Məhkəmə qərarları › İş №2(103)-7406/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7406/2020

26.10.2020 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7406/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2808/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2003-cü il tarixli, 1193 saylı girov müqaviləsinə xitam verilməsini, İddiaçı məxsus olan “Opel-Omega” markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, Ban WOLOVBFW1084640, yaşıl rəngli avtomobil ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Baş Dövlət X5 Qeydiyyat İmtahan şöbəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılmasını, İddiaçı xx.xx.2003-cü il tarixli, 1993 saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2808/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2003cü il tarixli, 1193 saylı girov müqaviləsinə xitam verilməsi, İddiaçı məxsus olan “Opel-Omega” markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, Ban WOLOVBFW1084640, yaşıl rəngli avtomobilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Baş Dövlət X5 Qeydiyyat İmtahan şöbəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlərin aparılması, İddiaçı xx.xx.2003-cü il tarixli, 1993 saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlərin aparılması qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin əsaslandığı yeganə arqument ondan ibarətdir ki, bank iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı iddia qaldırmış və Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə iddia müddətinin tətbiqi əsası ilə sözügedən iddia rədd edilmişdir. Məhkəmə səhv olaraq hesab edir ki, iddia iddia müddətinin tətbiqi əsasında rədd edilirsə, bu o deməkdir ki, münasibətlərə (kredit üzrə öhdəliklərə) xitam verilir və iddiaçının Bank qarşısında öhdəliyi yoxdur. Lakin iddia müddəti sadəcə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi məhkəmə qaydasında tələb etmək hüququna tətbiq edilən bir müddətdir və müddətin keçməsi heç də münasibətlərin, öhdəliyin xitamı anlamına gəlmir. İddia müddəti sadəcə mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şərur Rayon Məhkəməsinin qətnaməsinə görə bank sadəcə iddiaçıdan məhkəmə qaydasında borcun tələb edilməsi hüququndan məhrum edilmişdir, lakin İddiaçı banka olan borcunu qaytarmaq vəzifəsindən azad edilməmiş, bank cinayət icraat qaydasında borcun tələb edilməsi hüququndan, ipotekada olan avtobil üzrə ipoteka hüquqlarının özündə saxlanılması hüququndan məhrum edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi borcun silinməsi, ipoteka müqaviləsinin xitam verilməsi və xxxxxxxxxxxxxxxxxxxxxxxx tərəfindən borcun olmaması barədə qeydin aparılmasını barədə qərar qəbul etməklə Bankın hüquqlarını pozmuşdur. Nəticə etibarı ilə birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan etibarlığı mübahisələndirilməyən müqavilələr üzrə yaranmış öhdəlikləri xitam etmişdir. Öhdəliyin xitamı əsaslan mülki qanunvericilikdə və “İpoteka haqqında” qanunda sadalanır və iddia müddətin tətbiqi ilə bağlı borcun tələb edilməsi ilə bağlı iddianın rədd edilməsi öhdəliyin xitamı üçün əsas deyil. Mülki Məcəllə müddətin keçməsi (adi müddət - 10 il) ilə bağlı öhdəliyin xitamı institunu tanıyır və sözügedən müddətin hesablanması qaydasını da müəyyən edir, lakin birinci instansiya məhkəməsi müqavilənin bağlanma tarixi, müqavilənin müddəti, müqavilə üzrə ödənişləri (hansı ki, müddətin kəsilməsi üçün əsas təşkil edir) və s. vacib əhəmiyyət kəsb edən faktları araşdırmadan qərar qəbul etmişdir, Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayət təmin edilməməlidir. Belə ki, işdən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” xx.xx.2015-ci il tarixli, 21/2745 saylı məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli, 2(110)-68/2015 saylı qətnaməsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin iddiası rədd edilsə də kredit borcunun silinməsi və Azərbaycan Respublikası Mərkəzi X1 Reyestrinə bu barədə məlumatın verilməsi öhdəliyi Bankın üzərinə qoyulmamışdır. Eyni məzmunla xx xxxxxx 2017-ci il tarixli məktub X2 Palatası tərəfindən iddiaçıya göndərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2( 110)-68/2015 saylı qətnaməsinə əsasən məhkəmə tərəfindən bankın iddia tələblərinə iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC mübahisə üzrə yekun məhkəmə qərarı olduğu halda “Opel- Omega 2 markalı, buraxılış ili 1998-ci il, **- FX-*** dövlət qeydiyyat nişanlı, Ban Wolovbfwl 084640, yaşıl rəngli avtomobilinə dair ipoteka yüklülüyünə xitam verilməsinə dair müraciət etmir. Mülkiyyətçi olaraq iddiaçının qanunvericiliklə qorunan mülkiyyət hüququnu bu günə kimi pozmaqda davam edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, cavabdeh bankın avtomobilin ipotekada yüklü saxlaması, heç bir səbəb gətirmədən əşyanın yüklülükdən azad olunmasına təşəbbüs göstərməməsi hüquqdan sui-istifadədir. Çünki, məhkəmə qətnaməsi ilə iddia müddətinin keçdiyinə görə bankın iddiaçıya qarşı olan iddiası rədd edilmişdir. Bu cür vəziyyətdə cavabdeh bank avtomobilin ipotekada qalmasında qorunmağa layiq mənafeyinin olduğunu qeyd etsə də, bunun üçün, yəni mənafeyinin təmin edilməsi və iddiaçıya təsir etmək üçün heç bir hüquqi mexanizm qalmamışdır. Əksinə, mövcud vəziyyət iddiaçının haqlı mənafeyini pozur və mülkiyyət hüququnu əsassız məhdudlaşdırır. Halbuki, Mülki Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.3-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Belə ki, bankın avtomobili ipotekada saxlamaqda məqsədinin yalnız iddiaçıya təsir etmək olduğu açıq-aşkardır. Əks halda cavabdeh bank iddiaçıya qarşı hansı qanuni hüquqi mexanizmdən istifadə edərək, məhkəmə qətnaməsi ilə artıq iddia müddəti keçməklə rədd edilmiş borcunu yenidən tələb edə və bunu da ipoteka predmetinə yönəldilməsini tələb edə bilər? Əlbətdə ki, bu cür hüquqi mexanizm yoxdur və bank da bunu bilməmiş deyildir. Düzdür, iddia müddəti keçdiyinə görə bankın iddiası rədd edilsə də iddiaçı könüllü olaraq bank qarşısında olan öhdəliyini yerinə yetirə bilər. Bu qətnamə də iddiaçıya həmin öhdəliyini icra etməyə hansısa qadağa qoymur. Lakin iddiaçının da bunu könüllü icra etməməsi, cavabdeh bankın da avtomobilin ipotekada qalmasını uzatmaqla və saxlamaqla iddiaçıya məhkəmə qətnaməsi ilə artıq rədd edilmiş öhdəliyini yerinə yetirməyə məcbur etməyə əsas vermir. Çünki, bu hüquqa uyğun hərəkət deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2808/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar