Məhkəmə qərarları › İş №2(103)-7056/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7056/2023

21.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7056/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş (Açar sözlər: «evə (özbaşını tikiliyə) köçürülmə» Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili X1 və Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2903/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli aktda qeyd olunur ki, X7 ona məxsus Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380m2 həyətyanı sahəsini Hövsan qəsəbə sakini İddiaçı1 4000 ABŞ dollarına satıb.

2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçiyə ünvanlanmış 5-20/2- 2- 28/2023 nömrəli məktubda İddiaçı1 ərizəsinə baxıldığı və sözügedən ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2004-cü il tarixdə İddiaçı1 satıldığı və həyətyanı sahənin onun istifadəsində olduğu bildirilmişdir.

3. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçiyə ünvanlanmış 5-20/2- 2- 42/2023 nömrəli məktubda göstərilib ki, xx.xx.2007-ci il tarixdən vətəndaş Quliyeva X6 rayonu, Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi (əvvəlki Parnik küçəsi) nömrəsiz ev ünvanında yaşayır

4. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №- li arayışında göstərilir ki, X8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X12 küçəsi ev 4 ünvanında qeydiyyatdadır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqdləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış evin köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1 380 kv/m həyətyanı torpaq sahəsini 09 iyun 2004-cü ildə həmin qəsəbə sakini X2 şahidlərin iştirakı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satın aldıqdan sonra həmin sahədə fərdi yaşayış evini inşa etdirib. Həyətyanı torpaq sahəsinin alqısatqısına dair müvafiq akt tərtib edilmiş və həmin akt Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi Nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində övladı Elşad Quliyevlə birlikdə yaşamışlar. 2007-ci ildə oğlu Elşad Quliyev Cavabdeh ilə ailə qurduqdan sonra, bir müddət həmin ünvanda yerləşən yaşayış evində qalsalarda da, sonralar həyat yoldaşı ilə birlikdə müvəqqəti olaraq digər övladlarının yanına köçmək məcburiyyətində olublar, həmin evi isə oğlu Elşad Quliyevin və onun ailəsinin istifadəsinə vermişlər və birgə yaşadıqları dövrdə onların üç uşaqları doğulmuşdur. Ötən müddət ərzində hazırda mübahisələndirdiyi evin məişət xarekterli, o cümlədən qazdan və işiqdan istifadə ilə əlaqədar bütün xərclər tərəfindən ödənilmişdir. Artıq bir ilə yaxındır ki, oğlu Elşad Quliyevlə onun həyat yoldaşı Cavabdeh arasında ailə-məişət münasibətləri zəminində münaqişə yaranmışdır və bu səbəbdən də 2022-ci ilin dekabr ayından Cavabdeh həyat yoldaşından xəbərsiz olaraq uşaqları ilə birgə evdən çıxıb getmiş, həmçinin evdə olan 2 320 manatı və qızıl əşyaları da özü ilə aparmışdır. Hansı ki, Elşad Quliyev bu barədə Hövsan qəsəbəsində yerləşən Polis Şöbəsinə müraciət etmiş və onin ərizəsi əsasında araşdırma aparılmışdır. Həmin hadisədən bir müddət sonra Cavabdeh uşaqları ilə birlikdə atası Zülfəli Quliyevin vasitəsilə əvvəllər yaşadığı iddiaçılara məxsus olan yuxarıda qeyd etdiyi ünvanda yerləşən evə qayıtmış və həmin vaxtı küçə qapısında və evin giriş qapısında olan açar-qıfılılları dəyişdirməklə, bu günə kimi iddiaçıların oğluna həmin evdə yaşamasına maneçilik göstərir. Eyni zamanda Cavabdeh həyat yoldaşından ayrılmaq barədə ərizə ilə hal-hazırda Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2903/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi (hakim Firuzə Mirzəyeva) ilə iddia tələbinin təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində (indiki M.Ş.Vazeh küçəsi) yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Mübahisəli ev eyni zamanda fiziki obyekt kimi əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Cavabdeh iddiaçıların keçmiş gəlinidir. Mübahisəli ev yerləşdiyi torpaq sahəsi aktla İddiaçı1 pul müqabilində verilmişdir, lakin həmin torpaq sahəsinə dair notarial qaydasında təsdiqlənmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmamış və daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmişdir. Özbaşına tikilinin dəqiq kimin tərəfindən inşa edilməsi iş materialları ilə müəyyən olunmur. Lakin torpaq İddiaçı1 2004-cü ildə verildiyindən, cavabdeh isə ora 2007-ci ildə köçdüyündən, elə nəticəyə gəlinir ki, həmin torpaq sahəsində 2007-ci il üçün artıq tikili var idi. Həmin ünvanda qaz sayğacı İddiaçı2 adına 2016-cı ildə rəsmiləşdirilmişdir. İddiaçılar həmin evdə müəyyən müddət yaşasalar da, son zamanda orda yaşamırlar. Mübahisəli ev özbaşına tikili olsa da, həmin əmlakdan istifadə ilə bağlı hüquqlar məhdudlaşdırıla bilməz. Həmçinin, məhkəmə iclasında tərəflər razılığa gəldiyindən, yəni iddiaçılar yalnız evə köçürülməsini tələb etmiş, cavabdeh isə bununla razılaşmışdır. Bu səbəbdən xx.xx.2023- cü il tarixində Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şahidlərin dindirilməsi barədə vermiş vəsatətdən imtina etmiş, şahidləri dəvət etməmiş və bununla da, şahidlər dindirilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərib ki, qətnamədə qeyd olunub ki, guya cavabdeh iddiaçıların köçərək gəlib onun üç azyaşlı qız övladı ilə yaşadığı evdə yaşamalarına razılıq verib. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında şəxsən iştirak edə bilməyib. Belə ki, uşaqlarının həmin gün xəstə olması ilə əlaqədar olaraq həmin iclasda iştirak edə bilmədi. Heç bir halda iddiaçıların gəlib onunla yaşamasına razı deyil. Onlar son 15 ildə heç vaxt Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən və onun son 15 ildə daimi yaşadığı evdə yaşamayıblar. İddiaçıların hər ikisi də doğulan gündən bu günədək onlara məxsus və ünvan 3 ünvanında yaşayıblar. Bunu Hövsan qəsəbə İcra Nümayəndəliyindən alınmış arayışdan da görə bilərsiz. İddiaçılara 150 kv.m yaşayış sahəsi olan həyət evi darlıqmı edir ki, onlar əlavə olaraq da bu evdə yaşamaq istəyirlər. Bir daha bildirmək istəyir ki, o, iddiaçıların yalnız həqiqətən evsiz qaldıqları halda köçüb yaşamasına razı olar. Lakin hazırda onların yaşamaq üçün yerləri var. Bu səbəbdən, onların əlavə olaraq onun yaşadığı evə köçərək yaşamalarına heç bir ehtiyac yoxdur. Mülki iş üzrə iddiaçılar heç bir rəsmi sənədi iddia ərizəsinə əlavə etmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsindəki fərdi yaşayış evinin onların mülkiyyətində olmasını qeyd ediblər. Bu səbəbdən hesab edib ki, iddiaçıların qeyd olunan evə dair məhkəmədə iddia qaldırmaq kimi subyektiv hüquqları mövcud deyil. Həmçinin, iddiaçılar iddia ərizəsinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli akt əsasında aldıqlarını bildirirlər. Lakin aktda qeyd olunan torpaq sahəsini iddiaçılara akt əsasında satmış X4 məxsus olmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin aktda alınan torpaq sahəsinin həqiqətən də iddia ərizəsində göstərilən evin tikildiyi torpaq sahəsi olub-olmaması aydın deyil. Aktda torpağın koordinatları qeyd edilməməklə dəqiq yerləşdiyi ünvan göstərilməyib. Belə ki, aktda göstərilən Parnik küçəsinin hansı hissəsində qeyd olunan torpaq sahəsinin yerləşməsi dəqiq göstərilməyib. Həmçinin torpaq sahəsinin həqiqətən də X3 mülkiyyətində olmasını təsdiq edən sənəd aktda əlavə edilməyib. Bu səbəbdən hesab edir ki, qeyd olunan aktın heç bir sübutedici qüvvəsi yoxdur. Bir daha qeyd edir ki, mübahisə olunan evin tikintisi aparılmış torpaq sahəsinin həqiqətən də iddiaçılara məxsus olmasını təsdiq edəcək heç bir rəsmi reyestrdə qeydiyyatdan keçirilmiş rəsmi sənədlə təsdiq olunmur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinin məzmunundan belə aydın olur ki, xx.xx.2004-cü il tarixli akt əsasında X7 ilə İddiaçı1 arasında alqı-satqı təsdiq edən sənəd qüvvədə olan qanunvericilik aklarının tələblərinə cavab vermir və onun əsasında mülkiyyət hüququ tanına bilməz. Bu səbəbdən qeyd olunan torpaq sahəsi dövlətə məxsusdur və onun üzərində tikilmiş ev özbaşına tikili hesab edilməlidir. Həmçinin yuxarıdada vurğuladığı kimi qeyd olunan evin tikildiyi torpaq sahəsinin həqiqətəndə aktda göstərilən torpaq sahəsi olub-olmaması iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmir. İddiasının təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qərar qəbul edilərkən hakim ilk öncə iddiaçıların hazırda yaşayış sahəsi ilə təmin olunub olunmamasını aydınlaşdırmalı idi. Lakin hakim tərəfindən bu hal aydınlaşdırılmadan tam olaraq qanunsuz və ədalətsiz qərar qəbul edilibdir. Bir daha qeyd edir ki, iddiaçılar doğulduqları gündən bu günədək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayıblar və hazırdada orada çox rahat və dinc şəkildə yaşaya bilərlər. Əlavə olaraqda köçərək onun son 15 ildə keçmiş həyat yoldaşı və üç qız övladı ilə yaşadığı evdə yaşamasına heç bir ehtiyac yoxdur. Belə ki, onların yuxarıdada qeyd etdiyi kimi, yaşamaları üçün hər bir şəraiti olan evləri var.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili X5 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:

Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55.Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68.Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:

Maddə 2.1.Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

23. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmırdı.

24. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun 3 azyaşlı qız övladı tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçıların köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçılar qeyd olunan evin(özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçıların üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişlər. Əksinə, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından məlum olur ki, iddiaçılar hüquqdan pis niyyətlə sui-istifadə edərək cavabdehə zərər vurmaq məqsədilə bu iddianı irəli sürmüşlər. Çünki, cavabdehin hansısa formada onların hüquqlarını pozmasına dair heç bir dəlil irəli sürməyiblər.

25. Bundan başqa, iddiaçılar cavabdehin keçmiş qaynatası və qaynanası olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özlərinin saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli özbaşına tikilinin yaşayış sahəsinə köçmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçıların bu istəyi ən azından keçmiş gəlini olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan özbaşına tikiliyə faktiki sahiblik və oradan istifadə edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçılar mübahisə predmeti olan evdə heç vaxt yaşamayıblar, cavabdeh isə 2007-ci ildən köçüb orada yaşadığından həmin tikili cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır, onda tərəflər arasında qohumluq münasibətlərinə xitam verildikdən sonra hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarının tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada tərəflər arasında qaynata-gəlin və qaynana-gəlin münasibətlərinə də xitam verildiyindən, iddiaçılar isə nəinki başqa ünvanda yaşadığından, ümumiyyətlə köçmək istədikləri ünvanda heç vaxt yaşamadığından və hazırki evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, nə özbaşına tikilinin, nədə onun yerləşdiyi torpaq sahəsinin iddiaçılara hər hansı bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair də işdə heç bir mötəbər (Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2- 2- 28/2023 nömrəli məktubu və xx.xx.2004-cü il tarixli akt hüquqmüəyyənedici sənəd olmadığından mötəbər sübut sayılmır bax.i.v.7-8) sübutlar yoxdur. Bu barədə iddiaçılar tərəfindən məhkəməyə hüquq müəyyən edən heç bir mötəbər sübut təqdim edilməmişdir.

26. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçılar cavabdehin keçmiş qaynatası və qaynanası olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə də ehtiyacları yoxdur. Çünki, apellyasiya baxışı zamanı da iddiaçıların köçmək istədikləri evdə(özbaşına tikilidə) heç vaxt, ən azından isə son 15 ildə yaşamadıqları, başqa ünvanda yaşayış sahələrinin olduğu və orada yaşamaları təsdiq olundu. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2023-cü il tarixli cavabdehin nümayəndəsi və vəkilinə ünvanladığı məktubda iddiaçıların 40 ildən artıq müddətə Suraxanı rayonu, Hövsan qəsəbəsi Baxça küçəsi(yeni adı Ağadadaş Minuri) 3 ünvanda yaşadıqlarının müəyyən olunduğu, İddiaçı1 həmin ünvanda, Nailə Qulyevanın isə Bağça küsəi 16 ünvanda qeydiyyatda olduğu göstərilmişdir(bax.i.v.93). Yəni, rəsmi dövlət qurumunun verdiyi məlumatda da iddiaçıların heç vaxt köçmək istədikləri ünvanda yaşamadıqları açıq-aşkar təsdiq olunur. Demək ki, iddiaçıların başqa yaşayış yeri mövcuddur və oğlunun keçmiş gəlini ilə nikahı pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamırlar. Ona görə də iddiaçılar bu davranışı ilə köçmək istədiyi tikilidə həqiqətən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olurlar. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacları yaranmadığı üçün keçmiş gəlini olan cavabdehin yaşadığı özbaşına tikiliyə köçürülməsi üçün zərurət də olmamışdır.

27. İddia ərizəsindən, ona etirazdan, apellyasiya şkayətindən və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatların məzmunundan bəlli olur ki, əslində iddiaçıların məqsədi heç də cavabdehin yaşadığı özbaşına tikiliyə köçmək olmamışdır. Çünki, mübahisəli özbaşına tikiliyə köçürülməsinə dair qətnamə çıxarılsa da iddiaçıların məqsədi yalnız keçmiş gəlini olan cavabdehin azyaşlı uşaqlarına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yığılmış aliment borcundan imtina etməsinə nail olmaq üçün ona təsir etmək məqsədilə bu iddianı irəli sürmüşlər. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçılar düzgün yol(vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli özbaşına tikiliyə köçürülməni tələb etməklə əslində həqiqi məqsədlərinə bu yolla çatacaqlarına dair düşüncələri onların yanlış iddia verməsinə səbəb olmuşdur. Ən azından ona görə ki, cavabdeh onları köçmək istədikləri evdən heç vaxt qovmamış yaxud həqiqi ehtiyacları olduğu və ya yarandığı halda hər hansı bir maneə yaratmamışdır. Əksinə apellyasiya baxışı zamanı cavabdeh keçmiş ərinin mübahisəli özbaşına tikilidə yaşamasına heç bir etirazının olmadığını təsdiqlədi. Məhkəmə isə müəyyən edilmiş bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

28. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddianı etiraf etmiş olsa belə bu cür etiraf cavabdehin həqiqi iradə ifadəsini əks etdirməmişdir. Çünki, cavabdehin, nümayəndəsi və vəkilinin apellyasiya baxışı zamanı izahatlarından da bəlli oldu ki, əslində o, keçmiş ərinin mübahisəli evə(özbaşına tikiliyə) köçüb yaşamasına etiraz etməmiş və buna razı olmuşdur. Nümayəndəsi və vəkilinə də keçmiş əri barədə bu cür tapşırıq vermişdir. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər(MPM.m; 52.2, 191.1).Lakin cavabdehin nümayəndəsi və vəkilinin etirafı məhkəmə iclas protokoluna yazılmamış və protokolu cavabdeh və iddiaçı imzalamamış, eləcə də cavabdeh iddianı yazılı ərizə ilə etiraf etməmişdir. Bu cür vəziyyətdə iddianın etiraf edilməsi birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilə bilməzdi.

29. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər keçmiş qaynanaqaynata və gəlin olsalar da onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, iddiaçıların köçmək istədiyi mübahisəli özbaşına tikili hal-hazırda cavabdeh və onun üç azyaşlı qız övladının sahibliyində və istifadəsindədir. Demək iddiaçıların həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

31. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2903/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2903/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar