Məhkəmə qərarları › İş №2(103)-72/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-72/2025

15.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-72/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və qanuni sahibinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(008)-194/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: 12 oktyabr 2001-ci il tarixli, 30387 saylı Bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot ərazini əhatə edən bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Hazırda iddiaçı Cavabdeh tərəfindən zəbt edilmiş bağ sahəsinin boşaldılması, oradakı birmərtəbəli tikilinin sökülməsi və onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və qanuni sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) ərazini əhatə edən bağ sahəsinin boşaldılması, oradakı birmərtəbəli tikilinin sökülməsi və onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən "Bağlar təsərrüfatının inkişafı və istismar Birliyinin” iştirakı ilə bağlanan 12 oktyabr 2001-ci il tarixli, 30387 saylı "Bağın icarəyə verilməsi haqqında" Müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəlli, 12 sot ərazini əhatə edən bağ sahəsi onun istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli torpaq sahəsinin sxeminə dair hüquqmüəyyənedici sənəddən də görünür ki, həmin torpağın qanuni istifadəçisi olaraq həmin bağ sahəsi ona oğlunun şəhid olması ilə əlaqədar verilmişdir. Mərhum oğlu X1 vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində, Tərtər rayonunda şəhid olmuş və şəhidlik statusu verilmişdir. Adı çəkilən bağ isə ona şəhid anasına dövlət tərəfindən göstərilən ehtiram, hörmət hissinin ifadəsi kimi istifadəsinə verilmişdir. Həmin bağ sahəsi ona dövlət səviyyəsində hədiyyə qismində bağışlanmışdır. O, illərlə dövlət qurumlarında işləmiş, öz zəhməti ilə ailəsini saxlamışdır. Lakin, maddi çətinlik ucbatından onun şəxsi istifadəsinə verilmiş Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot ərazini əhatə edən bağ sahəsini hasara ala bilməmişdir. Müəyyən bir müddət sonra o, bağa baş çəkməyə gedərkən həmin torpaq sahəsinin hasarlandığını və darvaza qoyulduğunu, habelə bağda başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Ona sonradan məlum olmuşdur ki, bağ sahəsi onun tanımadığı şəxs X5 tərəfindən etibarnamə ilə hal-hazırda torpağı zəbt edən - Cavabdeh verilmişdir. Torpaq sahəsi isə 8 sot və 4 sot olaraq bölünmüşdür. Həmin şəxslər onun mülkiyyət hüququnu kobudcasına pozmuşdur. Hal-hazırda o, həmin bağ sahəsindən istifadə edə bilmir. Oranı zəbt edənlər isə qanunsuz hərəkətlərindən çəkinmir. Uzun illər istifadəsində olmuş həmin bağ sahəsi üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, "bağ sahəsindən digər şəxslər istifadə etdiyindən bağa daxil olub ölçü işləri aparılması mümkün olmamışdır. Həmin qurumun 04 iyun 2010-cu il tarixli məktubunda qeyd olunur ki, həmin bağ sahəsinə baxış keçirilmiş və sözügedən bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi, həmin bağ sahəsində birmərtəbəli bağ evinin inşa edildiyi məlum olmuşdur. Araşdırma nəticəsində hamin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasan hesab edir ki, Cavabdeh zəbt etdiyi Sabunçu rayonu, Lahis bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) ərazini əhatə edən bağ sahəsindən çıxarılmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(008) 194/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) ərazini əhatə edən bağ sahəsinin Cavabdeh tərəfindən boşaldılmaqla oradakı birmərtəbəli tikilinin sökülməsi və həmin bağ sahəsinin İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini mövqeyini onunla əsaslandırmışdır ki, 12 oktyabr 2001-ci il tarixli, 30387 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot ərazini əhatə edən bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Eyni zamanda mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı 1195 kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi qeydiyyatdan keçməmişdir, lakin bağ sahəsinin yerləşməsi qonşu özəl 1194 saylı bağ sahəsinə nəzərən uyğundur. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmiş, onun iştirakı olmadan işə baxılaraq barəsində onun ziyanına olan qətnamə qəbul edilmiş, həmçinin məhkəmə qətnaməsi də ona rəsmi qaydada təqdim edilməmişdir. Hesab edir ki, bu hal kobud pozuntu kimi qeydə alınaraq məhkəmənin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2023-ci il tarixli, 2(103)-4044/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/4199 saylı məktubu ilə ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuş və iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Apellyasiya icraatı zamanı X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2025-ci il tarixli, 3-16-16/2-10/2330/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən, bu barədə məhkəməyə hər hansı məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X7 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Тоrpaq Məcəlləsi: 48.4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

67. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (köhnə redaksiyada). 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli rəyinə istinad etmişdir. Rəydən görünür ki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçıların iddia etdiyi və naturada göstərdiyi torpaq sahələrinə başqa vətəndaşların adına çıxarışlar verilmişdir. (sxem əlavə edilr). Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X7nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X7 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(008)-6901/2019 nömrəli müraciətində mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması məqsədi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı kimi cavablanmışdır: “Bununla əlaqədar olaraq bildiririk ki, vətəndaşlar bağ sahələrində hasarlama işlərini bölgü sxeminə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada faktiki yerləşməsi və bağlararası keçid yolları bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı 1195 kimi iddiya etdiyi və naturada göstərdiyi bağ sahəsi qeydiyyatdan keçməmişdir. Bağ sahəsinin yerləşməsi qonşu özəl 1194 saylı bağ sahəsinə nəzərən uyğundur. Apellyasiya baxışı zamanı İddiaçı faktiki göstərdiyi mübahisəli torpaq sahəsi ilə onun istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1195 saylı, 0,12 ha bağ sahəsinin eləcə də İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1195 saylı, 0,12 ha bağ sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsinin müəyyən edilməsi, həmçinin iddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsi kimin mülkiyyətində (dövlət, bələdiyyə və ya xüsusi) olmasının, İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1195 saylı, 0,12 ha bağ sahəsi ilə Cavabdeh məxsus tikililərin olması və Cavabdeh tərəfindən tikilmiş tikili Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) torpaq sahəsinin hüdudları daxilində olub-olmamasının müəyyən edilməsi üçün mülki iş üzrə mütəxəssis rəyininin alınması zəruri olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 02 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə əlaqə saxlanılsa da, xəstə olduğu üçün sahəni göstərə bilməyəcəyini bildirdi. Bu səbəbdən sahədə ölçü işləri aparıb iddia olunan sahəni dəqiqləşdirmək mümkün olmadı. Bundan əvvəl də iddiaçının özü ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə telefonla əlaqə saxlanılsa da ağır xəstə olduğundan gələ bilməyəcəyini və əvvəlki müraciət zamanı sahəsini səhv göstərdiyini dedi. Ona ayrılmış 1195 saylı bağ sahəsinin əvvəlki müraciət zamanı göstərilən sahənin cənub hissəsində olduğunu və sahənin digər fiziki şəxs tərəfindən istifadə olunduğundan içəri daxil ola bilməyəcəyini bildirmişdir. İddiaçı yerli baxışda iştirak etmədiyindən 1195 saylı bağ sahəsi kimi iddia olunan sahənin dəqiq ölçülərini və koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. Cavabdeh kimi göstərilən Hüseyn adlı şəxslə xx.xx.2024-cü il tarixdə telefon əlaqəsi saxlanıldı və sahəyə yerli baxış keçirilmişdir. Sahədə cavabdehə məxsus 1 otaqan ibarət ev və sanitar qovşağı var. Həmin vətəndaş sahənin özünə məxsus olduğunu və sahədən uzun müddət istifadə etdiyini, tikililəri və hasarın özü tərəfindən inşa edildiyini və Bələdiyyə sənədinin olması bildirildi. İddia olunan sahənin onun sahəsinə aid olmadığını bildirdi. Hüseyn adlı şəxs tərəfindən göstərilən (istifadədə olan) sahə sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 818,0 kv.metr təşkil edir. Sahənin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Ləhiş bağlar massivi olmaqla Dövlət torpaqlarıdır (cild 2, səh 28). Beləliklə, cavabdehin dəlillərinin qiymətləndirilməsi, eləcə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün qeyd edilən xüsusat mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı əlavə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi yolu ilə araşdırılması üçün mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 16 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə əlaqə saxlanılsa da, xəstə olduğu üçün sahəni göstərə bilməyəcəyini bildirdi. Bu səbəbdən sahədə ölçü işləri aparıb iddia olunan sahəni dəqiqləşdirmək mümkün olmadı. Bundan əvvəl də iddiaçının özü ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə telefonla əlaqə saxlanılsa da ağır xəstə olduğundan gələ bilməyəcəyini və əvvəlki müraciət zamanı sahəsini səhv göstərdiyini dedi. Ona ayrılmış 1195 saylı bağ sahəsinin əvvəlki müraciət zamanı göstərilən sahənin cənub hissəsində olduğunu və sahənin digər fiziki şəxs tərəfindən istifadə olunduğundan içəri daxil ola bilməyəcəyini bildirmişdir. İddiaçı yerli baxışda iştirak etmədiyindən 1195 saylı bağ sahəsi kimi iddia olunan sahənin dəqiq ölçülərini və koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. Cavabdeh kimi göstərilən Hüseyn adlı şəxslə xx.xx.2024-cü il tarixdə telefon əlaqəsi saxlanıldı və sahəyə yerli baxış keçirilmişdir. Sahədə cavabdehə məxsus 1 otaqdan ibarət ev və sanitar qovşağı var. Həmin vətəndaş sahənin özünə məxsus olduğunu və sahədən uzun müddət istifadə etdiyini, tikililəri və hasarın özü tərəfindən inşa edildiyini və bələdiyyə sənədinin olması bildirildi. İddia olunan sahənin onun sahəsinə aid olmadığını bildirdi. Hüseyn adlı şəxs tərəfindən göstərilən (istifadədə olan) sahə sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 818,0 kv.metr təşkil edir. Sahənin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Ləhiş bağlar massivi olmaqla dövlət torpaqlarıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2025-ci il tarixli, 3-16-16/2-10/2330/2025 saylı məktubu ilə daxil olmuş ekspert rəyindən görünür ki: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

1. Cavabdeh kimi göstərilən Hüseyn adlı şəxsin(cavabdehin) faktiki istifadəsində olan sahədə məxsus 1 otaqdan ibarət ev və sanitar qovşağı var. Həmin vətəndaş sahənin özünə məxsus olduğunu və sahədən uzun müddət istifadə etdiyini, tikililəri və hasarın özü tərəfindən inşa edildiyini və Bələdiyyə sənədinin olması bildirdi. İddia olunan sahənin onun sahəsinə aid olmadığını bildirdi. Hüseyn adlı şəxs tərəfindən göstərilən (istifadədə olan) sahə sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 818.0 kv.m təşkil edir. Sahənin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Ləhiş bağları massivi olmaqla Dövlət torpaqlarıdır.

2. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyində qərardadın Birinci, ikinci, dördüncü, beşinci, altıncı və yeddinci suallarına münasibət bildirilmədiyindən həmin suallar üzrə tədqiqat aparılmadı. Ekspert rəyi natamam olduğundan yenidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin alınması zəruri olmuşdur. Lakin buna baxmayaraq xx.xx.2025-ci ildə verilmiş mütəxəssis rəyi xx.xx.2024-cü il tarixli rəylə eynilik təşkil etmişdir. Bundan sonra mütəxəssislərin iştirakı ilə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, Pirşağı yolundan baş yol ilə üzü “Seabreeze” tərəfə gedərkən mübahisəli dalandan sağa dönəndə cərgədə döngədə sıralanma ilə mübahisəli bağ sahəsi faktiki olaraq 3-cü sırada yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq 818 kv metr təşkil edir və cavabdehin istifadəsindədir. İddiaçının iddia etdiyi 1195 saylı baş sahəsinə içəri daxil olduqda mütəxəssislərin dediyinə görə sağ tərəfdə 1194a saylı bağ sahəsi yerləşir və həmin bağ sahəsi xüsusi mülkiyyətdədir. Mütəxəsislər tərəfindən dalan tərəfdən bağlar xüsusi cihaz ilə ölçülmüş və müəyyən olunmuşdur ki, 1194a saylı bağın eni 24,70 x uzunluğu 48 metrdir. İddiaçının iddia etdiyi və cavabdehin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə üzbəüz 1309 saylı bağ sahəsi yerləşir. İş materiallarına əlavə edilmiş cild 02, səhifə 62-də olan sxematik xəritəyə görə bağların faktiki yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Belə ki, sxematik xəritədə 521 saylı bağdan başlayaraq 1596 saylı bağlara qədər olan sıra göstərilsə də, faktiki olaraq həmin bağlar artıq mövcud deyillər, həmin yerdə yol inşa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin iclasında mütəxəssis X6 verdiyi izahatında iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin istifadəsində olan torpaq sahəsi sxematik xəritəyə görə 1196 saylı bağ sahəsidir. Eyni məzmunlu iki müxtəlif tarixli rəylərinin verilməsinin səbəbini isə texniki səhvlə əlaqələndirdi. Kollegiyanın tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yeni 27 noyabr 2025-ci il tarixli mütəxəssis rəyi təqdim edilmiş və bu rəyə əsasən göstərilən torpaq sahəsi (1195 saylı bağ sahəsi kimi) sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq iddia olunan sahə 818.0 kv.m təşkil edir. Keçmiş BTİ ve İB tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində verilmədiyindən və bağın arxiv cizgisi olmadığından iddia olunan (göstərilən) sahənin keçmiş BTİ və İB tərəfindən iddiaçıya 30380 saylı icarə müqaviləsi ilə ayrılmış 1195 saylı bağ sahəsi ilə üst-üstdə düşüb-düşməməsini dəqiq müəyyən etmək mümkün olmadı. İddiaçının iddia etdiyi (göstərdiyi) sahə faktiki olaraq hasar daxilində olmaqla Cavabdeh istifadəsindədir (818.0 kv.m təşkil edir). Sahədə cavabdehə məxsus 1 otaqdan ibarət yaşayış evi va sanitar qovşağı var. Həmin vətəndaş sahənin özünə məxsus olduğunu ve sahədən uzun müddət istifadə etdiyini, tikililəri və hasarın özü tərəfindən inşa edildiyini ve bələdiyyə sənədinin olması bildirildi. Bundan əlavə faktiki iddia edilən (göstərilən) 1195 saylı sahənin şimal hissəsi 1194a saylı bağ sahəsi kimi qeydiyyatdan keçib. İddiaçi iddia etdiyi sahənin ona aid 1195 sayli bağ sahəsi olduğunu bildirir. Cavabdeh istifadəsində olan sahənin 1196 saylı bağ sahəsinin ərazisini uyğun olduğunu iddia edir. 1196 saylı bağ sahəsinə dair isə idarəyə müraciət olmadığından həmin sahənin həqiqətən 1196 sayli bağ sahəsinə aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmadı. 1195 saylı bağ sahəsinə xx.xx.2010-cu il tarixdə tərtib edilmiş sxemde koordinatlar gösterilmədiyindən, sxemin hansi sahəyə tərtib edilməsini müəyyənləşdirmək mümkün olmadı. Həmçinin məhkəmə qərardadında qeyd olunan 1194, 1195a ve 1196 saylı bağ sahələrinə dair müraciət idarəyə daxil olmadığından həmin sahələrin naturada yerini təyin etmək mümkün olmadı. Digər tərəfdən bağların bölgüsünə dair sxematik xəritədə 1195 saylı bağ sahəsinin şimal tərəfi 1194 saylı bağ sahəsi, cənub tərəf isə 1196 saylı bağ sahəsinin ərazisi kimi, üzbəüz qonşu kimi isə 1308 saylı bağ sahəsinin ərazisi göstərilib. Vahid elektron baza məlumatlarına əsasən sahə Ləhiş bağlar massivi olmaqla dövlət torpaqlarıdır. İddia olunan sahələr üst-üstə düşür. Cavabdeh özünün təqdim etdiyi sxematik bölgü iş materiallarına əlavə olunmadığından araşdırma aparmaq mümkün olmamışdır. Göründüyü kimi işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh tərəfin istifadəsində olan torpaq sahəsi faktiki olaraq 818.0 kv.m təşkil edir. İddiaçı isə ona 12 oktyabr 2021-ci il tarixli 30380 saylı müqavilə ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1195 saylı, 0,12 ha bağ sahəsi ayrıldığını qeyd edir. Kollegiya hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin torpaq sahəsi ilə üst-üstə düşmür, yəni, iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi deyil. Mütəxəssisin izahatında qeyd edildiyi kimi sxematik xəritəyə əsasən cavabdehin istifadəsində olan torpaq sahəsi 1196 saylıdır. Beləliklə iş materialları ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının 1195 kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsinin qeydiyyatdan keçməməsini, lakin bağ sahəsinin yerləşməsinin qonşu özəl 1194 saylı bağ sahəsinə nəzərən uyğun olmasına dair mütəxəssis rəyinə istinad etsə də, faktiki olaraq iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmədiyi halda iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də sms formasında cavabdehə göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutula bilməz. Belə ki, qanunvericiliyə əsasən iddiaçı şəhid ailəsi olduğu üçün məhkəmə xərclərindən azaddır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(008)- 194/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdeh X9 tərəfindən zəbt edilmiş Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) ərazini əhatə edən bağ sahəsinin boşaldılması, oradakı birmərtəbəli tikilinin sökülməsi və onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılması” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar