Məhkəmə qərarları › İş №2(103)-7303/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7303/2022

29.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7303/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əşyaların evdən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması tələbinə dair 2(010)-2974/2022 nömrəli mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Satıcı Cavabdeh və alıcı İddiaçı arasında bağlanmış 21 avqust 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən İddiaçı satılmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 28 avqust 2015-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(112)-6736/2022 nömrəli qərarına əsasən Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehə və onun ailə üzvlərinə məxsus üç ədəd xalça, üç ədəd yorğan və döşək, geyim paltarları və mətbəxdə olan qab-qacağın ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 21 avqust 2015-ci ildə alqı-satqı yolu ilə ünvan 1 ünvanında yerləşən evi Cavabdeh almışdır. Həmin evi gələcəkdə oğlu ailə qurduqda orada yaşaması məqsədilə aldığına görə o həmin evdə yaşamamışdır. Lakin o evdə cavabdehə və onun ailə üzvlərinə məxsus əşyalar qalmışdır. Əşyaların evdən çıxarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdehə məxsus əşyaların ona məxsus evdə qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(010)-2974/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Səlimə Miriyeva)

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehə məxsus əşyaların iddiaçının evində qalması onun mülkiyyətindən istifadə hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı bu əşyaların öz evindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.5-ci, 157.4-cü maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolun maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının ərinə borcu olduğuna görə borcun qaytarılmasının təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin formal alqı-satqı müqaviləsi bağlanmışdır. Belə razılaşmışlar ki, borc qaytarılandan sonra ev geri qaytarılsın. Alqı-satqı müqaviləsində göstərilən evin dəyəri də cavabdehə ödənilməmişdir. Alqı-satqının formal olmasının nəticəsidir ki, İddiaçı 7 il ərzində Cavabdeh qarşı evlə bağlı tələb irəli sürməmişdir. Həmin evdə cavabdehə məxsus bahalı mebellər və ev əşyaları qalmışdır. İddiaçı həmin əşyaların cüzi hissəsini iddia ərizəsində göstərmiş, qalan əşyaları isə götürüb aparmışdır. Məhkəmə işin qeyd olunan hallarını nəzərə almadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

13. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Vəkil izahatında həmçinin bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin formal alqı-satqı müqaviləsi mübahisələndirilməmiş, habelə iddia ərizəsində qeyd olunan əşyalar həqiqətən cavabdehə məxsusdur.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin mübahisəsiz hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 21 avqust 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı satılmışdır. Yəni Cavabdeh bu evin keçmiş mülkiyyətçisidir. Cavabdeh həmin evdə yaşamış və iddia ərizəsində qeyd olunan əşyalar ona məxsusdur. Qeyd olunan evin alqı-satqısının formal olaraq bağlanması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əvvəllər mübahisələndirilməmiş və iddiaçı hal-hazırda həmin evin mülkiyyətçisidir. Cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdə qalması şübhəsiz ki, iddiaçının mülkiyyətində olan evdən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən evdə cavabdehə məxsus başqa əşyaların mövcud olub-olmamasının araşdırılmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə iddia tələbi həcmində işə baxdığına görə məhkəmənin bu halı araşdırmaq vəzifəsi olmamışdır. Kollegiya qeyd edir ki, cavabdehə məxsus əşyalar iddiaçı tərəfindən ələ keçirilmişdirsə, bu barədə Cavabdeh aidiyyəti qaydada müraciət etmək hüququ vardır.

18. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(010)-2974/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar