Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7547/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(002)-2138/2020 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Salyan şosesinin 18 ünvanda yerləşən, 2309 kv.m. ümumi sahədən, 1543.9 kv.m. köməkçi sahədən ibarət olan “Mayak” avtotexniki xidmət stansiyasının 25%-nə onun mülkiyyət hüququnun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın təmin tədbiri haqqında ərizə verərək, yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Salyan şosesinin 18 ünvanda yerləşən, 2309kv.m. ümumi sahədən, 1543.9 kv.m. köməkçi sahədən ibarət olan “Mayak” avtotexniki xidmət stansiyasının üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsinin və ya istənilən formada yüklü edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(002)-2138/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(002)-2138/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(002)-2138/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənədin əslini və ya onu notariat qaydada təsdiq olunmuş surətini iddiaçının müstəqil surətdə əldə etməyi mümkün deyildir. Belə ki, sübut etməyə ehtiyac yoxdur ki, iddiaçı ilə cavabdeh arasında həmin əmlaka dair mübahisə olduğundan, cavabdehin həmin sənədi və ya onun notariat qaydada təsdiq olunmuş surətini könüllü surətdə iddiaçıya verilməsi ağlabatan mühakimə deyil. Bundan əlavə, iddiaçının həmin daşınmaz əmlakın mülkiyyətçisi barədə məlumat almaq imkanı da yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(002)-2138/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Şərh olunan normalardan və Mülki Prosessual Məcəlləsinin digər müvafiq maddələrindən görünür ki, iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. İddianı təmin etmə tədbirlərini tətbiq edərkən nəzərə alınmalıdır ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasının çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması borclunun tələbin yönəldilə biləcəyi əmlakını özgəninkiləşdirilməsi və ya özgəninkiləşdirəcəyi, məhv ediləcəyi ilə və ya borclunun öz əmlakının həcminin azaldılmasına yönəlmiş hərəkətləri və s. ilə əlaqədar ola bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının Mülki Prosessual Məcəlləsinin 157.2ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Qanunvericilikdə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, bu tədbirlərin tətbiqinin zəruriliyi meyarları müəyyən edilmir. Ona görə də iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. İddianı təmin etmə tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə həbs qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslığını, bu tədbirlər görülmədikdə isə işdə iştirak edən bütün şəxslərin, eləcə də, iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrıayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddia ərizəsi və ona əlavə eidlmiş sənədlərdən görünür ki, iddiaçı hazırki iş üzrə işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qəraraı qəbul edilənədək Bakı şəhəri, Salyan şosesinin 18 ünvanda yerləşən, 2309kv.m. ümumi sahədən, 1543.9 kv.m. köməkçi sahədən ibarət olan “Mayak” avtotexniki xidmət stansiyasının üzərinə həbsin qoyulması barədə iddianın təmin tədbirinin görülməsini xahiş etsə də, həmin əmlakın məhz cavabdehə məxsus olmasına dair hər hansı mötəbər sübutu müvafiq ərizəyə əlavə etməmişdir. Bununla əlaqədar olaraq iş materiallarına mübahisə predmeti olan əmlakın cavabdehin mülkiyyətində olmasına dair kserosurət olan sənəd əlavə eidlmişidir ki, həmin sənəd qanunvericiliklə müəyyən edilmiş lazımi qaydada təsdiq edilmədiyindən, iddiaçının müvəqqti xarakterli tədbir qismində üzərinə həbs qoyulmasını tələb etdiyi əmlakın hazırda cavabdehə məxsus olması və mülkyyətində olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə məxsus əmlakın üzərinə həbs qoyulmasına dair iddianın təmin tədbiri barədə ərizəsi əsassız olmaqla, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(002)-2138/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7547/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7547/2020
30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver