Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7111/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh4 MMC-nin nümayəndəsi (vəkili) Vəkil3, digər Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-46/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismən təmin edilərək, Cavabdeh1 MMCdən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 1679673,4 ABŞ dolları məbləğində əsas borc, 240290,16 ABŞ dolları məbləğində faiz borcu, 50000,00 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1969963,56 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyriyaşayış binasının ilkin satış qiymətinin 5000000,00 manat müəyyən edilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun “Yelo Bank" ASC-yə ödənilməsi, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqları itirilmiş hesab edilməklə, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2016-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək hesablanmış 109390,46 manat faiz borcu, 5000 manat cərimə borcu və 1760,2 manat illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumlikdə 116150,66 manat məbləğində borc məbləğinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 MMC-dən İddiaçı ASC-in xeyrinə xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək hesablanmış 142208,88 manat əsas borc, 229100,07 manat faiz borc, 8000 manat cərimə borcu olmaqla, ümumlikdə 379308,95 manat məbləğində borc məbləği tutularaq İddiaçı ASC-yə ödənilməsi, Dadaş-N MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK ) və Yardımçı ləvazimatları İddiaçı ASC-yə qaytarılması, Dadaş-N MMC-yə (“Sarar’istehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267,1 kv.m əmlak kompleksi boşaldılaraq İddiaçı ASC-yə qaytarılması, "xxxx" İKB ASC ilə “Dadaş-N" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli baş kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh4 MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə aidiyyəti qaydalarına əməl edilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən və iddia ərizəsinin məzmunundan da göründüyü kimi, hazırkı işdə kredit MMC tərəfindən kommersiya məqsədilə ilə (dövriyyə vəsaitinin artırılması və s.) götürülmüşdür və kredit münasibəti və ondan doğan mübahisə hüquqi şəxslər arasında yaranmışdır. İddiaçı hazırkı iddiasında Cavabdeh1 MMC-nin kommersiya məqsədi ilə əlaqədar bağladığı əqdi mübahisələndirir və həmin əqddən irəli gələn öhdəliklərin yerinə yetirilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti kommersiya (sahibkarlıq) fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinin 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasının tələbinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblər yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi istər işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, istərsə də mübahisənin xarakterinə görə kommersiya mübahisəsi olduğundan həmin tələbə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. İş materiallarından məlum olur ki, cavabdehlər Bakı şəhərində qeydiyyatdadırlar və ona görə də hazırkı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 30, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7111/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7111/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver