Məhkəmə qərarları › İş №2(103)-7411/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7411/2021

19.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7411/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “X12” MTK-nın nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ərizənin, onun əsasında yaranan sənədlərin, MTK üzvlərinin ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06.04.2018-ci il tarixli ərizənin və onun əsasında yaranan sənədlərin, yəni 06.04.2018-ci il tarixli müqavilənin, 10.11.2020-ci il tarixli ərizənin, “X12” MTK-nın üzvlərinin ümumi iclasının 02 may 2020-ci il tarixli 19 saylı prtokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllə, ev 20C, 65 nömrəli mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24-05301-093030 olan çıxarışın ləğv edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 19.08.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Cavabdeh1 onun ögey bacısıdır. Valideynləri bir müddət evli olsalar da sonradan boşanmış, boşanma zamanı atası ünvan 1 ünvanında yerləşən evini uşaqlarına verərək evdən çıxmış, sonralar həmin ev satılmış, əldə edilmiş pulla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binada ikinci giriş, 65 nömrəli, 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan mənzil onun adına alınmış, bununla əlaqədar 06.09.2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında “Kooperativ binada mənzil tikintisi üçün müqavilə” bağlanmışdır. 2018-ci ildə o, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri 27 saylı notariat ofisinə aparılaraq avtomobilin içərisində bəzi sənədlərə imza etdirilmiş, ona bu imzaların binada adına olan mənzilə görə çıxarışın alınması və yekun sənədləşmə işlərinin aparılması üçün lazım olduğu deyilmişdir. Həmin vaxt ərizəni imzalatmaq üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi də bu əməliyyatda iştirak etmiş, onun iştirakı onda arxayınlıq yaratmışdır. Lakin sənədləri imza edən zaman notarius ona nəyə görə və niyə imza etdiyini izah etməmişdir. Sənədi oxumadan imza etmiş, məzmunu ilə tanış olmağa imkan verilməmiş, tələm-tələsik imza etdirdikdən sonra onu oradan aparmışlar. Həmin vaxt notariusu görməmiş, sənədi imza edərkən Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsi İxtiyar müəllimə inanmışdır. Savadsızdır, orta məktəbə 7-ci sinifə kimi getmişdir, hətta natamam orta təhsili belə yoxdur. 06 aprel 2018-ci il tarixdə X4 ilə “Beş Ulduz LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında həmin mənzillə bağlı müqavilə bağlanmış, müqavilədə tərəf kimi 27.03.2017-ci il təvəllüdlü X4 göstərilmişdir. Müqavilənin sonunda imza hissəsində də X1 adı qeyd edilmişdir və imza olunmuşdur. İmzanın kimin tərəfindən çəkildiyi məlum deyil, həmin vaxt o imzanı X4 çəkə bilməzdi, çünki onun həmin vaxt bir yaşı vardı. Bu isə həmin müqavilənin etibarlı olmadığını göstərir. 10 noyabr 2020-ci il tarixdə Cavabdeh1 27 saylı notariat ofisində ərizə verərək sözügedən mənzilin X2 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra mənzilə aid müvafiq sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edilərək X3 adına 01.12.2020-ci il tarixli çıxarış alınmışdır. 2020-ci ilin dekabr ayının əvvəllərində Cavabdeh1 ona demişdir ki, “hər ay mənə 500 manat versən qapının girişində dəhlizdə qala bilərsən. Ya da sənə bu evdə yer yoxdur, qovacam səni evdən”. Bundan sonra onun əşyalarını çölə ataraq evdən döyərək qovmuşlar. 09.12.2020-ci il tarixdə müraciət edərək notariat ofisindən imza etdirdikləri ərizəni əldə etmiş, ərizəni oxuduqdan sonra ona məlum olmuşdur ki, sözügedən mənzilin Cavabdeh1 və onun qızı X1 adına sənədləşdirilməsinə etiraz etmədiyini ərizəsində göstərmişdir. Halbuki, heç vaxt belə bir ərizəyə imza etməzdi və ərizələrdə iradə ifadəsi düzgün ifadə edilməmişdir. Çünki o həmin ərizəni imza edərkən adına olan mənzilin başqa şəxslərin adlarına sənədləşməsinə heç vaxt razı ola bilməzdi. Əvvəla sual yaranır ki, nəyə görə öz mənzilini əvəzsiz olaraq, heç bir qarşılığı olmadan ögey bacısının və ya ögey bacısının uşağının adına sənədləşməsinə razı olsun? İkincisi, əgər öz mənzilini onlara bağışlamışdısa, nəyə görə iki il həmin evdə yaşayırdı? Üçüncüsü, mülkiyyətində başqa mənzili və ya mənzilləri vardımı və əgər öz evini bağışlayırdısa onun özü harada qalacaqdı? Niyə hər iki ərizə eyni tarixdə tərtib edilərək imzalatdırılmışdır? Bütün bu sualların cavabları onu deməyə əsas verir ki, qrup halında qabaqcadan əlbir olaraq dələduzluq yolu ilə əmlakı ələ keçirilmişdir. Çünki cavabdehlər onu aldadaraq başqa əqdi imzalamaq adı ilə ərizəni imzalatmışlar və bu da vacib əhəmiyyətli yanılmadır. Bu ərizələri imzalayarkən cavabdehlər vicdansızlıq nümunəsi göstərərək onlara olan etimadından sui-istifadə edərək onu aldatmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, qanunu düzgün tətbiq etmədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, iddiaçının əqdi mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməklə iddia qaldırdığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışlar. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, mübahisəsi gedən mənzil ilk əvvəl Elmiranın anasının adına olmuş, 2016-cı ildə onun vəfat etməsindən sonra Elmiranın bank borclarının olması səbəbindən onun adına deyil, Məryəmin adına keçirilmiş, 2018-ci il tarixdə isə qarşılıqlı razılıq əsasında mənzilin müqaviləsi Elmiranın qızı Nurayın adına dəyişdirilmişdir. İddiaçı aldadıldığını iddia etsə də, heç bir aldatmadan söhbət gedə bilməz və Məryəmin bacısı ilə münasibəti pisləşdiyi üçün belə bir iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin qanuni olduğunu bildirmişlər. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “X12” MTK nümayəndəsi X7 izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllə, ev 20C, 65 nömrəli mənzil 2016-cı ilə qədər Elmira və Məryəm bacılarının analarının adına olmuş, anaları vəfat etdikdən sonra müqavilə Məryəmin adına dəyişdirilmiş, 2018-ci ildə Məryəmin özünün razılığı əsasında Elmiranın qızı Nurayın adına sənədləşdirilmişdir. Onda olan məlumata görə 2016-cı ildə Elmiranın bank borcları olması səbəbilə mənzilə dair müqavilə Məryəmin adına bağlanmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi “X12” MTK-nın hüquq və vəzifələrinə dair məsələni həll etmiş olmasına baxmayaraq, həmin MTK-nı işə cəlb etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə görə isə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş hallarına əsasən, 06.10.2016-cı il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında "xxxx" müqavilə bağlanmış, müqaviləyə görə MMC, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binanın 2ci girişinin 9-cu mərtəbəsində yerləşən 65 nömrəli 3 otaqlı, ümumi sahəsi 94,8 m2 olan mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin müəyyənləşdirilən pay haqqını əvvəlcədən tam şəkildə ödəməyi öhdələrinə götürmüş, 06.04.2018-ci il tarixdə o, mənzilin Cavabdeh1, yaxud onun qızı Nuray Sədrəddinlinin adına sənədləşdirilməsinə etiraz etmədiyinə dair 27 saylı notariat kontorunda iki ərizə vermiş, həmin tarixdə mənzillə bağlı Nuray Sədrəddinli ilə "xxxx" MMC arasında müvafiq müqavilə bağlanmış, 10.11.2020-ci il tarixdə Nuray Sədrəddinli 27 saylı notariat kontorunda mənzilin atası Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etmədiyinə dair ərizə vermiş, 01.12.2020-ci il tarixdə mənzil sonuncunun adına rəsmiləşdirilərək ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 ögey bacıdırlar (ana bir, ata ayrı), 27.03.2017-ci il təvəllüdlü X10 Zeynalovanın qızı, Cavabdeh2 isə onun atasıdır. İşin iddiaçının özünün bildirdikləri ilə müəyyən olunan digər halına görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən 65 nömrəli mənzil, onun atasına məxsus olmuş ünvan 2 ünvanında yerləşən 68 saylı mənzilin satılmasından əldə edilən pul hesabına alınmışdır. İddiaçının iddia tələbini əsaslandırmaq üçün irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, Bakı şəhəri 27 saylı notariat ofisində ərizələr verdiyi zaman Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona bu ərizələrin binada adına olan mənzilə görə çıxarışın alınması və yekun sənədləşmə işlərinin aparılması üçün lazım olduğu deyilmiş, beləliklə həmin ərizələr aldatma yolu ilə tərtib edilmiş, eyni zamanda Nuray Sədrəddinli ilə bağlanan müqavilə azyaşlı ilə bağlandığı üçün etibarsız olmuşdur. Kollegiya hesab edir ki, iddia tələbi üzrə irəli sürülən faktiki hallar, tələbin qanuni əsası kimi nəzərdən keçirilməli olan qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, əqd bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı əqdi imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər əqd notariat orqanında rəsmiləşdirilmişsə, notarius əqdi təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Kollegiya hesab edir ki, iddiaçı aldadılmış olmasının hansı hərəkətlərdə ifadə olunması ilə bağlı öz mövqeyini ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzibolunmaz mötəbər sübutlara istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etmişdir. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşin hallarından görünür ki, iddiaçı 06.04.2018-ci il tarixdə notariat kontorunda verdiyi ərizənin və həmin ərizə əsasında həyata keçirilən əməliyyatların etibarsız sayılmasını 2021-ci ilin yanvar ayında tələb etmiş, əqdi vaxtında mübahisələndirdiyinə dair isə heç bir sübut verməmişdir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının “06.04.2018-ci il tarixli müqavilənin, 10.11.2020-ci il tarixli ərizənin, “X12” MTK-nın üzvlərinin ümumi iclasının 02 may 2020-ci il tarixli 19 saylı prtokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllə, ev 20C, 65 nömrəli mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24-05301-093030 olan çıxarışın ləğv olunması” tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü onun əsas tələbi olan 06 aprel 2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1208/2021 saylı iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ərizənin, onun əsasında yaranan sənədlərin, MTK üzvlərinin ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələblərinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar