Məhkəmə qərarları › İş №2(103)-7511/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7511/2021

20.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7511/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İbayev sədrliyi və məruzəsi ilə, Tofiq Səməd oğlu Səmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Səbinə Eldəniz qızı Şirinovanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-202/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09.09.2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın geri qaytarılması və pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi ona məxsus 17616 manat dəyərində olan cehiz əmlakının və ona borclu olduqları 15000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin azaldılmasına dair ərizəsini məhkəməyə təqdim edərək, 15000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 26.11.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh evini təmir etdirmək üçün onun (iddiaçının) atasından bankdan 15000 manat götürmək üçün ona kömək etməsini xahiş etmiş, onun atası isə qızının həmin evdə köçüb yaşamasına görə 15000 manata mübahisəli mənzili təmir etdirmişdir. Həmin mənzildə eyvanın sökülməsi və yenidən tikilməsi, eyvanda pəncərələrin dəyişməsi, döşəmənin vurulması (metlax), mənzildəki pəncərələrin dəyişməsi, döşəmə üçün taxtanın alınması, mənzildəki 4 qapının yenidən düzəldilməsi, alkipan işinin görülməsi və işıq sistemi yenidən yığılmışdır. Mənzilin təmir olunmasına və ustalara verilən pul onun atası tərəfindən toy hədiyyəsi olaraq verilmişdir. Buna görə də ona borclu olduqları 15000 manat məbləğində pul cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli 2(010)-202/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 14570 (on dörd min beş yüz yetmiş) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(103)-8228/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli 2(010)-202/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(102)-3360/21 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(103)-8228/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli 2(010)-202/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər. İddiaçı və onun nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli 2(010)-202/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması barədə iddia tələbi irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Hazırki işdə iddiaçı onun atasının 15000 manata mübahisəli mənzilin təmir etdirdiyini bildirir. Belə olanda iddiaçının atası X2 cavabdehlərə qarşı iddia qaldırılmalı idi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı subyektiv hüququ mövcud olmadığından iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(102)-3360/21 saylı qərarında qeyd olunmuşdur ki, “iddiaçı iddia etməsinə görə cavabdehlərə məxsus mənzil təmirsiz olmuş, mənzildə atasının vəsaiti hesabına əsaslı təmir işləri aparılmışdır. Cavabdehlər isə bununla razılaşmayaraq mənzilin tam təmirli olmasını, lakin buna baxmayaraq mənzildə müəyyən yaxşılaşdırma işlərini aparmalarına və iddiaçının buna hər hansı məbləğdə vəsait ödəməsini inkar etmişlər. Apellyasiya instansiyası məhkəməsi mənzildə nikahdan əvvəl təmir işlərinin aparılması barədə nəticəyə gəlsə də, (qətnamənin 3-cü səhifəsinin 3-cü abzası), həmin təmirin haçan aparılmasını və təmir işlərinin nədən ibarət olmasını aydınlaşdırmamış və bu istiqamətdə hər hansı bir araşdırma aparmadan mənzildə iddiaçı tərəfindən əsaslı təmir işlərinin aparılması barədə nəticəyə gəlmişdir. Əgər mənzildə nikaha qədər təmir işləri aparılmışdırsa, orada əsaslı surətdə yenidən təmir işlərinin aparılmasının hansı zərurətdən yaranması əsaslandırılmamışdır. İşin 72-74-cü səhifələrində olan ekspert rəyində sadalanan təmir işlərinin (eyvanın sökülməsi və yenidən tikilməsi, eyvan və mənzildəki pəncərələrin dəyişməsi, 4 qapının yenidən düzəldilməsi, işıq sisteminin yığılması, döşəmə üçün taxtanın alınması və alçipan işlərinin görülməsi) təqribi dəyərinin 14.570 manat təşkil etməsi müəyyən olunsa da, həmin işlərin hansının nikahdan sonra aparılmış təmir işlərinə aid olması rəydən görünür. Bu məsələyə aydınlıq gətirilməsi üçün ekspert qarşısında sual qoyulmadığından həmin məsələ ekspert tərəfindən tədqiq olunmamışdır. Göstərilən vəziyyətdə mənzilin iddiaçı tərəfindən əsaslı surətdə təmir olunması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi, kollegiyaya görə birtərəfli yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanmışdır. İddia ərizəsindən görünür ki, cavabdeh mənzili təmir etmək üçün bankdan 15.000 manat məbləğində kredit götürməsində ona kömək etmək üçün iddiaçının atasına müraciət etmiş və atası ustaya 15.000 manat verməklə mənzili təmir etdirmişdir. Göründüyü kimi mənzildə təmir işlərinin aparılması iddiaçının atasının təşəbbüsü ilə olmuş və nikahdan sonra iddiaçı həmin mənzildə təxminən 9 il müddət ərzində yaşamaqla mənzildən istifadə etmiş, bu müddət ərzində görülən təmir işləri aşınmaya məruz qalmış və iddiaçı nikahları pozulmadan mənzildən getmişdir. Göstərilən vəziyyətdə mənzilin yaxşılaşdırılmasına çəkilən xərcin cavabdehlər tərəfindən ödənilməli olması barədə qəti nəticəyə gəlmək üçün əsaslar olmamışdır. Əvvələn, iddiaçının atasının vəsaiti hesabına görülən yaxılaşdırma işlərinin dairəsinin mütəxəssis vasitəsi ilə müəyyən olunması təmin olunmamış və bu zaman cavabdehlərin mənzilin tam təmirli olması barədə göstərdikləri yoxlanılmamış, ikincisi isə, yuxarıda göstərilən hallar baxımından Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiqi üçün əsasların olması əsaslandırılmamışdır. Məhkəmə kollegiyası yaxşılaşdırmanın dəyərinin cavabdehlərdən tutulması barədə nəticəyə gələrkən qanuni əsas kimi eyni zamanda Mülki Məcəllənin 1091, 1092-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, göstərilən qeyri-müəyyən, eləcə də ziddiyyətli vəziyyətdə cavabdehlərin əsassız varlanmaları bunu təsdiq edən mübahisəsiz sübutlarla əsaslandırılmalı idi.” Göründüyü kimi İddiaçı subyektiv hüququ olsaydı belə, o, əsaslı sübutlar məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-202/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09.09.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar