Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7049/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-170/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018-ci il tarixli, DEN-00016-08/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.05.2020-ci il tarixinə olan 72969.04 manat əsas borc, 9229.88 manat faiz borcu, 6694.53 manat dəbbə borcu, ümumilikdə 88893.45 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bağlanan 11.05.2018-ci il tarixli, DENG-00016-08/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-170/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Nəticədə, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış DEN00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən 120000 (bir yüz iyirmi min) AZN məbləğində krediti illik 22 (iyirmi iki) faizlə 36 (otuz altı) ay müddətinə Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 11-05-2021-ci il tarixinədək faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 36 ay ərzində hər ay 4583,00 manat (sonuncu ay 4525,83 manat) məbləğində pul ödəməli idi. 11.05.2018-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 120.000 manat məbləğində pul vəsaiti Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 verilmişdir. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış DEN00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 08.05.2020-ci il tarixinə Cavabdeh1 banka kredit borcu üzrə 72969,04 manat, ümumi faiz borcu üzrə 9229,88 manat, dəbbə borcu üzrə 6694,53 manat, cəmi 88893,45 manat borcu var. Bank "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış DEN-00016- 08/18A nömrəli, 11.05.2018-ci il tarixli (üç tərəfli) ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 11.05.2018-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evi 170000 (bir yüz yetmiş min) AZN məbləğində qiymətləndiriləsinə və Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış DEN-00016- 08/18A nömrəli, 11.05.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə zamin Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borcalan” kimi tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2021-ci il tarixli, 9/5116 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən DEN-00016- 08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 08.05.2019-cu il tarixə Məm Cavabdeh1 Bank "xxxx" ASC-yə olan əsas borcu 82235,09 manat məbləğində müəyyən edilir, o cümlədən; -əsas borc üzrə 73159,28 manat; faiz borcu üzrə 9075,81 manat; təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin 12.02.2021-ci il tarixli, ƏEM/Y 74-074/21 saylı ekspert rəyinə əsasən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evinin 2020-ci il tarixinə bazar dəyəri 200.000 manat, likvid dəyəri 170.000 manat təşkil edir. Xidmət haqqı 200 manat təşkil edir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanlı fərdi yaşayış evi və 0,04 ha, 178,2 kv.m torpaq sahəsi Bank "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 420 nömrəli reyestr kitabının 3974 nömrəli vərəqində 11.05.2018-ci il tarixində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 420 nömrəli reyestr kitabının 39374 nömrəli vərəqində 02.03.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” məktubun surətinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. 20.01.1978-ci il tarixli, İ-SL seriyalı, 257251 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh3 ilə X1 arasında 20 yanvar 1978-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.01.1978-ci il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. X3 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən o, Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanlı fərdi yaşayış evinin və 0,04 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 31.03.2020- ci il tarixli bildirişin surətinə əsasən cavabdehdən DEN-00016- 08/18A nömrəli, 11.05.2018- ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanlı fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdirlər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh1 vəkilinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2021-ci il tarixli, 9/5116 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən DEN-00016- 08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 08.05.2019-cu il tarixə Məm Cavabdeh1 Bank "xxxx" ASC-yə olan əsas borcu 82235,09 manat məbləğində müəyyən edilir, o cümlədən; -əsas borc üzrə 73159,28 manat; faiz borcu üzrə 9075,81 manat; təşkil edir. "xxxx" MMC-nin 12.02.2021-ci il tarixli, ƏEM/Y 74-074/21 saylı ekspert rəyinə əsasən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evinin 2020-ci il tarixinə bazar dəyəri 200.000 manat, likvid dəyəri 170.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində ümumi sözlərə əsaslanmaqla, konkret sübutlara istinad edilmədiyindən şikayət əsassızdır və təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin qismən etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-170/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7049/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7049/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver