Məhkəmə qərarları › İş №2(103)-7090/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7090/2025

10.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7090/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qüdəssər oğlunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X3 və Cavabdeh13 qarşı “qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2025-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh11 və Cavabdeh13 ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, apellyatorlar Cavabdeh2, Cavabdeh13, Cavabdeh11, Cavabdeh3 və onun vəkili (nümayəndəsi) Nümayəndə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 0,580370 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərindəki 1.209,4 kv.metr qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) oranı zəbt etmiş cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi və əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətindədir. Məcburi köçkün olan cavabdehlər həmin torpaq sahəsini və əmlak kompleksini zəbt edərək, orada məskunlaşmış və iddiaçının onlara dəflərlə etdiyi müraciətlərə baxmayaraq oradan çıxmaqdan imtina edirlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.2024cü il tarixli rəydən görünür ki, əmlak kompleksi tikilisi texniki cəhətdən qəzalı vəziyyətdədir, tikilinin yükdaşıma qabiliyyəti tükənib, dağılma təhlükəsi mövcuddur. İddiaçı həmin əmlakın mülkiyyətçisi olaraq həmin tikilini söküb, yerində yeni tikili inşa etmək istəyir. Lakin cavabdehlər oradan çıxmadıqları üçün iddiaçı bunu edə bilmir. Bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat

3. Cavabdeh Emin Mehdiyev iddiaya qarşı yazılı etiraz verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə - arvadı Cavabdeh5, övladları xx.xx.2010-cu il təvəllüdlü Aişə, xx.xx.2010-cu il təvəllüdlü Elmir və xx.xx.2014-cü il təvəllüdlü Aylin ilə Füzuli rayonundan olan məcburi köçkün statuslu fiziki şəxslərdir. Özü İİ qrup əlildir və psixi xəstəlikdən əziyyət çəkməklə müntəzəm müalicə alır və tibbi müayinədən keçirilir. Arvadı Cavabdeh5 İİİ qrup əlildir, heç bir yerdə işləmir. Digər yaşayış evi, gəlir mənbəyi yoxdur. İddiaçının iddia tələbində irəli sürüldüyü kimi o və ailəsi özbaşına deyil, dövlətin müvafiq orqanların şifahi göstərişinə əsasən 2012-ci ildən həmin ünvanda yaşayır. Mənzil qeyri-yaşayış sahəsi olduğundan və şəraiti olmasa da orada yaşamaq, yəni sığınmaq məcburiyyətindədir.

4. Cavabdeh1 iddiaya qarşı yazılı etiraz verərək, bildirmişdir ki, o Füzuli rayonundan məcburi köçkündür. Füzuli rayonu işğal olunandan sonra o və onun ailəsi məcburi köçkün kimi mübahisəli tikilidə məskunlaşmışlar. Sonradan onun oğlu da ailə quraraq ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Hazırda 6 nəfər ailə üzvü ilə birlikdə həmin ünvanda yaşayırlar. Oğlu ailəlidir və üç uşağı vardır, uşaqlarından biri inkişafdan qalmış və daimi olaraq müalicələr alır. Onların başqa yerdə yaşamağa yeri yoxdur. İddiaçı isə onların ailə vəziyyətini, uşaqlarının körpə və xəstə olmasını nəzərə almayaraq onları yaşadığı yerdən çıxarmaq istəyir.

5. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdikləri izahatlarda bildirmişlər ki, onlar məcburi köçkün olaraq mübahisəli tikilidə məskunlaşmış və ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Onların başqa yaşayış yerləri və başqa yerdə yaşamaq üçün imkanları yoxdur. İddiaçı isə onların ailə vəziyyətlərini, məcburi köçkün olmalarını nəzərə almayaraq onları yaşadığı yerdən çıxarmaq istəyir. Buna görə də hesab edirlər ki, iddia tələbi rədd edilməlidir.

6. Digər cavabdehlər iddiaya qarşı etiraz verməmiş və məhkəmə baxışı iclasında iştirak etməmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, iddia ərizəsində qeyd edilən əmlak kompleksinin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdehlər hər hansı qanuni əsas olmadan həmin əmlak kompleksini və torpaq sahəsini zəbt etmişlər və bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bu pozuntu hazırda da davam edir. Mülkiyyət hüququnun pozulması yolverilməzdir. Buna görə də iddia təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

9. Cavabdehlərdən Cavabdeh11, Cavabdeh3, Cavabdeh13, Cavabdeh2 və Cavabdeh5 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Əsasları hazırkı qətnamənin 3, 4 və 5-ci bəndlərində qeyd edilən dəlillər ilə uyğunluq təşkil edən apellyasiya şikayətlərində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

11. Apellyasiya baxışında iştirak etmiş apellyatorlar - cavabdehlər Cavabdeh2, Cavabdeh13, Cavabdeh11, Cavabdeh3 və sonuncunun vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun izahatlar vermişlər. Onlar əlavə olaraq bildirmişlər ki, onlar məcburi köçkün olaraq mübahisəli əmlak kompleksində özbaşına deyil, dövlətin müvafiq orqanların təxminən 15 il bundan əvvəl şifahi qaydada verdikləri göstərişlərə əsasən məskunlaşmışlar. Hazırda onların başqa yaşayış yerləri və başqa yerdə yaşamaq üçün imkanları yoxdur. Onlar, işğaldan azad olunmuş ərazilərə köçürülənə qədər onların mübahisəli əmlak kompleksindən çıxarılmaları düzgün deyil.

12. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, mübahisəli əmlak kompleksini və torpaq sahəsini özəlləşdirən zaman həmin əmlaklar boş olmamış, cavabdehlər orada yaşamışlar. Buna görə də, cavabdehlər də həmin əmlakın özələdirilməsinə cəlb olunmalı idilər. Lakin cəlb olunmamışlar. Bu səbəbdən də, onlar (hazırkı iş üzrə iddiaçı üçüncü şəxs olmaqla) cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7rşı “özəlləşdirmənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Buna görə də, onlar hesab edirlər ki, həmin işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, hazırkı iş üzrə icraat dayandırılmalıdır.

13. İş üzrə digər cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

14. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, iddia ərizəsinin və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat vermişdir. f) apellyasiya baxışının həddi barədə məlumat

15. İşə baxmış Rayon Məhkəməsi iddianı bütün cavabdehlərə münasibətdə təmin etsə də qətnamədən yalnız cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh11 və Cavabdeh13 apellyasiya şikayəti vermiş, digər cavabdehlər apellyasiya şikayəti verməmişlər.

16. Buna baxmayaraq Məhkəmə, digər cavabdehlərin apellyatorların ailə üzvləri olmasını nəzərə alaraq mübahisənin predmetinin bölünməz olması nəticəsinə gəlmiş və Rayon Məhkəməsinin qətnaməsinin əsaslığını MPM-in 372.6-ci maddəsinə əsasən tam yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə ilk növbədə bildirir ki, hazırkı qətnamənin 12-ci bəndində qeyd olunmuş məsələ ilə, yəni hazırkı iş üzrə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan “özəlləşdirmənin etibarsız hesab edilməsi tələbi barədə” iddiaya dair inzibati işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması haqqında cavabdehlərin vəsatətini müzakirə edərək, Məhkəmə, iş üzrə qəbul etdiyi xx.xx.2026-cı il tarixli qərardadla vəsatəti, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası” adlı 140-cı maddəsinin tələbinə əsaslanaraq və mübahisəli əmlakın iddiaçının xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmasını nəzərə alaraq təmin etməmişdir. Belə ki, həmin maddənin birinci cümləsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işdə olan sənədlərdən, o cümlədən Bakı Şəhər Qaradağ Rayon 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 39 №-li məktubundan və xx.xx.2025-ci il tarixli, 53 №-li arayışından müəyyən edilir ki, Ağdam və Füzuli rayonlarından məcburi köçkün olan cavabdehlər mübahisəli əmlak kompleksində yaşayırlar.

20. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, həmin əmlak kompleksi və kompleksin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2023-cü il).

21. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.2024cü il tarixli rəydən görünür ki, əmlak kompleksi tikilisi texniki cəhətdən qəzalı vəziyyətdədir, tikilinin yükdaşıma qabiliyyəti tükənib, dağılma təhlükəsi mövcuddur. Qeyd olunanları nəzərə alaraq aşağıdakı zəruri tədbirlər yerinə yetirilməlidir: - binanın istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalıdır; - binada yaşayan şəxslər binadan təcili köçürülməlidirlər; - binaya giriş qadağan edilməlidir; - binanın ətrafı şərti olaraq çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır.

22. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Ağdam və Füzuli rayonlarından məcburi köçkün olan cavabdehlər mübahisəli əmlak kompleksində yaşayırlar. Cavabdehlər mübahisəli əmlak kompleksində özbaşına deyil, dövlətin müvafiq orqanların şifahi qaydada verdikləri göstərişlərə əsasən məskunlaşdıqlarını bildirsələr də, işin hallarından müəyyən edilir ki, onlar, bu halı təsdiq edə biləcək sübutlara malik deyillər. Başqa sözlə, cavabdehlərin həmin əmlak kompleksində yaşamalarının hüquqi əsası yoxdur. Mülkiyyətçi olan iddiaçı isə bunu və ona məxsus əmlak kompleksinin qəzalı vəziyyətdə olmasını nəzərə alaraq cavabdehlərin oradan çıxarılmasını tələb edir.

23. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikasının Konstitusiyası; maddələr 13 və 29.).

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə isə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1.). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2.).

25. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllə; maddələr 178.1. və 178.2.).

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun şikayəti üzrə” qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. ...Mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür.

27. İş üzrə cavabdehlərin məcburi köçkün olmalarını nəzərə alan Məhkəmə qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydasının” tələblərinə görə, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar (bənd 4.). Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır (bənd 5.).

29. Məhkəmə həmçinin qeyd edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər (“Akimova Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı).

30. Beləliklə qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılmasını tələb etmək üçün subyektiv hüququ var və bu tələb əsaslıdır. Belə ki, cavabdehlərin həmin əmlak kompleksində yaşamalarının hüquqi əsası yoxdur, cavabdehlər həmin sahədə dövlətin müvafiq qurumlarının göstərişi və icazəsi ilə məskunlaşmamışlar.

31. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli əmlak kompleksi texniki cəhətdən qəzalı vəziyyətdədir, tikilinin yükdaşıma qabiliyyəti tükənib, dağılma təhlükəsi mövcuddur (daha ətraflı məlumat hazırkı qətnamənin 19-cü bəndində qeyd edilib). h) apellyasiya baxışının nəticəsi

32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməklə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh11 və Cavabdeh13 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə cavabdehlər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar