Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7479/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7479/2022 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı şəhəri 23 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xanlar qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-71/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ilə QSC “Bank Standard” KB arasında 13 dekabr 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/52227/13 saylı müqavilə bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 6 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.
2. 13 dekabr 2013-cü il tarixli 1xx/xx/52227/13 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzili 13 dekabr 20 13-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Bank ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli 1xx/xx/52227/13 saylı zaminlik müqaviləsi və daha sonra xx.xx.2013-cü il tarixli 1xx/xx/52227/13 saylı zaminlik müqaviləsinə 02 saylı əlavə sazişə əsasən Cavabdeh2 öhdəliklərin icrasını təmin etmək məqsədilə 13 dekabr 2013-cü il tarixli 1xx/xx/52227/13 saylı Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
4. xx.xx.2015-ci il tarixli 1xx/xx/52227/13 saylı kredit müqaviləsinə 02 saylı əlavə sazişə əsasən, Cavabdeh2 50.000 manat və əlavə olaraq 34585.24 manat məbləğində kredit verilmiş və müqavilə müddəti xx.xx.2017-ci il tarixinə kimi uzadılmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC cavabdehlər Cavabdeh1 Sabir oğlu, Cavabdeh2 Astan oğlu, Nümayəndə Fərhad oğlu, Cavabdeh3 Xanlar qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair iş üzrə iddia tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2013-cü il tarixli 1xx/xx/52227/13 saylı kredit müqaviləsi üzrə 47479.36 manat məbləğində əsas borc, 7844.58 manat məbləğində faiz borcu, 25488.77 manat məbləğində cərimə borcu, 5838.74 manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 86651.45 manat məbləğində pulun, 30 manat dövlət rüsümunun və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmasına; ipoteka predmetinin ilkin satış qiymətinin 124.800 manat məbləğində müəyyən edilməklə tutmanın Cavabdeh2 tutulmalı olan məbləği Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilə yönəldilməsinə və həmin mənzilin açıq hərracdan satılmasına; Mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 qız mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə QSC “Bank Standard” KB (bundan sonra - Bank) arasında 13 dekabr 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/52227/13 saylı müqavilə bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 6 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 1xx/xx/52227/13 saylı kredit müqaviləsinə 02 saylı əlavə sazişə əsasən, cavabdehə 50.000 manat və əlavə olaraq 34585.24 manat məbləğində kredit verilmiş və müqavilə müddəti xx.xx.2017-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzili 13 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. (çıxarış nömrəsi: RX0571839, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72- 05301-093010, qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: **********). xx.xx.2015-ci il tarixli 1xx/xx/52227/13 saylı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişə əsasən, Cavabdehə 50.000 manat və əlavə olaraq 34585.24 manat məbləğində kredit verilmiş və müqavilə müddəti xx.xx.2017-ci il tarixinə kimi uzadılmışdır. Cavabdeh2 öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında 13 dekabr 2013-cü il tarixli 1xx/xx/52227/13 saylı zaminlik müqaviləsi və daha sonra xx.xx.2013-cü il tarixli 1xx/xx/52227/13 saylı zaminlik müqaviləsinə 02 saylı əlavə saziş əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onların Banka borcu qalmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-71/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə 47479,36 manat məbləğində əsas borc, 7844,58 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, 5838,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 62162,68 manat məbləğində pul, 30 manat dövlət rüsümu və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu tutulmas, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 208400 manat müəyyən edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilin satılması və ondan əldə ediləcək vəsait Cavabdeh2 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılması, əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada caavbdehlər Cavabdeh2 və Cavabdeh1 LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzil hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzili tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 tutularaq “X3” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 295, 296, 317, 319.1, 319.4, 319.6, 385.1, 421.1, 423.2, 442, 443.1, 448.1, 462.1, 464.1, 465.2, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39, 54.3.1, 59.3.2, 59.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. iddiaçı tərəf apellyasiya şikayəti verərək, qatnamənin qismən-ipoteka predmetinin qiymətləndirilməsi, zaminliyə münasibət və cərimə məbləği hissəsində dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiymətinin 124800 nanat məbləğində müəyyən edilməsinə və cərimə borcu üzrə tələbin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi 13 dekabr 2013-cü il tarixli 1xx/xx/52227/13 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmeti 124.800 manat məbləğində qiymətləndirilmişdir. Lakin, məhkəmə “X3” MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini 208.400 manat müəyyən etmişdir. Məhkəmə ipoteka müqaviləsi bağlanarkən aparılmış qiymətləndirməni qəbul etməməklə, “X3” MMC tərəfindən verilmiş rəyi qəbul etməsini qətnamədə lazımi qaydada əsaslandırmamışdır. Təkrarən qiymətləndirmə ekspertizası həyata keçirilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ekspert rəfindən rəy verilərkən ekspertiza düzgün müqayisəli şəkildə aparılmamış, qiymət əsassız və qeyri-real olmaqla iki dəfədən artıq şişirdilmişdir. Qeyd olunanlardan başqa Bankın tələbi üzrə iddia ərizəsində cərimə borcu 25488.77 manat məbləğində müəyyən edildiyi halda məhkəmə qətnamədə cərimə borcunu 1000 manat müəyyən etmiş, məbləğin əhəmiyyətli dərəcədə aşağı salnması zəruriliyini lazimi qaydada əsaslandırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi sözügedən kredit müqaviləsi üzrə zamin olan şəxsin zaminlik müqaviləsinə əsassız xitam vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat onun təmin edilməsini xahiş etmişdir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 295 Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
15. Maddə 296 Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir.
16. Maddə 317 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
17. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
18. Maddə 319.4 Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
19. Maddə 319.6 İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 462.1 Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. Maddə 464.1 Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
28. Maddə 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
30. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür
31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 39.4 Nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
33. Maddə 59.3.2 İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həminevə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir
38. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki apelyasiya baxışının predmetini qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, zaminlik və cərimə məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə məbləğinə aid hissəsində dəyişdirilməlidir.
44. Qətnamənin mübahisələndirilən cavabdehlərdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
45. Yuxarıda göstərildiyi kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
47. Hazırki işin hallarından görünür ki, kredit borclularının 47479,36 manat olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı 25488,77 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini düzgün qiymətləndirməmişdir. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 3.000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
48. Apellyasiya şikayətinin zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlı dəlilinə qiymət verərək kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi zaminliyə xitam verməmişdir.
49. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır.
50. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Belə ki, iş materiallarında olan “X3” MMC-nin xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilin bazar qiyməti 208.400 manat təşkil edir.
52. İşin apellyasiya baxışı zamanı zərurət yarandığından ipoteka predmeti olan mənzilin likvid dəyərinin müəyyən olunması məqsədilə təkrar qiymətləndirmə təyin edilmiş və qiymətləndiricinin 08 iyun 2022-ci il tarixli 0050 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilin likvid dəyəri 210.000 manat təşkil edir.
53. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
54. “İpoteka haqqında” Azərbaycan Rspublikası Qanununun 39.3.3-cü maddəsinə əsaəsn ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
56. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilmiş qiymətləndirmə rəyi ilə apellyasiya instansiya məhkəməsində keçirilmiş qiymətləndirmə rəyi üzrə gəlinən nəticə üst üstə düşür. Hətta apellyasiya instansiya məhkəməsində keçirilmiş qiymətləndirmə ekspertizasının rəyi üzrə gəlinən nəticə (əmlakın qiyməti) bir qədər də artıqdır.
57. Belə olan halda kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamış və apelyator da bununla bağlı hər hansı bir sübut tədim etməmişdir.
58. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə cərimə məbləği hissəsində dəyişdirilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cərimə borcunun məbləği 3.000 (üç min) manat müəyyən edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı LPO "xxxx" KB QSC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-71/2021 saylı iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1000 (bir min) manat cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cərimə borcunun məbləği 3.000 (üç min) manat müəyyənləşdirilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçı LPO "xxxx" KB QSC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin.(Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi M/h-Az12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHSSZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i-**********, müxbir hesab AZ82NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov