Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7310/2019 08.07.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Samir Mövsüm oğlunun nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)-1819/2018 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Samir Mövsüm oğlunun apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan “Mercedes 200” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Mercedes 200” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdən onun mülkiyyətindədir. Həmin avtomobili xx.xx.2016-cı il tarixdə 7E-60 reyestr nömrəli etibarnaməyə əsasən Cavabdeh etibar etmişdir. Onlar avtomobilin alğı-satqısı barədə razılığa gəlmişlər, cavabdeh avtomobilə görə 9000 manat ödəməli idi. Pul ödənilmədiyinə görə yalnız avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Lakin cavabdeh pulu ödəmədiyindən etibarnaməni ləğv etdirmişdir. Bundan sonra dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh avtomobili ona qaytarmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)- 1819/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Samir Mövsüm oğlu apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, iddianın predmeti olan avtomobil hazırda onun mülkiyyətindədir, **-MU-*** dövlət qeydiyyat nişanı ilə onun adına rəsmiləşdirilmişdir. Həmin avtomobil xx.xx.2018-ci il tarixdə X5 adına qeydiyyata alınmış, daha sonra isə xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Abas Əmirovun adından qeydiyyatdan çıxarılarıq dövlət qeydiyyat nişanı dəyişdirilmədən onun adına təkrar qeydiyyata alınmışdır. O, avtomobili özgəninkiləşdirmək istəyərkən notariusda ona bildirilmişdir ki, avtomobilin üzərində həbs var və hər hansı özgəninkiləşdirmə əməliyyatı aparıla bilməz, yalnız bu zaman ona məlum olmuşdur ki, həmin avtomobil barəsində məhkəmə qətnaməsi qəbul edilmişdir. Avtomobilin hazıki mülkiyyətçisi olaraq məhkəmə tərəfindən müəyyən edilib üçüncü şəxs kimi işə cəlb edilməmişdir. Qətnamə qəbul edildiyi zaman mübahisəli avtomobil onun mülkiyyətində olsa da məhkəmə tərəfindən bu hal araşdırılmamış və müəyyən edilməmişdir. Belə olduğu zaman isə qəbul edilən qətnamə birbaşa olaraq onun mülkiyyət hüququnu pozmuş və onun öz mülkiyyəti üzrəində sərbəst sərəncam vermək hüququnu realizə etmək imkanını əlindən almışdır.O, reyestrdəki qeydiyyata inanaraq əldə etdiyi daşınar əmlak barəsində vicdanlı alıcı vəziyyətindədir. Belə ki, reyestrdəki qeydiyyata əsasən ondan əvvəlki mülkiyyətçi Abas Əmirov olmuşdur. Yəni hazırki mübahisə üzrə iddiaçı və cavabdehlə bağlı məlumat olmamışdır. Olsa da belə onun üçün əsas olan reyestrdəki qeydiyyatdır ki, həmin qeydiyyatda da ondan əvvəlki mülkiyyətçi Abas Əmirov olmuşdur. Məhkəmə kollegiyasının iclasında Məmmədov Samir Mövsüm oğlunun nümayəndəsi-vəkili X3 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayəti müdafiə edib, qətnamənin ləğv edilməklə iddianın təmin olunmamasını xahiş etdi. Həmçinin göstərdi ki, Samir avtomobili Abas Əmirovdan almışdır, reyestr qeydiyyatında avtomobil sonuncunun adında olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, o, Samir Məmmədovu tanımır, avtomobilin sonuncuya satılmasından xəbəri yoxdur. O, avtomobili Cavabdeh etibarnamə əsasında idarə etməyə vermiş, aralarında alğı-satqı barədə razılıq olmuş, lakin cavabdeh pulu ödəmədiyi üçün avtomobilin geri qaytarılmasını tələb etmişdir. Eyni zamanda o, hazırda Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinə, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna, Mülki Məcəllənin 152.5, 157.1, 157.2, 161, 162-ci maddələrinə istinad etmişdir. Kollegiya məhkəmənin qənaəti ilə razılaşmır. İş materiallarından, həmçinin apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 ünvanladığı sorğuya cavab məktubundan iş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə “nəqliyyat vasitəsinin alğı-satqı” müqaviləsi əsasında “Mercedes 200” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 almışdır. xx.xx.2014-cü il tarixdə də avtomobil **-CR-*** dövlət qeydiyyat nişanı ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı avtomobili etibarnamə ilə müxtəlif şəxslərə, o cümlədən Cavabdeh (hazırki iş üzrə cavabdeh) etibar etmişdir. Sonuncu dəfə isə Cavabdeh xx.xx.2016-cı il tarixdə 1 illik (xx.xx.2017-ci il tarixədək) etibarnamə vermişdir. Sözügedən avtomobil İddiaçı adından xx.xx.2018-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeydiyyatdan çıxmışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 1 saylı Dövlət Notariat Kontorunun adından rəsmiləşdirilmiş xx.xx.2017 tarixli 2V-3/2196 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında **-MZ-*** dövlət qeydiyyat nişanı ilə Hacalıyev Asif Mövsüm oğlunun adına qeydiyyata alınmışdır. Bununla bağlı apellyasiya baxışında Bakı şəhəri 1 saylı Dövlət Notariat Kontoruna sorğu göndərilmiş, sorğuya cavab məktubunda Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən Hacalıyev Asif Mövsüm oğluna “Mercedes 200” minik markalı (**-CR-***) **-MZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2017-ci il tarixli 2V-3/2196 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmədiyi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərlə daxil olan “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin” təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 1 saylı notariat kontorunda Hacalıyev Asif Mövsüm oğluna “Mercedes 200” minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 2V-3/2196 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. “Mercedes 200” minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə X5 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə isə alğı-satqı müqaviləsi əsasında Abas Əmirovun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən Məmmədov Samir Mövsüm oğlunun adına təkrar dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi Məmmədov Samir Mövsüm oğlu xx.xx.2018-ci il tarixdə sözügedən avtomobili “Nəqliyyat vasitəsinin alğı-satqı” müqaviləsi əsasında X4 almışdır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Kollegiya qeyd edir ki, iş üzrə müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, sözügedən avtomobil hazırda Məmmədov Samir Mövsüm oğlunun mülkiyyətindədir, sonuncu avtomobili xx.xx.2018-ci il tarixdə X4 almış, həmin tarixdə onun adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir. İddiaçı avtomobilin geri qaytarılması barədə Cavabdeh qarşı iddia qaldırmışdır ki, Kollegiya da hesab edir ki, hazırki halda Cavabdeh bu tələbə cavab verməli olan şəxs deyildir. Məmmədov Samir Mövsüm oğlu xx.xx.2018-ci il tarixdə “Nəqliyyat vasitəsinin alğısatqı” müqaviləsi əsasında avtomobili X4 almış və avtomobil onun adına qeydiyyatdan keçmişdir. İddiaçı alğı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirməmiş, nədəki müqavilənin etibarsızlığı ilə bağlı hər hansı qüvvədə olan məhkəmə aktı mövcud deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinin dipozisiya şərtlərinin mövcudluğu üçün tələb olunan əmlak iddiaçının mülkiyyətində olmaqla yanaşı, cavabdehin qanunsuz sahibliyində olmalıdır. Göstərilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması iddianın rədd olunması üçün əsasdır. Hazırki işdə müəyyən edilmişdir ki, mübahisəli avtomobil hazırda iddiaçının mülkiyyətində olmamaqlı yanaşı, heç cavabdehin də sahibliyində deyil. Buna görə də iddia rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı deyil və məhkəmənin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə yalnışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxsMəmmədov Samir Mövsüm oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1819/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixliqətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7310/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7310/2019
08.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver