Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7053/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 247/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İdris oğlunun vəkili və nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 İdris oğluna qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh1 ondan 130.000 avro borc istəmişdir. Razılaşdırılmış vaxt gəlib çatanda cavabdeh borcu qaytara bilmədiyindən təklif etmişdir ki, 350.000 avro da verib cavabdehə onun üçün yerqazan texnika almışıdır. Onun dediyi kimi də etmiş və əlavə olaraq 350.000 avro da vermişdir, Hənifəyev Cəmil onun üçün 480000 avroya yerqazan texnikanı almışdır. Texnikanın sənədlərinin gəlmədiyini bəhanə gətirərək həmin texnikanı onun adına keçirməmişdir. İddiaçı çox narahatçılıq keçirdiyi üçün cavabdeh, onu arxayın salmaq məqsədilə adına etibarnamə vermişdir. Bundan sonra yenə rəsmiləşdirmə işləri yubanmışdır. İddiaçı rəsmiləşdirmə işlərinin yubadılmasından şübhələnmiş və öyrənmişdir ki, həmin yerqazan texnika bankda girovdadır. Bunu Cəmilə bildirlikdə 20.000 ABŞ dolları ödəyərsə, banka olan borcunu bağlaya və texnikanı adına rəsmiləşdirə biləcəyini demişdir. İddiaçı 20000 ABŞ dolları ödəmiş və texnika girovdan çıxarılmışdır. Bundan sonra bəhanəsi qalmadığına görə iddiaçı yenidən 35000 manat ödəmiş və alqı-satqı müqaviləsi bağlamışlar. Lakin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək texnikanı ona təhvil verməmişdir. Hər dəfə C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikanı təyinatı üzrə işlədilməsi üçün iş çıxsa da, Cəmil mülkiyyətində olan texnikanı ona təhvil verməmişdir. Həmin texnikanı iddiaçıdan gizlədərək gəlir əldə etmişdir. Dəfələrlə ona texnikanı verməyi təklif etsə də, imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 İdris oğlundan mülkiyyətində olan AZ 90N 333 dövlət qeydiyyat nişanlı, C-9 markalı, BAUER BG 24 H modelli, 2005-ci il buraxılışlı, sarı rəngli yerqazanın alınaraq saz vəziyyətdə tam komplekt formada ona təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq (əldən çıxmış layda) 590000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 mart 2021-ci il tarixli iclasında İddiaçı vəsatəti əsasında Cavabdeh1 İdris oğlunun qardaşı Cavabdeh2 da mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 İdris oğlundan 85000 ABŞ dollarının tutulması, 10000 manat məbləğində mənəvi zərərin müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İdris oğlundan tutulması və pul tələbinin mübahisəli C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikaya yönəldilməsi və həmin qurğunun satılaraq satışdan əldə olunmuş pul hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 247/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 85000 (səksən beş min) ABŞ Dolları məbləğində pul İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İdris oğlu (vəkili və nümayəndəsi) birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-247/2021 saylı iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onların tərəflərindən qətnamə “29” aprel 2021-ci il tarixdə rəsmi qaydada Məhkəmədən götürülmüşdür. Hesab edirlər ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin “08” aprel 2021-ci il tarixli iş № 2(005)-247/2021 saylı qətnaməsi əsassız və qanunsuz olduğuna görə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə gedişində məlum olmuş ki, “26" dekabr 2019-cu il tarixli qeyd müqaviləsi C-9 markalı, BAUER BG 24 H modelli, 2005ci il tarixli buraxılışlı yerqazan avtomaşının alqı-satqısı ilə bağlı olduğundan qeyd edilən müqavilədə göstərilən məbləğ tərəfindən cavabdehə tam şəkildə ödənilməsinə baxmayaraq, iddiaçı ounla müqavilə bağlayarkən həqiqətən də mübahisələndirilən məbləğin ona verilmədiyini və buna sübut müqavilə bağlanan tarixdə Notarial Kontorundan diskin tələb olunması zərurəti yarandığından, həmçinin də əlavə şahidlərin məhkəməyə dəvət edilməsi və onların izahatları alınarkən bəlli olacaq ki, həqiqətən də iddiaçı ilə onun arasında olan əqidin özü başqa bir əqidi pərdələmək məqsədi ilə bağlanılmışdır və ona görə də həmin müqavilənin etibarsız hesab edilməsi labüddür. Həmçinin də əlavə olaraq onu da qeyd edir ki, 15 (on beş) ilə yaxındır ki, iddiaçı ilə onun və qardaşı arasında iş birlikləri qurularaq, axırıncı 10 (on) il ərzində təxminən tərəflərindən iddiaçıya əsas borcdan əlavə 1.000.000 (bir milyon) manata yaxın faiz borcu ödənilmişdir, bundan da iddiaçı sui-istifadə edərək, onları müflis vəziyyətə çatdıraraq, faizə faiz ödətdirərək, evsizeşiksiz qoyaraq, axırıncı əmlaklarını da sataraq bu günə qədər iddiaçıya faiz ödəyir, çox əfsuslar olsun ki, məhkəmə bu amilə fikir verməyərək, aldadılma yolu ilə bağlanılmış müqaviləni əsas gətirərək, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 26.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 85000 ABŞ dolları bu günki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 144500,00 manat məbləğində pulu borc verir. Borc alan krediti 30.05.2020-ci il tarixədən borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikanı Cavabdeh2 etibarnamə əsasında etibar etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 144500 manat və 289,00 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.1ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi 85000 ABŞ dolları borcun Cavabdeh2 tutulması hissəsində təmin edilməli, həmin məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi pulun C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikaya yönəldilməsi və satışdan əldə olunmuş pul hesabına ödənilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qeyd edilən texnikanın ipoteka ilə yüklü edilməsinə dair hər hansı bir müqavilə və ya öhdəlik yoxdur. Bu səbəbdən idia tələbi göstərilən hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası tərəflərin mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.“İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)-247/2021 nömrəli qətnaməsi Cavabdeh2 85000 (səksən beş min) ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulması hissəsində həmin məbləöin ödəniş günü manatla məzənnəsinə uyğun olaraq ödənilməsi kimi dəyişdirilməli, yəni Cavabdeh2 85000 (səksən beş min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 247/2021 nömrəli qətnaməsi Cavabdeh2 85000 (səksən beş min) ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulması hissəsində həmin məbləöin ödəniş günü manatla məzənnəsinə uyğun olaraq ödənilməsi kimi dəyişdirilsin, yəni Cavabdeh2 85000 (səksən beş min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7053/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7053/2021
22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver