Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7063/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nin “xxxx” MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” ASC-nin “xxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixdə 29/k nömrəli əmrin ləğv olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin “xxxx” MMC-nin İnzibati təsərrüfat şöbəsində ştat cədvəli üzrə yeni yaradılmış “9-cu dərəcəli əşya geyim üzrə mütəxəssis” vəzifəsinə təyin olunmuşdur. Aylıq əmək haqqı 550 AZN olmaqla, 2 ildir qüsursuz xidmət etmişdir. İşlədiyi müddət ərzində işinə məsuliyyətlə yanaşmış və heç zaman qanunsuz hərəkətlərə yol verməmişdir. O, vaxtilə Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmiş müharibə veteranıdır. xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-nin direktoru Vaqif İmran oglu İskəndərov qanunsuz olaraq 9-cu dərəcəli “əşya geyim üzrə mütəxəssis” vəzifəsinin ixtisar olunması adı altında onu işdən kənarlaşdırmışdır, halbuki, “xxxx” MMCnin fəaliyyətinin yenidən təşkil olunması haqqında xx.xx.2020-ci il tarixdə 40/kş nömrəli əmrdə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq, ümumi ştat sayı saxlanılmaqla bəzi sahələrlə yanaşı, “təsərrüfat sahəsi” xidmətinin də yaradılması qeyd olunmuşdur. Lakin qərəzli olaraq ona xx.xx.2020-ci il tarixdə onun ali təhsilli olmağını, 2 illik qüsursuz xidmət edərək peşəkarlıq səviyyəsinin yüksək olduğunu, müharibə veteranı olmağını nəzərə almayaraq, 4-cü dərəcəli növbəli iş rejimində “Atıcı” vəzifəsi təklif edilmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-nin direktoru cənab İskəndərov tutduğu vəzifənin ixtisar olunması barədə ona 4 həftəlik xəbərdarlıq müddəti, əmək haqqı saxlanılmaqla 1 (bir) iş günü əmək funksiyasının icrasından azad olmaq hüququ barədə xəbərdarlıq təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə xəbərdarlıq müddəti bitmiş sayılsa da, xx.xx.2020-ci il tarixdə 29/k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmiş, üstəlik dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə cənab Prezidentin “dövlət qurumlarına və sahibkarlara buradan çağırış edirəm ki, onlar işçiləri ixtisar etməsinlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışım əlbəttə, nəzərə alınacaq və alınmalıdır” müraciətinə heç bir əhəmiyyət verilməyib. Sonda İddiaçı iddia tələbini tam müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-3291/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ‘'xxxx' MMC-nın 28.02 2020-cı ıl tarixli 40/kş saylı əmri ilə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq ümumi ştat sayı saxlanılmaqla Heyətlə işin təşkili şöbəsi, Xidmətin təşkili şöbəsi, Muhasibatlıq şöbəsi, Təsərrüfat sahəsi, Mərkəzi-Aran, Şimal, Qərb, Bakı, Abşeron, Aran, Cənub. Şimal-Qərb və Şirvan regionları üzrə mühafizə xidmətləri yaradılmışdır. Göründüyü kimi, həmin əmrlə Cəmiyyətdə heç bir ixtisar aparılmadığı və ümumi ştat sayı saxlanıldığı və İddiaçı işlədiyi "əşya geyim üzrə mütəxəssis" vəzifəsinə uyğun iş “Təsərrüfat sahəsi”nin tərkibində yaradıldığı halda ona həmin vəzifələrdən birini deyil, 4cü dərəcəli növbəli iş rejimində “Atıcı" vəzifəsi təklif edilmişdir. Bu təklif ona xx.xx.2020-ci il tarixdə edildiyi halda iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli aktda qeyd edilmişdir kı, guya o, “xxxx” MMC-nin inzibati binasında komissiyanın iclasına dəvət edilmiş və ona təklif edilmiş böyük atıcı vəzifəsindən imtina etmiş və imtina barədə hər hansı bir sənədin imzalamayacağını bildirməklə, iş təklifi haqqında bildirişi imza etməmişdir. O, heç bir komissiyanın iclasına dəvət edilməmiş, atıcı vəzifəsi xx.xx.2020-ci il tarixdə direktor tərəfindən təklif edilmiş, elə həmin gün də işdən çıxmaq əmri verilmişdir. Həmin sənəd sonradan tərtib edilərək məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin nizamnaməsi ilə cəmiyyətin strukturu və işçilərin normativ sayının təsdiq edilməsi Cəmiyyətin təsisçisi olan "xxxx" ASC-nin müstəsna səlahiyyətinə aid olduğu halda, bu barədə verilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 40/kş saylı və xx.xx.2020-ci il tarixli 16/k saylı əmrləri və bunun əsasında ştatların ixtisar edilməsi barədə verilmiş əmrlər də qanunsuz olmuşdur. Cavabdeh tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilərkən və işdən azad edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuş, İddiaçı "xxxx” MMC-nin direktoru V.İskəndərov tərəfindən xx.xx.2020-ci il tarixli 16/k saylı əmrə istinad edilməklə onun vəzifəsinin ixtisar olunması və ona 4 həftə xəbərdarlıq müddətinin verilməsi barədə xx xxxx 2020-ci il tarixli “Xəbərdarlıq” göndərildiyi halda, "xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinə onun işdən azad edilməsinə razılıq verilməsi barədə məktubu xx xxxxx 2020-ci il tarixdə göndərmiş, HİK-nın xx.xx.2020-ci il tarixli 15 nömrəli protokolundan göründüyü kimi, heç bir araşdırma aparmadan və əsaslandırılmadan artıq ştatı ixtisar edilmiş və haqqında qərar qəbul edilmiş şəxsin işdən azad edilməsinə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması ilə razılıq verilmişdir. Həmin maddənin tələblərinə əsasən Əmək Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində ozünun əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kımı, işəgötürən İddiaçı tutduğu ştatı ixtisar edərkən və onu işdən azad edərkən HlK-nin qabaqcadan razılığını almamışdır. "xxxx" MMC T. Vəliyevin tutduğu vəzifənin ixtisar olunması barədə qərar qəbul edərkən Əmək Məcəlləsinin 71-ci və 78-ci maddələrinin tələblərini də pozmuşdur. Belə ki, onun işlədiyi 2 il ərzində qüsursuz xidmət etməsi, işinə məsuliyyətlə yanaşması, heç zaman qanunsuz hərəkətlərə yol verməməsi, xüsusən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etməsi, müharibə veteranı olması və göstərilən əsaslara görə işdə saxlanmağına üstünlüyü olduğu nəzərə alınmamış, yeni yaradılmış strukturda - Təsərrüfat sahəsində “əşya geyim üzrə mütəxəssis” vəzifəsinə uyğun vəzifə olduğu halda, ona xx.xx.2020-ci ildə uyğun olmayan iş təklif edilmişdir. İddiaçı həmin vəzifədən məcburən imtina etmişdir. Bu isə işəgötürənin Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq tədbir görmədiyinə və İddiaçı qərəzli olaraq işdən çıxarmasına dəlalət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan işəgötürən “xxxx” ASC-nin “xxxx” MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Vəliyev X1 şöbəsinin 9-cu dərəcəli “əşya-geyim mütəxəssisi” vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2018-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin “xxxx” MMC-də İnzibati Təsərrüfat şöbəsinin 9-cu dərəcəli “əşya-geyim mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən işçi İddiaçı ünvanlandığı xx xxxx 2020-ci il tarixli bildiriş-təklifin surətindən görünür ki, təsərrüfat şöbəsinin 9-cu dərəcəli “əşya-geyim mütəxəssisi” vəzifəsində çalışan İddiaçı onun vəzifəsinin ləğv olunduğu bildirilmiş və ona “xxxx” MMC-nin Abşeron regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxx” MMC-də struktur dəyişikliyi barədə 16/k saylı xx.xx.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar İddiaçı “xxxx” MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi təklif olunmuşdur. Həmin aktın məzmunundan görünür ki, Təsərrüfat şöbəsinin 9-cu dərəcəli “əşya-geyim” mütəxəssisi İddiaçı iş təklifini qəbul etməmişdir, həmin vəzifədən imtina etmişdir, hər hansı bir sənədi imzalamayacağını bildirmiş və iş təklifi haqqında bildirişi imza etməmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən işçi İddiaçı ünvanlandığı xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ona yeni iş barədə təklifi qəbul etmədiyinə görə, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stajı 5 ilədək olduğu üçün ona 4 həftə xəbərdarlıq müddəti verilmişdir, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 1,4 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı “xxxx” MMC-nin inzibati binasında struktur dəyişikliyi ilə əlaqədar vəzifəsinin ixtisar olunduğu barədə yazılı xəbərdarlıq verilmişdir, o, xəbərdarlığı oxumuş, xəbərdarlığın surətini götürmüş və imza etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab C.B.Abuşova ünvanlandığı xx xxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsindən təsərrüfat şöbəsinin 9-cu dərəcəli əşya-geyim üzrə mütəxəssisi İddiaçı işdən azad olunmasına razılığın verilməsi barədə məsələsinə münasibət bildirməkləri xahiş olunmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxxx 2020-ci il tarixli iclasın 15 saylı protokolun surətindən görünür ki, komitə əşya geyim üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasına öz razılığını bildirmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “xxxx” MMC-nin 29/k saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, əşya geyim üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsindəki əmlakı təhvil-təslim etməklə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilməsi və AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı 1,4 misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “xxxx” MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında DƏ42 saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, “xxxx” MMC-də müasir standardlara cavab verən, səmərəli və operativ idarəetmə mexanizminin yaradılması məqsədilə idarəetmə strukturu təkmiləşdirilərək yenidən formalaşdırılması qərara alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin “xxxx” MMC-də struktur dəyişikliyi barədə 16/k saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, Əşya-geyim üzrə mütəxəsis – 1 nəfər ştat vahidi ləğv olunmuşdur. Həmin əmrin 4-cü bəndinə əsasən, ləğv olunmuş qrup, bölmə və hissələrin rəisi əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır. İş materiallarında olan “xxxx” MMC-nin nizamnaməsinin surətindən görünür ki, “xxxx” MMC-nin təşkilat strukturunun və işçılərin normativ sayını təsdiq edilməsi Cəmiyyətin təsisçisi olan “xxxx” ASC-nin müstəsna səlahiyyətinə aiddir. İş materiallarında olan 007446 seriya nömrəli, xx.xx.1992-ci il tarixdə verilmiş vəsiqənin surətlərindən görünür ki, İddiaçı ikinci qrup əlil statusu verilmişdir. İş materiallarında olan MV0176 saylı, xx.xx.1996-ci il tarixdə Milli Təhlüksəsizlik Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malikdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsi əsasında cavabdeh təşkilatda “9-cu dərəcəli əşya geyim üzrə mütəxəssis” vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan, cavabdeh “xxxx” MMC-nin fəaliyyətinin yenidən təşkil olunması ilə əlaqədar olaraq həmin təşkilatda “əşya geyim üzrə mütəxəssis” ştat vahidi ləğv edilmişdir. Bununla əlaqədar olaraq İddiaçı digər vəzifə təklif olunmuş, lakin o, həmin vəzifənin onun tutduğu vəzifəyə nisbətən daha aşağı dərəcəli olması səbəbindən bu təklifdən imtina etmişdir. Bundan sonra cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq, iddiaçıya tutduğu vəzifənin ixtisar olunması barədə 4 həftəlik xəbərdarlıq müddəti və əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olmaq hüququ barədə xəbərdarlıq verilmişdir. Eyni zamanda, işəgötürən tərəfindən müəssisənin Həmkarlar İttifaqı Komitəsinin əmək müqaviləsinə xitam verilməsinə dair müraciət edilmiş və Komitənin bununla bağlı razılığı əldə edilmişdir. Qeyd edilənlərdən sonra, xx.xx.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ona orta aylıq əmək haqqının 1,4 misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarını araşdıran məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən əmək qanunvericiliyinin pozulmasına yol verilməmişdir. İddiaçı işəgötürənin ona başqa iş təklif etməsini, lakin bunu xx xxxx 2020-ci il tarixdə deyil, daha sonrakı tarixdə etməsini bildirsə də, iş materiallarında olan bildirişin alınmasından imtina edilməsinə dair tərtib edilmiş aktla bu təkzib edilir. Bundan başqa, eyni tarixdə ona vəzifəsinin ixtisar edilməsi barədə və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə yazılı xəbərdarlıq da edilmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində ona yeni yaradılmış təsərrüfat sahəsində onun tutduğu vəzifəyə uyğun başqa iş təklif edilmədiyini, onun tutduğu vəzifənin 9-cu dərəcəyə aid olduğu halda, ona 4-cü dərəcəli atıcı vəzifəsi təklif olunduğunu bildirmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “xxxx” MMC üzrə xx xxxx 2020-ci il tarixli əmrin surətindən görünür ki, həmin müəssisədə əşya-geyim üzrə mütəxəssis vəzifəsi ilə yanaşı, təsərrüfat müdiri vəzifəsi də ləğv edilmiş, onun əvəzində isə 1 ştat vahidi olmaqla, təsərrüfat üzrə mütəxəssis vəzifəsi yaradılmışdır. Cavabdehin nümayəndəsi həmin vəzifəyə əvvəllər təsərrüfat müdiri vəzifəsini tutmuş şəxsin təyin edildiyini bildirmişdir. Belə olan halda kollegiya iddiaçıya daha aşağı dərəcəli vəzifənin təklif edilməsini qanuni hesab edir. İddiaçıya onun tutduğu ştat vahidinin ixtisar olunması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq edildikdən sonra həmkarlar ittifaqı təşkilatına onun işdən azad edilməsinə razılıq verilməsi ilə bağlı müraciət edildiyinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, əmək qanunvericiliyində bu cür razılığın xəbərdarlıq edilməmişdən əvvəl deyil, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl alınması nəzərdə tutulmuş, cavabdeh də həmin tələbə riayət etmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, işçinin tutduğu ştatın ixtisar edilməsindən əvvəl bununla bağlı həmkarlar ittifaqı təşkilatının razılığının alınması əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Kollegiya apellyasiya İddiaçı tutduğu vəzifənin ixtisar olunması barədə qərar qəbul edilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci və 78-ci maddələrinə riayət olunmaması ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifənin ixtisar edilməsi və onunla əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırki iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-3291/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7063/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7063/2020
30.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver