Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7199/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-1818/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizə ilə birinci instansiya məhkəməsinə müaciət edərək, X2 xx xxxx 2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 1818/2020 saylı qərardadı ilə (hakim Günay Həşimova) ərizənin qaytarılması qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayət verərək onun ləğv edilməsi xahiş etmiş, şikayət təmin olunmamış və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət – ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməməsi, bununla əlaqədar etdiyi müraciətə imtina cavabı verilməsi, ərizənin icraata qəbul edilməli olması və s. kimi əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 133.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib şikayəti iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi daxıl olmuş hər bir ərizənin (iddianın) mümkünlüyünü diqqətlə yoxladıqdan sonra onu icraata qəbul etməyə haqlıdır (MPM-nin 151.1-ci mad). Ərizənin mümkünlüyü onun MPM-nin tələblərinə riayət edilməklə verilməsini ehtiva edir. Mümkünlük şərtlərinə, həmçinin ərizənin müəyyən olunmuş qaydada forma və məzmunu, habelə ona əlavə olunmalı olan sənədlərin mövcudluğu və s. daxildir. Ərizədən göründüyü kimi, ərizəçi xüsusi icraat qaydasında – anasının ölüm faktının müəyyən olunmasını xahiş etmişdir. MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, MPM-in 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər (9.1-ci bənd). Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır (9.2-ci bənd). Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir (9.3-cü bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxx 2015-ci il tarixli 52 saylı əmri ilə təsdiqlənmiş «Ölüm haqqında tibbi şahadətnamənin verilməsi qaydasına dair» Təlimatın 3-cü bəndində qeyd edilmişdir ki, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi" və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanlar tərəfindən ölüm faktının hansı qaydada müəyyən edildiyini aydın formada müəyyən etmişdir. Ərizəçi isə bu istiqamətdə lazımi sənədləri (xüsusilə ölüm haqqında tibbi şəhadətnamə) ala bilməməsini təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni qaytarmışdır. Şikayətin dəlilləri əsassızdır. Bu səbəbdən də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-1818/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 1818/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7199/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7199/2020
08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver