Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7447/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 27.09.2017-ci il tarixli, 7027F nömrəli kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 36.206,48 manat, faiz borcu kimi 9.438,82 manat, cəmi 45.645,3 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, tutma ipoteka predmetinə - cavabdehə məxsus olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3“a” nömrəli fərdi yaşayış evinə yönəldilsin, evin ilkin satış qiyməti 67.600 manat müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş sübutlardan, o cümlədən birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Cavabdeh kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub. Yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Beləliklə, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7447/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7447/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver