Məhkəmə qərarları › İş №2(103)-732/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-732/2025

19.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-732/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 2.1. Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olan, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 bu saziş imzalandığı andan uşaqların mənafeyini, təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaq məqsədi ilə anası birinci tərəf Ərizəçi himayəsində (yanında) qalır. 2.2. Ərizəçi təsdiq edir ki, uşağın atası ilə maneəsiz ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. 2.3. İbrahimov Maraqlı şəxs Aynur Rüfət qızı ilə birgə nikahdan olan övladları X7 və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün boşanma haqqında qərar qüvvəyə mindiyi gündən başlayaraq birinci tərəf Ərizəçi hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək. 3.1. Bu sazişlə tərəflər təsdiq edirlər ki, Maraqlı şəxs xüsusi mülkiyyətindəki ünvan 3, yeni qaydalarla: AZ-1119, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.10 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətinə keçir. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan mülkiyyət hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: **********2805301-093085). 3.2. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 (bir) otaqlı, ümumi sahəsi 63.59 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür ("xxxx" MTK və Ərizəçi arasında 11 oktyabr 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə). Həmin mənzilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. 3.3. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş nəqliyyat vasitəsi birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs Rüfət oğlu bu avtomobilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(059)-2159/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək iddiaçı Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2009-cu il tarixdə Bərdə rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 255 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 57 saylı evin 78 saylı mənzili Ülvi-İnşaat MTK üzvlərinin ümumi yığıncağının 18 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs adına ilkin qeydiyyatdan keçirilmişdir və hal-hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs arasında xx.xx.2024-cü ildə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq olunması və hazırkı ərizənin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi və maraqlı şəxs xx.xx.2009-cu ildə nikaha daxil olub və onların nikahından xx.xx.2010-cu ildə Orxan, xx.xx.2013-cü ildə Osman adlı uşaqları doğulub. Ailə münasibətləri pozulduğu üçün ərizəçi maraqlı şəxsə göndərdiyi nikahın pozulması, uşaqların ananın himayəsində qalması, uşaqla ünsiyyət, aliment və əmlakın bölünməsi barədə mediasiya təklifi göndərməklə mediasiya prosesinə başlayıb və Bakı 8 saylı Mediasiya Təşkjlatında aparılan mediasiya porosesində onlar arasında xx.xx.2024-cü ildə barışıq sazişi bağlanıb. Həmin sazişə əsasən: Tərəflər nikahın pozulmasına dair qarşılıqlı razılığa gəliblər; Onların nikahından doğulmuş uşaqlar anası Ərizəçi yanında (himayəsində) saxlanılır; Ərizəçi uşaqların atası Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razılığını bildirib və buna şərait yaradacağını öhdəsinə götürüb; Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün boşanma haqqında qərar qüvvəyə mindiyi gündən başlayaraq hər uşağa görə 235 manat olmaqla, ayda cəmi 470 manat alimenti hər ayın sonuncu günü ödəməyi öhdəsinə götürüb; Maraqlı şəxs mülkiyyətində olan (daşınmaz əmlakın dövlət reyestr № **********28-05301-093085) ünvan 3 (yeni qaydalarla: AZ1119. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 223, M9, mənzil 2) Ərizəçi mülkiyyətinə keçir, Maraqlı şəxs bu mənzilə mülkiyyət hüququndan imtina edib və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürüb; "xxxx" MTK ilə Ərizəçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Ərizəçi adına alınmış Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-2387-ci məhəllə, giriş B, mərtəbə 8, mənzil 78 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 63.69 kv.metr olan mənzil Ərizəçi mülkiyyətində qalır, Maraqlı şəxs bu mənzilə olan hüququndan imtina edib, gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürüb; Ərizəçi adına alınmış ** LA *** nömrəli nəqliyyat vasitəsi Ərizəçi mülkiyyətində qalır, Maraqlı şəxs nəqliyyat vasitəsinə olan hüququndan imtina edib, gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürüb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2159/2024 №li qətnaməsi ilə Ərizəçi iddiası təmin olunaraq tərəflərin nikahı pozulub. Maraqlı şəxs ərizəyə qarşı etirazını onunla əsaslandırmışdır ki, həmin barışıq sazişinin 3-cü bölməsi (3.1, 3.2 və 3.3-cü bəndləri) aşağıdakı mülahizələrə görə qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun deyil və onun qanuni maraqlarına ziddir. Əvvəla, barışıq sazişinin 3.1-ci bəndinə əsasən Ərizəçi mülkiyyətinə verməyi təklif etdiyi ünvan 3 ünvanında (yeni qaydada: AZ1119, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72,10 m2 olan mənzil onların birgə mülkiyyətində deyil, onun öz mülkiyyətində olmuşdur. Belə ki, həmin mənzil o, Rusiya Federasiyasında yaşayan zaman, Aynurla nikaha daxil olandan 3 il əvvəl, 20 iyun 2006-cı il tarixli müqavilə ilə bacısı X4 tərəfindən, dəyəri müqavilə bağlanan zaman tam ödənilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmışdır. Sonradan həmin bina "xxxx" Mənzil-Tikinti Koperativinin sərəncamına keçmiş və bacısı Reyhan Əmrahova "xxxx" MTK ilə 15 mart 2018-ci il tarixdə həmin mənzilin alınması barədə müqaviləni yeniləmiş və dəyərini tam məbləğdə kooperativə ödəmişdir. Daha sonra bacısı X4 həmin mənzili ona bağışlamış və o, mənzilə dair xx.xx.2020-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********18-05301-093085 olmaqla öz adına çıxarış almışdır. Qeyd olunanlardan göründüyü kimi, həmin mənzil ər-arvad olaraq onunla Aynurun birgə mülkiyyətində deyil, onun mülkiyyətindədir. İkincisi, barışıq sazişi bağlanan zaman Aynur onu aldadaraq bildirmişdir ki, “onsuz da evlər və maşın ailənin ehtiyacı üçündür, uşaqlarındır. Sən onları mənim adıma keçir, nikahımızı da pozmayaq, birgə yaşayaq”. O da ərizəçinin bu sözlərinə inanmış və onunla razılaşmışdır. Əslində, həmin vaxt nikahın pozulmasını o, tələb edirdi. Mediasiyadan sonra onlar doğrudan da barışıb, təxminən 5-6 ay ər-arvad kimi birgə yaşamışlar. O, güman edirdi ki, boşanma və mediasiyanın təşəbbüskarı o olmuşdur və hesab edirdi ki, o, məhkəməyə müraciət etməsə məsələ bitəcək. O, o qədər aldanmış və yanılmışdır ki, hətta barışıq sazşini diqqətlə oxumamışdır. Sadəcə mediator sazişin məzmununu ona ümumi şəkildə izah etmişdir. Sonradan görmüşdür ki, mediasiya üçün o müraciət etsə də 1-ci tərəf kimi Aynur göstərilir. Boşanmanın təşəbbüskarı o olsa da sazişdə boşanma üçün məhkəməyə müraciət etmək ona yox, Aynura tapşırılır. Üçüncüsü, barışıq sazişi bağlanması ərəfəsində keçmiş həyat yoldaşının ona qarşı rəftarı onu o qədər sarsıtmışdı, tarazlığını elə pozmuşdu ki, o, sarsıntıdan intihar etmək qərarına gəlmişdi. Fikirləşirdi ki, bir halda o, olmayacaq, heç olmasa uşaqları ondan sonra rahat yaşasınlar. Fikrini cəmləşdirə bilmirdi, hər şeyə fərqsiz yanaşırdı, dünyadan əlini üzmüşdü. Belə bir vəziyyətdə, təbii ki o, yanılmış, barışıq sazişinin nəticələrini düzgün dərk etməyərək, özünü çıxılmaz vəziyyətə salmışdır. Özünə məxsus olan, habelə birgə mülkiyyətlərində olan mənzili, maşını arvada güzəştə getməklə özünü evsiz-eşiksiz etmiş, özü-özünü küçəyə atmışdır. Təbii ki, ağlı başında olan adam belə sazişi imzalamazdı. Ərizəçi ilə onun arasında xx.xx.2024-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 3-cü böməsinin (3.1, 3.2 və 3.3-cü bəndlərinin) təsdiq edilməsindən imtina edilməsi və həmin hissədə ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, çıxarışı olan mənzillə bağlı məsələnin maraqlı şəxsin bacısının, yəni 3-cü şəxsin marağına toxunduğunu, hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə olduğunu bildirərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 3-cü böməsinin təsdiq edilməsindən imtina edilməsi və o hissədə ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilmişdir: 2.1. Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olan, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 bu saziş imzalandığı andan uşaqların mənafeyini, təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaq məqsədi ilə anası birinci tərəf Ərizəçi himayəsində (yanında) qalır. 2.2. Ərizəçi təsdiq edir ki, uşağın atası ilə maneəsiz ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. 2.3. İbrahimov Maraqlı şəxs Aynur Rüfət qızı ilə birgə nikahdan olan övladları X7 və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün boşanma haqqında qərar qüvvəyə mindiyi gündən başlayaraq birinci tərəf Ərizəçi hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək. 3.1. Bu sazişlə tərəflər təsdiq edirlər ki, Maraqlı şəxs xüsusi mülkiyyətindəki ünvan 3, yeni qaydalarla: AZ-1119, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.10 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətinə keçir. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan mülkiyyət hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: **********28-05301-093085). 3.2. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 63.59 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür ("xxxx" MTK və Ərizəçi arasında 11 oktyabr 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə). Həmin mənzilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. 3.3. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş nəqliyyat vasitəsi birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs Rüfət oğlu bu avtomobilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. Qətnaməyə əsasən, Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə maraqlı şəxsin “çıxarışı olan mənzillə bağlı məsələnin maraqlı şəxsin bacısının, yəni 3-cü şəxsin marağına toxunması və hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə olması, buna görə də mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 3-cü böməsinin təsdiq edilməsindən imtina edilməsi və o hissədə ərizənin baxılmamış saxlanılmasına” dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırda barışıq sazişi qüvvədədir və tərəflər iddia icraatı qaydasında əmlakın bölünməsini və ya barışıq szişini mübahisələndirməmişlər. Bundan başqa, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3, yeni qaydalarla: AZ-1119, ünvan 1 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə, bu barışıq sazişi bağlanılan zaman qeyd edilən mənzil Maraqlı şəxs mülkiyyətində olmuşdur. Buna görə də, məhkəmə maraqlı tərəfin bununla bağlı dəlillərini əsaslı hesab etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Məhkəmə mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 355-23.1, 355-24, 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, ərizəçi X6 ilə Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2010-cu ildə Orxan, xx.xx.2013-cü ildə isə Osman adlı uşaqları doğulmuşdur. Evlənəndən sonra Rusiya Federasiyasında yaşasalar da, 2013-cü ildən Bakı şəhərinə köçmüşlər və Maraqlı şəxs bacısı X1 adına, özünün birgə nikah dövründə alınmış ünvan 3 ünvanında yerləşən iki otaqlı mənzildə sonuncunun özünün və həyat yoldaşının razılığı ilə ev alana qədər müvəqqəti yaşamışlar. Nikahda olduqları müddətdə münasibətləri olduqca gərgin keçmiş, həyat yoldaşı Ərizəçi daim maraqlı ṣəxsdən nə isə almağını (ev, maşın, var-dövlət və s.) tələb etmişdir, əks təqdirdə onunla nikahı pozacağı ilə hədələmişdir. Maraqlı şəxs isə uşaqlara görə buna dözmüşdür. xx.xx.2017-ci il tarixdə o, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən bir otaqlı mənzili almış və həyat yoldaşının təkidi ilə mənzili onun adına rəsmiləşdirmişdir. Hətta o, özü üçün **-LA-*** dövlət qeydiyyat nişanlı avtomaşın aldıqda da həyat yoldaşının təkidi ilə maşını da onun adına almışdır. Bundan da, sakitləşməyən həyat yoldaşı təkid etmişdir ki, yaşadıqları və bacısı Reyhanın adına olan mənzili öz adına keçirsin. Onu sakitləşdirmək üçün bacısına müraciət etmiş və o da söz-söhbət olmasın deyə xx.xx.2018-ci il tarixdə maraqlı şəxslə birlikdə "xxxx" Mənzil Tikinti Kooperativinə gedərək orada "xxxx" ilə bağlanmış müqaviləni təqdim etmişdir və onunla kooperativ arasında yeni müqavilə imzalanmıṣdır. Həmin müqavilənin aşağı hissəsində bacısı mənzili guya maraqlı şəxsə bağışlaması barədə qeyd aparmışdır. Maraqlı şəxs bundan sonra həmin müqaviləni gətirib həyat yoldaşına göstərmişdir. Bunu görəndən sonra o, bir müddət sakitləşmiş, lakin bu uzun çəkməmişdir. Bu dəfə o tələb etmişdir ki, bacısı mənzili notarial qaydada təsdiq edilmiş ərizə ilə maraqlı şəxsə versin. Maraqlı şəxs yenə də bacısına müraciət etmiş və o, 06 may 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəni kooperativə təqdim edərək xahiş etmişdir ki, artıq mənzillə bağlı maraqlı şəxslə müqavilə bağlansın, məhz bundan sonra kooperativ onunla müqavilə bağlamıṣdır. Həmin müqaviləni götürərək o, mənzilin özəlləşdirilməsindən ötürü müraciət etmiş, xx.xx.2020-ci il tarixdən ********** nömrəsi ilə çıxarış verilmişdir. Bu çıxarışı görəndən sonra həyat yoldaşı 2024-cü ilin yanvar ayına qədər sakitləşərək maraqlı şəxsdən boşanmaq fikrindən vaz geçir. Bu ilin yanvar ayında onu Mediasiya Təṣkilatına dəvət edirlər. Orada bəlli olur ki, Ərizəçi onunla bağlanmış nikahın pozulmasını, uşaqların onun himayəsində qalmasını, aliment tələbi, onun adına rəsmiləşdirilmiş mənzilin onun mülkiyyətində qalmasını, adına olan avtomaşının onun mülkiyyətində qalmasını, maraqlı şəxsin bu mənzilə və avtomaşına olan hüququndan imtina etməyini, həmçinin onun adına olan çıxarışlı mənzili ərizəçinin mülkiyyətinə keçirməyini, bu mənzilə mülkiyyət hüququndan imtina etməyini tələb etmişdir. O, bacısı Reyhanla birlikdə ondan xahiş etmişlər ki, var-dövlətə görə ailəni dağıtmasın və bu fikrindən daşınsın. Cavabında isə o, boşanmaqla bağlı bildirib ki, bu fikrindən vaz geçir, bir şərtlə ki, bağlanmış barışıq sazişini maraqlı şəxs imza etsin. Belə ki, bu formal xarakter daşıyan bir sazişdir. Ailənin dağılmaması üçün o, nəticəsini dərk etmədən saziş imzalamış və həqiqətən də həmin vaxtdan bir evdə 2024-cü ilin avqust ayına qədər yaşamaqda davam etmişlər. Sonra o, uşaqları götürərək atasıgilə getmiş və artıq həmin nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bundan sonra isə aralarında bağlanmış barışıq təsdiqi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə də öz növbəsində barışıq sazişini xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq etmişdir. Qeyd edilməlidir ki, onun birgə nikah dövründə digər mənzil və avtomaşına olan mülkiyyət hüququndan imtina etməsi də eyni əsasla, yəni mühüm yanılması nəticəsində olmuşdur. Digər tərəfdən uşaqların anasının himayəsində qalması məsələsinə baxarkən, onların fikri soruşulmamışdır. O, barışıq sazişini imzalayan zaman onun barəsində səhv etmiş, belə ki, Ərizəçi ona bildirmişdir ki, bu formal xarakter daşıyır, əslində isə o, boşanmayacaqdır. Həqiqətən də saziş bağlanandan sonra onlar 2024-cü ilin avqust ayına qədər birgə yaşamışlar. Məhkəmə qətnamədə tərəflərin barışıq sazişini imzalamasını göstərdiyi halda faktiki olaraq bu əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına münasibət bildirməmiṣdir. Ona görə də apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1866/2024 nömrəli iş üzrə 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilib iş üzrə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edib, şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi və nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb, barışıq sazişinin təsdiq edilməsinin ərizəçiyə həm də əmlaklarla bağlı hüquqlarının qeydə alınması üçün tələb olunmasını bildirib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bölməsinin 3.2.-ci və 3.3.-cü bəndlərinin təsdiq edilməsinə dair hissəsində ləğv edilməli, ərizə üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün barışıq sazişində müəyyən olunan şərtlərin könüllü icrasından imtina olunmalıdır. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3.2.-ci və 3.3.-cü bəndlərindən müəyyən olunur ki, tərəflər birgə nikah dövründə əldə etdikləri və ərizəçinin adına rəsmiləşdirilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 63.59 m2 olan mənzilin və **-LA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Ərizəçi mülkiyyətində qalmasına dair razılığa gəlmiş, Maraqlı şəxs öz növbəsində bu əmlaklarla bağlı hüququndan imtina edərək gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürmüşdür. Sazişin bu bəndlərinin icrası ilə bağlı tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi omadığından, barışıq sazişinin bu şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin, yəni bu bənlərdə qeyd olunan və saziş bağlananadək də ərizəçinin adında olan əmlakların onda saxlanılmasına yönəldiyindən kollegiya hesab edir ki, sazişin 3.2-ci və 3.3-cü bəndlərinin təsdiq edilməsinə zərurət yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə ləğv olunmalı və iş üzrə icraata sazişin 3.2-ci və 3.3-cü bəndlərinin təsdiq edilməsinə dair hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsi qismən, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bölməsinin 3.2.-ci və 3.3.-cü bəndlərinin təsdiq edilməsinə dair hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar