uşaqla görüşməyi üçün ümumiyyətlə şərait yaratmır. Həmçinin cavabdeh Maraqlı şəxs bir neçə dəfə uşağını görmək istəyini bildirsə də, o, onun uşağı ilə görüşməyinə, ünsiyyətinə qarşı çıxmışdır. Göründüyü kimi, Maraqlı şəxs tərəfindən aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı barışıq sazişinin həftənin şənbə və bazar günləri atanın, yəni onun uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradılacağına dair şərti pozulmaqla könüllü icrasından imtina olunur. Bu səbəbdən hazırda barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı barışıq sazişinin 8-ci bəndində qeyd olunmuşdur ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin barışıq sazişinin 9-cu bəndində qeyd olunmuşdur ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(004)- 6179/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini almalı olduğu halda, mediator tərəfindən belə rəy alınmadan mediasiyada tərəflər arasında bağlanılmış barışıq sazişi ilə atanın uşaqla həftənin şənbə və bazar günləri məhdudiyyət qoyulmadan görüşünü müəyyən edən ünsiyyət hüququ müəyyən edilmişdir. Həmçinin, qanunvericiliyin tələbinə görə 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən uşağın fikri mütləq nəzərə alınmalıdır. 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər. Göründüyü kimi, tərəflər arasında mediasiyada uşağın atası ilə ünsiyyətdə olmasına dair barışıq sazişi bağlanarkən xx.xx.2016-cı il təvəllüdlü X2 fikri öyrənilməmiş, qəyyumluq və himayə orqanının rəyi alınmamışdır. Məhkəmə hesab etmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi xahiş olunan 5-ci bəndi (İ Tərəf (Maraqlı şəxs) həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür) qanuna ziddir və uşağın hüquq və mənafelərinə toxunur. Əlbəttə, məhkəmə atanın uşaqla ünsiyyətdə olması hüququnun olmasını inkar etmir. Lakin, atanın uşaqla ünsiyyətdə olma vaxtının uşağın yaşı, məktəbə gedibgetməməsi, səhhəti, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınmaqla müəyyən edilməsini daha məqsədəmüvafiq hesab olunur. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş X3 arabir olaraq atası Ərizəçi evində qalır, yəni, Maraqlı şəxs yalnız onlar arasında mübahisə olduğu zamanlarda Ərizəçi uşaqla ünsiyyətinə mane olur. Qeyd edir ki, qəyyumluq orqanının rəyinin olmaması əsas imtina səbəbi ola bilməz. Hakim qeyd etmişdir ki, mediasiya zamanı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının rəyi alınmayıb. Halbuki “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinə görə bu rəyin alınması tərəflərin və ya məhkəmənin yox, mediasiya mərhələsində mediatorun vəzifəsidir. Bu vəzifənin icra olunmaması sazişi etibarsız etmir, çünki saziş tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış, imzalanmış və məcburi əhəmiyyət kəsb etmişdir. Məhkəmə mediatorun mümkün prosessual çatışmazlığını əsas gətirərək onun ünsiyyət hüququnu faktiki məhdudlaşdırmışdır, bu isə Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci və Ailə Məcəlləsinin 34-cü maddələrinə ziddir. Uşağın fikrinin öyrənilməməsi məsuliyyətini ərizəçiyə yönəltmək doğru deyil. Məhkəmə qətnaməsində qeyd olunub ki, “uşağın fikri öyrənilməyib”. Bu halda ərizəçinin deyil, məhkəmənin, mediatorun və qəyyumluq orqanının prosessual borcudur. Mülki Prosessual Məcəlləyə əsasən, uşağın maraqlarına toxunan işlər üzrə məhkəmə qəyyumluq və himayə orqanından rəy tələb etməlidir. Ərizəçi yalnız barışıq sazişinin təsdiqini istəmiş, yəni məhkəmənin uşağı dindirməsi və ya rəy alması onun hüquqi öhdəliyinə aid deyil. Beləliklə, məhkəmənin bu arqumenti prosessual əsasdan məhrumdur. Qətnamədə göstərilir ki, “atanın ünsiyyət hüququ uşağın maraqlarına zidd ola bilər”. Lakin bu fikri təsdiqləyən heç bir sübut təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3603/2025 saylı qətnaməsində Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir və nəticədə məhkəmə tərəflər arasında yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 ananın yanında qalması ilə bağlı barışıq sazişinin olmasını nəzərə alaraq uşağın hansı valideynin yanında qalması və onun saxlanılması üçün aliment tutulması məsələsinə münasibət bildirmir. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004) 3603/2025 saylı qətnaməsində yanlız nikahın pozulmasını qət etmişdir, əgər həmin qətnamə uşağın marağını pozsaydı, məhkəmə Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci tələblərini nəzərə almaq həmin hissələr üçündə qərar qəbul etməli idi. Nəticə olaraq, məhkəmə sazişin uşağın marağını pozmadığı qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə qəyyumluq orqanın rəyinin olub olmaması barədə nə qəyyumluq orqanına nə də mediasiya təşkilatına sorğu ünvanlamamışdır. Bu onu göstərir ki, məhkəmə işə formal yanaşmış və ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. Digər tərəfdən məhkəmə barışıq sazişini təsdiq etməməklə dövlətin himayə öhdəliyini pozmuş, həmçinin valideynin tərbiyə borcunu icra etmək imkanını əsassız şəkildə məhdudlaşdırmışdır. Qanun yalnız “uşağın maraqlarına zidd olan hallar” mövcud olduqda bu hüququn məhdudlaşdırılmasına yol verir. Lakin məhkəmə qətnaməsində belə hallar nə göstərilmiş, nə də sübut edilmişdir. Əksinə, bu ünsiyyətin təmin olunması uşağın mənəvi və sosial inkişafına xidmət edir, onun ailə ilə bağlarını qoruyur və dövlətin uşaq hüquqlarını müdafiə öhdəliyi ilə uyğunluq təşkil edir. Beləliklə, Yasamal Rayon Məhkəməsi barışıq sazişinin 5-ci bəndini təsdiq etməməklə Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinin tələblərini pozmuş, uşağın valideynlə ünsiyyət və tərbiyə hüququna əsassız müdaxilə etmişdir. Göründüyü kimi, uşağın valideynlə ünsiyyət hüququ müstəqil bir hüquqdur və valideynlər arasında nikah münasibətinin davam edib-etməməsindən asılı deyil. Yəni, uşağın atası ilə görüşməsi və ünsiyyətdə olması qanunla qorunan təməl hüquq kimi müəyyən edilib. Məhkəmə isə barışıq sazişinin 5-ci bəndini təsdiq etməməklə, faktiki olaraq uşağın 50.3-cü maddə ilə təsbit edilmiş hüququnu məhdudlaşdırmış və uşağın atası ilə münasibət qurmaq imkanını aradan qaldırmışdır. Qanunverici bu hüququ yalnız uşağın maraqlarına real və sübut edilmiş zərər təhlükəsi mövcud olduqda məhdudlaşdırmağa yol verir. Halbuki, məhkəmə işə baxarkən sadəcə formal olaraq qanunvericiliyi göstərmiş həmin qanunları işin halları ilə əlaqələndirməmişdir. Əksinə, uşağın atası ilə ünsiyyətdə olması onun mənəvi, psixoloji və ailəvi sabitliyinə xidmət edir, çünki uşaq hər iki valideynlə əlaqə saxlamaqla özünü təhlükəsiz və sevildiyini hiss edir. Bu da Ailə Məcəlləsinin 49 və 50-ci maddələrinin birgə mənasına, həmçinin Konstitusiyanın 34-cü maddəsindəki valideynlərin bərabər hüquqları prinsipinə tam uyğundur. Beləliklə, Yasamal Rayon Məhkəməsi tərəfindən sazişin 5-ci bəndinin təsdiqindən imtina edilməsi Ailə Məcəlləsinin 50.1-50.3-cü maddələrinin pozulması ilə nəticələnmiş, uşağın ata ilə ünsiyyət hüququ əsassız şəkildə məhdudlaşdırılmışdır. Məhkəmənin qətnaməsində “uşağın maraqlarına toxunur” ifadəsi qeyd edilsə də, konkret olaraq hansı hallar uşağın maraqlarına zərər vurduğu göstərilməmişdir. Qanuna görə, bu cür nəticəyə gəlmək üçün obyektiv sübutlar, psixoloji və sosial rəy, yaxud qəyyumluq orqanının mövqeyi təqdim edilməli idi. Lakin məhkəmə bu sübutları toplamadığı halda subyektiv qənaətə əsaslanaraq ərizəni əsassız olaraq təmin etməmişdir. Beləliklə, məhkəmə: “Mediasiya haqqında” Qanunun 26.3, 26,4 26.5-ci maddələrinin tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmənin sazişin təsdiqindən imtina etməsi yalnız iki konkret hüquqi əsasla mümkündür, birincisi sazişin qanuna zidd olması; ikincisi isə sazişin üçüncü şəxslərin və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin hüquqlarına toxunması, məhkəmə bu hallardan heç birini sübut etməmişdir. Qanuna ziddlik sübut edilməyib, məhkəmə qətnamədə sadəcə ümumi şəkildə qeyd etmişdir ki, “Sazişin 5-ci bəndi uşağın maraqlarına toxunur, buna görə qanuna ziddir.” Lakin “Uşağın maraqlarına toxunur” ifadəsi qanuna ziddlik demək deyil. Qanuna ziddlik yalnız o halda mövcuddur ki, sazişin müddəası mövcud qanun norması ilə birbaşa ziddiyyət təşkil etsin (məsələn, valideynlik hüququndan məhrum edilmiş şəxsin uşaqla ünsiyyət hüququnun tanınması kimi hallar). Halbuki, sazişin 5-ci bəndi atanın şənbə və bazar günləri uşağı ilə ünsiyyətinə məhdudiyyət qoyulmaması Ailə Məcəlləsinin 49 və 50-ci maddələrinə tam uyğundur, deməli, saziş uşağın və valideynin bu hüquqlarını təmin edir, qanuna zidd deyil. Məhkəmə “qanuna ziddlik” elementini sübutlarl əsaslandırmamış, yalnız subyektiv mülahizə ilə nəticəyə gəlmişdir. Qeyd edilir ki, üçüncü şəxslərin və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin hüquqlarına toxunma halları da yoxdur. Mülki Prosessual Məcəllənin 355-26.1.2 maddəsi üçüncü şəxslərin və ya fəaliyyət qabiliyyəti məhdud şəxslərin hüquqlarına toxunan halları nəzərdə tutur. Hazırkı saziş isə yalnız iki tərəf (ata və ana) arasında bağlanmış, üçüncü şəxs iştirak etməmişdir. Uşaq “üçüncü şəxs” deyi, o, barışıq sazişinin məzmun subyektidir, lakin prosessual tərəfi deyil. Uşağın hüquqları Ailə Məcəlləsi ilə qorunduğundan, bu sazişin onun maraqlarına zidd olması üçün konkret faktlar və sübutlar (psixoloji rəy, qəyyumluq orqanı rəyi, uşağın ifadəsi və s.) təqdim edilməli idi. Məhkəmə isə heç bir sübut təqdim etmədən bu nəticəyə gəlmişdir. Deməli, 355-26.1.2 maddəsində nəzərdə tutulan hallar da mövcud deyil. Qəyyumluq orqanının rəyinin olmaması və uşağın fikrinin öyrənilməməsi “qanuna ziddlik” yaratmır. Məhkəmə qeyd etmişdir ki, mediasiya zamanı qəyyumluq və himayə orqanının rəyi alınmayıb, uşağın fikri öyrənilməyib. Lakin, “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinə görə, bu rəyin alınması mediatorun vəzifəsidir, tərəflərin deyil. Mediatorun bu vəzifəni icra etməməsi sazişi etibarsız etmir, çünki qanunvericilikdə belə nəticə nəzərdə tutulmayıb. Həmçinin, uşağın fikrinin öyrənilməsi məhkəmənin və qəyyumluq orqanının öhdəliyidir, ərizəçinin deyil. Bu arqumentləri əsas götürərək “qanuna ziddlik” iddiası prosessual əsasdan məhrumdur. Məhkəmə sübutetmə öhdəliyini yerinə yetirməyib. Məhkəmə uşağın maraqlarına toxunma nəticəsini sübutlarla yox, fərziyyə ilə əsaslandırmışdır. Qəyyumluq orqanının rəyi, uşağın psixoloji və sosial vəziyyəti barədə heç bir sənəd təqdim edilməmişdir. Bu, 355-26.1 maddəsindəki “qanuna ziddlik” və “uşağın maraqlarına toxunma” hallarının mövcudluğunu sübut etmədiyi nəticəsinə gəlir. Ümumiyyətlə, uşağın təhlükəsizliyinə və rifahına real zərər vuran hallar, yəni uşağın sağlamlığına və təhlükəsizliyinə birbaşa təsir edən vəziyyətlərdir. Məsələn, valideynlərdən birinin zorakılıq, alkoqolizm, narkomaniya, aqressiv davranış halları; Uşağın zorakılığa məruz qalması və ya belə riskin olması; Uşağın maddi təminatsızlıq və ya təhlükəli mühitdə yaşaması; Uşağın təhsildən məhrum qalması və ya məhkəmə qərarlarının pozulması (məsələn, uşaqla ünsiyyət qaydasına əməl olunmaması). Uşağın psixoloji və mənəvi inkişafına zərər vurulması; Valideynlərin uşağı bir-birinə qarşı yönləndirməsi (valideyn yadlaşdırması); Uşağın valideynlərdən biri ilə məcburi şəkildə ünsiyyətdən məhrum edilməsi; Uşağın ailə münaqişələrinə cəlb edilməsi, mübahisələrə şahid olması; Valideynlərdən birinin uşağı digər tərəf əleyhinə istifadə təhsil, sağlamlıq, sosial mühit baxımından zərər görməsi; Uşağın tərbiyəsinə nəzarətin zəifləməsi; Uşağın yaşına, cinsinə və şəraitinə uyğun olmayan həyat tərzinə məruz qalması. Nəticə olaraq, məhkəmənin qətnaməsi Mülki Prosessual Məcəllənin 355-26-cı maddənin tətbiqi baxımından əsassız və qanunsuzdur, çünki, sazişin qanuna zidd olduğunu sübut edən heç bir hüquqi norma və ya fakt göstərilməyib. Sazişin üçüncü şəxslərin və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin hüquqlarına toxunduğu sübut edilməyib. Qəyyumluq orqanının rəyinin olmaması və uşağın fikrinin öyrənilməməsi sazişi etibarsız etmir və Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə əsas vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, işin nəticəsinə birbaşa təsir edən və hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki haları tam və hərtərəfli araşdırmamış, nəticədə iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə imkan verməmişdir. Bekə ki, mediasiya sazişinin hüquqi təbiəti və tərəflər üçün məcburiliyi araşdırılmamışdır. Məhkəmə, tərəflər arasında xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 sazişinin hüquqi qüvvəsini və tərəflər üçün məcburi xarakterini barışıq araşdırmadan, onun “qanuna zidd” olduğunu əsas gətirərək təsdiq etməkdən imtina etmişdir. Halbuki “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi imzalandığı andan hüquqi qüvvəyə malik olur və tərəflər üçün məcburidir. Məhkəmə yalnız sazişin açıq şəkildə qanuna və ya üçüncü şəxslərin hüquqlarına zidd olması halında onun təsdiqindən imtina edə bilər (Qanunun 34.3-cü maddəsi, Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsi). Lakin məhkəmə sazişin məzmununun bu meyarlara uyğunluğunu faktiki cəhətdən araşdırmadan, ümumi və subyektiv mülahizə əsasında “uşağın maraqlarına zidd ola bilər” qənaətinə gəlmişdir. Bu hal işin nəticəsi üçün mühüm əhəmiyyət daşıyırdı, çünki sazişin hüquqi qüvvəsi və icra imkanının tanınması, ərizəçinin uşaqla ünsiyyət hüququnun faktiki təmin edilməsini müəyyən edirdi. Həmçinin məhkəmə uşağın maraqlarına real zərər vurulub-vurulmadığı müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, barışıq sazişinin 5-ci bəndi uşağın maraqlarına ziddir, lakin bu iddianı sübut edən heç bir faktiki dəlil təqdim edilməmiş və araşdırılmamışdır. Məhkəmə tərəfindən uşağın fiziki, psixoloji və mənəvi vəziyyəti, atasına münasibəti, görüşmənin onun rifahına təsiri barədə heç bir ekspertiza, psixoloq rəyi, qəyyumluq orqanının arayışı və ya şahid ifadəsi toplanmamışdır. Halbuki, uşağın maraqlarına toxunma faktı konkret sübutlarla təsdiq edilməli, mücərrəd mülahizələr əsasında müəyyən edilməməlidir. Bu faktın araşdırılmaması nəticəsində məhkəmə obyektiv qiymətləndirmə aparmadan uşağın atasına qarşı ünsiyyət hüququnu məhdudlaşdırmışdır. Digər tərəfdən, qəyyumluq və himayə orqanının rəyinin olmamasının hüquqi nəticələri aydınlaşdırılmamışdır. Məhkəmə, qəyyumluq və himayə orqanının rəyinin təqdim edilməməsini sazişin təsdiqindən imtinanın əsas səbəbi kimi göstərmiş, lakin bu halın hüquqi nəticəsini düzgün qiymətləndirməmişdir. Qanunvericiliyə əsasən, belə rəyin alınması mediatorun vəzifəsidir, tərəflərin deyil (“Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsi). Bu öhdəliyin pozulması sazişi etibarsız etmir, çünki tərəflər onu qarşılıqlı razılıq əsasında imzalamış və icraya yönəltmişlər. Fərz edilsə ki, məhkəmə hesab edir ki mediator qəyyumluq orqanın rəyini almalı idi bu halda, məhkəmə bu faktiki vəziyyəti araşdırmadan, mediatorun prosedur xətasını ərizəçiyə aid etmiş olur və nəticə olaraq atanın ünsiyyət hüququnu məhdudlaşdırmışdır. Bu hal işin nəticəsi üçün mühüm idi, çünki məhkəmə yanlış hüquqi qiymətləndirmə nəticəsində ərizəçinin valideynlik hüququnun həyata keçirilməsinə əsassız maneə yaratmışdır. Uşağın fikrinin öyrənilməsi və bu öhdəliyin kimə aid olması müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “uşağın fikri öyrənilməyib”. Lakin bu halın kim tərəfindən öyrənilməli olduğu, yəni mediator, qəyyumluq orqanı və ya məhkəmənin səlahiyyətinə daxil olub-olmadığı məsələsi araşdırılmamışdır. MPM-də və Ailə Məcə ləsinin tələblərinə əsasən, uşağın fikrinin öyrənilməsi məhkəmə və ya qəyyumluq orqanının borcudur, ərizəçinin deyil. Məhkəmə bu faktiki vəziyyəti müəyyən etmədən, ərizəçini məsul şəxs kimi göstərmiş, nəticədə uşağın fikrinin öyrənilməməsi faktını əsassız şəkildə ərizəçinin əleyhinə qiymətləndirmişdir. Digər bir hal ondan ibarətdir ki, atanın ünsiyyət hüququnun məhdudlaşdırılmasının zəruriliyi sübut edilməmişdir. Məhkəmə qətnamədə atanın ünsiyyət hüququnu tanısa da, görüşün “uşağın yaşı, məktəbə gedişi və səhhətinə görə məhdudlaşdırılmasının məqsədəuyğun olduğunu” bildirmiş, lakin bu nəticəni əsaslandıran heç bir faktiki məlumat və ya sübut göstərməmişdir. Uşağın yaşı, dərs rejimi, yaşayış şəraiti və psixoloji durumu barədə rəsmi sənədlər, arayış və ya ekspert rəyi təqdim edilmədən belə nəticəyə gəlmək, faktların aydınlaşdırılmadan hüquqi nəticə çıxarılması deməkdir. Bu hal da qərarın qanuniliyinə və əsaslılığına birbaşa təsir göstərmişdir. Nəticə olaraq, birinci instansiya məhkəməsi uşağın maraqları, valideynlik hüquqları və mediasiya sazişinin hüquqi nəticələri ilə bağlı mühüm faktiki halları aydınlaşdırmadan qərar qəbul etmiş, nəticədə qətnamə qanunla əsaslandırılmamış və ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Qanun: 1.0.7. Barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 9.3 və 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının rəyini alır. 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, mülki qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Ərizəçi də məhz bu hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq hesab etmişdir ki, tərəflər arasında mediasiyada uşağın atası ilə ünsiyyətdə olmasına dair barışıq sazişi bağlanarkən xx.xx.2016-cı il təvəllüdlü X2 fikri öyrənilməmiş, qəyyumluq və himayə orqanının rəyi alınmamışdır və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi xahiş olunan 5-ci bəndi (İ Tərəf (Maraqlı şəxs) həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür) qanuna ziddir və uşağın hüquq və mənafelərinə toxunur. Məhkəmə Kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün aşağıdakı halların mövcudluğu tələb olunur: barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması. Məhkəmə Kollegiyası ərizənin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı işdə barışıq sazişinin təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Eləcə də, belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur və qanuna zidd olmamışdır. Belə ki, qeyd olunan barışıq sazişinin 5-ci bəndi ilə maraqlı şəxs həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər müstəqil şəkildə, hər hansı bir təsir olmadan uşaqla ünsiyyətdə olmaya dair razılığa gəlmişlər və bu zaman qəyyumluq orqanın rəyinin alınmaması və ya uşağın fikrinin öyrənilməməsi qanun pozuntusu kimi qiymətləndirilməməlidir. Çünki hazırda barışıq sazişinin qeyd edilən bəndi maraqlı şəxs tərəfindən mübahisələndirilməyərək, bununla bağlı hər hansı bir formada etiraz etməmişdir. Bu isə onu deməyə əsas verir ki, uşağın valideynləri uşaqla ünsiyyətə dair müstəqil formada razılığa gəlmişlər və bu zaman hər hansı bir mübahisə yaranmamışdır. Belə olan halda isə “Mediasiya haqında Qanunun” 26.3-26.4-cü maddələrinə əsasən iş üzrə həm X2 fikrinin öyrənilməsi, həm də qəyyumluq və himayə orqanının rəyinin alınmasına zərurət olmamışdır. Həmçinin də, kollegiya xüsusi olaraq qeyd edir ki, sözügedən barışıq sazişinin mübahisələndirilən bəndində də uşağın hüquq və mənafelərinə toxunması halı müəyyən edilməmişdir. Lakin maraqlı şəxs tərəfindən həmin bənd könüllü olaraq icra edilməmişdir. Göründüyü kimi hazırki ərizədəki tələb mediasiya qaydasında bağlanılmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ilə bağlı olub. “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi də barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə onun məcburi icrası üçün təsdiq edilməsinə görə məhkəməyə müraciət etmişdir. Həmçinin kollegiya hesab edir ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar olmamışdır. Belə ki, məhkəmə “Mediasiya haqqında” Qanunun 3.3, 33.3 və 34.5-ci maddələrinə zidd olduqda və Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda barışıq sazişini təsdiq etməkdən imtina edə bilərdi. Barışıq sazişi qanuna, o cümlədən əvvəlki cümlədə qeyd olunan normalara zidd olmadığından və həmin normada nəzərdə tutulan hallar olmadığına görə onun təsdiq edilməsindən imtina üçün də əsas yaranmamışdır. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Mülki Prosessual Məcəllənin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini tənzimləyən normaları səhv təfsir etmişdir. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçi tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edildiyindən ərizə göstərilən hallara görə qanuni və əsaslı olmuşdur. Şərh olunanları ümumiləşdirərək Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməklə, Ərizəçi Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı Barışıq Sazişinin 5ci bəndi, yəni “ İ Tərəf (Maraqlı şəxs) həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür” hissəsində icra edilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(004)- 6179/2025 nömrəli qətnaməs ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025- 00147 saylı Barışıq Sazişinin 5-ci bəndi təsdiq edilsin. Barışıq sazişinin 5-ci bəndinin, yəni “İ Tərəf (Maraqlı şəxs) həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür” hissəsində icra edilməsi öhdəliyi Maraqlı şəxs üzərinə qoyulsun. Ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.