Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7195/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş “ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəyə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi övladının - xx.xx.1975-ci il təvəllüdülü X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi üçün Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara almışdır ki, ərizənin qəbul edilməsindən imtina olunsun. Eyni zamanda qərardadda ərizəçiyə izah olunmuşdur ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina ilə bağlı tibb müəssisəsinə qarşı inzibati məhkəmə icraatı qaydasında müvafiq məhkəməyə müraciət etməlidir. Şikyətdə tələb olunmuşdur ki, qərardad ləğv edilsin. Şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, ərizənin qəbul edilməsindən imtina olunması barədə yeni qərardad qəbul olunmalıdır. Belə ki, ərizəçi səhvən ölümün qeyd edilmə faktının müəyyən edilməsini tələb edib, əslində o, ölüm faktının müəyən edilməsini tələb etməlidir. “Ölümün qeyd edilmə faktı” və “ölüm faktı” ayrı-ayrı faktlardır. 1-ci, faktın müəyyən edilməsi o halda tələb oluna bilər ki, ölüm faktı qeydə alınmış olur, lakin müxtəlif səbəblərdən qeydiyyatı təsdiq edən sənədin əldə edilməsi mümkün olmur. Məs., ölüm baş verdikdən sonra onu başqa dövlətin qeydiyyat orqanı qeydə alıb, daha sonra ölmüş şəxsin yaxınları həmin dövlətin ərazisini qaçqın kimi tərk edərək Azərbaycan Respublikasına gəlib və ölüm haqqında şəhadətnamə itib. Azərbaycan Respublikasının həmin dövlətlə münasibətləri olmadığına görə qeydiyyatı təsdiq edən yeni sənədin alınması mümkün deyil. Belə halda məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edə bilər. Bu faktın müəyyən edilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 307.2.3-cü maddəsində nəzərdə tutulub. 2-ci, faktın müəyyən edilməsi o halda tələb oluna bilər ki, ölüm baş verib, lakin müxtəlif səbəblərdən ölüm qeydiyyat orqanında qeydə alınmayıb. Məs., ölüm tibb müəssisəsindən kənarda (evdə və ya digər yerdə) baş verib, ölümü təsdiq edən tibbi sənəd olmadığına görə qeydiyyat orqanı ölümü qeydə almır. Belə halda məhkəmə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edə bilər. Bu faktın müəyyən edilməsi MPM-in 307.2.8-ci maddəsində nəzərdə tutulub. Hazırkı iş üzrə məhkəməyə verilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ölüm qeydə alınmayıb, o cümlədən ölümü təsdiq edən tibbi sənəd yoxdur, ərizəçi bildirir ki, ölüm evdə baş verib, bu zaman tibbi müəssisəsinə müraciət olunmayıb. Ərizəçi ölümün qeydə alınması üçün Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etəsə də ölümü təsdiq edən tibbi sənəd olmadığına görə həmin orqan ölümü qeydə almaqdan imtina etmiş və düzgün olaraq ərizəçiyə izah etmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Lakin bundan sonra ərizəçiyə hüquqi yardım göstərən (onun ərizəsini tərtib edən) şəxsin səhvi üzünüdən “ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizə tərtib edilərək məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsi isə düzgün olmayaraq ərizəçiyə inzibati məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. Beləliklə, ölüm qeydə alınmayıb. Məhkəmə MPM-in 307.1, 307.2.3 və 308-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və həmin maddələrin tələblərinə uyğun olmadığına görə ləğv olunmalı, “ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizənin baxılmaq üçün qəbul edilməsindən imtina olunması barədə yeni qərardad qəbul olunmalı və ərizəçiyə izah olunmalıdır ki, o, MPM-in 307.2.8-ci maddəsinə uyğun olaraq övladının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi tərəfindən verilmiş “ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizənin baxılmaq üçün qəbul edilməsindən imtina olsun, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilər. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Namiq Cəfərov Hakimlər: Şərafət Məmmədova Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7195/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7195/2020
11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver