Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7082/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X8 edilməsi Agentliyi MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı, 22 noyabr 2019-cu il tarixli, qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü ilin oktyabr ayında Cavabdeh adına aldığı, 2019-cu ilin mart ayına kimi onun istifadəsində və sahibliyində olduğu və hal-hazırda cavabdeh tərəfindən əlindən alınmış X14 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 51.538 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(011)- 4331/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2551/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(011)4331/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 19.591,00 ABŞ dolları (Azərbaycan manatının qətnamə icra edildiyi günə olan məzənnəsi ilə) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2594/2021 saylı, 05.05.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2551/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda iddiaçı ilə barışıq üçün onlara vaxt verildiyini, lakin belə barışığın alınmadığını qeyd etdi. Həmçinin, iddiaçının iddia tələbinin bir hissədə təmin edilməsi barədə yazılı ərizəsinə münasibətdə bunun iddiaçının hüququ olduğunu bildirdi və buna etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Eyni zamanda, barışıq üçün onlara vaxt verildiyini, lakin belə barışığın alınmadığını göstərdi, iş üzrə əvvəlki apellyasiya baxışı zamanı əmlakın onun tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiyası ilə əlaqədar ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə, yəni 31947,00 ABŞ dolları ilə razı olduğunu, yenidən ekspertiza keçirilməsinə ehtiyac olmadığını bildirdi və məhkəməyə yazılı ərizə verərək, iddia tələbini 19591,00 ABŞ dolları hissəsində müdafiə etdiyini bildirdi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili R.Musayev iddiaçının izahatına uyğun olaraq iddia tələbini 19591,00 ABŞ dolları hissəsində müdafiə etdiyini, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X8 edilməsi Agentliyi MMC-nin nümayəndəsi A.Məmmədzadə kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 04.10.2013-cü il tarixli 262/13 saylı kredit müqaviləsindən görünür ki, borcverən Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı ilə borcalan Cavabdeh arasında kredit müqaviləsiimzalanmışdır. Bu müqaviləyə görə Bank avtomobil alınması üçün borcalana 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 28800 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürür. Mülki iş materiallarında olan 04.10.2013-cü il tarixli 262/13 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə ipoteka saxlayanla ipoteka qoyan arasında 04.10.2013-cü il tarixli 262/13 saylı kredit müqaviləsinə əsasən kredit alana 28800 ABŞ dollarının 36 ay müddətinə 19% ilə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X14 Prado markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyulmuş əmlak 41000 ABŞ dolları məbləğində qiymətləndirilir. İpoteka ilə təmin edilmiş öhdəlik 36 ay müddətində icra edilməsi nəzərdə tutulmuşdur Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh adından onun etibarnamə əsasında hərəkət edən nümayəndəsi İddiaçı 28.06.2016-cı ildə nəqliyyat vasitəsinin idarə edilməsi üçün X9 19.02.2021-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir. Etibarnamədən görünür ki, 16.06.2017-ci il tarixdə Cavabdeh X4 13.11.2043-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir və etibarnamə üzrə səlahiyyətlər X9 ötürülmüşdür. Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı Cavabdeh 36 ay müddətinə, illik 19 faiz olmaqla 28.800 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Cavabdeh adına “hesabdan çıxarış”dan görünür ki, 05.12.2013-cü ildən 03.02.2017ci ilə kimi kredit ödənişi həyata keçirilmişdir. Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialının 22.11.2017-ci il tarixli S-AVK- XAC-18 saylı təhvil-təslim Aktından görünür ki, borclu Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-dəki şəxsi borc hesablarından çıxarışa əsasən avtokredit üzrə əsas borc 8100 ABŞ dolları, faiz borcu 1852.25 ABŞ dolları, cəmi borc məbləği 9952.25 ABŞ dolları təşkil edir. AR DİN-nin BDYPİ tərəfindən təqdim olunmuş 19.08.2019-cu il tarixli 74499/219 saylı məktubdan görünür ki, X14 Prado markalı 90KH595 dövlət qeydiyyat nişanlı avtomobil 27.10.2013-27.10.2014-cü illərdə etibarnamə ilə X2 istifadəsində olmuş, 05.11.2013-cü ildə qeydiyyatdan çıxmış, 05.11.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. 05 oktyabr 2016-cı il tarixli 1(011)308/2016 saylı hökmün surətindən görünür ki, Cavabdeh AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək 3 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsində 25.07.2019-cu il tarixdə şahid qismində ifadə vermişX13 oğlu izahatında bildirdi ki, İddiaçı və oğlu internetdən maşını görüb bəyənmişdilər və Tural adlı şəxs vasitəsilə gəlib onu tapmışdılar, maşın 2010-cu ilin ağ rəngli X14 Prado markalı avtomobili idi, maşın işlənmiş maşın idi, o, İddiaçı 22.000 ABŞ dolları məbləğində pul almış və bundan sonra onlarla birlikdə Baş Dövlət Yol Polis İdarəsinə gedib sənədləşmələri tamamlamışlar, maşının texniki pasportunu Cavabdeh adına keçirmişdir, çünki Cavabdeh Bakı qeydiyyatı var idi. Birinci instansiya məhkəməsində 25.07.2019-cu il tarixli məhkəmə iclasında X3 şahid qismində ifadə verərək izahatında bildirdi ki, o hal-hazırda Sabirabadda yaşayır, əvvəllər polis şöbəsində sürücü işləmişdir, İddiaçı neçə dəfə zəng edib ondan maşına görə həmin bank ödənişlərini etməyi xahiş etmişdir, 2013-ci il ərzində fərqli-fərqli tarixlərdə bankın Xaçmaz filialına ödənişləri şəxsən özü etmişdir, ödənişlər üşün pulu Miri vermişdir, sonra bankın Xaçmaz filialı bağlandığına görə o ödənişləri Asan Xidmət Mərkəzində ödəməkdə davam etmişdir, o mübahisəli məsələnin predmeti olan həmin maşını bir neçə dəfə sürmüşdür, həmin maşınla Xaçmaza və Neftçalayada İddiaçı ilə birlikdə getmişdir, hətta İddiaçı bir dəfə ondan maşının təkərlərini dəyişmək üçün maşın ustası tapmasını da xahiş etmişdir. Birinci instansiya məhkəməsində 01.08.2019-cu il tarixli məhkəmə iclasındaX16 oğlu şahid qismində ifadə verərək izahatında bildirdi ki, onlar X14 Prado markalı avtomobil almaq istəmişlər, o da maşın-alqı satqısı ilə məşğul olan dostu Elnura demişdir, Elnur Sumqayıtda yaxşı bir avtomobilin olduğunu onlara bildirdi, onlar da səhəri günü Elnurla görüşərək birlikdə Şumqayıt şəhərinə gəlmiş və avtomobilə baxmağa getmişlər, Elnur onları bir həyətə gətirmiş, avtomobilin yiyəsi avtomobili qarajdan çıxarmış, onlar X14 Prado markalı ** KH *** dövlət qeydiyyat nömrəli avtomobilə baxaraq xoşlarına gəlmiş və avtomobili 50.000 ABŞ dollarına almaq barədə razılaşmışlar, atasının cəmi nağd olaraq 22000 ABŞ dolları pulu var idi, həmin maşının alınması üçün o, 22000 ABŞ dollar məbləğində pulu atası İddiaçı alaraq Elnurun yanında avtomobili satan Qurbaniyə vermişdir, ödəniş dollarla aparılmışdır, bundan sonra da hər ay atası Mirinin vəsaiti ilə Elnurun kredit öhdəliyini o və onların yaxın adamları yerinə yetirmişdir, Elnur avtomobilə görə heç bir ödəniş etməmişdir. "xxxx" MMC-nin UNİ/O 05-285/20 saylı, 08 oktyabr 2020-ci il tarixli rəyində bildirilmişdir ki, “X15 Prado” markalı, **-KH-*** dövlət nömrə nişanlı avtomobilin 2013-cü ildən 2019-cu il tarixə qədərki dövrdə istifadə olunması ümumi amortizasiya (aşınma) məbləği 31.947 ABŞ dolları məbləğində olması müəyyən olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən mübahisənin predmeti bölünməz olduğu üçün tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia qismən təmin edilməlidir. İddiaçı bildirir ki, 2013-cü ilin oktyabr ayında Cavabdeh vasitəçiliyi ilə avtomobil almaq istəmiş, bu məqsədlə Sumqayıt şəhərində X15 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən etmişlər, maşının qiymətini sahibi Qurbani Camalovla 50.000 ABŞ dollarına razılaşdırmışlar. Həmin məbləğin 22.000 ABŞ dollarını nəğd qaydada Q.Camalova vermiş, qalan hissəsinin ödənilməsi üçün Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 28.800 ABŞ dolları məbləğində borc alınmaqla satıcıya ödəmişdir. İddiaçı qeyd edir ki, avtomobil etibarnamə əsasında ona verilmiş, banka olan kredit borcunu isə o, hissə-hissə ödəməyə başlamışdır. Borcu tam ödəyə bilmədiyinə görə sonradan Cavabdehla aralarında mübahisə yaranmış, sonuncu 2019-ci ilin mart ayında yol polisi vasitəsilə avtomobili ondan geri almış, etibarnaməni ləğv etdirmişdir. Apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)- 2594/2021 saylı, 05.05.2021-ci il tarixli qərarının 39-cu bəndində qeyd etmişdir ki, Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair etibarlı alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, tərəflərin bu barədə iradələrini ifadə etdikləri və rəsmi reyestrdə qeydə alınmış daşınar əşyanın alqı-satqısına dair qanunla nəzərdə tutulmuş formada təsdiqlənmiş müqavilə mövcud deyil. Bu hal tərəflər arasında avtomobilə dair razılaşmanın forma tələbinə görə etibarsızlığına dəlalət edir (§ 14). 40. Bununla belə işin hallarından görünür ki, sözügedən avtomobil Cavabdeh tərəfindən geri alınmışdır. İddiaçı isə avtomobil üçün ödədiyi pul vəsaitlərinin geri qaytarılmasını tələb edir. Həmin qərarın 41-ci bəndində göstərilir ki, ...iddiaçı qeyd olunan pul vəsaitlərini cavabdehə deyil, avtomobilin satıcısına və banka ödəmişdir. Bu hallar ona dəlalət edir ki, iddiaçı Cavabdeh üçüncü şəxslər qarşısındakı öhdəliyini icra etmişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi üçüncü şəxsin xeyrinə edilmiş icranın borcludan geri tələb edilməsi ilə bağlı normalar çıxış edir. Mübahisəyə isə həmin maddi hüquq normaları tətbiq edilməmişdir. Qərarın 42-ci bəndində qeyd edilir ki, ... öhdəliyin icrası borclunun özündən asılı olduğu hallar, habelə Mülki Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən ayrı hal irəli gəlmədikdə öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir (§ 21-22). Kassasiya instansiyası hesab etmişdir ki, hazırkı mülki iş üzrə mübahisəyə tətbiq edilməli maddi hüquq norması öhdəliyin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icra edilməsidir. Məhkəmə kollegiyası kassasiya instansiyasının həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Hazırkı iş üzrə iddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun tərəfindən avtomobilin alınması üçün ödənilmiş pulu, həmçinin banka ödənilmiş faiz məbləğini, cəmi 51.538 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Qeyd edilən məbləğlərin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə təsdiq olunur. Bununla yanaşı, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli avtomobil 2013cü ildən 2019-cu il tarixədək olan müddət ərzində iddiaçının və onun ailə üzvlərinin fasiləsiz olaraq istifadəsində olmuşdur. Bu məqsədlə cavabdeh iddiaçının özünə və onun ailə üzvlərinə müvafiq etibarnamələr vermişdir. Həmin avtomobil cavabdehin təşəbbüsü ilə 2019-cu ildə polis əməkdaşları tərəfindən iddiaçıdan alınaraq ona təhvil verilmişdir. Apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)- 2594/2021 saylı, 05.05.2021-ci il tarixli qərarının 43-cü bəndinə əsasən, ... iddiaçının avtomobil üçün satıcıya və banka cavabdehin xeyrinə ödədiyi vəsait həcmində cavabdehə qarşı tələb hüququ əmələ gəlmişdir. Bununla belə, iddiaçının tələb etdiyi məbləğdən avtomobilə görə ödədiyi məbləğlə maşının ondan alındığı zaman mövcud olan dəyəri arasındakı fərq nəzərə alınmaqla çıxıla bilər. Kollegiya qeyd edir ki, iddiaçının həmin avtomobili 2013-cü ildən 2019-cu il tarixədək olan müddət ərzində fasiləsiz olaraq istismar etməsi nəticəsində həmin avtomobil amortizasiyaya uğramış və 2013-cü ildə olan öz ilkin dəyərini itirmişdir. Hazırkı iş üzrə əvvəlki apellyasiya baxışı zamanı kollegiya avtomobilin iddiaçının istismarında olduğu müddətdə aşınma səviyyəsini müəyyən etməkdən ötrü mütəxəssis dəvət etmiş, "xxxx" MMC-nin UNİ/O 05-285/20 saylı, 08 oktyabr 2020-ci il tarixli rəyində bildirilmişdir ki, “X15 Prado” markalı, **-KH-*** dövlət nömrə nişanlı avtomobilin 2013-cü ildən 2019-cu il tarixə qədərki dövrdə istifadə olunması ümumi amortizasiya (aşınma) məbləği 31.947 ABŞ dolları məbləğində olması müəyyən olunmuşdur. Bu səbəbdən, həmin apellyasiya baxışında avtomobilin iddiaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiyaya məbləği nəzərə alınmaqla, (51538,00 ABŞ dolları- 31947,00 ABŞ dolları = 19591,00 ABŞ dolları) 19591,00 ABŞ dolları təşkil edir. Ona görə də, iddia tələbi yalnız həmin məbləğə aid hissədə qanuni və əsaslı hesab edilərək həmin hissədə təmin edilmişdir. İşə yenidən apellyasiya baxışı zamanı, iddiaçı ilk əvvəl mübahisəni barışıq yolu ilə həll etmək üçün vaxt istəmiş, daha sonra əvvəlki apellyasiya baxışı zamanı əmlakın onun tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiyası ilə əlaqədar verilmiş ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə, yəni 31947,00 ABŞ dolları ilə razı olduğunu bildirmiş, yazılı ərizə verərək, iddia tələbinin 19591,00 ABŞ dolları hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası bu vaxt Ali Məhkəmənin 2(102)-2594/2021 saylı, 05.05.2021-ci il tarixli qərarında iddia tələbinin həmin hissədə əsaslı olması barədə mövqeyini də nəzərə alır. Belə olan halda, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, işə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarını düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən, iddiaçının ərizəsi əsasında 19591,00 ABŞ dolları hissəsində təmin edlməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 19591,00 ABŞ dolları alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı, 22 noyabr 2019-cu il tarixli, qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 19591,00 (on doquz min beş yüz doxsan bir) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7082/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7082/2021
27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver