Məhkəmə qərarları › İş №2(103)-749/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-749/2025

25.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-749/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-2(007)- 318/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahlarından 31 yanvar 2010-cu il təvəllüdlü X7 və 07 iyul 2013-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-933/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə ilə tərəflərin arasında 17 fevral 2009-cu il tarixdə bağlanmış nikahın pozulması, 31 yanvar 2010-cu il təvəllüdlü X7 və 07 iyul 2013-cü il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması, 31 yanvar 2010-cu il təvəllüdlü X4 və 07 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 21 yanvar 2020-ci il tarixdən hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda tərəflər arasında olan nikah münasibətləri pozulduğu və mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 dekabr 2008-ci il tarixdə Bakı şəhər sakini Cavabdeh ilə evlənib ailə qurub. Nikahları 17 fevral 2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində qeydə alınıb. Birgə nikahlarından 31 yanvar 2010-cu il tarixdə X7 və X5 dünyaya gəlib. Lakin sonradan əri Cavabdeh ailə münasibətlərində yol verdiyi kobud hərəkətləri nəticəsində münasibətləri tam pozulub və məcbur olub, aralarında bağlanmış nikahın pozulması barədə Nizami Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edib. Həmin məhkəmənin 02 iyun 2020-ci il tarixli, 2(007)-933/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, Cavabdehla aralarında 17 fevral 2009cu il tarixdə bağlanmış nikah pozulub. Eləcə də həmin qətnaməyə əsasən hər iki azyaşlı uşaqları onun himayəsində saxlanılıb və keçmiş əri Cavabdeh hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilib. Bununla belə Cavabdeh üç ildən artıq müddətdir ki, aliment vəsaitini ödəmir. Həmçinin bildirir ki, Cavabdehla birgə nikahda olduğu dövrdə, konkret olaraq 2017-ci ildə onlar "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı 3 otaqlı mənzili onun adına rəsmiləşdirərək alıblar. Həmin dövrdə o da artıq işləyirdi. Belə ki, o artıq 13 iyun 2017-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi işə düzələrək xidmət etməyə başlayıb. Əmək haqqı kifayət qədər normaldır. Onlar həmin mənzili alarkən "xxxx" MMC-yə ilkin olaraq 37500 (otuz yeddi min beş yüz) manat pul ödəyiblər. Sonrakı dövrdə isə onlar hər ay bu mənzilə görə 1300 (min üç yüz) manat pul ödəyiblər. Eləcə də birgə nikahda olduqları dövrdə, yəni 2019-cu ilin yay-payız dövründə onlar birgə qazanclarının hesabına həmin mənzili tam təmir ediblər. Təmirə təxminən 60000 (altımış min) manat pul sərf ediblər. Lakin nikahları pozulduqdan sonra keçmiş əri Cavabdeh evdən gedərkən aylarla birgə yığdıqları pulu da özü ilə götürüb, həmin pul vəsaiti hesabına yüksək mərtəbəli yaşayış binasında aldıqları evin ödənilməmiş hissəsini "xxxx" MMC-nin hesabına köçürdüb. Aldıqları evin sənədləri ilə bu evə görə ödəmə qəbzləri hazırda cavabdehdədir. Onları məhkəməyə təqdim edəcəkdir. Belə ki, bu barədə vəkili və nümayəndəsi tərəfindən "xxxx" MMC-yə sorğu göndərilib. Məhkəmənin hazırlıq iclasınadək müqavilənin və ödəmə qəbzlərinin surətlərini təqdim edəcəkdir. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı 3 otaqlı mənzili keçmiş əri Cavabdeh ilə birlikdə alıb, tam təmir ediblər. Bundan başqa, onlar birgə nikahda olduqları dövrdə 23000 (iyirmi üç min) manata cavabdehin adına “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil alıblar və Cavabdeh avtomobili istifadə etməyə başlayıb. Həmin avtomobil hazırda onun mülkiyyətində və istifadəsindədir. Həmçinin, Cavabdehla birgə nikahda olduqları dövrdə o, öz adına aşağıda qeyd etdiyi avtomobilləri də alıb: 1. “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobili; 2. “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobili; 3. “Mercedes Benz 280” markalı, **-HT-*** qeydiyyat nömrəli minik avtomobili. Nikah pozulduqdan sonrakı dövrdə Cavabdeh birlikdə aldıqları avtomobillərdən və evdən ona pay ayırmadı. O, hazırda iki azyaşlı uşaqlarını yaşlı anasının maddi köməyi hesabına böyüdür. Onların evləri yoxdur və iki uşağı ilə birlikdə anasına məxsus evdə yaşayır. Cavabdeh məhkəmə tərəfindən təyin edilmiş aliment vəsaitini ödəməməklə yanaşı uşaqlarının ehtiyaclarının qarşılanması üçün ona maddi köməklik göstərmir və mülki qanunvericiliklə ona çatmalı olan əmlakı verməkdən də imtina edir. Qeyd edilən mübahisələrlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin Mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh bundan imtina etdiyi üçün aralarında razılıq əldə edilməyib. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən ona “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayış verilib. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən, yuxanda göstərdiyi daşınmaz əmlak olan mənzilin, eləcə də daşınar əmlak olan avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə Cavabdeh payları müəyyən olunub bölünməlidir. Qeyd edilənlərə əsasən birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, birgə nikah dövründə birlikdə aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş “BMW-650” markalı, **- KC-*** qeydiyyat nömrəli, “BMW 5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli, “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “Mercedes Benz 280” markalı, **-HT-*** qeydiyyat nömrəli avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, mediasiya prosesi üçün ödədiyi 51 manat, dövlət rüsumu kimi ödədiyim 50 manat, cəmi 101 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü madəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbində qeyd edilmiş “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil cavabdehlə birgə nikah dövründə alınaraq satılsa da, həmin avtomobilin alqı-satqı müqaviləsini əldə etmək mümkün olmamışdır. Ona görə də, göstərilən avtomobilin dəyəri ilə bağlı mütəxəssis rəyi alınmış və elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə olunmuşdur. Digər tərəfdən iş materiallarına əsasən ilkin iddiada göstərilmiş “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil də birgə nikah dövründə alınaraq tərəflər arasında nikah pozulmazdan əvvəl, yəni 25 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon sakini X3 10000 (on min) manata satılmışdır. Həmçinin bildirir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə o, cavabdehin yalnız bir ədəd, yəni “BMW-650” markalı, **-KC- *** qeydiyyat nömrəli avtomobil aldığını bilib. Cavabdeh digər avtomobilləri alması və satmasından xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, birgə nikah dövründə aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli və “Mercedes Benz 280” markalı, **-HT-*** qeydiyyat nömrəli avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, birgə nikah dövründə alınmış və Cavabdeh adına rəsmiləşdirilməklə sonradan birgə nikah dövründə 10000 manata satılmış “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin dəyərinin 1/2 hissəsinin, yəni 5000 (beş min) manat pulun, eləcə də birgə nikah dövründə alınmış və Cavabdeh adına rəsmiləşdirilməklə sonradan birgə nikah dövründə satılmış 24000 (iyirmi dörd min) manat dəyərində “Range Rover” markalı, 10 TJ-103 qeydiyyat nömrəli avtomobilin tam dəyərinin 1/2 hissəsinin, yəni 12000 (on iki min) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, mediasiya prosesi üçün ödədiyi 51 (əlli bir), dövlət rüsumu kimi ödədiyi 91 (doxsan bir), cəmi isə 142 (yüz qırx iki) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı qaldırdığı iddia tələbi tam əsassızdır və qanunvericiliklə müəyyən olunmuş iddia müddəti ötürülüb. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(007)-933/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmı nikah qeydinin pozulması qət edilib. Sözügedən qətnamə 14 iyul 2020-ci il tarixdə qüvvəyə minib. Göründüyü kimi, İddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürüb. Göründüyü kimi, qanunvericiliklə nəzərdə tutulmasına baxmayaraq mübahisə predmeti barəsində İddiaçı tərəfindən üzürsüz səbəbdən vaxtında məhkəməyə müraciət edilməyib və bununla da iddia müddəti ötürülüb. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-2(007)- 318/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, icraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh paylarının müəyyən edilməsi, “Mercedes Benz 280” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı və “BMW 650” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pulun Cavabdeh tutulub, İddiaçı ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmişlər, iddia tələblərində qeyd olunan əmlaklar Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonrakı müddətdə əldə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “BMW-650” markalı, **-KC- *** qeydiyyat nömrəli avtomobil xx.xx.2019-cu ildə, “Mercedes Benz 280” markalı 90-HT 522 qeydiyyat nömrəli avtomobil isə xx.xx.2011-ci ildə əldə edilmiş və hazırda da cavabdehin mülkiyyətindədir. Belə ki, əmlakın xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə tərəfin birinin müstəqil qazancının olub olmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Hazırda tərəflər arasında olan ailə münasibətləri pisləşdiyi və mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığı üçün iddiaçı birgə nikah dövründə əldə olunmuş ümumi əmlakda olan payların müəyyən edilməsini istəyir. Məhkəmə toplanmış sübutları tədqiq edərək hesab etmişdir ki, iddia tələbi həmin avtomobillərə aid hissədə əsaslıdır, əmlak üzərində payların müəyyən edilməsinə maneələr yoxdur. Məhkəmə iddia tələbinin “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobillərin satışından əldə edilmiş vəsaitinin yarısının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin xx.xx.2014-cü ildə cavabdehin adına qeydiyyata alınıb, xx.xx.2018-ci ildə isə özgəninkiləşdirilib lakin alqı-satqı müqaviləsi məhv olub. İddiaçı texniki cəhətdən işlək vəziyyətdə olan 2004-cü il buraxılışlı, qara rəngli, “Range Rover” markalı minik avtomobilinin hazırkı dövrə olan orta bazar qiymətinin 24000 manat təşkil etməsi ilə bağlı qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmişdir. Həmçinin, “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci ildə satıldıqdan sonra "BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil həmin gündə cavabdehin adına qeydiyyata alınmış və həmin avtomobil xx.xx.2018-ci ildə X3 10000 manata satılmışdır. Göründüyü kimi hər iki avtomobil birgə nikah dövründə əldə edilmiş, həmçinin birgə nikah dövründə, tərəflərin birgə ailə təsərrüfatını idarə etdiyi vaxtlarda özgəninkiləşdirilmişdir. Hazırda həmin avtomobillər cavabdehin mülkiyyətində deyil və hər biri nikah dövründə özgəninkiləşdirilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmlaklar nikah dövründə əldə edilsə də, nikah dövründə və tərəflərin faktiki olaraq ailə təsərrüfatını idarə etdikləri dövrdə satıldığından avtomobillərin satışından əldə edilən vəsaitinin ailə məsrəflərinə sərf edildiyi ehtimal edilir. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsassız hesab etmişdir. İddiaçı əksini sübut edəcək dəlillərinə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 9 mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 39 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub tikinti işləri başa çatdıqdan sonra bir pay kimi Cavabdeh verilib. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 100130 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə ilə müəyyən olunmuş, göstərilən mənzilin qiymətinin bir hissəsi, 37500 manat məbləğində ilkin olaraq ödənilib. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 23 ədəd qəbzlə tərəflərin birgə nikahı dövründə həmçinin 29900 manat ödəniş edilməsi öz təsdiqini tapmışdır. Həmin mənzil xx.xx.2021-ci ildə təmirə buraxılıb və hazırda mənzilin dəyəri tam ödənilib. İddiaçı mənzilin dəyərinin tam şəkildə nikah dövründə ödənildiyini və mənzilin nikah dövründə təmir edildiyini qeyd etmiş, cavabdeh tərəf isə 2017-2019-cu illərdə mənzilin dəyərindən 29900 manat ödənildiyi və mənzilin nikah dövründə təmir olunmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı mənzilin dəyərindən ilkin olaraq 37500 manat və nikah dövründə 29900 manat, yəni ümumilikdə 67400 manat ödənilməsi öz təsdiqini tapmışdır. Lakin tərəflərin birgə nikahı dövründə, birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə mənzilin ödənişlərinin başa çatması halı öz təsdiqini tapmamış, iddiaçı həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən 2(007)-933/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnamə (tərəflər arasında olan nikahın pozulması, alimentin ödənilməsi) nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı həmin iddia tələbinə “2017-ci ildə (tərəflər birgə nikahda olduqları müddətdə) Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 1 ci blok 9-ci mərtəbədə ümumi sahəsi 117,80 kv.m olan 3 otaqlı, 39 saylı mənzili almışlar. Hal-hazırda belə binanın inşası davam etdirilir. Bu məqsədlə “İnşaat Konstruksiyaları" MMC-yə (VÖEN:**********) ilkin olaraq 37500 (otuz yeddi min beş yüz) manat, daha sonra isə aylıq 1300 (bir min üç yüz) manat olmaqla 29900 (iyirmi doqquz min doqquz yüz) manat ödəniş etmişlər. Adı çəkilən tikinti şirkətinə ümumilikdə 67400 (altmış yeddi min dörd yüz) manat.” məzmununda bənd daxil etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə “nikahın pozulması və s.” tələblə müraciət edərkən mübahisələndirilən mənzilin dəyərindən 67400 manat ödənildiyini və binanın tikintisini hələ də davam etdiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 1-ci blok 9-cu mərtəbədə ümumi sahəsi 117,80 kv.m olan 3 otaqlı, 39 saylı mənzilin əldə edilməsi üçün formalaşdırılan vəsaitinin 32730 (mənzilin dəyəri 100130-birgə nikah dövründə ödənilmiş vəsait 67400) manatı cavabdehin ayrıca əmlakı olduğundan İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə həmin mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(007)- 933/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah qeydinin pozulduğunu, qətnamənin 14 iyul 2020-ci il tarixdə qüvvəyə mindiyini və İddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraicət etməklə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyünü qeyd etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan nikahın pozulmasına dair məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020ci ildə qanuni qüvvəyə minərək, icra olunmuşdur. İddiaçı xx.xx.2023-cü ildə isə əmlak bölügüsü ilə bağlı Bakı 2 saylı mediasiya təşkilatına müraciət etmiş, həmin təşkilat tərəfindən xx.xx.2023-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edildikdən sonra xx.xx.2023-cü ildə tarixdə “əmlak bölgüsü” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəni və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili aidiyyəti orqanlara (“İnşaat Konstruksiyaları" MMC-yə, Baş Dövlət Yol Polisi İdarəsinə) müvafiq sorğular ünvanlamış, xx.xx.2023-cü ildə yenidən məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən iddia müddəti ötürülməmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hər iki nəqliyyat vasitəsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə bağlı qeyd edir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə onun həmin avtomobilləri aldığını və satdığını bilməmiş, bu barədə hər hansı məlumatı olmamışdır. Yəni Cavabdeh “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobili xx.xx.2014-cü ildə alaraq təxminən 4 il müddətində idarə etdiyini, xx.xx.2018-ci il tarixdə isə satdığını görməmişdir. Bundan başqa cavabdeh “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil birinci avtomobili satdığı gün də alaraq öz adına qeydiyyata saldığı barədə ona heç bir söz deməmiş, onun həmin avtomobili idarə etdiyini belə görməmişdir. Həmçinin onun ikinci avtomobili aldığı gündən təxminən iki ay sonra, yəni xx.xx.2018-ci ildə X3 10000 manata satdığını da bilməmişdir. Göründüyü kimi hər iki avtomobil birgə nikah dövründə əldə edilməsinə və birgə nikah dövründə satılmasına baxmayaraq cavabdehin həyat yoldaşı kimi bu barədə istənilən məlumatı olmamış, onun qeyd edilən avtomobillərin alqısatqısından hansı məbləğdə gəlir əldə etdiyini bilməmiş, o cümlədən həmin vəsaiti ailə məsrəflərinə sərf etməmişdir. Cavabdeh özü də bütün bunları ondan gizlətmişdir. Eləcə də qeyd edir ki, cavabdehin avtomobillərin satışından əldə etdiyi pul vəsaitlərini ailənin məsrəflərinə sərf etdiyi barədə ehtimal tamamilə qanunsuzdur. Çünki məhkəmənin qətnaməsi ehtimallara əsaslana bilməz. Odur ki, həmin avtomobillərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə yanlışdır və mülki-prosessual qanunvericiliyinin tələblərinə ziddir. Bununla yanaşı məhkəməyə yalnız özündə olan 23 ayın ödəniş qəbzini təqdim edə bilmişdir. Bütün ödəniş qəbzləri cavabdehdə olmaqla o, sübutları qəsdən gizlətmiş, məhkəmə də bu barədə heç bir tədbir görməmişdir. Vəkili tərəfindən bir neçə dəfə "xxxx" MMC-yə aldıqları mənzilə görə aparılmış aylıq kredit ödənişləri ilə bağlı sorğular verilsə də, həmin MMC sorğulara cavab verməmişdir. Nəticədə birgə nikahda olduqları dövrdə aparılmış ödənişlərlə bağlı məhkəməyə tam məlumat verə bilməmişdir. Digər tərəfdən, nikahın pozulması ilə bağlı Nizami rayon Məhkəməsinə 2020-ci ilin yanvar ayında müraciət etmiş və nikahları 02 iyun 2020-ci il tarixdə rəsmi olaraq pozulmuşdur. Ötən 6 ay ərzində də aldıqları mənzilə görə ödənişlər aparılmış, lakin cavabdeh həmin qəbzləri gizlətmişdir. Hətta dediyinə görə o, hər ay 1300 manat deyil, bundan bir neçə qat artıq ödənişlər etmişdir. Nikah pozulduğu dövrdə artıq cavabdeh ona danışırdı ki, mənzilin dəyəri demək olar ki, tam halda ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan əsassız olaraq birgə nikah dövründə yalnız 29900 manat ödəniş aparıldığı, ilkin ödəniş kimi 35700 manat, cəmi isə 67400 manat vəsait ödənildiyi, mənzilin əldə edilməsi üçün formalaşdırılan vəsaitin 32730 manatının cavabdehin ayrıca əmlakı olduğu, bu halda mənzilin 1/3 hissəsi üzərində onun, 2/3 hissəsi üzərində isə cavabdehin payının müəyyən edilməli olduğu qənaətinə gəlmişdir. Eləcə də yuxarıda qeyd edildiyi kimi cavabdeh nikahları pozudluqdan sonra evdən çıxıb gedərkən birgə topladıqları 30000 (otuz min) manatdan artıq pul vəsaitini də özü ilə götürmüşdür. Sonradan o, həmin pul vəsaiti ilə aldıqları mənzili tam halda təmir etmişdir. Bu halda mənzilin 1/3 hissəsi üzərində onun, 2/3 hissəsi üzərində cavabdehin payının müəyyən edilməsi tamamilə əsassızdır və mövcud mülki və mülki-prosessual qanunvericiliyinin tələblərinə ziddir. O na görə də iddia tələbim tam təmin edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün bu halları nəzərə almamış, kifayət qədər araşdırma aparmadan mülkiyyət hüquqlarımı kobud surətdə pozmuşdur. Eyni zamanda məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehin və 3-cü şəxs kimi cəlb edilmiş "xxxx" MMC-nin təqsiri səbəbindən təqdim edə bilmədiyi sübutların əldə olunması ilə bağlı heç bir təşəbbüs göstərməmiş, onlar barədə prosessual-məcburiyyət tədbirləri tətbiq etməmiş, nəticədə əsassız və ədalətsiz qətnamə qəbul edərək prosessual hüquq normasının tələbini pozmuşdur. İddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin və 3-cü şəxsin təqdim etmədikləri ödəniş qəbzlərinin əldə olunaraq birgə nikahda olduqları dövrdə əldə etdikləri mənzilin dəyərinin tam ödənilib-ödənilmədiyini aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, guya cavabdehlə birgə nikahda olduqları dövrdə aldıqları mənzilə görə 37500 manat ilkin ödənişdən əlavə yalnız 29900 manat ödəniş həyata keçirilmişdir. Lakin bununla bağlı arqumentlərini yuxarıda qeyd etmişdir. Bundan başqa məhkəmə birgə nikah dövründə cavabdehin aldığı 4 avtomobildən ikisinin hazırda onun mülkiyyətində olmaması əsası ilə onun həmin iki avtomobil üzərində mülkiyyət hüququnu əsassız olaraq tanımamışdır. Göstərilənlərə əsasən qətnamənin tam ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 117,80 kv. metr olan 39 saylı 3 otaqlı mənzil 2017-ci ildə alınmış və həmin mənzilin alınması üçün, 2017-2019-cu illərdə, cəmi 37.500 (otuz yeddi min beş yüz) manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9 cu mərtəbəsində ümumi sahəsi 117,80 kv. metr olan 39 saylı 3 otaqlı mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməmişdir. Bununla yanaşı, mənzilin dəyərinin tam ödənilməsinə və mənzilin birgə nikah dövründə təmir olunmasına dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda MTK və MMC-lər tərəfindən inşa edilmiş binalarda mənzilin dəyəri tam ödənilmədiyi halda mənzilin təmirinə bir qayda olaraq ümumiyyətlə icazə verilmir (Arayış əlavə olunur). Mübahisəli mənzilin təmirinə nikah qeydi pozulduqdan sonra başlanılmışdır (sübutlar təqdim olunur). Hazırda mənzildə yaşayış yoxdur. Belə ki, mənzilin təmiri tam başa çatmamışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı mübahisəli mənzilin dəyərinin tam ödənilməsinin cavabdeh tərəfindən nikah pozullduqdan sonra həyata keçirildiyini etiraf etmişdir. Bu hal bir daha onu sübut edir ki, mübahisəli mənzil birgə nikah dövründə alınsa da, onun tam dəyəri nikah pozulduqdan sonra Cavabdeh tərəfindən icra edilmişdir. “Mercedes Benz 280” markalı, **-HT-*** qeydiyyat nömrəli minik avtomobili Cavabdeh adına rəsmiləşdirilsə də, həmin avtomobil İddiaçı əmisi Tofiq adlı şəxsə məxsus olmuş və onun istifadəsində olmuş və hal-hazırda onun mülkiyyətindədir. Mübahisəli avtomobil ümumiyyətlə Cavabdeh istifadəsində olmamışdır. Bundan başqa İddiaçı iddia ərizəsinin ikinci abzasında qeyd edərək göstərmişdir ki, “Eləcə də birgə nikahda olduğumuz dövrdə, yəni 2019-cu ilin yay-payız dövründə biz birgə qazancımızın hesabına həmin mənzili tam təmir etdik. Təmirə təxminən 60000 (altımış min) manat pul sərf etdik. Lakin nikahımız pozulduqdan sonra keçmiş ərim Cavabdeh evdən gedərkən aylarla birgə yığdığımız pulu da özü ilə götürüb, həmin pul vəsaiti hesabına yüksək mərtəbəli yaşayş binasında aldığımız evin ödənilməmiş hissəsini "xxxx" MMC-nin hesabına köçürtmüşdür”. Göründüyü kimi, mübahisəli mənzilin dəyərinin tam ödənilməsi birgə nikah dövründə yox, nikah pozulduqdan sonra Cavabdeh tərəfindən ödənilməsi faktiki hallarını birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi payları müəyyən edərkən birgə nikah dövründə ödənilmiş məbləğə münasibətdə iddianı qismən təmin etməli idi. Lakin, birinci instansiya məhkəməsi mübahisəli mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməsi sübuta yetirilmədiyi halda mənzilə payların müəyyən edilməsi barədə əsassız qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən qətnamənin dəyişdirilməsi, birgə nikah dövründə mübahisəli mənzilin alınması üçün ödənilmiş pul məbləğində payların müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə qətnaməni-İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin rədd edilən və İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməsi hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarı. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi - Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməklə həmin mənzil üzərində tərəflər bərabər payları müəyyən edilməli və qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2014-cü ildə cavabdehin adına qeydiyyata alınıb, xx.xx.2018-ci ildə isə özgəninkiləşdirilib, lakin alqı-satqı müqaviləsi məhv olub. İddiaçı texniki cəhətdən işlək vəziyyətdə olan 2004-cü il buraxılışlı, qara rəngli, “Range Rover” markalı minik avtomobilinin hazırkı dövrə olan orta bazar qiymətinin 24000 manat təşkil etməsi ilə bağlı qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmişdir. Həmçinin, “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci ildə satıldıqdan sonra "BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil həmin gündə cavabdehin adına qeydiyyata alınmış və həmin avtomobil xx.xx.2018-ci ildə X3 10000 manata satılmışdır. Göründüyü kimi hər iki avtomobil birgə nikah dövründə əldə edilmiş, həmçinin birgə nikah dövründə, tərəflərin birgə ailə təsərrüfatını idarə etdiyi vaxtlarda özgəninkiləşdirilmişdir. Hazırda həmin avtomobillər cavabdehin mülkiyyətində deyil və hər biri nikah dövründə özgəninkiləşdirilmişdir. İddiaçı apellyasiya şikayətində iddia tələbinin təmin edilməyən “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobillərin satışından əldə edilmiş vəsaitinin yarısının ödənilməsi» hissəsini mübahisələndirməklə qeyd etmişdir ki, hər iki avtomobil birgə nikah dövründə əldə edilməsinə və birgə nikah dövründə satılmasına baxmayaraq cavabdehin həyat yoldaşı kimi bu barədə istənilən məlumatı olmamış, onun qeyd edilən avtomobillərin alqısatqısından hansı məbləğdə gəlir əldə etdiyini bilməmiş, o cümlədən həmin vəsaiti ailə məsrəflərinə sərf etməmişdir. Cavabdeh özü də bütün bunları ondan gizlətmişdir. Eləcə də qeyd etmək lazımdır ki, cavabdehin avtomobillərin satışından əldə etdiyi pul vəsaitlərini ailənin məsrəflərinə sərf etdiyi barədə ehtimal tamamilə qanunsuzdur. Çünki məhkəmənin qətnaməsi ehtimallara əsaslana bilməz. Odur ki, həmin avtomobillərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə yanlışdır və mülkiprosessual qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən əmlaklar nikah dövründə əldə edilsə də, nikah dövründə və tərəflərin faktiki olaraq ailə təsərrüfatını idarə etdikləri dövrdə satıldığından avtomobillərin satışından əldə edilən vəsaitinin ailə məsrəflərinə sərf edildiyi ehtimal edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır ona görə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah qeydi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(007)-933/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Bu müddət ərzində isə hər iki avtomobil xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə Cavabdeh adından qeydiyyatdan çıxmışdır. Həmçinin də “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci ildə satıldıqdan sonra "BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil həmin gündə cavabdehin adına qeydiyyata alınmış və həmin avtomobil xx.xx.2018-ci ildə X3 10000 manata satılmışdı. Məhkəmə kollegiyası hesab edir ki, avtomobillərin satışından sonrakı 1 ildən çox müddətdə tərəflərin ailə olaraq birgə yaşamaları və birgə təsərrüfat idarət etmələri satışdan əldə edilən gəlirin də məhz ailə məsrəflərinə sərf edilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı həmin avtomobillərin satılmasından məlumatlı olmamasını bildirsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. İddiaçı tərəf isə hazırda satışından əldə edilmiş vəsaitin yarısının ödənilməsi tələb edilən avtomobillərin satışından əldə edilən vəsaitin ailə məsrəflərinə sərf edilmədiyini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hissədə dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində iddianın qismən təmin edilən - “birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi” hissəsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 9 mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 39 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub tikinti işləri başa çatdıqdan sonra bir pay kimi Cavabdeh verilib. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 100130 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, 37500 manat məbləğində ilkin olaraq ödənilib. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 23 ədəd qəbzlə tərəflərin birgə nikahı dövründə həmçinin 29900 manat ödəniş edilməsi öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra Konstitusiya Məhkəməsi) 21 dekabr 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ərarvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarının: 4.15-ci bəndinə əsasən, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, qeyd olunan mənzilin dəyərindən ilkin olaraq 37500 manat və nikah dövründə 29900 manat, yəni ümumilikdə 67400 manat ödənilməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi isə iddia tələbinin göstərilən hissəsi ilə bağlı hesab etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 1-ci blok 9-cu mərtəbədə ümumi sahəsi 117,80 kv.m olan 3 otaqlı, 39 saylı mənzilin əldə edilməsi üçün formalaşdırılan vəsaitinin 32730 (mənzilin dəyəri 100130-birgə nikah dövründə ödənilmiş vəsait 67400) manatı cavabdehin ayrıca əmlakı olduğundan İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə həmin mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qeyd edilən mənzil üzərində tərəflərin payları bərabər qaydada müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi - formalaşdırılan vəsaitinin 32730 manatının cavabdehin ayrıca əmlakı olması mənzil üzərində payların bərabər bölünməməsi üçün əsas yaratmır. Çünki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələri). Göründüyü kimi Ailə Məcəlləsində ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir, eləcə də konkret hallar göstərilməklə birgə mülkiyyətinin bölünməsi zamanı payların bərabər bölünə bilməməsi də nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən hər hansı bir üstün mənafeyinə dair məhkəmə kollegiyasına hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da həmin halların mövcudluğu aşkar edilməmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, tərəflərin birgə nikahı dövründə, birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə mənzilin ödənişlərinin başa çatması halı öz təsdiqini tapmadığı halda mənzilin dəyəri 100130 manat məbləğin 32730 manat hissəsinin cavabdeh tərəfindən nikah pozulmasından sonra ödəməsi onun həmin mənzil üzərində payının iddiaçıya münasibətdə daha artıq olmasını müəyyən etmək üçün hüquqi əsas yaratmır. Belə ki, ödənilmiş məbləğ məhz cavabdehin ayrıca əmlakı olsa da, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakına görə ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur və Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh Zaməddi oğlunun payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin nikah pozulmasından sonra birgə nikah dövründə əldə edilmiş əmlaka görə ödədiyi 32730 manat məbləğinin yarısını iddiaçıdan tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin və 3-cü şəxsin təqdim etmədikləri ödəniş qəbzlərinin əldə olunaraq birgə nikahda olduqları dövrdə əldə etdikləri mənzilin dəyərinin tam ödənilib-ödənilmədiyini aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir” dəlilinə münasibətdə bildirir ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi iddiaçı tərəf birgə nikahda olduqları dövrdə əldə etdikləri mənzilin dəyərinin tam ödənilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilən hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh nikahları pozulduqdan sonra evdən çıxıb gedərkən birgə topladıqları 30000 (otuz min) manatdan artıq pul vəsaitini də özü ilə götürmüşdür. Sonradan o, həmin pul vəsaiti ilə aldıqları mənzili tam halda təmir etmişdir. Lakin bununla bağlı da iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir, həmçinin qeyd olunan mənzilin məhz göstərilən vəsait hesabına təmir etdirilməsi müəyyən edilməmişdir. Cavabdeh isə apellyasiya şikayətinin mübahisəli mənzilin dəyərinin tam ödənilməsi birgə nikah dövründə yox, nikah pozulduqdan sonra Cavabdeh tərəfindən ödənilməsi faktiki hallarını birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmaması, məhkəmənin payları müəyyən edərkən birgə nikah dövründə ödənilmiş məbləğə münasibətdə iddianı qismən təmin etməli olduğu və mübahisəli mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməsi sübuta yetirilmədiyi halda mənzilə payların müəyyən edilməsi barədə əsassız qətnamə çıxarmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmçinin mübahisəli mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməsə də, faktiki olaraq bu ödənişin hazırda tam ödənilməsi təsdiqini tapır və bu hal birgə nikah dövründə mübahisəli mənzilin alınması üçün ödənilmiş pul məbləğində payların müəyyən edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas deyildir. Kollegiya bu qənaətə gələrkən cavabdehin belə bir tələblə qarşılıqlı iddiası olmamasını və hazırda isə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzil tərəflərin birgə nikah dövründə, birgə təsərrüfat hesabına əldə olunduğundan onların ümumi mülkiyyəti hesab edildiyi iddiaçı mənzilə görə ödənilmiş pul tələbini deyil, mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi tələbini irəli sürməsini nəzərə almışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri göstərilən hissədə əsassız olmuşdur. Bundan başqa cavabdeh apellyasiya şikayətinin məzmununda qeyd etmişdir ki, “Mercedes Benz 280” markalı, **-HT-*** qeydiyyat nömrəli minik avtomobili Cavabdeh adına rəsmiləşdirilsə də, həmin avtomobil İddiaçı əmisi Tofiq adlı şəxsə məxsus olmuş və onun istifadəsində olmuş və hal-hazırda onun mülkiyyətindədir. Mübahisəli avtomobil ümumiyyətlə Cavabdeh istifadəsində olmamışdır. Lakin apellyasiya şikayətinin xahiş etdim hissəsində bu hissəni mubahisələndirməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununda bu hissə göstərildiyi üçün kollegiya qeyd edir ki, “Mercedes Benz 280” markalı **-HT-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2011-ci ildə əldə edilmiş və hazırda da cavabdehin mülkiyyətindədir. Həmin avtomobilin cavabdehin qeyd etdiyi kimi başqa şəxsin istifadəsinə olması isə işin halları ilə müəyyən edilməmişdir. Belə ki, əmlakın xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə tərəfin birinin müstəqil qazancının olub olmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Məhkəmə kollegiyası tərəfindən mübahisənin sülh yolu ilə həll olunması məqsədi ilə tərəflərin seçiminə görə bir avtomobilin iddiaçıya, digər avtomobilin isə cavabdehə verilməsi ilə bağlı bölgü təklif olunsa da, belə bölgünün aparılmasına tərəflər razı olmadı. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi həmin avtomobilə aid hissədə əsaslıdır, əmlak üzərində payların müəyyən edilməsinə maneələr yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi - Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməklə həmin mənzil üzərində tərəflər bərabər payları müəyyən edilməli və qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-2(007)- 318/2024 nömrəli qətnaməsi - Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində dəyişdirilsin. İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar