Məhkəmə qərarları › İş №2(103)-7449/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7449/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7449/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğluna, Cavabdeh3 MTK-nə, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/21 saylı 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 88925,64 manat əsas, 19246,41 manat faiz, 400 manat cərimə, cəmi 108572,05 (yüz səkkiz min beş yüz yetmiş iki manat, 05 qəpik) manat, habelə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının, ödənilmiş 30 manat dövlət rüsumun və 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 182000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun "xxxx" ASC-nə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzilin satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlu, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi və sonradan isə iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 88925.66 manat əsas, 22729.33 manat faiz, 106908.93 manat cərimə borcu olmaqla cəmi 218563.92 manat borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının cavabdehlərdən tutulması; cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması; “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzil ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Abşeron filialı ilə X2 arasında bağlanmış 60-05-10-2017-MEFE nömrəli 05.10.2017-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 MTK arasında 05.10.2017- ci il tarixli, 60-05-10-2017-ME- FE saylı zaminlik müqaviləsi əsasən X1 illik 10 faiz olmaqla, 67 ay müddətinə 98000 manat məbləğində kredit verilmişdir. Əsas kredit müqaviləsinə əlavə və dəyişiklərin edilməsi haqqında 13.02.2018- ci il tarixli Əlavə imzalanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödəniməsi üçün məsuliyyət daşıyır.Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla X2 arasında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14. m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzil (Seriya RX, № 1310118, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 11.06.2018) ipotekaya qoyulması barədə 02.05.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "Azərbaycan Beynəlxalq Bank” ASC-nin Abşeron filialının xeyrinə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlərin 08.08.2019-cu il tarixinə Banka 88925.66 manat əsas, 8945.85 manat faiz, 17738.47 manat cərimə borcu olmaqla cəmi 115609.98 manat borcu mövcuddur. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Qətnamədən iddiaçı "Azərbaycan Beynəlxalq Bank” ASC-nin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(005)-60/2021 saylı qətnaməsinin ləğv edilərək iddiaçı “X5" ASC-nin Cavabdeh1, Cavabdeh2 Gündüz oğluna, Cavabdeh3 MTK-ya və Cavabdeh4 qarşı “kreditin, kredit faizlərinin və dəbbənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə” dair iddia tələbinin tam təmin edilməsi və mənzilin ilkin satış qiymətinin müvafiq bazar qiymətinə uyğun qoyulmasına dair yeni qətnamə qəbul qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə ilk növbədə bankın iddia tələbinin həcminin artırılması dair 01.03.2021-ci il tarixli 22- 2613/2021 saylı ərizəsini nəzərə almamışdır. Belə ki, 05.10.2020-ci il tarixli bank tərəfindən verilən maliyyə arayışına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22.10.2020-ci il tarixli, 9/4291 ekspert rəyi ilə maliyyə arayışında qeyd olunan 88925.66 manat əsas-88925.64 kimi, 19246.41 manat faiz borcu isə 19246.41 kimi müəyyən olunmuşdur. 01.03.2021-ci il tarixinə təyin olunmuş məhkəmə prosesi zamanı bank tərəfindən MPM-in 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin həcmi artırılmasına dair ərizə verilməsinə baxmayaraq məhkəmə ərizəni yalnız dəbbə pulunun tutulması hissəsində nəzərə almış və dəbbə pulunu da mütənasib olmayan miqdarda azaltmışdır. Bu isə iddiaçı olaraq hüquqlarımızın pozulması ilə nəticələnən hüquqi əsassız qərar qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, oktyabr ayında təqdim edilmiş maliyyə arayışı ilə mart ayında təqdim edilmiş maliyyə arayışlarındakı faiz məbləğləri arasında ümumi fərq 3482.92 AZN təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmamışdır, maddi hüquq normalarının tələbələri pozulmuşdur, sübutlar bir tərəfli qiymətləndirilmiş. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qətnamədən öz növbəsində Cavabdeh1 apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 30.04.202l-ci il tarixli 2(005)-60/202l saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 Gündüz oğlu, Cavabdeh3 MTK-nin nümayəndəsi və Cavabdeh4 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyrək rədd olunmasını xahiş edən iddiaçının və cavabdbehin səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.04.202l-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 400 manat cərimə pulun iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilərək, cərimə məbləğini 3000 manat müəyyən edilməklə, cəmi müqavilə üzrə borc 111 172,05 manat məbləğində pul cavabdehlərdən tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan 05.10.2017-cı il tarixli, 60-05-10-2017-ME-FE №-li kredit müqaviləsinin məzmunundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə arasında illik 10 faiz ödənilməsi şərti ilə 67 ay müddətinə 98000 manat məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 60-05-10-2017- ME-FE №-li kredit müqaviləsinə əsasən hər ay 1914.80 manat olmaqla son ay üçün 1910.62 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 may 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 15 A, mənzil 44 banka girov qoyulmuşdur. İş materiallarında olan 60-05-10-2017-ME-FE saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 ilə müqavilə bağlayaraq, 05.10.2017-cı il tarixli, 60-05-10-2017-ME-FE №-li kredit müqaviləsinə əsasən 98000 manat mələbəğində 67 ay müddətinə ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri,daşınar və daşınmaz əmlakı və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan 03.07.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borc məbləğini ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3 Cavabdeh1 adına 10.04.2018-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsinin 27.03.1997-ci tarixli 32718 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 27.03.1997-ci il tarixdə Cavabdeh4 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 08.08.2019-cu il tarixədək 88925,66 manat əsas borcu, 8945,85 manat faiz borcu, 17738,47 manat cərimə borcu, cəmi 115,609 manat kredit borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3 "xxxx" ASC-nin Suraxanı filialının adına 11.06.2018- cı il tarixdə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.07.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3 dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 05.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 05.10.2020-ci il tarixədək 88925,66 manat əsas borcu, 19246,41 manat faiz borcu cəmi 108172,07 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 01.03.2021-ci il tarixədək 88925,66 manat əsas borcu, 22729,22 manat faiz borcu cəmi 218563,92 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “X7” MMC-nin 05.06.2020-ci il tarixli, 019/LBC saylı rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-in bazar dəyəri 196800 manat, likvid dəyəri 182000 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/4291 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə maliyyə arayışında borcun hesablandığı tarixə, yəni 05 oktyabr 2020-ci il tarixə olan əsas borcu 88925,64 manat, faiz borcu 19246,41 manat ümumilikdə 181,72,05 manat müəyyən edilmişdir. İşin hallarından görünür ki, Cavabdeh1 "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X7” MMC-nin 06.2020-ci il tarixli, 019/LBC saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-ün ilkin satış qiyməti əmlakın likvid dəyəri əsas götürülməklə 182000 manat müəyyən edilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 106908.93 manat dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləğin azaldılaraq 400 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi, cərimə pulunun tutulmasına dair hissəsində tənasübsüz sürətdə aşağı olduğundan dəyişdirilərək, 3000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Qeyd olunan lara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.04.202l-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 400 manat cərimə pulun iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cərimə məbləği 3000 manat müəyyən edilməklə, (88925,64 manat əsas+19246,41 manat faiz+3000 manat cərimə), cəmi müqavilə üzrə borc 111172,05 manat məbləğində pul cavabdehlərdən tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar