Məhkəmə qərarları › İş №2(103)-7458/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7458/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7458/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rasim oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadındaniddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli, Al 1-287 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.510,17 ABŞ dolları, faiz borcu üzrə 2090,27 ABŞ dolları olmaqla ümumilikdə 12.600,44 ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, “HYUNDAİ İX-35” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehlərdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmiçinin, iddianı təmin etmə tədbiri haqqında ərizə verərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ipoteka predmetinn - Cavabdeh1 mülkiyyətində olan **-MG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX-35” markalı minik avtomobili (buraxılış ili: 2013-cü il, Ban: KM1İJU81BDBU350158, rəngi: qara) avtomobilin üzərinə həbs qoyulması, mühafizə olunan Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, avtomobil daşınar əşya olduğundan onun çevik olaraq gizlədilməsi, hissə-hissə edilərək satılması, ölkədən kənara sürülməsi, toqquşma nəticəsində yararsız vəziyyətə düşməsi, qeyri-qanuni yolla özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyrimümkün və ya çətin ola bilər. Ona görə də, avtomobilin üzərinə həbs qoyulması əsaslıdır. Nərimanov Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavbadeh Cavabdeh1, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, mübahisəli avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə baxmayaraq, onun tərəfindən etibarnamə verilməklə Səməndər Nemətova satılmış, sonuncu isə avtomobili etibarnamə əsasında başqa bir şəxsə satmışdır. Hazırda avtomobilin harada olması barədə məlumatı yoxdur. Bu barədə polisə sorğu versə də, nəticəsi olmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, işdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 18% dərəcəsi ilə 60 müddətinə 24.872 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan “HYUNDAİ İX-35” minik markalı (buraxılış ili 2011-ci il, ban-KMHJU81BDBU350158, rəngi qara) avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilməklə, ipoteka qoyan Cavabdeh1 sahiblik və istifadəsində qalmışdır. Hazırda iddiaçı, tələbdə qeyd olunan məbləğlərdə kredit borcunun cavabdehlərdən tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş sözügedən avtomobilə yönəldilərək, həmin avtomobilin açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsini tələb edir. İddiaçı, işə baxılıb qurtaranadək sözügedən avtomobilin üzərinə həbs qoyulmasını, Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Birinci instasiya məhkəməsi, ərizəni rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ipoteka ilə yüklü olduğuna görə həmin avtomaşının özgəninkiləşdirilməsi riski olmadığından qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması halları baş verə bilməz. Buna görə də, iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə təmin edilməməlidir. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır, ona görə ki, mübahisə predmeti olan ipoteka ilə yüklü edilmiş **-MG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX- 35” markalı avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində qalmışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli etibarnamə ilə bütün daşınar əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və həmin etibarnamədə sadalanan digər səlahiyyətləri Səməndər Nemətova vermiş, sonuncu isə, xx.xx.2017-ci il tarixli etibarnamə ilə bu səlahiyyətləri Abas Şahmuradova etibar etmişdir. Cavabdeh1, sözügedən nəqliyyat vasitəsinin saxlanılmasına köməklik göstərilməsi barədə Baş Dövlət X5 mürcaiət edərək, avtomobilin Abas Şahmuradov tərəfindən qanunsuz idarə edildiyini bildirmişdir. Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mübahisəli avtomobilə dair Abas Şahmuradova etibarnamə verilməsi barədə X3 heç bir məlumat yoxdur. Qeyd olunan sənədlərdən və Cavabdeh1 izahatından da göründüyü kimi, hazırda ipoteka ilə yüklü edilmiş avtomobilin harada və kimin sahibliyində olması məlum deyil. Belə olan halda isə, iddia tələbi təmin olunacağı təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi mümkünsüz ola bilər ki, bu da qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edər. Ona görə də, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə, iddianın təmin tədbirinə dair ərizəyə yuxarıda göstərilən hallar nəzərə alınmaqla yenidən baxılması və müvafiq qərarın qəbul olunması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC BOKT-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1901/2020 nömrəli, xx xxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar