Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-747/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 33391,61 manat, faiz borcu üzrə 1759,45 manat, dəbbə pulu üzrə 5000 manat, əldən çıxmış fayda qismində 3745,93 manat olmaqla, cəmi 43,896,99 manat məbləğində borcun, qiymətləndirici şirkətə ödənilən 354 manat məbləğində xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişinin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv m yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Bankla Cavabdeh arasında bağlanmış 21.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən borc alana 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 80000 manat məbləğində kredit verilmiş, borc alan isə bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri cədvəl üzrə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 21.06.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin kredit müqaviləsinin müddəaları pozularaq öhdəliklər icra edilməmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 33391,61 manat əsas, 1759,45 manat faiz, 100 manat cərimə, olmaqla, cəmi 35251,06 manat borcun, 354 manat qiymətləndirici şirkətə ödənilmiş pul vəsaitinin və ödənilmiş məhkəmə xərclərinin 48 manat hissəsinin tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiymətinin 240000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 116 manat hissəsinin Cavabdeh, 29 manat hissəsinin iddiaçı “xxxx” ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır: Cərimə məhkəmə mühasibatlıq ekspertizası keçirilən zaman ekspert tərəfindən hesablanmamışdır. Məhkəmə 5000 manat məbləği tənasübsüz yüksək dəbbə pulu hesab etmiş və 100 manat məbləğində müəyyən etmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş, hər iki tərəfin iradəsi ilə müəyyənləşdirilmiş, gecikdirilən hər gün üçün hesablanmış mübahisə doğurmayan məbləğin dəfələrlə azaldılması iddiaçının hüquqlarının pozulması və qazancdan məhrum edilməsi hesab edilməlidir. Məhkəmə 5 faiz məbləğində pulun ödənilməsi hissəsində tələbi təmin etməmiş və bunu qətnamədə əsaslandırmamışdır.Bundan əlavə məhkəmə xərclərini əsassız şəkildə tərəflər arasında bölmüşdür. Məhkəmə xərclərinin hamısı iddiaçı tərəfindən çəkilməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır: Tərəflər arasında olan kredit müqaviləsi 21.06.2012-ci il tarixdən 21.06.2017-ci il tarixədək dövrü əhatə edən müddət üçün bağlanmışdır ki, həmin müqavilə çərçivəsində əsas borca hesablanacaq faizlər də bu müddəti əhatə etməli idi. Lakin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 13.07.2018-ci il tarixli rəyindən aydın şəkildə görünür ki,kredit müqaviləsi üzrə 1759,45 manat təşkil edən faiz borcu 31.01.2018-ci il tarixədək olan dövrə qədər hesablanmışdır. Halbuki, tərəflər arasında olan kredit müqaviləsinin müddəti 21.06.2017-ci il tarixdə bitmiş və əlavə olaraq 7 aydan artıq müddət üçün əsas borca əlavə faiz hesablanmışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin fərmanının icrası ilə bağlı iddiaçı «xxxx» ASC-nin Maliyyyə Bazarlarına Nəzarət Palatasına təqdim etdiyi məlumatdan aydın olur ki, 01 mart 2019-cu il tarixə «xxxx» ASC-yə olan əsas kredit borcu 30342,24 manat təşkil etmiş, hesablanmış kompensasiya görə hesabından 3803,35 manat «xxxx» ASC-də olan vaxtı keçmiş əsas kredit borcunun silinməsinə yönəldilmiş və nəticədə banka 26538.89 (30342,24-3803,35=26538,89) manat borcu qalmışdır. Lakin həmin məbləğin ödənişi iddiaçı təşkilat tərəfindən gizlədilərək hazırkı iddia tələbindən çıxılmamışdır. İpoteka predmeti olan fərdi yaşayış evinin rəydə müəyyən edilmiş dəyəri real bazar dəyərindən aşağıdır. Çünki Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən 273 saylı müvafiq çıxarışda göstərildiyi kimi A- liter üzrə ümumi sahəsi 275.5 kv.m sahədən ibarət 2 mərtəbəli, B və C liter üzrə 107.8 kv.m sahədən ibarət 2 ədəd fərdi yaşayış evinin və həyətyanı sahədə yerləşən üzüm çardağı, sanitar qovşaq, su hovuzundan ibarət əmlak kompleksinin hazırkı bazar dəyərinin müəyyən edilməsi üçün Lənkəran şəhərində fəaliyyət göstərən və ərazidəki real bazar qiymətinə daha da yaxından bələd olan daşınmaz əmlakın alqı-satqı ofisi tərəfindən verilmiş 31 avqust 2018ci il tarixli arayışda evin qiymətinin 600000-650000 manat, 10 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyində 498298 manat, "xxxx" MMC-nin 10 oktyabr 2019-cu il tarixli rəyində 505 000 manat müəyyən edildiyi halda məhkəmə birtərəfli qaydada göstərilən sübutları və böyük fərqlə mövcud olan ziddiyətləri nəzərə almayıb iddiaçı tərəfin maraqlarına xidmət edən "xxxx" MMC-nin 08.08.2019-cu il tarixli rəyini əsas götürərək ipoteka predmetinin ilkin satış qiymətinin 240000 manat olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, iş üzrə ekspertiza keçirilmişdir. Ekspertiza zamanı kredit müqaviləsinin bitmə tarixi hesablanmışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 21.06.2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc alana 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 80000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 21.06.2012-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ünvanda yaşayan X7, X1, X4 və X5 fərdi yaşayış evinin ipotekaya qoyulmasına və tutma yönəldikdə evdən çıxmağa razılıqları notariat qaydasında təsdiqlənərək ipoteka müqaviləsinə əlavə edilmişdir RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus, Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 23.06.2012-ci il tarixdə qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 26.12.2017-ci il tarixdə ipoteka qoyana göndərilmiş, qeydə alınması haqqında ərizə 16.01.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə təqdim olunmuş və qeydiyyata alınmışdır. “xxxx” ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 21.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcu 33391,61 manat əsas, 1759,45 manat faiz, 5000 manat cərimə, əldən çıxmış fayda qismində 3745,93 manat olmaqla, cəmi 43,896,99 manat təşkil edir. 13.07.2018-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 31.01.2018-ci il tarixə Cavabdeh “xxxx” ASC-yə olan borcu 19782,22 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: - əsas borc —33391,61 manat; - faiz borcu - -1759,45 manat. “xxxx” MMC-nin 08.08.2019-cu il tarixli hesabatına əsasən ipoteka predmeti olan Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi 240000 manat məbləğində qiymətləndirilmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı qətnaməni cərimə, gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz məbləğində pulun tutulmaması və məhkəmə xərcləri hissəsində mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bunlardır: ekspert faiz borcunun müqavilə müddətindən sonraya hesablamış, fərmanla ona hesablanmış kompensasiya nəzərə alınmamış, ipoteka predmetinin dəyəri aşağı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin olunmalıdır. Gecikdirilənvaxt üçün əsas borcdan illik 5 faiz məbləğində pulun tutulması ilə bağlı qiymətləndirmə: Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2. maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.5. maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq ondan sonra öhdəliliyin icra edilməməsi başa düşülür. Borclu kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində, bu müddət başa çatdıqdan sonra da borcu ödəməmiş, müqavilə ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməklə borcun ödənilməsini gecikdirmişdir. Məhkəmə kollegiyası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, gecikdirilmiş vaxt üçün beş faiz pulun tutulması qənaətinə gəlir. İddiaçı müqavilə müddətinin bitdiyi tarixdən (21 iyun 2017-ci il) məhkəməyə müraciət edildiyi tarixədək (19.03.2018-ci il) gecikməyə, yəni 9 aya görə əsas borcdan faiz tələb edir. Tutulmalı olan 33391,61 manat əsas borcun 5 %-i 1 669,6 manat, bu məbləği bir ilə böldükdə 139.1 manat təşkil edir. Həmin məbləği 9 aya vurduqda isə 1251.9 manat olduğu müəyyən olunur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, həmin hissədə tələb təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 464.1. maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467. Maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun müəyyən edilməsi hər iki tərəfin mənafeyinə uyğundur. Bundan başqa, nəzərə almaq lazımdır ki, hazırda iddiaçının gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz məbləğində pulun tutulması tələbi də təmin olunduğundan dəbbə pulunun artırılması digər tərəfin mənafeyinə uyğun deyil. Həmçinin məhkəmə xərcləri iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ekspertiza tədqiqatının dəyərinin 116 manat hissəsi Cavabdeh, 29 manat hissəsi iddiaçı “xxxx” ASC-nə aid edilməli, 354 manat qiymətləndirici şirkətə ödənilmiş pul vəsaitinin və ödənilmiş məhkəmə xərclərinin 48 manat hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin faiz borcunun hesablanmasında səhvə yol vermişdir. Belə ki, işə baxan məhkəmə 13.07.2018-ci il tarixli ekspert rəyinə əsasən borcun məbləğini müəyyən etmişdir. Həmin ekspert rəyindən görünür ki, 1759,45 manat məbləğində faiz borcu 31.01.2018-ci il tarixədək (iddiaçı təqdim etdiyi maliyyə arayışında qeyd olunan tarixə) olan borcdur. Tərəflər arasında bağlanmış 21.06.2012-ci il tarixli kredit müqaviləsinin müddəti 21.06.2017-ci il tarixdə bitmiş (60 aya bağlanmışdır), ekspert isə maliyyə arayışının verildiyi tarixə olan borcu hesablamışdır. Lakin hazırkı iş üzrə ekspert müqavilə müddətinin bitdiyi tarixə olan faiz borcunu hesablamalı idi. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə müddəti (kreditdən istifadə müddəti) bitəndən sonra əsas məbləğə müqavilədə nəzərdə tutulan qaydada faiz məbləğinin hesablanması qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası ekspert rəyi ilə qismən razılaşmır, hesab edir ki, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu silinməlidir. Həmin ekspert rəyindən görünür ki, müqavilə müddəti bitdikdən sonra hər günə düşən faiz məbləği 6.49 manatdır. Eyni zamandan rəydən o da görünür ki, müqavilə müddəti bitdikdən sonra əlavə 215 günlük faiz də hesablanmışdır. Həmin məbləğ də 1427.8 manat edir. Buna görə tələb olunan 1759.45 manat faiz borcundan qeyd olunan məbləğ çıxılmaqla cavabdehdən cəmi 331.65 manat faiz borcu tutulmalıdır. Cavabdehin digər dəlili borc müəyyənləşdirilən zaman fərmanla müəyyən olunmuş kompensasiyanın çıxılmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş kredit müqaviləsi üzrə tələb olunan əsas məbləğə görə fərmanın təsiri altına düşmür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə 21.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə 80000 manat məbləğində kredit verilmiş, hazırda da cavabdehin 33391.61 manat məbləğində əsas borcu var. İşə baxan məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası keçirilmiş və “xxxx” MMC tərəfindən verilmiş rəylə müəyyən olunur ki, mənzilin orta bazar qiyməti 240000 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyada işə baxılan zaman verilmiş rəyin obyektivliyinə şübhə olacaq heç bir hal yoxdur. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş ipotka predmetinin qiymətinin 600000-650000 manat arası olduğunu müəyyən edən 31 avqust 2018-ci il tarixli arayışı, 498298 manat 10 sentyabr 2018-ci il tarixli rəyi, 505 000 manat dəyərində müəyyən edən "xxxx" MMC-nin 10 oktyabr 2019-cu il tarixli rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, tərəflər ipoteka müqaviləsində mənzilin dəyərini 150 000 manat məbləğində qiymətləndirmiş və cavabdeh də həmin qiymət ilə razılaşmışdır. Sonradan həmin məbləğin 650 000 manatadək artması anlaşılan deyil və ipoteka ilə yüklü edilmiş evin işə olan fotoşəkilləri evin belə yüksək dəyərdə olmasını açıq-aşkar təkzib edir. Buna görə də kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli qətnaməsi cavabdehdən tutulan əsas borca hesablanmış faiz borcu hissəsində və əldən çıxmış fayda qismində 3745,93 manat tutulmasının rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddialar qismən təmin olunsun. Cavabdeh əsas borca hesablanmış faiz borcunun məbləği 331.65 manat müəyyən edilsin. Cavabdehdən iddiaçı bankın xeyrinə gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz hesablanmaqla 1251.9 (min iki yüz əlli bir manat doqquz qəpik) manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: imzalar Əsli ilə düzdür
Hakim: İsmayıl Xəlilov