Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7346/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlakın naturada ayrılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 28 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-139/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, Cavabdeh ünvan 1 ünvanında yerləşən 701,4 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Cavabdeh və X2 arasında həmin əmlaka dair bağlanmış xx.xx.2014-cü il alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bölünməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə Hüseynova (Vəliyeva) Humay Fərid qızının iddiası qismən təmin edilmiş, qeyri-yaşayış sahəsinə iddiaçının ½ hissədə mülkiyyət hüququ tanınmışdır.
2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19 A İddiaçı adına 1/2 hissə, Cavabdeh adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsinin ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) İddiaçı verilməsi və cavabdehin həmin sahədən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi X3 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Aralarında olan nikah pozulduqdan sonra əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-473/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, onun ünvan 2 (indiki ünvan 3 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, ½ payına mülkiyyət hüququ tanınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (********** Qeydiyyat nömrəli) Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, 1/2 payı mülkiyyət hüququ ilə ona məxsusdur, həmin əmlak kompleksini cavabdehlə birlikdə istifadə etməsi mümkünsüzdür. Həmin əmlaka dair ümumilikdə 10 ilə yaxın bir müddətdir ki, məhkəmə mübahisəsi gedir. Çünki keçmiş həyat yoldaşı illərdir ki, həmin əmlakın ona çatası hissəsini vermək istəmirdi. Hazırda həmin əmlak keçmiş həyat yoldaşının faktiki nəzarətindədir. Həmin əmlakdan istifadə edə bilmir və birlikdə istifadə mümkünsüzdür. İllərdir ki, həmin əmlakdan gəlir əldə edilir və istismar edilir. 2010-2020-ci illər üzrə qeyri-yaşayış sahəsinin qazancı guya 7671,58 manat təşkil etmişdir. 2010- 2020-ci il tarixləri əhatə edən 10 illik dövr ərzində Bakı şəhərinin mərkəz yerlərindən birində sənəd üzərində 701 kv-lik (həmin qeyri-yaşayış sahəsi hündür olduğundan müəyyən hissəsi iki mərtəbəli hala salınmışdır ki, bu da faktiki olaraq 1000-1500 kv.m-dən çox sahə edir) sahənin 7671,58 manat gəlir təşkil etməsi heç cür ağlabatan və reallığa uyğun deyil. Həmin əmlak kompleksi sənəd üzərində Cavabdeh adında olsa da, ona faktiki nəzarəti keçmiş həyat yoldaşı etdiyindən, cavabdehlə birlikdə əmlakın istifadəsi mümkünsüzdür.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili tərəflərdən birinə (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-318/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi qismən təmin edilmiş, ünvan 4 ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan sahəsi 701,4 kv.m.-dən ibarət əmlak kompleksinin “A” (370,7 kv.m) tikilisinin naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililərinin isə Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın iddiaçıdan və cavabdehdən müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi (əmlak kompleksi) tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkündür. Ekspert tərəfindən tərtib olunmuş və mübahisəli qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini əks etdirən plan-sxemdə göstərilmiş 701,4 kv.m sahənin “A” tikilisi (370,7 kv.m) naturada ayrılaraq iddiaçıya, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililəri isə cavabdehin payı kimi müəyyənləşdirilməlidir.
8. Məhkəmə iddia tələbinin ““A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamışdır və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməzlər.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 215.1, 220.1, 220.2, 220.3, 227.1, 227.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir.
11. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, əmlak kompleksi ekspert rəyində və iddia tələbində qeyd edildiyi kimi bölünməli idi. Əmlak kompleksi mülkiyyətçiləri tərəfindən iki hissəyə bölündüyündən onun istifadəsində olan faktiki sahə də bölünməlidir. Əmlak kompleksinin istifadəsində ümumi sahə var, əmlak kompleksi bölündüyündən ümumi istifadədə olan sahənin də istifadə qaydaları müəyyən edilməlidir.
12. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisənin tənzimi ilə bağlı məhkəmə yaşayış sahəsinə tətbiq edilməli maddi hüquq normasını tətbiq etmişdir. 10 il ərzində qeyri-yaşayış sahəsinin həqiqətən fasilə verilmədən gəlir əldə etmək üçün istifadə edildiyi və iri həcmli gəlir əldə edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Uzun müddət əmlak istifadəyə yararlı olmadığından ondan gəlir əldə etmək üçün istifadə etmək mümkün olmayıb. Son illərdə həmin sahənin hündürlüyünün artırılması, fasadın yaxşılaşdırılması, içinin təmir edilməsi üçün xeyli miqdarda xərc çəkilib ki, bu xərclərin iddiaçı tərəfindən çəkilməsinə dair sübut təqdim edilməyib. Cavabdeh qismində əslində o, yox, Hüseyn Vəliyev cəlb edilməli idi. İddiaçının təqdim etdiyi çıxarış qanuni qüvvəyə minmiş qətnamə ilə ləğv edilib.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
17. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
18. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
19. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
20. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
21. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.
22. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
23. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
24. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir.
32. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi (əmlak kompleksi) iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir.
33. İddiaçı hazırki tələbində qeyri-yaşayış sahəsinin naturada bölgüsü aparılmaqla payına düşən 1/2 hissənin ayrılmasını tələb etmişdir.
34. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, əmlak kompleksinin tərəflər arasında paylara münasib bölgüsü texniki cəhətdən mümkündür.
35. Eyni zamanda ekspert rəyi ilə bölgünün hansı qaydada aparıla bilməsi də müəyyən edilmişdir.
36. Kollegiya hesab edir ki, ekspert tərəfindən təklif olunmuş bölgü qaydası tərəflərin mənafeyinə və obyektdən bərabər istifadə şərtlərinə uyğundur, ona görə də tərəflər arasında bölgü ekspert rəyi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır.
37. Əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili iddiaçının (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə cavabdehin sərəncamına verilməlidir.
38. Cavabdehin apelyasiya şikayətinin dəlillərini isə Kollegiya əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi əmlak kompleksi üzərində hüquqlar iddiaçının və Cavabdeh adına qeydiyyata alınmışdır.
39. X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında iştirak etməmiş və münasibətini bildirməmişdir.
40. Kollegiya qeyd edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ var və hazırda qeydə alınmış hüquqlar Cavabdeh ilə bağlı olduğundan iddiaçı hazırki tələbini ona qarşı yönəltmişdir.
41. Qeyd olunanlara əsasən iddiaçının tələbi haqlıdır.
42. Kollegiya onu da qeyd edir ki, obyektin torpağı dövlət mülkiyyətində olsa da, bu torpaq sahəsi «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid olmaqla məhz həmin obyektə xidmət edir. Yəni həmin sahə tərəflərin qanuni istifadəsindədir və onu yalnız tərəflər öz mülkiyyətlərinə əldə edə bilərlər.
43. Bu baxımdan, torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmir. Torpağın bir hissəsinin ümumi istifadədə saxlanılmaqla, digər hissəsinin eyni ölçüdə bölünərək ayrı-ayrılıqda tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər.
44. Eləcə də “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş sahəsi 40,3 kv.m olan yeni tikili qanuni istifadədə olan torpaq sahəsində inşa olunduğundan və əmlak kompleksinin tərkibinə çevrildiyindən bölgü predmetini təşkil edə bilər. Nə qədər ki, torpaq sahəsi qanuni istifadədədir, yəni həmin sahə barəsində yalnız tərəflərin qanuni gözlənti hüquqları var, demək həmin tikiliyə də yalnız tərəflər iddialı ola bilərlər. Digər tərəfdən isə adıçəkilən tikilinin özbaşına tikili olması əsası ilə doğurduğu hüquqi nəticələrin riskini də tərəflər, hazırki bölgü nəticəsində isə həmin tikili istifadəsinə verilən iddiaçı daşıyır.
45. Beləliklə, Kollegiya ekspert rəyini əsas götürərək, iddia tələbinin tam təmin edilməli olması qənaətinə gəlir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilsin, cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədə payı naturada ayrılsın. Naturada ayrılma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölcü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilsin: ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili İddiaçı (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh verilsin. Cavabdeh iddiaçıya aid hissədən çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.