Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7525/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ***-*******26 nömrəli xidmət müqaviləsinə əsasən şirkət sifarişçiyə Şengen ölkələrindən işçi vizasına sponsorluq edən Niderland Krallığı şirkətindən rəsmi işə qəbul məktubunun və Niderland Krallığı dövlətindən sənədlərin alınması, vizanın alınması, təyyarə biletinin alınması, Amsterdam şəhərində qarşılanması, yaşayış yeri və işlə təmin edilməsi kimi xidmətləri göstərməyi, sifarişçi isə xidmətlərin dəyəri olan 4168 manat məbləğində pulu şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən şirkət müqavilə imzalandıqdan 4 ay ərzində Niderland Krallığından işə qəbul sənədini sifarişçiyə təqdim etməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı xx.xx.2021-ci il tarixli, ***-*******26 nömrəli xidmət müqaviləsinə əsasən 4168 manat məbləğində pulu şirkətə ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4168 manat, mediasiya xərci olaraq 60 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat, maddi ziyanın əvəzi olaraq 10000 manat olmaqla, cəmi 64230,08 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh MMC iddiaçıya Şengen ölkələrindən işçi vizasına sponsorluq edən Niderland Krallığı şirkətindən rəsmi işə qəbul məktubunun və Niderland dövlətindən sənədlərin alınmasına dair xidmətlərin göstərilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsinin 2.5-ci bəndində qeyd olunanlara əsasən Cavabdeh MMC bu müqavilə imzalandığı tarixdən 4 ay ərzində Niderland Krallığından işə qəbul sənədini sifarişçiyə təqdim etməli idi, belə ki, yuxarıda qeyd edilən müqavilə 5 ay müddətinə, xx.xx.2021-ci il tarixədək bağlanmışdır. xx.xx.2021ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən xidmət haqqı olaraq xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 4168 manat xidmət haqqı ödənilmişdir. Lakin, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı Xidmət Müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 4168 (dörd min yüz altmış səkkiz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 62 (altmış iki) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 430, 442-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında sadə yazlı qaydada bağlanmış xidmət müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış 4168 manat ödəniş etmiş, lakin cavabdeh razılaşdırılmış qaydada müəyyən edilmiş müddət ərzində iddiaçıya xidmət göstərməmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi 4168 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. İddiaçı maddi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, ona cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəyməsini təsdiq edən qəbz və bu kimi digər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı eyni zamanda mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd etmişdir ki, qanunverciliyin tələbinə əsasən hazırkı iddia tələbi ilə bağlı mediasiya sessiyasında iştirakı tələb olunmadığından ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutula bilməz. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı Müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh MMC iddiaçıya Şengen ölkələrindən işçi vizasına sponsorluq edən Niderland Krallığı şirkətindən rəsmi işə qəbul məktubunun və Niderland dövlətindən sənədlərin alınmasına dair xidmətlərin göstərilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin icrası zamanı məlum olmuşdur ki, müqavilənin qüvvədə olduğu dövrdə Niderland Krallığı yaranmış pandemik vəziyyətə görə hazırkı dövrdə heç bir vizanın verilməsini təmin etmir. Çünki, karantin vəziyyətində bir ölkədə sərt rejim, digər ölkədə yüngül rejim tətbiq edilə bilər. Cavabdeh Niderlandda əməkdaşlıq etdiyi şirkətdən belə bir cavab əldə etmişdir ki, onlar işçi vizasının qəbulu üçün proseduru dayandırmışlar. Bu məlumatı alandan sonra qarşı tərəfə-iddiaçıya müqavilə münasibətləri üzrə bildirilmişdir. Tərəflər arasında yaranmış qarşılıqlı razılaşmaya əsasən, yaranmış qarşısıalınmaz halla əlaqədar olaraq eyni xidmətlərin Polşa Respublikasina münasibətdə icra olunması nəticəsinə gəlinmişdir və hazırkı iş üzrə iddiaçının bunanla bağlı aydın razılığı olmuşdur. İşin hallarındanda sübut olunur ki, iddiaçı Polşaya getməyə razılaşmış, bundan sonra alınmış tapşırığa əsasən onun adından Polşa səfirliyinə müraciət edilmişdir. İddiaçıdan viza üçün müsahibə götürülmüş və iddiaçı müsahibədə iştirak etmişdir. Lakin Polşa dövlət sturukturları iddiaçıya viza verməkdən imtina etmişdir. Beləliklə cavabdeh 2 Season tərəfindən Müqavilə şərtlərindəki xidmətlərin-işlər hamısı göstərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, tərəflər tapşırıq müqaviləsi bağlamışlar. Tapşırıq müqaviləsinin nəticəsinə heç kim qarant dura bilməz. Belə ki Mülki Məcəllənin tələblərinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçının iddia etdiyi hansısa ölkənin səfirliyindən viza alınacağına əvvəldən təminat vermək özü absurddur və hüquqaziddir. İşə baxan məhkəmə qeyd olunan faktiki halları nəzərə almamış eləcə də, tapşırığın cavabdeh tərəfindən tam və vicdanla icra edilməsini təsdiqləyən sübutlara hər hansı hüquqi mövqə bildirməmişdir. Belə ki, tapşırığın icrası ilə bağlı Varşavada yerləşən şirkətlə danışıqlar aparılmış, şəxs oradan iş dəvətnaməsi almış, ölkəyə çatdırılması, hətta 1 illik münasibətləri kəsildikdən sonra sağlam və sağlıqlı bir şəkildə Azərbaycana qaytarılmasının təminatından tutmuş, bütün yerləşmə, karantində qalma və bütün təminatları götürülmüşdür. Bu sənədlər də Polşa səfirliyinə təqdim edilmişdir. İşə baxan birinci instansiya məhkəməsinin düzgün hüquqi mövqəyə gəlmədiyi hallardan biri də tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinin tələblərinə uyğun olaraq,tərəf viza almadığı təqdirdə bunu təsdiqlətən sənədləri qarçı tərəfə təqdim etməli olduğu halda, iddiaçı tərəf özü sübutları təmin etməli olduğu halda, nəyə görə imtina aldığını, imtinanın əsaslarını nə məhkəməyə, nə də cavabdehə təqdim etməmişdir. Belə ki, iddiçının Müqavilənin bəndinə əsasən də imtina aldıqda imtina sənədini və işlə təmin olunması üçün dəvət məktubunu, bütün sənədləri geri qaytarmaq öhdəliyi var idi. Belə olan halda iddiaçı bu öhdəliyi də icra etməmiş, beləliklə cavabdehə ziyan vurmuşdur. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, viza alınmadıqda və şəxs gedə bilmədikdə cavabdeh də əməkdaşlıq etdiyi şirkətlərə qarşı öz öhdəliyi icra edə bilmədiyinin qarşısı alınmaz səbəbdən olduğunu sübut edə bilsin. Beləliklə cavabdeh iddiaçı ilə aralarında yaranmış konsensusa bağlı olaraq tapşırıq aldığı öhdəlikləri tam və lazımı qaydada icra etmişdir. Cavabdeh tərəfindən hər hansı bir öhdəlik pozulmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh üzürlü səbəb bildirmədən məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnamən iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ***-*******26 nömrəli xidmət müqaviləsinə əsasən şirkət sifarişçiyə Şengen ölkələrindən işçi vizasına sponsorluq edən Niderland Krallığı şirkətindən rəsmi işə qəbul məktubunun və Niderland Krallığı dövlətindən sənədlərin alınması, vizanın alınması, təyyarə biletinin alınması, Amsterdam şəhərində qarşılanması, yaşayış yeri və işlə təmin edilməsi kimi xidmətləri göstərməyi, sifarişçi isə xidmətlərin dəyəri olan 4168 manat məbləğində pulu şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 2.5-ci bəndinə əsasən şirkət müqavilə imzalandıqdan 4 ay ərzində Niderland Krallığından işə qəbul sənədini sifarişçiyə təqdim etməlidir. İş materiallarından görünür ki, tərəflər arasında sadə yazlı qaydada bağlanmış xidmət müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış 4168 manat ödəniş etmiş, lakin cavabdehin razılaşdırılmış qaydada müəyyən edilmiş müddət ərzində iddiaçıya xidmət göstərmədiyi üçün 4168 manat onun xeyrinə tutulmasını iddia etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək İddianı tamamilə əsassız və qanunsuz hesab edərək İddiaçıya bütün xitmətlərin şirkət tərəfindən göstərilməsini, onlar tərəfindən öhdəliyin pozulmamasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh xx.xx.2021-ci il tarixli, ***-*******26 saylı xidmət müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Pulun qaytarılması tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh pulun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır Cavabdeh iddiaya etirazda və apellyasiya şikayətində Müqavilənin icrası zamanı müqavilənin qüvvədə olduğu dövrdə Niderland Krallığı yaranmış pandemik vəziyyətə görə hazırkı dövrdə heç bir vizanın verilməsini təmin etməməsi məlum olandan sonra tərəflər arasında yaranmış qarşılıqlı razılaşmaya əsasən, yaranmış qarşısıalınmaz halla əlaqədar olaraq eyni xidmətlərin Polşa Respublikasina münasibətdə icra olunması nəticəsinə gəlinməsinə və hazırkı iş üzrə iddianın bunanla bağlı aydın razılığ olmasına, lakin Polşa dövlət sturukturları iddiaçıya viza verməkdən imtina etməsinə, beləliklə cavabdeh 2 Season tərəfindən Müqavilə şərtlərindəki xidmətlərin-işlər hamısı göstərilməsinə istinad etmişlər. Cavabdehin mövqeyinə əsasən tərəflər arasında olan razılaşmadan aydın olur ki, tərəflər tapşırıq müqaviləsi bağlamışlar. Tapşırıq müqaviləsinin nəticəsinə heç kim qarant dura bilməz. Belə ki Mülki Məcəllənin tələblərinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 7.3 bəndinə əsasən sifarişçi viza aldıqdan sonra hər hansı bir səbəbdən Niderland Krallığına getməkdən imtina edərsə, viza alınması prosesi müddətində istənilən səbəbdən müraciətini könüllü dayandırarsa, Niderland Krallığına getdikdən sonra könüllü şəkildə hər hansı bir səbəbdən müqaviləyə xitam vermək istəyərsə şirkət heç bir məbğəi geri qaytarmayacaqdır. İş materiallarından iddiaçı tərəfindən müqavilənin 7.3 bəndində sadalanan halların hər hansı birinə yol verməsini təsdiq edən sübutun olması görünmür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf iddiaçı ilə bağlanan müqavilənin tapşırıq müqaviləsi olmasına istinad etsə də, nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçını Niderland Krallığına göndərməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədiyi halda, onun əvəzinə iddiaçını eyni xidmətlərin Polşa Respublikasina münasibətdə icra olunması nəticəsinə gəlsə də, müqavilədə bu barədə tərəflərin razılığı ilə dəyişiklik edilməmişdir. Kollegiya daha sonra hesab edir ki, Polşa dövlət sturukturları iddiaçıya viza verməkdən imtina etməsindən sonra isə Cavabdeh tərəfindən Müqavilə şərtlərindəki xidmətlərin-işlərin hamısı göstərilməsinə istinad etməsi əsassızdır və birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh MMC xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi 4168 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının iclasında birinci instaniya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov