Məhkəmə qərarları › İş №2(103)-7197/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7197/2022

26.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7197/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(004)-3594/2022 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq aralarında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın 2-ci blokunda ümumi sahəsi 300 kv.m-dən ibarət market sahəsinin (1 kv.m. sahə üçün 1.600 manat hesablanmaqla ümumi dəyəri 480.000 manat təşkil edən) əvəzində - tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 480.000 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 1.600 manat hesablanmaqla 480.000 manat : 1.600 manat = 300 kv.m.) onun ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kv.m təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(004)- 3594/2022 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki tələb mülkiyyət hüququnun müdafiəsinə yönəldiyi üçün verilməli olan əmlakın olduğu yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı ünvan 2 bağlı müstəsna aidiyyət mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin iddia ərizəsinin məzmunundan göründüyü kimi iddia tələbinin əsasını mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq deyil, öhdəliyin yerinə yetirilməsi təşkil edir. Belə olan halda qeyd edilən tələbə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Nərimanov rayon Məhkəməsində baxılmalı olduğundan mülki iş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir (maddə 35.2). Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçı aralarında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kv.m təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasını, yəni həmin hüquqlarının pozulmasının aradan qaldırılmasını tələb edir ki, həmin yaşayış binası da Yasamal rayonu ərazisində yerləşir. Belə olan halda iddiaçı iddia ərizəsi ilə haqlı olaraq Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya hesab edir ki, cavabdehin hüquqi ünvanı Nərimanov rayonu ərazisində yerləşsə də, müstəsna aidiyyət qaydalarına müvafiq olaraq mübahisə predmeti olan qeyriyaşayış sahəsinin yerləşdiyi əraziyə görə işin müstəsna aidiyyəti Yasamal rayonu ərazisinə aiddir və hazırki mülki işə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(004)-3594/2022 saylı qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak tələbinə dair” mülki işə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar