Məhkəmə qərarları › İş №2(103)-7441/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7441/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7441/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 1165 manat əsas, 192 manat faiz borcu olmaqla, cəmi 1357 manat borc və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1377 manatın tutulması, tutmanın həmin kreditin təminatı kimi cavabdeh tərəfindən girov qoyulan: 1 ədəd 583 əyarlı, 19.9 qram çəkidə qızıl boyunbağına, 1 ədəd 583 əyarlı, 4.4 qram çəkidə qızıl üzüyə və 1 ədəd 583 əyarlı, 11 qram çəkidə qızıl komplektə yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına götürülmüş kreditin əsas və faiz borclarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, 1357 manat məbləğində borcun ödənilməsi ilə bağlı ona vaxt verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh krediti özü üçün deyil, X3 üçün götürmüş, lakin o, krediti ödməkdən imtina etmişdir. Buna görə də, cavabdeh ona qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və hazırda iş həmin məhkəmənin icraatındadır. Eyni zamanda bildirir ki, ölkədə koronavirus infektisyasının yayılması ilə əlaqədar özü də borcu ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, o borcu ödəmək niyyətindədir. Sadəcə olaraq, hazırda maddi vəziyyəti buna imkan vermir. Girov qoyulmuş qızıl-zinət əşyalarının onun üçün mənəvi dəyəri olduğundan onların hərracda satılmasını istəmir. Buna görə də, borcun ödənilməsi ilə bağlı ona vaxt verilməsini xahiş edir. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 12 ay müddətinə, illik 40% olmaq şərtilə 1165 manat kredit verilmiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Həmin tarixli girov müqaviləsinə əsasən, Cavabdeh, ona məxsus 1 ədəd 583 əyarlı, 19.9 qram çəkidə (likvid qiyməti 616,9 manat) qızıl boyunbağı, 1 ədəd 583 əyarlı, 4.4 qram çəkidə (likvid qiyməti 142,6 manat) qızıl üzük və 1 ədəd 583 əyarlı, 11 qram çəkidə (likvid qiyməti 341 manat) qızıl komplekt olmaqla, 35,5 qram həcmində qızılzinət əşyalarını kredit müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq İddiaçı qarşısında girovla yüklü etmişdir. Cavabdeh, müqavilə üzrə öhdəliklərini icra etməyərək, borcunu qrafik üzrə qaytarmamış və İddiaçı-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2020-ci il tarixə 1165 manat əsas, 192 manat faiz borcu olmaqla, cəmi 1357 manat borcu qalmışdır. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2019-cu il tarixli, PKLMB-0287 saylı kredit müqaviləsi, 1 nömrəli kredit ödəniş cədvəli, xx.xx.2019-cu il tarixdə PKLMB-0287 saylı girov müqaviləsi, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, xx.xx.2020-ci il tarixli maliyyə arayışı və hesabdan çıxarış və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Kollegiya, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, Cavabdeh, hazırda maddi baxımdan borcu ödəmək iqtidarında olmadığını bildirərək, bununla bağlı ona vaxt verilməsini xahiş etsə də, bu, icra icraatı qaydasında həll edilməli məsələ olmaqla hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Cavabdeh, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra (icra mərhələsində) qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı təmin edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3784/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar