Məhkəmə qərarları › İş №2(103)-7153/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7153/2021

12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7153/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi, pul və qızıl” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1615/2021 nömrəli mülki iş üzrə 25.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehin evdən götürdüyü 9500 manat pulun və dəyəri 450 manat olan 12 qramlıq qızıl üzüyünün cavabdehdən alınıb ona verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi, ünvan 1 və ünvan 2 ünvanında yerləşən evə 2/3 hissədə payının müəyyən edilməsinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1615/2021 nömrəli mülki iş üzrə 25.05.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.0.1, 150.0.3, 259.0.12-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə sədrlik edən məhkəmə baxış iclaslarında iddia tələbində işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar olduğu üçün iddia tələblərinin dəqiqləşdirilməsini təklif etmiş, iddiaçı tərəfindən verilmiş müddət ərzində həmin nöqsanlar aradan qaldırılmamış, nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, işin icraat növü üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır . İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadını ləğv edib iddia tələbləri üzrə mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, əlil adam məhkəmə binasına çox çətinliklə əziyyətlə qalxır, məhkəmə prosesi bir neçə dəfə təxirə salınmaqla keçirilib. Təyin olunan hər prosesdə iştirak etmişdir. Qarşı tərəf də vəkillə təmsil olunub. Məhkəmənin verdiyi sualları cavablandırmışdır. Bu gün məhkəmə iddianın mahiyyəti üzrə qətnamə çıxarmalı olduğu halda, iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarmışdır. Məhkəmənin işi uzun müddət öz icraatında saxlayaraq sonda belə bir qərardad qəbul etməsi hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bununla da ədalətli məhkəmə araşdırması hüququndan məhrum olmuşdur. İşə baxılmasına maneə olan hər hansı bir hal var idisə məhkəmə bunu vaxtında ona bildirməli idi. Faktiki olaraq tələbi üzrə mülki işə baxmaq üçün hər hansl bir maneə olmamışdır. Qanuni əsas olmadan məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin icraatı zamanı hakimin pul hissəsində baxıla bilməyəcini bildirdiyini, onların pul hissəsini baxılmamış saxlayıb digər hissədə baxılmasını xahiş etdiklərini, lakin qəbul edilmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən t Cavabdeh iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, işin hallarını, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı üçüncü məhkəmə baxışı iclasında sədrlik edən dəqiqləşmənin aparılmasını təklif etmiş və ondan sonrakı məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə istinad etməklə iddia ərizəsin baxılmamış saxlamışdır (48,71). Halbuki, by prosessual əsaslar iddianın icraata qəbul edilməsi zamanı müzakirə edilməli idi. Bu halların tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində - ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda - iddia ərizəsinin baxılmamış saxlanılması ehtiva edilmişdir. Göründüyü kimi, müəyyən edilmiş mülki prosessual faktiki hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində müəyyən edilmiş dispozitiv şərtlərə uyğun gəlmir və ümumiyyətlə tələblərin bir yerdə baxılması mümkünsüzlüyünün prosessual səbələri əsaslandırılmamışdır. Qeyd edilənlərdən əlavə məhkəmənin bir icraatda baxılması mümkünlüyü istisna edilən tələblərin ayrıca icraatda ayırmaq səlahiyyətləri də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.1-ci maddəsinə görə: Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Məcəllənin 169.4-cü maddəsinə görə: Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qeyd edilənlərə əsasən və qəradadın dəyişdirilmədən saxlanılmasına əsaslar müəyyən edilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1615/2021 nömrəli mülki iş üzrə 25.05.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsi baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar