Məhkəmə qərarları › İş №2(103)-7107/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7107/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7107/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması”na dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək oğlu, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X7 qəflətən xx.xx.2021-ci il tarixdə saat 13:10 radələrində müvəqqəti yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 137, mənzil 412-də vəfat etmişdir. X10a mərhum oğlunun adına 4 dəfə çağırış edilmiş, lakin 13:50 radələrində həkim gələnə qədər oğlu vəfat etmişdir. Bakı şəhəri Xətai rayonu 38 saylı Şəhər Poliklinikasına oğlunun ölümü haqqında tibbi şəhatdətnamə verilməsi üçün müraciət etmiş, lakin X10 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində oğlunun ölümünün səbəbi qeyd olunmadığına görə poliklinika ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. Bundan sonra 6 saylı Bakı “Asan Xidmət” X2 müraciət etmiş, şöbə tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi bildirmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir (Hakim: Sərdar Mehrəliyev).

4. Həmin qətnamədən narazı qalan maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ərizənin təmin edilməməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3078/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8670/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (Sədrlik edən: Şeyda Məhərrəmova).

6. Həmin qərardaddan narazı qalan ərizəçi kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Ali Məhkəmənin 2(102)-4186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilərək, qərardadın ləğv edilməsi və yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və dəlilləri:

8. Maraqlı şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, ölümün səbəbi müəyyən edilmədən ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür. Çünki, ölüm haqqında şəhadətnamənin müvafiq hissəsində ölümün səbəbi qeydi Belə olduğu təqdirdə, şəhadətnamə natamam qalacaqdır və tam doldurulması mümkün olmayacaqdır. Məhkəmə ölümün səbəbinin müəyyən edilməsi üçün cəhd göstərməmişdir. Halbuki, məhkəmə ekspertiza təyin edə bilərdi. Tərəflərin izahatları:

9. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

12. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin qonşuları X3 və X8 ifadələrində ərizəçinin oğlu X5 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və özlərinin də dəfn mərasimində iştirak etdiklərini göstərdilər. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır.

13. XVİ-JQ seriyalı, 480744 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş X5 anası qrafasında Ərizəçi qeyd edilmişdir.

14. Bakı şəhəri Təcili və X1 Statistika şöbəsinin xx.xx.20201-ci il tarixli, 6/349 saylı cavab məktubundan göründüyü kimi, xx.xx.2021-ci il tarixdə saat 13:31 radələrində X5 adına X10 stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur.

15. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-443/15 saylı məktubundan görünür ki, Ərizəçi oğlu X5 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

20. Bənd 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

21. Bənd 9.1.““Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

22. Bənd 9.2.“Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPMnin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.

23. Bənd 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.

24. Bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

26. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

27. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

28. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi dəyərləndirmə:

29. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

30. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

31. Hazırkı ərizə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədədir və bu sahədə formalaşmış hüquqi mexanizm ondan ibarədir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikdə isə bu fakt məhkəmə tərəfindən müəyyən edilir və bu barədə ərizəyə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi, həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar, eyni zamanda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) əlavə edilməlidir.

32. Baxılan iş üzrə ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəyə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı sübutlar (Təcili və X4 Stansiyasının Bakı şəhəri Nizami RPİ-nin 34-cü PŞ-nin sorğusuna xx.xx.2021-ci il tarixli, 6/349 saylı cavab məktubu, şahid ifadələri) əlavə olunmuş, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Bakı şəhəri Xətai rayonu 38 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin X10 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində mərhumun ölüm səbəbi qeyd olunmadığına görə poliklinika bundan imtina etmişdir. Eyni zamanda, ölüm faktını qeydə alınması barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan müvafiq orqana da müraciət olunmuş, lakin ölümü təsdiq edən sənədin (tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi) olmaması səbəbindən faktın qeydə alınmasından imtina edilmişdir.

33. Maraqlı şəxs apellyasiya şikayətində ölümün səbəbi müəyyən edilmədən ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olması, ölüm haqqında şəhadətnamənin müvafiq hissəsində ölümün səbəbi qeydin doldurulmasının mümkün olmayacağı, məhkəmə tərəfindən ölümün səbəbinin müəyyən edilməsi üçün cəhd göstərməməsi qeyd edilmişdir.

34. Kollegiya apellyasiya şikyətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, ölüm haqqında şəhadətnamə ölüm faktını təsdiq edən sənəddir. Ölümün səbəbinin müəyyən edilməsi həmin sənədin hüquqi mahiyyətinə hər hansı təsir göstərmir və ölüm haqqında şəhadətnamədə ölümün səbəbi ilə bağlı hissənin boş qalması ölüm haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsas deyildir. Qeyd edildiyi kimi, ölüm haqqında şəhadətnamə ölüm faktını təsdiq edən sənəddir.

35. Göründüyü kimi, hazırkı işdə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün bütün şərtlər mövcud olduğundan, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur.

36. Lakin, Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı maraqlı şəxs Xətai Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

37. İş materiallarında məhkəmə iclasının keçirilməsi barədə Xətai rayon qeydiyyat şöbəsinə ünvanlanan bildiriş (i.v. 17 və 22) mövcud olsa da, həmin bildirişlərin qeydiyyat şöbəsinə göndərilməsini və çatmasını göstərən hər hansı sənəd (reyestr, xəbərnamə, zərf) aşkar edilmir.

38. Kolegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə maraqlı şəxs Xətai Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Nəticə:

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsas hesab edilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:

Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, yeni qətnamə qəbul edilsin və ərizə təmin edilsin. xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar