Məhkəmə qərarları › İş №2(103)-7205/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7205/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7205/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Münasibətlər: xx.xx.2017-ci il tarixdə iddiaçı (borcverən) ilə cavabdehin (borcalan) arasında kredit müqaviləsi bağlanmış, habelə həmin müqavilədən əmələ gələn öhdəliyin icrasının təmini üsulu kimi eyni tarixdə eyni tərəflərin arasında ipoteka müqaviləsi bağlanmış, cavabdehə məxsus olan, Bakı şəhəri, C.Naxçıvanski küçəsi, ev № 43-də yerləşən 60 №-li mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə mübahisə artıq həll olunub. Başqa iş üzrə qəbul olunmuş qətnamə ilə həmin müqavilə üzrə 20.000 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunub və qətnamə qanuni qüvvəyə minib. Hazırkı işdə mübahisə kredit müqaviləsi üzrə pul tələbinin ipoteka predmeti olan mənzilə yönəldilməsi barədədir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə tələb ipoteka predmeti olan mənzilə yönəldilsin və mənzilin satışı hesabına pul ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, pul tələbi ipoteka predmetinə yönəldilsin, mənzil açıq hərracda satılsın, onun ilkin satış qiyməti 71.892 manat müəyyən edilsin, satışdan əldə olunan pul hesabına borc ödənilsin. Qətnamə ilə həmçinin məhkəmə xərclərinə dair məsələ həll olunub. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən, cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Şikayətin həlli: İddiaçı (ipoteka saxlayan) “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə əməl etməmiş, yəni cavabdehə (ipoteka qoyana) ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərməmiş və bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmamışdır. Bu vəziyyət belə qiymətləndirilir ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına dair qaydaya riayət etməmişdir, həmin qaydanı tətbiq etmək imkanı isə itirilməmişdir. Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə belə halda məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, apelyasiya icraatı zaman iddiaçı “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək ipoteka predmeti olan mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığına görə həmin ərizə Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişlərinin mənası əsas götürülməklə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin olunmasın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar