Məhkəmə qərarları › İş №2(103)-7552/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7552/2020

29.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7552/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının, komputerin, yaxud onların dəyərlərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx xxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduğunu və cavabdehin pasport qeydiyyatında olduğu Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 58 saylı evə gəlin köçdüyünü, gəlin köçərkən özü ilə birlikdə cehiz əşyalarını da həmin mənzilə apardığını, nikahlarından xx xxxxxx 2017-ci il tarixdə Səbinə adını verdikləri uşaqlarının doğulduğunu, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən nikahlarının pozulduğunu, uşağın yanında qaldığını və onun saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulduğunu, cavabdehin ona hədiyyə olunmuş qızıl-zinyət əşyalarını və özünün şəxsi əşyalarını qaytarmadığını bildirmiş, buna görə də cavabdehdən 1 ədəd qiyməti 3200 manat olan 750 əyarlı komplektin (sırğa-üzük, qolbağı, sep, klon), 1 cüt qiyməti 200 manat olan 2,6 qram, 585 əyarlı sırğanın, 1 cüt qiyməti 220 manat olan 3,1 qram, 585 əyarlı sırğanın, 1 ədəd qiyməti 120 manat olan 2 qram, göy qaşlı, 585 əyarlı üzüyün, 1 ədəd qiyməti 120 manat olan, 2 qram, yaşıl qaşlı, 585 əyarlı üzüyün, 1 ədəd qiyməti 120 manat olan, qaşsız (alyans), 585 əyarlı üzüyün, 1 ədəd qiyməti 670 manat olan, 13,3 qram, 750 əyarlı komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd qiyməti 1300 manat olan, 10 qram, 750 əyarlı 750 brilyant qaşlı nişan üzüyünün, 1 ədəd qiyməti 180 manat olan, 3,1 qram, 585 əyarlı sırğanın, 1 ədəd qiyməti 190 manat olan, 3,2 qram, 585 əyarlı sırğanın, 1 ədəd qiyməti 700 manat olan “LG” markalı kompyuterin, naturada olmadıqda isə onların dəyərinin, yəni 6320 manatın, həmçinin 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh 1 ədəd, əyarı 750 olan komplektin (sırğaüzük, qolbağı, sep, klon), 1 cüt, 2,6 qram, əyarı 585 olan sırğanın, 1 cüt, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 2 qram, göy qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, 2 qram, yaşıl qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, qaşsız (alyans), əyarı 585 olan üzüyün, 1 ədəd, 13,3 qram, əyarı 750 olan komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd, 10 qram, əyarı 750 olan brilyant qaşlı nişan üzüyünün, 1 ədəd, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 3,2 qram, əyarı 585 olan sırğanın və ya onların dəyəri olan 6144 manatın, 1 ədəd “LG” markalı kompyuterin monitorunun və ya onun dəyəri olan 70 manatın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmamasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanmaqla qanunsuz qətnamə çıxarmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarından yalnız dəyəri 2200 manat olan komplekt və nişan üzüyü mövcud olmuş, həmin qızıllar da iddiaçının razılığı ilə nikah dövründə 1500 manata satılaraq satışdan əldə olunmuş pul vəsaiti avtomobilinin təmirinə və cari tələbatların ödənilməsinə xərclənmişdir. İddiaçının iddia etdiyi digər qızıl-zinyət əşyalarından, onların mövcud olub-olmamasından xəbəri yoxdur, “LG” markalı kompyuterin isə yalnız monitoru vardır ki, onu da qaytarmağa etiraz etməmişdir. Evdən cehiz əşyaları çıxarılan zaman videoçəkiliş aparılmışdır və bu zaman iddiaçının qızıllar barədə hər hansı iddia irəli sürməməsi də onun iddia tələbinin əsassız olduğunu göstərir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni yalnız iddianın təmin edilən hissəsi üzrə mübahisələndirmiş, iddiaçı isə qətnamə ilə razılaşaraq onun qüvvədə qalmasını istəmişdir. Başqa sözlə qətnamənin, iddianın təmin olunmaması ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə “Cavabdeh 1 ədəd, əyarı 750 olan komplektin (sırğa-üzük, qolbağı, sep, klon), 1 cüt, 2,6 qram, əyarı 585 olan sırğanın, 1 cüt, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 2 qram, göy qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, 2 qram, yaşıl qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, qaşsız (alyans), əyarı 585 olan üzüyün, 1 ədəd, 13,3 qram, əyarı 750 olan komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd, 10 qram, əyarı 750 olan brilyant qaşlı nişan üzüyünün, 1 ədəd, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 3,2 qram, əyarı 585 olan sırğanın və ya onların dəyəri olan 6144 manatın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi”, eləcə də ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması hissələrində ləğv edilməklə iddia tələbi göstərilən hissədə də təmin olunmamalı, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və cavabdeh tərəfindən də mübahisələndirilməyən hallarına görə, tərəflər xx xxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra iddiaçı cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 58 saylı evə gəlin köçmüş, nikahlarından xx xxxxxx 2017-ci il tarixdə Səbinə adını verdikləri uşaqları doğulmuş, 2019-cu ilin iyun ayında iddiaçı nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. İddiaçının iddiasına görə gəlin köçərkən (nikaha daxil olarkən) ona iddia ərizəsində sadaladığı qızıl-zinyət əşyaları hədiyyə olunmuş, münasibətləri pozulduqdan sonra həmin əşyalar ona qaytarılmamışdır; cavabdeh isə iddiaçının iddia etdiyi qızıl-zinyət əşyalarından yalnız dəyəri 2200 manat olan komplektin və nişan üzüyünün mövcud olduğunu, onların isə nikahda olduqları dövrdə ailənin ehtiyacları üçün satıldığını irəli sürməkdədir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 (iddiaçının bacısı), X3 (iddiaçının xalası) və X4 (iddiaçının valideynlərinin qonşusu) bənzər ifadələr verərək göstərmişlər ki, iddiaçının toydan əvvəl də özünə məxsus zinət əşyaları olmuş, toyda da cavabdehin ailəsi tərəfindən ona qızıl-zinyət əşyaları bağışlanmış, cavabdeh tərəfindən isə iddiaçıya iddiaçıın sadaladığı əyarda və qramda (italyan qızılından olan) 1 ədəd komplekt (sırğa-üzük, qolbağı, sep, klon), 1 ədəd yaşıl qaşlı üzük, 1 ədəd brilyant qaşlı nişan üzüyü, 1 ədəd göy qaşlı üzük bağışlanmış, o bütün qızıllarını ər evinə aparmış, nikahı pozulandan sonra zinət əşyalarından heç birini özü ilə gətirməmişdir. Birinci instansiya məhkəməsinə ərizə ünvanlayan X7 ərizəsində göstərmişdir ki, Bakı şəhərinin “Neftçilər” metrosu yaxınlığında yerləşən “Orbita” ticarət mərkəzində qızıl dükanında satıcı işləyir və işlədiyi müddətdə Cavabdeh 2016-2018-ci illərdə ona dəfələrlə qızıl satmış, satılmış üzük, boyunbağı, sırğaların əyarları 750 və 585 olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi ədəddə və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi qızılzinyət əşyalarından komplektin və nişan üzüyünün ona hədiyyə edilmiş olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac olmamışdır; çünkü bu fakt, yəni sözügedən qızılların iddiaçıya hədiyyə edildiyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla belə işin hallarından və iş materiallarından aydın olur ki, həmin zinyət əşyaları tərəflərin nikahda olduqları (ailə olaraq yaşadıqları) dövrdə cavabdeh tərəfindən satılmışdır və hazırda cavabdehin sahibliyində deyildir. İddiaçı qızıl-zinyət əşyalarının ona məlumat verilmədən (xəbəri olmadan) satıldığını irəli sürsə də, kollegiya onun bu arqumentini inandırıcı hesab etmir; çünkü iş materiallarından, qızılların tərəflərin münasibətlərinin normal olduğu tarixlərdə satıldığı məlum olur və buna görə də onların bilavasitə iddiaçının razılığı əsasında satılaraq əldə olunan pulun ailə ehtiyaclarına sərf edildiyi gənaətinə gəlmək daha ağlabatandır. İddiaçının iddia tələbində ona hədiyyə olunduğunu irəli sürdüyü digər zinyət əşyaları barədə isə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir və buna görə də kollegiya iddianın həmin hissəsi üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1376/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh 1 ədəd, əyarı 750 olan komplektin (sırğaüzük, qolbağı, sep, klon), 1 cüt, 2,6 qram, əyarı 585 olan sırğanın, 1 cüt, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 2 qram, göy qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, 2 qram, yaşıl qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, qaşsız (alyans), əyarı 585 olan üzüyün, 1 ədəd, 13,3 qram, əyarı 750 olan komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd, 10 qram, əyarı 750 olan brilyant qaşlı nişan üzüyünün, 1 ədəd, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 3,2 qram, əyarı 585 olan sırğanın və ya onların dəyəri olan 6144 manatın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması” hissələrində ləğv olunsun. İddia tələbi göstərilən hissədə də təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni “1 ədəd “LG” markalı kompyuterin monitorunun və ya onun dəyəri olan 70 manatın X2 alınıb İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 80 (səksən) manatı İddiaçı, 20 (iyirmi) manatı isə Cavabdeh alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar