Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-712/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı "xxxx" (İddiaçı İKB) ASC-nin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-23/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh2 tərəfindən birgə verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "Yelo Bank” (Nikoyl" İKB) ASC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh5 iddiaçının xeyrinə 33606,07 manat əsas borcun, 19104,64 manat faiz borcunun, 1975,83 manat cərimə borcu olmaqla, cəmi 54686,54 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042-60-da yerləşən, 4 otaqlı, 82,23 kv.m ümumi, 48,23 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 126 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun "xxxx" ASC-yə (Nikoyl İKB) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və mənzilin banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" (Nikoyl" İKB) ASC iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək iddia tələbinə dəyişiklik edilməsini, iddia tələbinin həcminin ekspert rəyinə əsasən 38201,46 manat əsas borcun, 29762,43 manat faiz borcunun, 231,88 manat cərimə borcu və kredit müqaviləsi üzrə 16.10.2019-cu il tarixdən 16.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1812 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 70007,77 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsini, tələbin Cavabdeh5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042-60-da yerleşen, 4 otaqlı, 82,23 kv m ümumi, 48,23 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibaret 4 nömrəli evin 126 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun "xxxx" ASC-yə (Nikoyl İKB) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qatnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və mənzilin banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16.10.2014-cü il tarixli kredit Müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 25% hesablanmaqla 42000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042-60da yerləşən, 4 otaqlı, 82,23 kv.m ümumi, 48,23 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət nömrəli evin 126 nömrəli mənzilinə dair İpoteka Müqaviləsi bağlanmışdır. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh5 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh1 38201,46 manat əsas borc, 24971,77 manat faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1812 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65085,23 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh5 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042-60, ev 4,126 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042-60, ev 4, 126 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat ekspertiza xərcin 50%-i, yəni 150 manatın iddiaçı "xxxx" ASC-dən, qalan 50%-i yəni 150 manatı cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 312 manat xidmət haqqının 50%-i yəni 156 manatı "xxxx" ASC-dən, qalan 50%-i yeni 156 manatı cavabdehlər X3 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh5 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ödənilmiş 13.800 manat vəsaiti nəzərə almaqla faiz, dəbbə, cərimələrin silinməsi və iş üzrə ədalətli qətnamə çıxarılmasını xahiş etmişlər, şikayəti birinci instansiya məhkəməsinin məhkəmə baxışı dövründə öhdəliyin icra edilməsinin nəzərə alınmaması, gecikməyə görə hesablanmış faizlərin dəqiqiliyinə nəzər yetirməməsi, nəticədə iddiaçı tərəfindən artıq faiz və cərimə hesablanması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada, o cümlədən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməklə, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh5 arasında bağlanmış 16.10.2014-cü il tarixli, 2-GZ-1-0-805-14 saylı İstehlak krediti müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh5 60 ay müddətinə illik 25% olmaqla, 42000 manat kredit verilmiş, sonuncu həmin məbləği 16.11.2014-cü il tarixdən 16.10.2019-cu il tarixədək hər ay 1232,76 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.10.2014-cü il tarixli 2-GZ-1-0-805-14 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və o, iddiaçı ilə Cavabdeh5 arasında 16.10.2014-cü il tarixdə bağlanan 2-GZ-1-0-805-14 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh5, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Eyni zamanda cavabdeh (zamin) Cavabdeh1 iddiaçı-kreditor qarşısında Cavabdeh5 ilə eyni həcmdə məsuliyyət daşıması barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə kollegiya, 16.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş mühasibatşünaslıq ekspertizasının 09.03.2022-ci il tarixli 9/697 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 16.10.2014-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh5 hesablanmalı olan faiz borcu 19.382,49 manat, əsas borcu isə 38.201,46 manat, 16.10.2019-cu il tarixdən 16.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış borc 2.079,86 manat təşkil etmiş, müqavilə müddətinin bitdiyi 16.10.2019-cu il tarixindən sonra isə o, 4810 Manat ödəniş həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Ekspert rəyini, həmçinin, məhkəmənin irəli sürülən iddia tələbi (həcmi) ilə bağlı olduğunu, və iddiaçının qətnamədən apelyasiya şikayəti vermədiyini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 38.201,46 manat, faiz borcunun məbləği 19.382,49 manat, cərimə borcunun məbləği 100 manat, gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış borcun məbləği 1812 manat müəyyən edilməlidir. Həmçinin, kollegiya hesab edir ki, müqavilə üzrə sonradan, yəni müqavilə müddəti bitdiyi vaxtdan sonra ödənilən 4810 manat faiz borcundan çıxılmalıdır (19.382,49 - 4810 = 14572,49 manat). Kollegiya qeyd edir ki, ekspert rəyi ilə gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış borcun məbləği 2.079,86 manat təşkil etsə də, birinci instansiya məhkəməsi gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış borcun məbləğinin 1812 manat tutulmasına dair nəticəyə gəlmiş, iddiaçı tərəf isə qeyd edilən qətnamədən şikayət verməmiş həmin məbləğlə razılaşmışdır. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehlərdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı, borcalanın 16.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 38.201,46 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 231.88 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərimə məbləğini 100 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə məhkəmə cərimə məbləğini kifayət qədər azaltmışdır və bu hissədə cərimənin daha da azaldılması və qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-23/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirililsin. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada faiz borcu 14.572,49 (on dörd min beş yüz yetmiş iki manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı Cavabdeh5, 75 (yetmiş beş) manatı manatı isə İddiaçı İKB ASC-dən (Yelo Bank ASC) alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-712/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-712/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver