Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7470/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğluvə Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz vəzifəsinə bərpa edilməsi və ona dəymiş mənəvi ziyan olaraq 30000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı müxtəlif orqanlarda müxtəlif vəzifələrdə qüsursuz çalışmışdır, 20.05.2019-cu il tarixdə Cavabdeh ASC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdən 20.11.2020-ci il tarixinə kimi həmin vəzifədə işləmişdir, çalışdığı müddətdə vəzifəsinin öhdəsindən layiqincə gəlməklə yanaşı heç bir narazılq halı müşahidə olunmamışdır, daima olaraq işinə diqqətlə və məsuliyyətlə yanaşmış, səlahiyyətinə aid olan bütün işlərin öhdəsindən peşəkarlıqla gəlmişdir, 05.11.2020-ci il tarixdə iddiaçı, növbəti əmək məzuniyyətinə çıxmışdır, məzuniyyəti başa çatmamış baş direktor Cavid Zeynalov onu işə çağıraraq işdən çıxma barədə könüllü şəkidə ərizə yazaraq işdən azad olunmağını istəmişdir, iddiaçı isə etiraz edərək heç bir səbəb və əsas olmadığı və məzuniyyətdə olduğu halda o, öz ərizəsini yazaraq işdən azad olunmasının səbəbini başa düşmədiyini rəhbərliyə bildirmişdir, rəhbərlik tərəfindən isə ona tutarlı heç bir əsas gətirilməmiş, könüllü şəkildə işçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmazsa, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən məcburi şəkildə azad
3. olunacağı ona bildirilmişdir, iddiaçı buna etiraz edərək məzuniyyətdə olduğu halda işçinin işdən azad olunmasının qanunvericiliyə zidd olduğunu və Əmək məcəlləsinin 70ci maddəsinin “ç” bəndinin hüquqi nəticələrini rəhbərliyin diqqətinə çatdırmış, həmin əsasla işdən azad olunmanın doğuracağı nəticələrin işçi üçün hansı məhrumiyyətlərə səbəb olacağını bildirmişdir, onlar nə onun dediklərinə, nə də qanunun tələblərinə baxmayaraq qanunsuz və əsassız olaraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad etmişlər, baxmayaraq ki, Əmək Məcəlləsinin 79-cu maddəsi ilə məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır, işdən azad olunduqdan sonra müraciət etməsinə baxmayaraq, əmrin surətini ona verməmişlər, əmrdə onun əmək funksiyasının yerinə yetirib-yetirməməsi, əmək müqaviləsi üzrə hansı öhdəlikləri yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı hansı yol verdiyi kobud səhvlərinin olması, hansı hüquq pozuntusuna yol verməsi göstərilməli idi, cavabdehin bu qanunsuz və nümayişkaranə şəkildə əsassız hərəkəti onun iş nüfuzuna, kollektiv içində əsassız şəkildə etibarsız və nöqsanlı şəxs kimi təqdim edilməsinə, ona maddi cəhətdən olduğu kimi, mənəvi ziyan da vurmuşdur, cavabdehin özbaşına hərəkətləri onun mənəvi sarsıntı və iztirab keçirməsi ilə nəticələnmişdir. İddiaçı nümayəndəsi və vəkili həmçinin izahatında bildirdi ki, iddiaçı işlədiyi müddət ərzində heç bir nöqsana yol verməmiş, şirkətin müdiri Zeynalov Cavid tərəfindən həmişə tərifə layiq görülmüş və şirkət heç bir vaxt onun işindən narazı qalmamışdır, hər dəfə maaş və mükafat veriləndə şirkət tərəfindən mükafatlandırılmış, şirkət tərəfindən ona verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirmişdir, 20.11.2020-ci il tarixdə tərtib olunmuş protokol ilə razı deyildir, işlədiyi müddət ərzində şirkətin nüfuzuna və maraqlarına zidd olan heç bir hərəkətə yol vermədiyindən protokolda göstərilən ifadələr əsassızdır, işinin öhdəsindən gələ bilmədiyi halda onun həmin şirkətdə uzun müddət çalışması imkansızdır, o, şirkətə işə qəbul olunanda onunla müddətsiz əmək müqaviləsi bağlanmış, o, əmək müqaviləsi ilə tanış olmuş və bütün vərəqlərdə qol çəkmişdir, sonradan əmək müqaviləsi dəyişdirilmiş və müqavilə şərtləri onun oxuduğundan fərqli yazılmışdır, oktyabr ayında “BTB” bankın müdiriyyəti ilə işlədiyi şirkətin müdiri Cavid Zeynalov arasında münaqişə yaranmış, Cavid Zeynalov bankın müdiriyyətinin qarşısında özünə bəraət qazanmaq üçün nöqsanların hamısını onun boynuna atmağa çalışmışdır, 05.11.2020-ci il tarixdə o, məcburi qaydada məzuniyyətə çıxarılmış və onun məzuniyyəti 05.12.2020-ci il tarixdə bitməli idi, 17.11.2020-ci il tarixdə onun şirkətin mühüm təcili işləri ilə əlaqədar olaraq məzuniyyətdən geri çağırılması məhkəməyə təqdim olunmuş sənədləri gördükdən sonra ona məlum olmuşdur, həmin təqdim edilmiş məktubdan görünür ki, guya ona 18 noyabr 2020-ci il tarixdə məktub göndərilmişdir, halbuki onun bundan heç bir xəbəri olmamış, ona zəng olunmamış, qeydiyyatda olduğu ünvana bu barədə bildiriş gəlməmişdir, 20.11.2020-ci il tarixdə heç bir əsas olmadan guya iclas keçirilmiş, onun şirkətin təcili məhkəmə işləri ilə əlaqədar 17.11.2020-ci il tarixdən məzuniyətdən geri çağırıldığı qanunsuz və saxta yolla tərtib edilmiş protokoldan görünsə də, hansı təcili məhkəmə işləri olması məlum deyil, belə bir iclas keçirilibsə də, o, ora dəvət edilməmiş, onun izahatı alınmamış, ehtimallar əsasında qərar qəbul edilmişdir, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, ona xəbərdarlıq edilmədən şirkətin əmri ilə 20.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunmuş, o, işdən azad edilməyi barədə əmrlə tanış olmamış və əmrin sürəti ona göndərilməmişdir, həmin əmrdə göstərilən hansı əmək funksiyasını yerinə yetirmədiyi, əmək müqaviləsi üzrə hansı öhdəliklərin yerini yetirilməməsi də məlum deyildir, Xətai Rayon Prokurorluğunun fakt üzrə açılmış cinayət işinin başlanması ilə əlaqədar qərarda göstərilən əməllərin heç biri həqiqəti əks etdirmir, göstərilən avtomobillər hamısı Cavabdeh ASC-yə məxsusdur və ayrı-ayrı alıcılar tərəfindən öhdəliklərin ötürülməsi müqaviləsi üzrə idarə olunur, qərarda göstərilən avtomobillər əgər kiməsə qeyri-qanuni satılıbsa, niyə müqavilə üzrə öhdəliyi qəbul edən alıcılar tərəfindən öhdəliklərin ötürülməsi müqaviləsi üzrə idarə olunur, qərarda göstərilən avtomobillər əgər kiməsə qeyri-qanuni satılıbsa, niyə müqavilə üzrə öhdəliyi qəbul edən alıcılar tərəfindən sürülür, həmçinin həmin qərarın onun işdən azad olunmağı barədə əmrə aid olmadıdığı üçün subut kimi qəbul edilməməlidir, həmin işlə əlaqədar onun tərəfindən müvafiq dövlət orqanlarına C.Zeynalovun qanunsuz hərəkətləri barəsində şikayətlər olmuşdur, qərarda göstərilən faktlar hec biri öz əksini tapmır, Cavabdeh ASC-nin balansında olan avtomobillər hər qün C.Zeynalov tərəfindən monitorinq olunur və sadalanan avtomobillər hamısı şirkətdədir, əmək müqaviləsi bildirişindən 20 noyabr 2020-ci il tarixdə işdən azad olunmağı barədə əmr verilməsinə baxmayaraq, sistemə 23 noyabr 2020-ci il tarixdə imzalanmaqla yerləşdirilmiş olduğu da görünür və cavabdehin nümayəndəsinin məhkəmədə etiraf etdiyi kimi, ona göndərilməmişdir, iddia müddətinin ötürülməsinə münasibətdə isə 20.12.2020-ci il tarixi bazar günü olduğu üçün iddia ərizəsi rəsmi məhkəməyə 21.12.2020 il tarixdə göndərilmişdir, bundan əlavə olaraq bu cür mübahisələrdə iddia müddəti əmək kitabçasıın və müvafiq əmrin işçiyə verildiyi gün başladığından, cavabdehin də etiraf etdiyi kimi həmin sənədlər mənə təqdim edilmədiyindən iddia ərizəsinin qanunvericiliyin tələblərinə müvafiq verildiyini, tələb olunan müddətin buraxılmadığını hesab edir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, 26.02.2021-ci il l tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, BTB Leasing» Açıq Səhmdar Cəmiyyətinin “əmək müqaviləsinə xitam verilməsi” barədə 26/k saylı 20.11.2020-ci il tarixli Əmri ləğv edilməsi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətində tutduğu Hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa olunması və ona 20.11.2020-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməsi qət edilmişdir (sədrlik edən: Şəhriyar Əliyev).
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı C.Əlizadə həmin şirkətdə işləyən zaman vətəndaşların şirkətə olan ödəmələrindəki gecikmələrinə məhəl qoymamışdır, hətta ASC-yə ödənilməli olan 200-300 gün gecikən ödəmələr mövcud olsa da, bununla maraqlanmamış, şirkət qarşısında debitorlar üzərinə ötürdükləri öhdəlikləri icra etməsələr də, iddiaçı bu barədə müvafiq tədbirləri görməmiş, şirkətin mənafeyinin təmin edilməsi məqsədi ilə öhdəliklərin icra edilməsi barədə məhkəmədə iddialar qaldırmamışdır.Halbuki, onunla bağlanılan əmək müqaviləsindən də onun vəzifəsi ASCnin Azərbaycan Respublikası ərazisində, qanunvericilik, icra orqanlarında və onların ərazi idarələrində, həmçinin mülkiyyət formasından və qeydiyyat yerindən asılı olmayaraq bütün təşkilatlarda təmsil etmək, cəmiyyətin adından müvafiq sənədləri imza etmək, müxtəlif sənədləri təqdim və qəbul etmək, bağlanmış müqavilələr üzrə iddia irəli sürmək, cəmiyyətin adından Azərbaycan Respublikasının ümumi, iqtisad məhkəmələrində, məhkəmə icra şöbələri, hüquq mühafizə orqanlarında nümayəndə qismində iştirak etmək, qanunvericiliklə iddiaçı, cavabdeh, üçüncü şəxslərə, lizinq verənə məxsus olan hüquqlardan istifadə etmək, prosessual və digər hərəkətləri etmək, həmçinin iddia ərizəsini məhkəməyə təqdim etmək, iddia və ya qarşılıqlı iddia ərizəsinə etiraz və ya mülahizələr etmək və vermək, işin müvəffəqiyyətli həlli üçün məhkəmə aktlarından, ümumi, iqtisad məhkəmələrinin qərarlarından, icra məmurlarının hərəkət və hərəkətsizliyindən şikayət vermək, işin qiyabi icraat qaydasında baxılması ilə əlaqədar ərizələri imzalamaqdan ibarət olmuşdur. V.Nəsibov həmçinin izahatında bildirmişdir ki, 2020-ci ilin noyabr ayında iddiaçı işdən çıxarılmış, hətta onun müəssisədə işlədiyi dövrdə də haqqına Baş Mütəşəkkil Cinayətkarlıqda mübarizə idarəsində Xətai rayon Prokurorluğunda və digər orqanlarda araşdırmalar aparılmışdır, son olaraq isə bütün materiallar 12 fevral 2021-ci il tarixdə toplanaraq Xətai rayon Prokurorluğuna göndərilmiş və cinayət işinin başlanması haqqında qərar qəbul olunmuşdur. Məhz bu əsaslarla iddiaçının işdən çıxarılması haqlı səbəblərə söykənmişdir, işdən çıxarılandan sonra ona əmrin surəti və əmək kitabçasının ona təqdim edilməsinə dair müxtəlif tədbirlər görülsə də, iddiaçı həmin sənədləri götürməkdən imtina etmişdir.Əmək kitabçasını götürməyi başqasına tapşırmışdır, həmin əmri ASC-nin inzibati binasından götürməli və şəxsən imza edərək almalı olduğundan əmri götürməmiş, həmin əmr hələ də ona göndərilməmişdir, əmək müqaviləsinə xitam edilməsi barədə əmr tamamilə qanuni və əsaslı olduğundan, iddia tələbini qəbul etməmiş, həmçinin iddia ərizəsi iddiaçı tərəfindən əmək qanunvericiliyinə əsasən müəyyən olunmuş iddia müddəti ötürməklə verilmişdir. İddiaçının işdən çıxarılması onun məzuniyyətdə olduğu dövründə olsa da məzuniyyətdən qayıtmanın zəruriliyi barədə əvvəlcə onun özünə bildirilmiş, lakin o, məzuniyyətdən qayıtmaqdan imtina etmişdir. Belə olan halda onun işdən çıxarılması məsələsi ümumi iclasda müzakirə olunmuş və iclasda belə nəticəyə gəlinmişdir ki, iddiaçı işdən çıxarılsın. İddiaçı iş yerində özbaşınalıq törətmiş, vətəndaşlara şirkət avtomobilləri pul müqabilində qanunsuz olaraq satmışdır. İddiaçı məzuniyyətdə olan zaman isə onun əməllərindən zərərçəkən vətəndaşlar iş yerinə kütləvi şəkildə gəlmiş, öz haqlarını tələb etmişlər. Beləliklə, iddiaçı öz qanunsuzluqları ilə həm müəssisənin mənafeyinə ciddi xələl gətirmiş, həm də vətəndaşlara qarşı cinayət tərkibli əməl törətmişdir. İddiaçı barədə cinayət işi açılmış və barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərar vardır. Bütün bu səbəblərdən də onun əməlləri əmək fəaliyyəti zamanı yol verilmiş kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmə kimi qiymətləndirilərək haqlı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinin xitamına səbəb olmuşdur. Tərəflərin izahatları:
7. İclasın yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Sübutların tədqiqi:
8. İş materiallarında olan İddiaçı ******* saylı Əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 20.05.2019-cu il tarixli 14/K saylı əmri ilə Cavabdeh ASC-yə Hüquq departamentinin rəhbəri vəzifəsinə işə qəbul edilmiş, 26/K saylı 20.11.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad olunmuşdur.
9. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 20.05.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, ƏliX3 Cavabdeh ASC-də Cavabdeh ASC-nin Hüquq departamentinin rəhbəri vəzifəsinə işə qəbul olunmuşdur, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır, işçinin əmək haqqısı 1102 manat müəyyən edilmişdir.
10. Cavabdeh ASC-nin 14/k saylı, 20.05.2019-cu il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı 20.05.2019-cu il tarixdən Cavabdeh ASC-yə Hüquq departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdir.
11. İş materiallarında olan Cavabdeh ASC-nin 20/k saylı, 02.11.2020-cu il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı 20.05.2019-20.05.2021- ci il dövrünə görə 30 təqvim günü əmək məzuniyyəti təqdim edilmiş, işə qayıtma tarixi kimi 02.12.2020-ci il tarixi müəyyən edilmişdir.
12. Həmçinin, iş materiallarında olan Cavabdeh ASC-nin 26/k saylı 20.11.2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı 20.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad olunmuş və onunla bağlanmış 20.05.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş, 20.05.2019-20.11.2019-cu il dövrü üçün istifadə edilməyən məzuniyyətə görə 15 t.g kompensasiya ödənilməsi əmr edilmişdir, əmrin verilməsi əsası ümumi iclasın protokolu olmuşdur.
13. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında 20.05.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 26/k saylı, 20.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, bu barədə məlumatlar 20.11.2020-ci il tarixdə sistemə daxil edilmişdir.
14. İş materiallarında olan Cavabdeh ASC-nin ümumi iclasının 20.11.2020-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı işində olan kobud nöqsanlara və səhlənkarlıqlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad olunması qərara alınmışdır. Hüquqi dəyərləndirmə:
15. Belə ki, iş materiallarında olan əmək haqqı üzrə çıxarışın surətindən görünür ki, İddiaçı 30.11.2020-ci il tarixində 488.66 manat ödəniş edilmiş, həmin məbləğ onun hesabına 13.01.2021-ci il tarixində yüklənmişdir.
16. Həmçinin iş materiallarına əlavə edilmiş əmək haqqı üzrə çıxarışın surətindən görünür ki, İddiaçı 03.11.2020-ci il tarixində 987.31 manat ödəniş edilmiş, həmin məbləğ onun hesabına 13.01.2021-ci il tarixində yüklənmişdir.
17. Kollegiya tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəflər arasında 20.05.2019-cu il tarixində bağlanmış müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh ASC-yə Hüquq departamentinin rəhbəri vəzifəsinə işə qəbul olunmuşdur, işçinin aylıq əmək haqqı 1102 manat olmuşdur, 02.11.2020-cu il tarixində iddiaçıya, işə qayıtma tarixi kimi 02.12.2020-ci il olmaqla, 30 təqvim günü əmək məzuniyyəti verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən 20.11.2020-ci il tarixdən xitam verilmişdir, bunun səbəbi kimi işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. C.H.Əlizadəyə 03.11.2020-ci il tarixində 987.31 manat, 30.11.2020-ci il tarixində 488.66 manat ödəniş edilmişdir, 12.02.2021-ci il tarixdə fakta görə cinayət işi başlanımışdır, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir, iddiaçı əmək məzuniyyətindən vaxtından əvvəl geri çağırılmasına razılıq verməmişdir.
18. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, işçinin əmək məzuniyyətindən geri çağırılmasına əsas verən qanunvericiliklə müəyyən olunmuş müstəsna hallar, yəni istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olan halların mövcud olması, bu barədə müəssisə tərəfindən müvafiq əmr (sərəncam) çıxarılmaqla rəsmiləşdirilmə aparılması, həmçinin işçinin əmək məzuniyyətindən geri çağırılmasına razılıq verilməsi halları məhkəmə kollegiyası tərəfindən müəyyən olunmamışdır.
19. Apellyasiya instansiya məhkəməsi, iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” hissəsinə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyi ilə qadağan olunmasına baxmayaraq, cavabdeh tərəfindən işçinin əmək məzuniyyətində olduğu dövrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
20. Kollegiya, “cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə” münasibətdə isə bildirir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununa dair tələblər qanunvericiliklə müəyyən olunmasına baxmayaraq, müvafiq əmr işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, həmin əmrdə müəssisənin hüquqi ünvanı göstərilməmiş, həmçinin əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bundan əlavə olaraq, əmrin çıxarılması üçün əsas olan rəsmi sənəd kimi göstərilmiş ümumi iclasın protokolu, belə əmrin verilməsi üçün işçinin öz əmək funksiyalarını pozması barədə halları deyil, onun işdən çıxarılması barədə göstərişi ifadə edir. Halbuki əmək müqaviləsinə xitam verilməsi işəgötürənin səlahiyyətlərinə aiddir.
21. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə “ümumi iclasın protokolu” əmək müqaviləsinə xitam verilməsinə dair əmrin çıxarılması üçün əsas olan rəsmi sənəd kimi nəzərə alına bilməz. Bu isə əmrin əsaslı olmaması barədə nəticəyə gəlmək üçün yetərlidir.
22. Kollegiya, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə sübutetmə ilə bağlıdır və iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, mənəvi zərər vurulmasına əsas olan hallara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir.
23. Məhkəmə cavabdehin “iddiaçının əmək məzuniyyətindən geri çağırılması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, işçinin əmək məzuniyyətindən geri çağırılması məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir, belə ki, işəgötürənin təşəbbüsü ilə işçinin əmək məzuniyyətindən geri çağırılmasına yalnız müstəsna hallarda işçinin razılığa ilə yol verilir, bu halların dairəsi də qanunverici tərəfindən dəqiq müəyyən olunmuş, bunlara istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurətinin olması halları aid edilmişdir. İkincisi, əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətindən geriçağırmanın əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməli olması imperativ norma kimi nəzərdə tutulmuşdur ki, hazırkı iş üzrə də iddiaçının əmək məzuniyyətindən geri çağırılmasına əsas olan müstəsna hallar iş materialları ilə müəyyən olunmur, həmçinin işin mübahisəsiz hallarından işçinin əmək məzuniyyətindən geri çağırılmasına razılıq vermədiyi görünür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri mülahizələrə əsaslandığından məhkəmə tərəfindən nəzərə alına bilməz.
24. Məhkəmə, iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, qanunvericiliklə hazırki mübahisə ilə bağlı 1 aylıq iddia müddəti müəyyən edilmişdir, həmin iddia müddəti işçinin hüququnun pozulmasının aşkar edildiyi gün başlayır və bunun başladığı gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün hesab olunur ki, hazırkı mübahisəə üzrə də, məhkəmə tərəfindən işin mübahisəsiz hallarından, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya rəsmi qaydada təqdim edildiyi görünmür.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir.
26. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı müəssisədə işlədiyi dövrdə haqqında Baş Mütəşəkkil Cinayətkarlıqda mübarizə idarəsində Xətai rayon Prokurorluğunda və digər orqanlarda araşdırmalar aparılmışdır, son olaraq isə bütün materiallar 12 fevral 2021-ci il tarixdə toplanaraq Xətai rayon Prokurorluğuna göndərilmiş və cinayət işinin başlanması haqqında qərar qəbul olunmuşdur. Cavabdeh cinayət işinin başlanması haqqında qərarı məhkəməyə təqdim edə bilərdi. Lakin iş materiallarında bu halı təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir. Həmçinin şikayətdə o da göstərilmişdir ki, iddiaçı iş yerində özbaşınalıq törətmiş, vətəndaşlara şirkət avtomobillərini pul müqabilində qanunsuz olaraq satmışdır. Bu hallar qeyd olunsa da cavabdeh tərəf bununla bağlı da hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir.
27. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri).
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər.
29. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
30. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcələnin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
31. Həmin Məcələnin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcələnin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
32. Həmin Məcələnin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.
33. Həmin Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 137-ci maddəsinin 2-ci hissəsinə əsasən, müstəsna hallarda istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
34. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
35. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
36. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.
37. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.
38. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93).
39. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.