Məhkəmə qərarları › İş №2(103)-7377/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7377/2021

13.09.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7377/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdeh Ləğv prosesində olan "xxxx" ASCnin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-340/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə) ipotekaya xitam verilməsi və dövlət reyesterində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(004)-137/2017 saylı qətnaməsi ilə "xxxx" MMC-nin 649237 manat məbləğində borcun iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsinin 07.08.2019cu il tarixli sifariş məktubuna əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması həyata keçirilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar birinci hərrac 23 sentyabr 2019-cu il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 07 oktyabr 2019-cu il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamanda 5 ay keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda “İpoteka haqqında” Azərbaycan Respubikası Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipotekaya xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(006)-340/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili E.T.Mustafayev apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-340/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi T.C.Quliyev apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 340/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materiallarında olan "xxxx" MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı 23.08.2019-cu il tarixli 01 №-li bildirişin surətindən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin (ilkin satış qiyməti 126.000 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtı (23.09.2019-cu il tarixində) barədə məlumat verilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 06 sentyabr-12 sentyabr 2019-cu il tarixli buraxılışının çıxarışından görünür ki Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin ilkin satış qiyməti 126000 manat müəyyən edilməklə, açıq hərracın 23 sentyabr 2019-cu il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMCnin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı 27.09.2019-cu il tarixli 02 №-li bildirişin surətindən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin (ilkin satış qiyməti 126000-15%=107100 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtı (07.10.2019-cu il tarixində) barədə məlumat verilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 27 sentyabr-03 oktyabr 2019-cu il tarixli buraxılışının çıxarışından görünür ki, 23 sentyabr 2019-cu il tarixinə təyin olunmuş hərrac baş tutmadığından Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzilinin satış qiyməti 107100 manat müəyyən edilməklə, açıq hərracın 07 oktyabr 2019-cu il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMCnin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ünvanladığı 08.11.2019-cu il tarixli təklif məktubunun surətindən görünür ki, İddiaçı məxsus ipoteka yüklü Bakı səhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 41 saylı mənzili “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 80325 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan Hərrac Təşkilatının 20 noyabr 2019-cu il tarixli, 75/01 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7 saylı evin 41 saylı mənzili Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11658/2018 nömrəli, 25.10.2018-ci il tarixli icra vərəqəsinin, Nəsimi rayon İcra və probasiya şöbəsinin 13804-104840/19/5-6 nömrəli, 07.08.2019-cu il tarixli sifariş məktubunun və ləğv prosesində olan "xxxx" QSC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 126000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 15 % endirimlə 107100 manat, ipoteka predmetinin “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 80325 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ləğv prosesində olan "xxxx" QSC əmlakı qəbul edərək balansına götürmüşdür. Göründüyü kimi iddiaçı tələbini cavabdehin təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini əldə etməməsi ilə əsaslandırsa da, işin hallarından göründüyü kimi, cavabdeh 08 noyabr 2019-cu il tarixində ona təklif olunan mənzili 20 noyabr 2019-cu il tarixində əldə etməklə bunun üçün qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü müddətini ötürməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-340/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar