Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7256/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi və hədiyyə şəklində alınmış zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-4672/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, son nəticədə nişan günündə, doğum günlərində, bayramlarda (yeni il və qadınlar günündə) ona hədiyyə şəklində alınmış iddia ərizəsində göstərilən ümumi dəyəri (qiyməti) 8300 manat məbləğində olan zinət əşyalarının ona geri qaytarılması, dövlət rüsumu kimi ödənilmiş 40 manat, vəkilin göstərdiyi yardıma görə xərc olaraq ödənilmiş 200 manat və qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsinə görə qiymətləndirici şirkət “xxxxxxxxxxxxxxxxx” MMC-yə xərc olaraq ödənilmiş 200 manat, ümumilikdə 440 manat məbləğin cavabdehdən tutulması, dəyəri 7000 manat məbləğində olan ** ZO *** dövlət qeydiyyat nişanlı, Daimler Benz C 180 markalı minik avtonəqliyyat vasitəsinin əmlak bölgüsü aparılarkən ona çatacaq payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona xx.xx.2016-cı il tarixdə nişan günündə ağ qızıl komplekt (üzük, sırğa, qolbağ, sep), xx.xx.2016-cı il tarixdə nişan günündə 1 ədəd üzük, xx.xx.2016-cı il tarixdə evlərə qonaq gedəndə 1 ədəd üzük, elçiliyə gələndə xx.xx.2016-cı il tarixdə 1 ədəd üzük, 1 ədəd yeni il bayramında xx.xx.2016-cı il tarixdə üzük, 1 ədəd doğum günündə xx.xx.2016-cı il tarixdə sep klon, 1 ədəd qadınlar bayramında xx.xx.2017-ci il tarixdə qolbağ hədiyyə etmişdir. Aralarında olan nikah əlaqələri faktiki olaraq xx.xx.2017-ci il tarixdən kəsildikdən sonra ona məxsus cehiz əşyalarını və ata-anasının ona aldığı zinət əşyalarını 31-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid iştirakı ilə götürə bilmiş, ancaq sadalanmış zinət əşyalarını götürə bilməmişdir. Bundan başqa, birgə nikah dövründə cavabdehlə ona qiyməti 7000 manat dəyərində olan, ** ZO *** dövlət qeydiyyat nişanlı, Daimler Benz C180 markalı minik avtonəqliyyat vasitəsi almışlar. Həmin nəqliyyat vasitəsi üzərində xüsusi mülkiyyət hüququ ona məxsusdur, onun bir əmlak kimi bölünməsinə etiraz etmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 4672/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ** ZO *** dövlət qeydiyyat nişanlı, Daimler Benz C 180 markalı minik avtonəqliyyat vasitəsinin İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi əmlakları hesab edilməsi və həmin əmlakın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, vəkilə göstərilmiş yardıma görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 21,70 manat hissəsi və qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsinə görə qiymətləndirici şirkət “xxxxxxxxxxxxxxxxx” MMC-yə xərc olaraq ödənilmiş 200 manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəməyə təqdim olunmuş sübutlar və şahid ifadələri nəzərə alınmamışdır. Cavabdeh tərəf sözügedən qızılların qaytarılmasını sübuta yetirəcək hər hansı dəlil təqdim etməmiş, iş materiallarından isə qızılların qaytarılmadığı sübut olunur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1552/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4672/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - təmin edilməyən (zinət əşyaları) hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməklə, İddiaçı məxsus siyahı üzrə ümumi dəyəri 8300 manat olan qızıl-zinət əşyalarının; komplekt İtaliyan istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibarətdir. Komplektdə bir cüt sırğa, üzük, qolbağı və boyunbağı (3500 manat (alınma tarixi:xx.xx.2016), İtaliya istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibarət Nişan üzüyü (1300 manat (alınma tarixi xx.xx.2019), Rusiya istehsalı olan, 583 əyarlı qızıldan ibarət üzük (100 manat (alınma tarixi xx.xx.2016), üzük 750 əyar (400 manat (alınma tarixi xx.xx.2016), üzük 750 əyar (400 manat (alınma tarixi xx.xx.2016), boyunbağı klonla birgə (1800 manat (alınma tarixi xx.xx.2016 ), qolbağı (800 manat (alınma tarixi xx.xx.2016) və ya onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3847/2020 saylı Qərarı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1552/2020 nömrəli qətnaməsi “qızıl-zinət əşyaları” hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1552/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apellyasiya kollegiyası iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsini özünün qeyd etdiyi kimi ehtimallara əsaslanaraq təmin etmiş, iş materiallarında olan iddiaçının atası tərəfindən Suraxanı RPİ 31-ci PB-nin rəisinə ünvanlanmış ərizənin məzmununu məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə qarşılıqlı surətdə müqayisə etməmiş, bu barədə əsaslandırma aparmamış, iş materiallarında olan CD-diski tədqiq etməmiş və münasibət bildirməmişdir. Halbuki, qeyd edilən disk nəzərdən keçirilərkən müəyyən olunur ki, çəkiliş əşyaların çıxarıldığı gün həyata keçirilmiş, çəkiliş aparan şəxs “qızılların həll olunduğunu” soruşmuş və “hə” cavabını almış və bu hal lentə alınmışdır. Apelyasiya kollegiyası isə bununla bağlı hər hansı araşdırma aparmamışdır. Digər tərəfdən iddiaçının nümayəndəsi olan atasının ifadəsindən (səh 54) görünür ki, iddiaçının atası cavabdehlə danışığı əsasında əvvəlcədən cavabdehin evindən qızılları da götürəcəyini bilmiş, əmlaklar çıxarılarkən isə tərəflər arasında hər hansı mübahisə baş verməmişdir. Bu hal şahid ifadələri və təqdim edilmiş CD disk ilə təsdiq olunur.Həmçinin cavabdeh tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış izahatın tarixindən də görünür ki, əmlakların çıxarılması 2017ci ilin avqust ayında baş vermişdir. Bununla yanaşı, iddiaçının atası və cavabdeh tərəfindən yazılmış göstərilən izahatlardan görünür ki, cavabdehin izahatı alınarkən izahatın sonluğunda xx.xx.2017-ci il tarixi qeyd edilmiş, iddiaçının atasının izahatında isə tarix qeyd edilməmişdir. Bundan əlavə, iddiaçının atası X2 tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış polisin iştirakı ilə cehizin çıxarılmasına kömək göstərilməsi barədə ərizədən görünür ki, ərizə xx.xx.2017-ci il tarixdə tərtib edilmiş, xx.xx.2017-ci il tarixdə ərizəyə dərkənar qoyulmuş, ərizə xx.xx.2017-ci il tarixdə 31-ci PBnə daxil olmuşdur. Lakin yuxarıda qeyd olunmuş cavabdehin izahatının tarixindən görünür ki, əşyalar xx.xx.2017-ci ildə çıxarılmışdır. Belə olan halda işə baxan məhkəmələr isə xx.xx.2017-ci il tarixdə iddiaçıya məxsus əmlaklar çıxarılan zaman polis əməkdaşı Şahid hansı statusda əmlakların çıxarılması prosesində iştirak etdiyini, kim tərəfindən əmlakların çıxarılmasına dəvət edildiyini, onun ifadəsində olan ziddiyyətləri (gah qızılların qırmızı qabda gətirilib verilməsini gördüyü demiş, gah qızılları görmədiyini demiş) araşdırmamış, cavabdeh və iddiaçının atası tərəfindən yazılmış izahatların eyni şəxsin xətti ilə yazılmasını diqqətdən qaçırmış, izahatların kim tərəfindən yazılması barədə tərəflərə hər hansı sual ünvanlamamışdır. Bundan əlavə, apelyasiya kollegiyası əmlaklar çıxarıldığı zaman qızıllar iddiaçıya qaytarılmamışdısa, bundan qısa müddət sonra yox, 2 il sonra məhkəməyə müraciət edilməsinin səbəbini də araşdırmamışdır. Göründüyü kimi, apellyasiya kollegiyası işin bu cür ziddiyyətli hallarını araşdırmamış, göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün ədalətli məhkəmə araşdırması hüququnu tam həyata keçirmədən hər iki tərəfin hədiyyə alınan zinət əşyalarının özlərində qalması barədə ehtimallarının mövcud olduğunu göstərmiş və qızılların cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir ”. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin yalnız iddia tələbinin təmin edilməyən - “qızıl-zinət əşyaları” hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən - “qızıl-zinət əşyaları” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırda tələb edilən qızıl-zinət əşyalarının nikah dövründə hədiyyə şəklində iddiaçıya verilməsi işin mübahisələndirilməyən hallarından biri olmuşdur. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə isə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mübahisə yalnız onların kimdə qalması ilə bağlıdır. İddiaçı ata-anasının ona aldığı zinət əşyalarını götürdüyünü, lakin iddia tələbində göstərilən cavabdeh tərəfdən ona hədiyyə edilmiş zinət əşyalarının ona qaytarılmadığını iddia edir, cavabdeh tərəf isə bütün qızılların iddiaçı tərəfindən götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X2 (iddiaçının atası) bildirmişdir ki, heç bir əşyaları xoşluqla qaytarılmayıb. Belə ki, Orxanın anası onun anasının dayısı qızıdır və onların qohumluq münasibətləri var. Könüllü olaraq əşyaları qaytarılsaydı, onlar polisə müraciət etməzdilər, çünki ortada qohumluq var. Hadisə belə oldu ki, o, ilk öncə Orxanın dayısına cehizləri götürmək istədiklərini və onun da gəlib iştirak etməsini xahiş etmişdir. O, cavabdeh tərəfindən yalnız Orxanın dayısına güvənirdi, çünki Orxanın dayısı hacı idi və həqiqətən də çox yaxşı insan idi. Orxanın dayısı ona 2-3 gün səbr etməyi, rayonda olduğu üçün dərhal gələ bilmədiyini, gəldikdən sonra isə barışıq əldə edilməsinə çalışacağını və alınmayacağı təqdirdə cehizləri çıxarmağa gedəcəklərini bildirmişdir. Lakin Orxan hər gün əşyaların götürülməsi üçün dayanmadan zəng edirdi. Buna görə də o, Orxanın dayısına bu barədə bildirmiş, o isə məsələyə qarışmayacağını söyləmişdir. O, Orxangilə inanmadığı üçün sahə müvəkkili ilə birlikdə ora getmişdir. Orxan Sevincə aldığı nişan üzüyünün qaytarılmayacağı təqdirdə cehizləri verməyəcəyini bildirmişdir. O, üzüyü gətirib Orxana təqdim etdikdə Orxan da qızına məxsus olan qızılları qaytarmış, lakin cavabdeh tərəfin aldığı qızıllar qaytarılmamışdır. Onlar qızlarına aldıqları biri beşqaşlı üzük olmaqla, iki üzük, sep və sırğanı götürüblər. Cehizləri götürdükdən dərhal sonra isə ondan izahat alınmamışdır, çünki ara qarışıdığı üçün onlar cehizləri çıxardaraq dərhal oradan uzaqlaşmışlar. Həmin günü axşam Elvin ona zəng eləmiş və o da səhəri gün, yəni xx xxxxxx 2017-ci il tarixdə gedib bölmənin yaxınlığında maşında izahatını vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X6 bildirmişdir ki, təxminən 2017-ci ilin avqust ayı olardı və yüklərin daşıması üçün Ramana qəsəbəsinə 166 yük taksisi sifariş verilmiş və o da oranın işçisi olmuşdur. Hadisə günü istəmədən bəzi şeylərə qulaq şahidi olmuşdur. Belə ki, işləri yekunlaşdırıb getmək istəyən zaman oğlan tərəf qızılın qaytarılmayacağı təqdirdə maşının getməsinə icazə verilməyəcəyini bildirmişdir. Sonradan isə yalnız qızılların gətirildiyini eşitmişdir və yalnız bundan sonra onlara getməyə icazə verilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilən X5 bildirmişdir ki, Vilayət onun bibisi nəvəsidir və əlaqələri də həmişə yaxşı olmuşdur. Hadisə günü Vilayət Elvin adlı polislə onun evinə gəlmişdir. O, qapıda polisi gördüyü üçün qorxmuş və qorxusundan Orxana da xəbər verməmişdir. Polis ona narahat olmamağı bildirmiş və bura əşyaların çıxarılmasında iştirak etmək üçün gəldiyini demişdir. Hətta polis ona evdə 70.000 manatlıq cehiz əşyalar olduğunu dedikdə o, təəccüblənərək heç evinin dəyərinin 70.000 manat olmadığını bildirmişdir. Sonradan polis içəri girib əşyalara baxdıqda özü də əşyaların dəyərinin şişirdilmiş olduğunu başa düşmüşdür. Əşyaları götürdükdən sonra Elvin Vilayətdən qızılları götürüb-götürmədiklərini soruşduqda, Vilayət hər şeyi götürdüklərini bildirmişdir. Bundan sonra o, Orxana zəng vurmuş və Orxan gəldiyində artıq demək olar ki, hər bir şey yekunlaşmışdır. Yüklər maşına yerləşdirilikdən sonra belə bir söhbət oldu ki, Orxan Sevincə aldığı nişan üzüyünü geri istədi, Vilayət isə üzüyü gətirmək üçün otaqdan çıxdı və sonra qayıdaraq evdə heç kim olmadığı üçün üzüyü tapa bilmədiyini bildirdi.Yekunda Orxan bütün əşyaların götürülməsi barədə izahat da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, qız tərəfindən qızın atası Vilayət bölməyə müraciət edərək, qızına məxsus cehiz əşyaları götürmək istədiklərini bildirmişdir. Beləliklə, onlar birlikdə cehiz əşyaların çıxarılmalı olduğu evə gələrək ev sahibinin razılığı əsasında əşyaları evdən çıxarmağa başladılar. Həmin zaman Orxan evdə yox idi və sonradan evə gəlmişdir. Evə gəldikdə isə dərhal 102 qaynar xidmətinə zəng edərək, sahə müvəkkilinin belə bir səlahiyyəti olub-olmadığını öyrənmiş, hər iki tərəfin razılığı olduğu təqdirdə polis işçisinin prosesin gedişində iştirak etmək hüququnun olduğu Orxana izah edilmişdir. Cehiz əşyalar çıxarılan zaman yataq otağında qırmızı qabın içində qızıllar da var idi və həmin zaman qutunun içərisində olan qızılların hamısı tərəfə təhvil verilmişdir. Belə ki, Orxanın anası və bacısı orada idi və onlar qızıl qutularını dəhlizə gətirdilər. Həmin qutular bir neçə qırmızı qutudan ibarət idi. Lakin qutunun içəsində hansı qızılların olması, ümumiyyətlə qızıldı ya gümüşdü onu da dəqiq bilməmiş, onların nədən ibarət olması və sayı barədə heç bir məlumatı olmamışdır. Çünki o, əşyaları çıxarmağa gəlməmişdən əvvəl Vilayətə bölmədə bildirmişdir ki, ailə məsələsi olduğu üçün hansı əşyaların və qızılların çıxarılmasının ona heç bir aidiyyəti yoxdur və sonradan bununla bağlı problem yaşanacağı təqdirdə o, məsuliyyət daşımayacaqdır. O, icra məmuru deyil və evin içəsində hansı əşyaların olmasının ona aidiyyəti yoxdur və o, yalnız təhlükəsizliyin bərqərar olmasına cavabdehdir. Bundan sonra çölə çıxdıqda Orxan Sevincə aldığı nişan üzüyünün qız tərəfdə qalmasını, Vilayətin arvadı isə Orxanın xalası qızına verdikləri paltar və gümüş sepin qarşı tərəfdə qalmasını bildirdi. Artıq bir yük maşını getmişdi və digəri isə yüklənmişdir. Belə olduğu təqdirdə o, tərəflərə gedib həmin əşyaların təhvil verilməsini və problem yaşanmamasını xahiş etdi. Bundan sonra tərəflər bir-birilərinə həmin əşyaları təhvil verdilər, lakin kimin-kimə nə verdiyini dəqiq görmədi. Sonradan toy diski ilə əlaqədar da mübahisə oldu və Vilayət toy diskinin bağ evində olmasını bildirdi. Əşyaların çıxarılması zamanı Orxangilin qonşuları da orada idi və onlarla da qız tərəf arasında münaqişə yarandı. Əşyalar çıxarıldıqdan sonra o, Orxanın izahatını almış, səhəri günü isə Vilayətin izahatını almışdır. Baş vermiş hadisə ilə əlaqədar olaraq əsəblər gərgin olduğu və tərəflər özlərini narahat hiss etdikləri üçün hər iki tərəfin izahatları tərəflərin söylədiklərinə əsasən onun tərəfindən yazılmış, ucadan oxunmuş, hətta Orxan özü də izahatı oxumuş və sonradan imza edilmişdir. İzahatlara heç bir əlavə edilməmiş və hətta əlavə edilməməsi üçün də vərəqin boş qalan yerləri xətlənmişdir. Səhəri gün Vilayət izahat verərkən bəzi qızılların oğlan tərəfdə qaldığını bildirmiş, o isə bu məsələyə qarışmadığını və məsələni özlərinin həll etməsini bildirmişdir. İş materiallarında olan cavabdehin təqdim etdiyi videodiskə baxış zamanı müəyyən edilir ki, çəkiliş əşyaların çıxarıldığı gün həyata keçirilmiş, çəkiliş aparan şəxs “qızılların həll olunduğunu” soruşmuş və “hə” cavabını almış və bu hal lentə alınmışdır. İş materiallarından göründüyü kimi iddiaçının atası X1 RPİ 31-ci PB-nin rəisinə xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət edərək, polisin iştirakı ilə cehizləri çıxarmaq istədiyini bildirərək, bu barədə köməklik göstərilməsini xahiş etmiş, baxmayaraq ki, həmin ərizəyə xx.xx.2017-ci il tarixli dərkənarla icra edilməsi üçün Şahid adına yazılmış, xx.xx.2017-ci il tarixdə daxil olmuşdur, ərizənin verildiyi xx.xx.2017-ci il tarixdə əşyalar Şahid iştirakı ilə cavabdehin evindən çıxarılmış və həmin tarixdə Cavabdeh tərəfindən 31ci polis bölməsində izahat alınmış o, izahatında o, göstərmişdir ki, onlar bütün cehizləri və özlərinə məxsus qızılları qaytarıblar. X2 tərəfindən 31-ci polis bölməsində verilmiş izahatdan görünür ki, polisin köməkliyi ilə cehizlər çıxarılmış, heç bir problem yaşanmamışdır. Ancaq qızı İddiaçı alınan pay qızılları götürülmüşdür. Yəni onların aldığı qızıllar özlərində qalmışdır. Lakin onun izahatında tarix göstərilməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisələndirilən zinət əşyalarının ona qaytarılmadığını sübut edə bilməmiş, cavabdeh isə əksinə, həmin əşyaları iddiaçıya qaytardığını sübut etmişdir. Belə ki, iddiaçı cavabdehlə birgə yaşadıqları mənzildən zor tətbiq etməklə çıxarılmayıb, mənzili könüllü tərk edib, mənzili sonuncu dəfə tərk edən zaman ciddi psixoloji gərginlik vəziyyətində olmasını və mənzildən zor tətbiq edilməklə çıxarıldığını təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə, iddiaçı və onun nümayəndəsi etiraf edib ki, cavabdehə məxsus bəzi zinət əşyaları onlardadır və onları qaytarmağa hazırdırlar. İşin mübahisələndirilməyən xüsusi halı ondan ibarətdir ki, qızılların əsas hissəsi yalnız digər əşyalarla birgə, iddiaçının cavabdehin mənzilini tərk etdikdən bir müddət sonra çıxarılıb. Qızılların mənzildən çıxarılması zamanı tərəflərin qarşılıqlı anlaşmasını və rəftarını araşdıran məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi qızıllar həmin vaxt tam şəkildə ona qaytarılmışdır. Belə ki, iş üzrə dindirilən şahidlərin heç biri məhz qızıl-zinət əşyalarının götürülməsi zamanı tərəflər arasında mübahisə olması barədə ifadə verməmişlər. Əksinə, tərəflər qızıl-zinət əşyalarının qarşılıqlı anlaşma şəraitində verildiyini bildirmişlər. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübuta yetirə bilməmişdir. Belə nəticəyə gələn Kollegiya onu da nəzərə alır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə 2 ildən sonra müraciət etmişdir, bu isə onun tələbinin əsaslı olmasını əsaslı şübhə altına alır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4672/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməyən - “qızıl-zinət əşyaları” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7256/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7256/2020
28.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver