Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7289/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsi xx.xx.2004-cü il tarixdən İddiaçı Məmməd oğlunun mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsi iddiaçı tərəfindən 311603,25 manata Cavabdeh satılmışdır. Qalan 131,9 kv metr olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı Məmməd oğlunun adına yenidən qeydiyyatdan keçmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X2, X3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 kvm olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair onunla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 kv.m. olan qeyri-yaşayış sahəsi 2004-cü ildən onun mülkiyyətindədir. X2 onun əmisinin baldızı olmaqla yanaşı hazırda Azərbaycan Respublikası Energetika Nazirliyində nazirin müşaviri vəzifəsində işləyir. 2021-ci ilin sentyabr ayında Xalidə Məsimova əmlak almaq niyyəti ilə bağlı ona dedikdə, o, obyektinin bir hissəsini satmaq barədə fikrini Xalidə Məsimovaya bildirdi. Danışıqlar nəticəsində onunla aralarında belə bir razılıq əldə olundu ki, o, mülkiyyətində olan 418.4 kv.m. qeyri-yaşayış sahəsinin 300 kv.m. hissəsini ona satır, o isə hər kv.m. üçün 2.500 manat pul ödəməklə qeyri-yaşayış sahəsini alır. Razılıq əldə olunduqdan sonra Xalidə Məsimova ona bildirdi ki, o, hazırda vəzifəli şəxs olduğundan əmlakı öz adına deyil, bacısı qızı Cavabdeh adına rəsmiləşdirəcəkdir. Həmçinin bildirdi ki, əmlakın dəyərinin bir hissəsini rəsmi olaraq ödəyəcək, qalan hissəsini isə 1 ay müddətində nağd şəkildə ona verəcəkdir. Qohum kimi Xalidə Məsimovaya və Cavabdeh tam inandığından onların dediyi bütün təkliflərlə razılaşmışdır. Çünki onun niyyəti əmlakı satmaq idi. Beləliklə, tam razılıq əldə olunduqdan sonra onlar sənədləri Daşınmaz Əmlakın Reyestr Xidmətinə təqdim etdikdən və həmin Xidmətin əməkdaşlarının ölçməsindən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin bölgüsü həyata keçirilərsə, onun tam olaraq 300 kv.m. hissəsi deyil, 286,5 kv.m. hissəsini bölüb ayırmaq mümkündür. Bu hal məlum olduqdan sonra, Xalidə Məsimova ilə yenidən müzakirə etmiş və yekun olaraq o, qeyriyaşayış sahəsinin 286,5 kv.m. hissəsini alması, bunun üçün hər 1 kv.m. üçün 2.500 manat olmaqla, ona ümumilikdə 716.250 manat pul ödəyəcəyi barədə razılıq əldə etmişlər. Lakin həmin pulun 300.000 manatını rəsmi qaydada, qalan 416.250 manatını isə 1 ay müddətində nağd qaydada ona ödəyəcəkdir ki, adının iri məbləğdə pul dövriyyəsi ilə bağlı hallanmasını istəmirdi. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 286.5 kv.m. hissəsini Xalidə Məsimovanın bacısı qızı olan Cavabdeh adına keçirtmişdir. Xalidə Məsimova ilə əldə olunmuş razılığa əsasən 2021-ci ilin oktyabr ayının sonundan qalan 416.250 manat pulu tələb etməyə başlasa da, artıq Xalidə Məsimova yayınmağa başlamışdır. O, hər dəfə müxtəlif vədlər verməklə, vaxtı uzatmağa çalışırdı. Söhbətlər əsnasında Xalidə Məsimova ilk öncə onu işlədiyi Energetika Nazirliyindən işdən çıxardacağı, daha sonra isə geniş əlaqələrindən istifadə etməklə onu həbs etdirəcəyi ilə hədələməyə başlamışdır, lakin o, onun sözlərinə və hədələrinə əhəmiyyət verməyərək pulunu və yaxud əmlakını geri qaytarmasını tələb edirdi. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhərində 2-ci məhəllədə yaşadığı evin qarşısından özünü DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər heç bir səbəb göstərmədən, onu öz avtomobilinə otuzduraraq, özləri idarə edib həmin İdarəyə gətirdilər. Onu orada 2 gün saxlayaraq, qarşısında qəti şərt qoydular ki, o, Xalidə Masimovadan heç bir məbləğdə pul tələb etməli deyil, bundan əlavə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerdə qalan 131.9 kv.m. hissəsini də Xalidənin hacısı Sevda Salamovanın adına keçirtməlidir. Əks halda onu dələduzluqda ittiham edib həbs edəcəkləri ilə hədələməyə başladılar. İlk əvvəl razılaşmasa da, ona göstərilmiş fiziki və mənəvi təzyiqlərə tab gətirməyərək, məcbur qalıb orada iltizam yazılmasına razı olmuşdur ki, həmin iltizamı yazıb oradan çıxa bilsin. Əks halda onu həbs edib saxlayacaqları ilə hədələyirdilər. Nəhayət o, iltizam yazdıqdan sonra onu oradan buraxdılar. Həmin günün səhərindən başlayaraq, artıq Xalidə Məsimova ondan qeyriyaşayış sahəsini tam olaraq onun adına keçirməyini tələb etməyə başladı, əks halda onu yenidən BMCMİ-nin əli ilə tutduracağı ilə hədələyirdi. Onun bu hədələrinə əhəmiyyət verməsə də, xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində yenidən BMCMİ-nin əməkdaşları yaşadığı evin qarşısından onu öz avtomobillərinə otuzduraraq, həmin İdarəyə gətirdilər. Bu dəfə isə 3 gün saxlayaraq, ona fiziki və mənəvi təzyiqlər göstərməyə başladılar. Orada onu mülkiyyətində olan qeyri-yaşayış sahəsini Xalidənin bacısının adına keçirməyi və etməyəcəyi təqdirdə, dələduzluqla və yaxud vergidən yayınma ilə məsuliyyətə cəlb edəcəkləri ilə hədələyirdilər. Nəhayət ailə üzvlərinin və vəkilinin şikayətlərindən sonra xx.xx.2021 -ci il tarixdə axşam saatlarında onu oradan buraxdılar. Vəziyyəti belə görən Xalidə Məsimova ondan əl çəkməyərək, bacısı X1 adından ona qarşı Nizami Rayon Məhkəməsində əsassız, qondarma iddia qaldıraraq, onun mülkiyyətində qalan 131.9 kv.m. sahənin də onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bütün qeyd olunanlarla tam təsdiq olunur ki, Xalidə Məsimova, bacısı qızı Cavabdeh ilə birlikdə onu aldatmaqla, etibarından sui-istifadə etməklə onu mülkiyyətində olan əmlakın öz mülkiyyətlərinə keçirilməsinə nail olmuş, nəticədə Cavabdeh ondan almış olduğu əmlakın dəyərini tam şəkildə ödəməmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-665/22) iddia rədd edilmişdir.
5. Məhkəmə əqdin etibarsızlığına səbəb olacaq əsaslar müəyyən edilmədiyindən iddianın rədd edilməsi barədə qənaətə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 339, 390.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə iddia tələbi əqd bağlandıqdan sonra deyil, məhz əqd bağlanmamışdan əvvəl cavabdehin əmlakın dəyərini sonradan ödəyəcəyi vədi ilə bağlı vədinə əməl etməməsi və bununla da iddiaçını aldatması ilə əsaslandırılmışdır. Digər tərəfdən, ümumiyyətlə iddia tələbi əqdin məcburetmə təsiri altında deyil, aldadılma nəticəsində bağlanması ilə əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 13. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
14. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
15. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
16. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamə ilə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Məhkəmə qətnamədə maddi və prosessual hüquq normalarına düzgün istinad etsə də, həmin normaları düzgün tətbiq və təfsir etməmişdir. Ona görə də qətnamə ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
24. Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
25. Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.
26. İşdən göründüyü kimi, iddiaçının tələbi 286,5 kvm qeyri-yaşayış sahəsinin alqısatqısına dair bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunması barədədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi Cavabdeh və üçüncü şəxs Xalidə Məsimovanın onu aldatmaları və etibarından sui-istifadə etmələri nəticəsində bağlanılmışdır. Belə ki, onlar 286,5 kvm qeyri-yaşayış sahəsinin pulunu sonradan ödəyəcəkləri vədi ilə alqı-satqı müqaviləsinin bağlanılmasına nail olmuş, lakin sonradan vədlərinə əməl etməyərək pulu ödəməkdən imtina etmişlər.
27. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclasında izahat verərkən (i.v.82) bu faktı təsdiq edərək göstərmişdir ki, həqiqətən də notariat ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən heç kim heç kəsə pul verməmişdir, orada sadəcə valyuta dəyişmə məntəqəsəindən adam gələrək pulu depozitə qoymuş, müqavilə təsdiq olunduqdan sonra götürmüş və çıxıb getmişdir. Notariat ofisində alqı-satqı müqaviləsi formal bağlanmışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh alqı-satqı zamanı pulun ödənilmədiyini etiraf etməklə Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir.
29. Cavabdehin iddiaya etirazın əsası kimi istinad etdiyi əsas dəlil mübahisəli qeyriyaşayış sahəsinin əsl sahibinin iddiaçı yox, üçüncü şəxs Sevda Salamaova olmasıdır. Cavabdehin deməsinə görə Sevda Salamova həmin sahəni formal olaraq qaynı oğlu olan iddiaçının adına özəlləşdirmiş, bütün xərcləri özü çəkmiş, iddiaçının sadəcə idarəçiliyinə vermişdir.
30. Məhkəmə kollegiyasının qənaətinə görə bu halı, yəni mübahisəli qeyri-yaşayış sahəsinin əsl sahibinin Sevda Salamova olmasını, həmin sahənin formal olaraq iddiaçının adına özəlləşdirilməsini sübut etmək yükü cavabdehin öz üzərinə düşür. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan hallar sübuta yetirilməmişdir.
31. İşdən göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır və bu hüquq heç kim, o cümlədən cavabdeh və üçüncü şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmişdir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Məhkəmə kollegiyası göstərilənlərə əsasən bu qənaətə gəlir ki, 286,5 kvm qeyriyaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən cavabdehin qeyri-yaşayış sahəsinin dəyərini ödəmək niyyəti olmamışdır, müqavilə aldatma təsiri altında bağlanılmışdır və ona görə də Mülki Məcəllənin 337.1, 337.2, 339.2, 339.3-cü maddələrinin tələbinə müvafiq olaraq həmin müqavilə etibarsız hesab edilməlidir.
34. Məhkəmə kollegiyası müqavilənin formal bağlandığını, müqavilə bağlanarkən hər hansı pul vəsaiti ödənilmədiyini nəzərə alaraq mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini mümkün saymır.
35. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının tələblərindən biri mülkiyyt hüququnun bərpasından ibarət olduğundan və bu tələbin təmini yalnız alqısatqının hüquqi nəticələrinin ləğvi nəticəsində mümkün ola bildiyindən iddia tələbində konkret nəzərdə tutulmasa da müqavilənin hüquqi nəticəsi, yəni mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyat yazısı da ləğv edilməlidir. Məhkəmə kollegiyası bunu iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir.
36. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 kvm olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin və alqı-satqı müqaviləsinin hüquqi nəticələri, yəni daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış qeydiyyat yazısı ləğv olunmaqla İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.