Məhkəmə qərarları › İş №2(103)-7398/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7398/2023

28.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7398/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5379/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı şəhəri 17 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2023-ci il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5379/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellayasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən, qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2- 361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, maddi hüquq normalarının, bu normaların pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir. Belə ki, Maraqlı şəxs maddi və prosessual hüquq normaları sadalamaqla kifayətlənmiş, şikayəti ümumi məzmunda tərtib etmiş, qətnamə çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmiş, ümumiyyətlə şikayətin quruluşunda pozuntuya yol verdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5379/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin ona geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5379/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar