Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7461/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (Şirkət) arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı həmin Şirkətdə mallar üzrə menecer vəzifəsinə təyin edilmişdir.
2. Şirkətin xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, Şirkətin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 061A/18 nömrəli xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi saxlanılmaqla İddiaçı Şirkətdə regional menecer vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ci il tarixdən hesablanmaqla işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ona ödənilməsi qət edilmişdir.
4. Şirkətin xx.xx.2019-cu il tarixli İB/19 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmr etibarsız hesab edilmiş, İddiaçı işə çıxma günü xx.xx.2019-cu il hesab edilməklə region üzrə menecer vəzifəsinə bərpa olunmuşdur.
5. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2019-cu il tarixli qərarı ilə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir.
6. 20.05.2019-cu il tarixdə Şirkət İddiaçı bildiriş göndərərək onunla bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam veriləcəyi barədə məlumat vermişdir.
7. Şirkətin xx.xx.2020-ci il tarixli 06/20 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanılmış 02/2011 nömrəli xx.xx.2011-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
8. İddiaçı Şirkətə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Şirkətin 16 aprel 2020-ci il tarixli 06/20 nömrəli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsinin saxlanılması, ƏƏSMN-in elektron informasiya sistemində xxxxxxx000105 nömrəli X1 qüvvəyə salınması, tutduğu vəzifə saxlanılmaqla işə bərpa olunması və məcburi iş buraxmaya görə hər buraxılan iş günü üçün 630,07 manat orta əmək haqqının, xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixədək ödənilməyən əmək haqqı, müavinətlər, məzuniyyət haqqı və digər ödənişlərin əvəzi olan cəmi 155 089,9 manatın, xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ödənilməmiş məbləğlərin hər gecikdirilmiş gün üçün 1% kompensasiyası qismində 789 822,62 manatın, audit xidməti üçün çəkilən 4002 manat xərcin ödənilməsi, vurulmuş mənəvi ziyana görə 1000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə iclaslarında iddiaçı iddia tələblərini müdafiə edərək izahatlarında göstərmişdir ki, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin magistr məzunu olmaqla ixtisası üzrə ümümi 17 il iş təcrübəsi vardır, onun 9 ilini "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində reseptsiz dərmanlar qrupu üzrə regional menecer vəzifəsində fəaliyyət göstərmişdir. Cavabdehin rəhbəri Nərgiz Həsənova vəzifəsindən sui-istifadə edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən 25 aprel 2018-ci il tarixdə müddətsiz əmək müqaviləsinə xitam vermiş, 2019-cu il tarixdə işə bərpa olunmuşdur. Sonradan ştatın ixtisarı ilə bağlı 20, 21 may və 18 iyun 2019-cu il tarixlərdə vəzifəli şəxslərdən əmrin surətini, yəni vəzifəli şəxslərin imzası və şirkətin Mərkəzi Asiya ofisinin baş direktoru Ranqa Velaratni tərəfindən təsdiq olunmuş sənədin bir nüsxəsini xahiş etmiş, lakin rəsmi sənəd təqdim olunmamışdır. Cavabdehin qanunsuz hərəkətləri barəsində 21 may 2019-cu ildən etibarən Kazaxstan, Moskva və Fransa ofisinin rəhbərlərinə dəfələrlə müraciət etməyinə baxmayaraq, heç bir cavab almamış, qanunsuz hərəkətlərə qarşı tədbir görülməmiş, əksinə ona qarşı qanun pozuntularına yol verilməsinə şərait yaradılmışdır. 16 aprel 2020-ci ilədək rəsmi olaraq ştatda olmuşdur, 9 ildir ki, cavabdeh şirkətdə çalışır, həmin illər ərzində nümunəvi işçi olmuşdur. Real ixtisar 16 aprel 2020-ci ildə olmuş, onu aradan götürmək üçün böyük oyun qurmuşlar. Cavabdeh 2018-2019-cu illərdə onun müavinətlərini ödəmişdir, 2011-ci ildən 2017-ci ilədək cavabdehin faktiki ona ödənişləri bank hesabları ilə eynidir, ancaq DMSF-də pul artıq göstərilmişdir. 2011-2017-ci ilədək 558 manat pulu gizlədilmiş, bülletenə çıxanda bunu müəyyən etmişdir. 2016-ci ildən hesabatları hesablamağa başlamışdır. Məcburi iş buraxma, işdən çıxma ilə bağlı ödənişlərdə DMSF-yə göndərilmiş məbləğ arasındakı fərqi bilmək istəyir. Onun 520 manatını sistemə salmış, ancaq verməmişlər. 2011-ci ilin yanvar ayından 2018-ci ilin aprel ayına kimi hesablamışdır. Əmək məzuniyyəti və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar olan pulu eyni vaxtda ödəmişlər. Xəstəlik vərəqəsini hesablamamışlar, gözləyiblər ki, razılığa gəlsinlər. 2019-cu ildən məbləğ düzgün hesablanmamış, onunla prinsip aparmışlar. Məhkəmə yolu ilə işə bərpa olunmuşdur deyə ona pulu az yazmışlar. İşçiyə ödənilən məbləğlərin hamısı əmək haqqına daxildir. İşəgötürən DSMF-yə ödəniş edərkən tək əmək haqqı məbləğinin deyil, işçiyə ödədiyi bütün məbləğin 22 faizini ödəyir. Ona ödənilən mükafatdan da vergi tutulmuşdur. Məbləğlərdən vergi tutulubsa onlar hesablamaya daxil olmalıdır. 2020-ci ildə pulu xəstəlik vərəqəsinə əsasən almış, 2020-ci ilin mart ayında işləməmişdir.
10. Cavabdehin nümayəndəsi (vəkili) izahatlarında bildirmişdir ki, iddiaçı ilə 5 yanvar 2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, 2013-cü ildə o, region üzrə “reseptsiz dərmanların satışı” meneceri vəzifəsinə keçirilmiş, ştat ixtisarı olduğu üçün işdən çıxarılmışdır. Ştat ixtisarı olanda ƏM-də nəzərdə tutulan tələblərə riayət olunmalıdır. Belə ki, işçi 6 həftə qabaqcadan xəbərdar edilməlidir. 20 may 2019-cu il tarixdə ixtisar barədə qərar qəbul edilmiş, bundan sonra iddiaçıya bildiriş göndərilmişdir. İddiaçı özü də bildirişi aldığını bildirmişdir. Eyni zamanda işcinin əmək haqqı və vəzifəsi barədə dövlət orqanlarına məlumat verilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməli olan xx.xx.2019-cu il tarixinə 3 gün qalmış iddiaçı məzuniyyət barədə ərizə ilə müraciət etmiş, buna görə də iddiaçının məzuniyyətinin bitməsini gözləmişlər. Bu müddət ərzində iddiaçı uzun müddət xəstələnmiş, bu səbəblə müddəti yenə uzatmaq məcburiyyətində qalmış, müddət xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Bütün bu müddətlər bitdikdən sonra əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə münasibətlər 2011-ci ildə yaranmış, 2020ci ildə isə bitmişdir. 20 yanvar 2019-cu ildə ixtisar olmuş, ixtisara səbəb həmin səlahiyyətlərin Qazaxıstanda yerləşən menecer şöbəsinə verilməsi olmuşdur. Məcburi iş buraxma tələbi ilə bağlı qətnamə vardır və həmin qətnamə qüvvəyə mindikdən sonra icra edilərək icraata xitam verilmişdir. İddiaçının 2018-ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sonradan məhkəmə qərarına əsasən işəgötürən tərəfindən iddiaçıya məcburi iş buraxmaya görə pul ödənilmiş və işinə bərpa olmuşdur. Məhkəmə qərarı icraya yönəlmişdir və icra olunduğu üçün icraata xitam verilmişdir.
11. Məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbi üzrə işin icraatına xitam verilməsi qərara alınmış, eyni tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən İddiaçı xeyrinə 231,22 (iki yüz otuz bir manat iyirmi iki qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertizanın xərci olaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 250 (iki yüz əlli) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
12. Məhkəmə, İddiaçı “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbi üzrə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 11.1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 061A/18 nömrəli xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi saxlanılmaqla İddiaçı “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində regional menecer vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ci il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir. 11.2. Yasamal rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2019-cu il tarixli qərarına əsasən Yasamal Rayon Məhkəməsinin həmin qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Qərarda göstərilmişdir ki, təqdim edilmiş sənədlərdən və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından, məcburi iş buraxma müddəti üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunduğu günədək hər ay üçün əmək haqqının şirkət tərəfindən ödənildiyi müəyyən olunur. 11.3. Məhkəmə hesab edir ki, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə hazırkı məhkəmədə baxıla bilməz. Əgər İddiaçı hesab edirsə ki, məcburi iş buraxmaya görə əmək haqqı ona az ödənilmişdir, o, Yasamal rayon İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarını mübahisələndirməli idi.
13. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.
14. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2019-cu il tarixli qərar qəbul edilməmişdən əvvəl Yasamal rayon İcra şöbəsinin rəis əvəzinə ərizə ilə müraciət etmiş, ərizəsində icra vərəqəsində məcburi işburaxmaya görə əmək haqqının tam və düzgün ödənilmədiyini bildirmiş, lakin icra məmuru həmin əmək haqqının tam ödənilmədiyini nəzərə almadan icra sənədinin icraatına xitam vermişdir.
Apellyasiya baxışı
15. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
17. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda.
20. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
21. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.
22. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.
23. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.
24. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.
25. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır.
26. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.
Apellyasiya baxışının həddi
27. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
28. İddiaçının iddia ərizəsinin və hazırda baxılan şikayətinin məzmunundan aydın olur ki, o, “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin müvafiq hissədə tam icra edilmədiyinə əsaslanmaqla irəli sürmüş, həmin əmək haqqının işə bərpa olunması barədə əmrin verildiyi xx.xx.2019-cu il tarixədək deyil, əmrin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edildiyi xx.xx.2019-cu il tarixinədək hesablanmalı olduğunu iddia etmişdir.
29. Yuxarıda qeyd olunduğu kimi (§ 5), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə xitam verilmişdir.
30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan, həmin qətnamənin tam icra edilməməsi ilə bağlı məsələyə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına (§ 16-17), habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
31. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, məcburi iş buraxmaya görə əmək haqqının ona az ödənildiyini hesab edirsə, Yasamal rayon İcra şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarını mübahisələndirməli idi.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2022 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov