Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7437/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Vəkil, cavabdeh ASC-nin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC-nin Dövlət Sosial Müdafiə Fonduna köçürməli olduğu, lakin köçürmədən yayındırdığı 80.441,14 manat pul vəsaitinin ASC-dən tutularaq həmin Fondunun hesabına köçürülməsi və cavabdeh ASC-nin onun özünə ödəməli olduğu, lakin ödəmədiyi 166.500 manat məbləğində pulun ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh ASC-də mexanik və baş mexanik vəzifələrində işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə, iddiaçı, ASCnin Qazaxıstan Respublikasında olan tikinti sahələri üzrə ayda 5.000 manat olmaqla yüksək maaşla mexanik vəzifəsində işləmişdir. Qazaxıstan Respublikasında işləyərkən 3 dəfə ürək damar çatışmazlığından əməliyyat olunmuşdur. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə əməliyyat olunandan sonra təxminən 6 ay (sağalana kimi) xəstəliklə bağlı arayışı olmuşdur. xx.xx.2020-ci tarixdə iddiaçı işə başlamalı olduğu halda, Şirkət rəhbərinin müavini Vaqif Hacıyevlə söhbət zamanı, sonuncu, iddiaçıya bildirmişdir ki, işin həcmi azdır və tapşırmışdır ki, iddiaçı 3 ay müddətinə ödənişsiz məzuniyyətə çıxsın. Məzuniyyətdə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə Kadrlar Şöbəsindən iddiaçıya məlumat verilmişdir ki, onun işlədiyi ştat vahidi 2 aydan sonra ixtisara düşəcək. Bu məlumatı aldıqdan sonra iddiaçı 2 ay işləməmişdir. Həmin ərəfədə iddiaçıya məlum olmuşdur ki, onun aylıq gəliri ASC tərəfindən düzgün göstərilmədiyindən ASC tərəfindən Dövlət Sosial Müdafiə Fonduna köçürülən vəsait də səhv olmuşdur. Belə ki, "xxxx" ASC-nin verdiyi “Hesabdan çıxarışda” qeyd edilən məlumatlarla (2013-cü ilin iyun ayından 2019-cu ilin sonuna kimi) Fonda köçürülən vəsait arasında kəskin fərq mövcud olmuşdur. Bank tərəfindən verilən çıxarışla bu vəsaitə uyğun ödəmə 81.617,85 manat olmalı idi, cəmi köçürülən məbləğ isə 17.819,24 manat təşkil etməklə 63.798,51 manat vergidən yayındırılmışdır. 2012-ci ilin yanvar ayından 2013-cü ilin iyun ayına kimi iddiaçının aldığı maaş (5.000 x 15,5 ay=) 77.500 manata uyğun olaraq 19.375 manat köçürülməli idi, 2.723,37 manat köçürülmüş, 16.642,63 manat yayındırılmışdır. 2006-cı ildən 2012-ci ilə kimi aldığı maaş iddiaçının yadında deyil. İddiaçının araşdırmasına görə Fonda köçürülməmiş vəsait 80.441,14 manat təşkil edir ki, bu da onun gələcəkdə alacağı təqaüdün 2 dəfə az olması ilə nəticələnib. Bu məsələni araşdırmaq üçün iddiaçı cavabdeh ASC-yə dəfələrlə müraciət etmiş, ASC-də isə bildirilmişdir ki, verilmiş maaşın ezamiyyə xərcləri kimi ödənilmişdir. Bu da yuxarıda qeyd etdiyi hesabatla kəskin ziddiyyət təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 saylı qərarına əsasən Qazaxıstan Respublikasına ezamiyyə pulu 1 günə 130 ABŞ dollar təşkil edir. İddiaçı bildirir ki, onun hesablamalarına görə (ezamiyyət 90 ay x 30.4 = 2.736 x 130 = 355.680 dollar; yemək pulu 90 ay x 30.4 = 2.736 x 5 = 13.680 dollar; yaşamaq üçün 90 x 300 = 27.000 dollar; qalıq ezamiyyə pulu 315.000 x 1,7 = 535.500 manat; 90 aylıq maaş 900 manat hesabı ilə 81.000 manat; qalıq ezamiyyə pulu 535.500-369.000=) 166.500 manat məbləğində pul ASC tərəfindən ona ödənilməmişdir. Odur ki, o, hesab edir ki, ASC həmin məbləği ona ödəməlidir. ASC-nin dediyi kimi əgər maaş ezamiyyə xərcləri kimi verilibsə, onda ona 166.500 manat az ezamiyyə xərci ödənilmişdir. Cavabdeh ASC-nin rəhbər vəzifəli şəxslərinin qanunvericiliyin tələblərini kobud surətdə pozması nəticəsində əmək qanunvericiliyi və digər qanun qüvvəli normalarla nəzərdə tutulan hüquqları bilərəkdən və qəsdən pozulmuş, külli miqdarda vəsait vergidən yayındırılmışdır. Əgər nəzərə alınsa ki, bu ASC-də işləyən bütün işçilər barəsində yol verilmişdir, onda vergidən yayındırılan vəsaitin həcmi xüsusilə küllü miqdarda müəyyən edilə bilər. Cavabdeh ASC-yə dəfələrlə müraciətinə baxmayaraq, əmək müqaviləsini uzun müddət verməkdən imtina etmişdir. Lakin sonradan 2021-ci ilin oktyabr ayında əldə etdiyi müqavilədən məlum olmuşdur ki, müqavilə saxtalaşdırılmış, 5.000 manat maaş aldığı halda bu müqavilədə əks olunmamış, 265 manat əmək haqqı göstərilmişdir. İddiaçı, qeyd etdiyi qanun pozuntuları və cinayət xarakterli əməllərlə bağlı Yasamal Rayon Prokurorluğuna ərizə ilə müraciət etmiş, orada onun izahatı alınmış və qanun pozuntusuna hüquqi qiymət veriləcəyi bildirilmişdir. Sonradan Yasamal Rayon Prokurorluğu şikayətə məktubla cavab verərək məhkəməyə müraciət etməyi iddiaçıya məsləhət görmüşdür.
b) cavabdehin iddiaya qarşı etirazı barədə məlumat
3. Cavabdeh ASC-nin iddia tələbinə etirazı ondan ibarət olmuşdur ki, iddiaçı ezamiyyətdə olan zaman ona qidalanmasına və əlavə xərclərinə görə pul ödənilmişdir. İddiaçı özü də iddia ərizəsində etiraf edir ki, əmək haqqı, ezamiyyət pulu və digər xərclərinə görə verilən haqları əldə etmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, iddia müddəti əmək mübahisələrində maddi tələblərlə bağlı bir il təşkil edir, lakin iddiaçı bu müddəti ötürmüşdür.
4. Cavabdeh ASC “iddia müddətinin tətbiqi barədə” ərizəni Rayon Məhkəməsinə təqdim edilmişdir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2018-2019-cu illər arasında onun əmək haqqının 5.000 manat olmasını, sosial sığorta haqqının həmin məbləğdən hesablanmalı olmasını göstərsə də təqdim olunmuş və məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh təşkilatda işlədiyi dövr ərzində əmək haqqının yuxarı məbləği 900 manat həddini keçməmişdir. Bundan artıq məbləğlər isə ezamiyyə xərclərindən ibarət olmuşdur ki, həmin xərclərdən də sosial sığorta haqqının tutulması qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda, iddia tələbi əlavə ezamiyyə xərclərinin ödənilməməsi nəticəsində dəymiş maddi ziyanın cavabdehdən tutulması hissəsində də əsaslandırılmamış, iddiaçı 2012-ci ildən başlayaraq ABŞ dollarının məzənnəsinin 1,7 manatla hesablanmalı olması, yemək pulunun gündəlik 5 ABŞ dolları, yaşamaq pulunun isə aylıq 300 ABŞ dolları təşkil etməsi ilə bağlı iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmişdir. Digər tərəfdən, iddiaçı uzun bir dövr ərzində, yəni, 2012-ci ildən başlayaraq cavabdeh ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını göstərməsinə baxmayaraq, bu barədə tələbi xx.xx.2021-ci il tarixdə irəli sürərək, iddia müddətini ötürmüşdür.
d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi iddiaçının onun təqdim etdiyi sənədlərə səhv yanaşmış, halbuki, həmin sənədlərdən aşkar surətdə görünür ki, bank çıxarışı və müqavilədə göstərilən məbləğ arasında kəskin ziddiyyət var və həmin sənədlər sosial sığortanın düzgün hesablanmadığını, əmək haqqı fərqini, vergidən yayınma halını təsdiq edir. Cavabdeh tərəf isə Rayon Məhkəməsinin dəfələrlə vaxt verməsinə baxmayaraq iddianı təkzib edəcək sənədləri təqdim etməmiş və bunu bankdan müvafiq sənədləri əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Bank isə şirkətə xidmət edən bank kimi fəaliyyət göstərdiyi üçün cavabdeh ASC-nin əldə etmək istədiyi bütün sənədləri onlara təqdim etməyə borcludur. Bundan başqa, Rayon Məhkəməsinin iddianın iddia müddətinin ötürülməsi ilə verilməsi barədə qənaəti də səhvdir.
e) müstəqil tələb irəli sürməyən üçüncü şəxs DSMF-nın apellyasiya şikayəti ilə bağlı verdiyi yazılı mülahizə barədə məlumat
9. DSMF-nın apellyasiya şikayəti ilə bağlı verdiyi yazılı mülahizədə qeyd edilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği bu məlumatlar sırasındadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həyata keçirir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması halları iddia olunur. Həmçinin, sığortaedən tərəfindən verilən rüblük hesabatlarda göstərilən əməkhaqqı ilə işçilərə faktiki ödənilən əməkhaqqı arasında məbləğ fərqi varsa, məcburi dövlət sosial sığortası ilə yanaşı vergi ödənişlərindən də yayınma halı mövcuddur. Məhkəmə prosesinin gedişində bu nüansların hərtərəfli və obyektiv araşdırılması zəruridir.
f) apellyasiya baxışı iclasında iştirak etmiş şəxslərin mövqeyi
10. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
11. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs DSMF-nın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, DSMF-nın apellyasiya şikayəti ilə bağlı verdiyi yazılı mülahizəyə uyğun izahat verdi və apellyasiya şikayətinin həllini Məhkəmənin mülahizəsinə buraxdı.
g) işdə olan sübutlar
13. İşəgötürən olan "xxxx" ASC ilə işçi olan İddiaçı arasında 12 ay müddətinə bağlanmış xx.xx.2006-cı il tarixli, 157 saylı "xxxx" görünür ki, İddiaçı ASC-yə baş mexanik vəzifəsinə işə qəbul edilmişdir. İşçinin aylıq əmək haqqısı 265 manat məbləğində müəyyən edilmişdir. Əmək haqqı və digər ödənişlər işçinin bankdakı hesabına köçürülür və ya nağd şəkildə ödənilir. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır. İşçinin iş günləri həftədə 6 gündən ibarətdir. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, əlavə sığorta edilir.
14. X3 "xxxx" ASC üzrə verilmiş xx.xx.2020-ci il tarixli, ia-199 nömrəli əmrdən görünür ki, həmin əmr, baş mexanik (iddiaçı) İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, orta aylıq əməkhaqqının iki misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi məqsədi ilə verilmişdir.
15. “Elektron Hökumət” portalından götürülmüş çıxarışdan görünür olunur ki, 2006- 2019-cu illər ərzində İddiaçı hesablanmış əmək haqqının 25%-i sosial sığorta haqqı qismində DSMF-nin hesabına köçürülmüşdür və onun sığorta kapitalı 59.029,60 manat təşkil edir.
16. Cavabdeh ASC-nin iddiaçıya 2019-cu ildə hesablanmış əmək haqqının məbləği barədə xx.xx.2021-ci il tarixli, 478/21 nömrəli arayışının surətindən görünür ki, göstərilən dövrdə iddiaçının əmək haqqı vergilər daxil olmaqla 683,13 manat - 900 manat arası, ezamiyyə xərcləri isə 2.399 manat – 4.629 manat arasında dəyişmişdir.
17. X1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, D/O/MŞİH-01655 saylı "xxxx" protokoldan görünür ki, cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirmək barədə qərar qəbul etməmiş və mediasiya prosesinə xitam verilmişdir.
h) məhkəmənin mövqeyi
18. Yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçının tələblərindən biri sosial sığorta haqqı olan 80.441,14 manatın cavabdeh ASC-dən alınaraq Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi barədədir. İddiaçı bildirir ki, onun əmək haqqı 5 000 manat olmasına baxmayaraq cavabdeh ASC sosial sığorta haqqlarını tam Dövlət Sosial Müdafiə Fonduna köçürməmişdir.
19. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir (maddə 14.1.). Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir (maddə 14.2.). Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi (maddə 14.3.). Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr; faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi və s. (maddə 15.).
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda verginin məbləği-14 faiz; 2500 manatdan çox olduqda- 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi (maddə 101.). Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği; müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri (maddə 102.1.).
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (maddə 3, hissə 5.). Əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154.).
22. Göründüyü kimi məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Odur ki, hazırki iddia tələbi ilə bağlı müəyyən olunmalı hal iddiaçının əmək haqqının məbləğidir.
23. İşə baxmış Rayon Məhkəməsi həmin tələbə iddiaçının sübutetmə yükünün öhdəsindən nə dərəcədə gəlməsi ilə bağlı qiymət vermişdir. Belə ki, Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində əmək haqqının 5.000 manat təşkil etməsini sübut edən dəlilləri təqdim edə bilməmişdir.
24. İddiaçı iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində "xxxx" ASC tərəfindən verilmiş “Hesabdan çıxarışa” əsaslanaraq tələbinin əsaslı olmasını bildirir.
25. Həmin “Hesabdan çıxarışda” (iş v. 43-52) görünür ki, 2013-cü ildən-2020-ci ilədək hər ay üzrə iddiaçının hesabına artımla müxtəlif məbləğlərdə vəsait yüklənmişdir.
26. Cavabdeh ASC isə bildirir ki, iddiaçının istinad etdiyi məbləğ ezamiyyə xərcini təşkil etmişdir. Bununla bağlı iş materiallarına əlavə olunmuş və yuxarıda artıq qeyd edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, göstərilən dövrdə iddiaçının əmək haqqı vergilər daxil olmaqla 683,13 manat - 900 manat arası, ezamiyyə xərcləri isə 2.399 manat – 4.629 manat arasında dəyişmişdir. “Əmək müqaviləndən” isə görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən əmək funksiyalarını Qazaxıstanda icra etmişdir.
27. Məhkəmə bildirir ki, iddiaçının 5.000 manat məbləğində məhz əmək haqqı alması onun tərəfindən təqdim edilmiş sənədlərdə öz əksini tapmır. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, müzakirə edilən tələb sübuta yetmir və buna görə hesab edilməlidir ki, iddiaçının daha yüksək məbləğdə məcburi dövlət sosial sığorta haqqı kimi pul əvəzinin hesablanmasını tələb etmək hüququ yaranmamışdir və Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızıdır.
29. İddiaçının digər bir tələbi ezamiyyə xərclərinin ödənilməməsi nəticəsində dəymiş maddi ziyanın əvəzinin cavabdeh ASC-dən onun xeyrinə tutulması ilə bağlıdır.
30. Məhkəmə bu tələblə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli, 14 saylı qərarında qeyd edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir (bənd 4.). Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər (bənd 7.).
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının” 7-ci bəndinə əsasən, Qazaxıstan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 130 ABŞ dolları təşkil edir.
32. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasinin xx.xx.2012-ci il tarixli. Q-01 saylı qərarı ilə təsdiq edilmiş “X4” görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır (bənd 1.). Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Həmin Qaydaların “Xarici ölkələrə ezamiyyələr” bölməsinin 1-ci bəndinə əsasən, xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir (bənd 5.).
33. İddiaçı bildirir ki, ona 166.500 manat az ezamiyyə xərci ödənilmişdir. Belə ki, ezamiyyət pulu, yemək pulu, yaşamaq və s. üçün ödəniş iddia ərizəsində qeyd olunan məbləğlərdə ödənilməli idi.
34. Bunları bildirən iddiaçı, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir.
35. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, müzakirə edilən tələb sübuta yetmir və buna görə hesab edilməlidir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızıdır.
36. Bundan başqa Məhkəmə qeyd edir ki, müzakirə edilən tələb əsaslı olsa idi belə təmin edilə bilməz.
37. Belə ki, iddiaçı 2012-ci ildən başlayaraq cavabdeh ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını bildirməsinə və əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsinə baxmayaraq, uzun müddət ərzində məhkəməyə müraciət etməmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur.
38. Cavabdeh ASC işə baxmış Rayon Məhkəməsinə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə vermişdir.
39. İddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürdüyünü, ilk əvvəl cavabdeh ASC ilə mübahisəni barışıqla həll etməyə çalışdığını, daha sonra cavabdeh ASC-nin hərəkətlərindən hüquq–mühafizə orqanlara şikayət etdiyini, mübahisənin həllinə nail ola bilmədiyi üçün ən sonda məhkəməyə müraciət etdiyini bildirir.
40. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi bu hallar iddia müddətinin üzrlü səbəbdən ötürülməsi üçün əsas təşkil edə bilməz. Çünki Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissəsinin mənasına görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
41. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüş və müddətin ötürülməsini məhz üzürlü səbəbdən baş verməsini sübuta yetirə bilməmişdir.
42. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi bu tələbi qeyd edilən əsasla da təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu yanaşmasına aid dəlilləri əsassızıdır.
i) apellyasiya baxışının nəticəsi
43. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.