Məhkəmə qərarları › İş №2(103)-7124/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7124/2022

30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7124/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin icrası) X3 İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3529/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181- ci məhəllədə inşa edilmiş binanın 6-cı mərtəbəsindən sahəsi 125 kv.m təşkil edən yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 20 sentyabr 2018-ci il tarixdə mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş binanın 6-cı mərtəbəsindən sahəsi 125 kv.m təşkil edən mənzili iddiaçıya təhvil verməli olmuşdur. Lakin hazırkı günədək cavabdeh öhdəliklərini icra etməmiş və həmin mənzili iddiaçıya təhvil verməmişdir. Qeyd edilən sahə "xxxx" MTK tərəfindən verilmiş müqavilədə göstərilmiş X2 aid 125 kv.m qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya təqdim edilir. Aralarında bağlanmış müqavilələrə əsasən iddiaçı tərəfindən bütün öhdəliklər icra edilmişdir, lakin öhdəliklər cavabdeh tərəfindən icra edilmir.

3. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, sözügedən ünvanda ilkin olaraq üç yaşayış, bir qeyri-yaşayış sahəsinin tikintikisi nəzərdə tutulmuşdur. Daha sonra tikintinin həyata keçirilməsinə icazənin alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət edilmiş və nəticədə iki yaşayış və bir qeyri-yaşayış sahəsinin tikintisinin həyata keçirilməsi ilə bağlı müvafiq icazə alınmışdır. Lakin hazırda iddiaçı tərəfindən mübahisələndirilən yaşayış sahəsi D blokunda nəzərdə tutulsa da, həmin D blokunun inşasına icazə verilməmiş və nəticədə İddiaçı ilə "xxxx" MTK arasında müqavilə imzalanaraq bu müqaviləyə əsasən A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə yerləşən 125 kv.metr yaşayış sahəsinin 20 sentyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahə əvəzinə İddiaçı verilməsi ilə bağlı razılığa gəlinmişdir. Həmçinin, cavabdeh tərəfin nümayəndəsi onu da qeyd etmişdir ki, Hom-Paş Prestij” MTK ilə iddiaçı 2021-ci ildə müqavilə bağladıqdan sonra 2018-ci il tarixli müqavilələr ləğv edilmişdir. Bu səbədən müqavilənin əsli hüquqlarını təmsil etdiyi şirkətdə mövcud deyil. Buna baxmayaraq iddiaçı məlum olmayan qaydada hazırkı müqavilənin dublikatını əldə edib məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də hazırkı iddia tələbinin hüquqi əsasının olmadığını bildirmişdir.

4. Eyni zamanda, məhkəmə araşdırması zamanı 2015-ci il tarixli sərəncama əsasən tikilməsi nəzərdə tutulan D blokunun mövcud olub-olmamasının aydınlaşdırılması səbəbindən sözügedən ünvana məhkəmə tərəfindən yerli baxış keçirilmiş və ümumiyyətlə adıçəkilən D blokunun mövcud olmaması aşkar edilmişdir. Belə ki, 2015-ci il tarixli sərəncama əsasən tikilməsi nəzərdə tutulan D blokunun tikintisinə icazə verilmədiyindən D blokunun inşası baş tutmamışdır. Hazırda D blokunun tikilməsi ilə bağlı hər hansı hallar aşkar edilməmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3529/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin rədd edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 407.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin hallarına əhəmiyyət verməyərək iddianı təmin etməmişdir. İddianın təmin edilməməsinin əsası və səbəbi kimi isə 2015-ci il tarixli sərəncama əsasən tikilməsi nəzərdə tutulan D blokunun tikintisinə icazə verilmədiyindən D blokunun inşası baş tutmaması, hazırda D blokunun tikilməsi ilə bağlı hər hansı hallar aşkar edilməməsidir. Lakin D blokunun cavabdeh tərəfindən tikilməməsi onunla cavabdeh arasında bağlanmış müqavilə şərtlərinə əsasən, cavabdehin öhdəlikdən azad olmasına əsas vermir. D blokunun tikilməməsi, əksinə, cavabdehin öz öhdəliyini icra etməməsidir. Digər tərəfdən D blokunun inşa edilməyəcəyini bilə-bilə cavabdeh onunla müqavilə bağlamışsa bu artıq cinayət əməli olan dələduzluq kimi qiymətləndirilməlidir. Qeyd edildiyi kimi, məhkəmə bu xüsusatların heç birinə əhəmiyyət verməmişdir. Cavabdeh tərəf onunla aralarında olan müqavilənin mövcud olmasını, müavilə münasibətinin mövcud olmasını, həmin müqavilədən irəli gələn öhdəliyin mövcud olmasını məhkəmə baxışı zamanı da qəbul və etiraf etmişdir. Belə bir halda müqavilə öhdəlliklərinin mövcudluğuna şübhə ola bilməz. D blokunun tikilib tikilməməsi onun öhdəliyi və yaxud odan asılı səbəb deyil. D blokunun tikilməməsi, səbəbindən asılı olmayaraq, cavabdehin öz öhdəliyini icra etməməsidir. Belə bir vəziyyətdə cavabdeh ona digər bir əmlak və yaxud həmin əmlakın dəyərində ödəniş etməli idi. Aralarında olan müqavilə etibarsız hesab edilməmiş, qeyd etdiyi ki, qarşı tərəf də müqavilə münasibəti və öhdəliyin mövcudluğunu təsdiq etmişdir. Bundan əlavə, məhkəmə "xxxx" MTK ilə onun arasında guya mövcud olan müqaviləyə hüquqi sənəd olaraq istinad etmişdir. Halbuki, bəlli olduğu kimi, "xxxx" MTK-nın rəhbərliyi barəsində cinayət işi başlanması, onların təqsirinin sübuta yetirilməsi, barələrində qanuni qüvvəyə minmiş ittihamedici məhkəmə hökmünün çıxarılması və həmin hökm üzrə 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmələri, ibtidai istintaq zamanı, yəni müqavilə bağlanandan əvvəl, rəsmi möhürün istintaq orqanı tərəfindən götürülməsinə məhkəmə hər hansı bir hüquqi qiymət verməmiş, bu xüsusatı araşdırmamışdır. Buradan da göründüyü kimi məhkəmənin istinad etdiyi "xxxx" MTK ilə onun arasında guya mövcud olan müqavilə əslində etibarsız əqddir və ona sənəd kimi istinad edilə bilməz. Belə olan təqdirdə məhkəmənin hazırki qətnaməsi qanunsuz və əsassız hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasının iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasının iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

14. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 407.2 sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3529/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbinin ilk öncə qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. İş üzrə tədqiq edilmiş hallarından müəyyən edilir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(011)-6337/2015 saylı qətnaməsi ilə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-ci il tarixli 1 və 2 müqavilələrin 3.2.-ci bəndləri etibarsız hesab edilməklə tərəflər arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m olmaqla 2 qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra isə məhkəmə qətnaməsi əsasında faktiki olaraq 1000 kv.metrin 832 kv.metri iddiaçıya təhvil verilmişdir. Bundan sonra İddiaçı "xxxx" MMC ilə yerdə qalan 168 kv.metrin əvəzində ona 125 kv.metr sahənin təhvil verilməsi ilə bağlı razılığa gəlmişdir. Nəticədə "xxxx" MMC ilə İddiaçı arasında 20 sentyabr 2018-ci il tarixdə müqavilə bağlanmışdır.

28. 2015-ci il tarixli sərəncama əsasən tikilməsi nəzərdə tutulan D blokunun mövcud olub-olmamasının aydınlaşdırılması səbəbindən sözügedən ünvana birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmiş və ümumiyyətlə adıçəkilən D blokunun mövcud olmaması aşkar edilmişdir. Belə ki, 2015-ci il tarixli sərəncama əsasən tikilməsi nəzərdə tutulan D blokunun tikintisinə icazə verilmədiyindən D blokunun inşası baş tutmamışdır. Hazırda D blokunun tikilməsi ilə bağlı hər hansı hallar aşkar edilməmişdir.

29. İş materiallarına əlavə edilmiş 28 fevral 2021-ci il tarixli müqavilədən də görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında müqavilə imzalanmış və bu müqaviləyə əsasən A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə yerləşən 125 kv.metr yaşayış sahəsinin 20 sentyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahə əvəzinə İddiaçı verilməsi ilə bağlı razılığa gəlinmişdir.

30. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 avqust 2019-cu il tarixli 23 nömrəli Sərəncamından çıxarışından görünür ki, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən iki ədəd bir girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mövcud olmayan bina üzrə mənzilin ona təhvil verilməsini istəməsi ağlabatan deyil. Belə ki, yuxarıda istinad olunan və məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonrakı müqavilənin İddiaçı ilə "xxxx" MTK arasında bağlanması və müqavilənin şərtində bu müqavilənin 20 sentyabr 2018-ci il tarixli müqavilənin əvəzində bağlaması iddiaçının istinad etdiyi müqavilənin hazırda mövcudluğunu istisna edir.

32. Kollegiya onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətindən onunla "xxxx" MTK arasında imzalanmış 28 fevral 2021-ci il tarixli müqavilənin əslində etibarsız əqd olduğunu qeyd etsə də, bu hal təsdiq edəcək hər hansı əsaslı sübut təqdim etməmiş və həmin müqaviləni ümumiyyətlə hər hansı formada mübahisələndirməmişdir.

33. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı iddia tələbinin əsası kimi məhkəməyə müqavilənin əslini yox, dublikatını təqdim etmişdir. Belə olan halda isə hazırda mövcudluğu istisna edilən müqavilə üzrə iddiaçının müqavilədən irəli gələn öhdəliyin cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməsinin heç bir hüquqi əsası mövcud deyil.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3529/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar