Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7574/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh4, habelə Cavabdeh1 vəkili (nümayəndəsi) X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-G1-1-0-843-15 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədilə 14.774,07 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 10.465,96 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 1.637,04 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonrakı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 551,45 ABŞ dolları, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat, xidmət haqqının əvəzinin – 20 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan və Cavabdeh1 məxsus daşınmaz əmlaka – Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 100 saylı evin 106 saylı mənzilinə yönəldilməsi; mənzilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi; satışdan əldə oluna biləcək vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması; mənzil açıq hərracdan satıldığı halda 1 aydan gec olmayaraq cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 1-G1-1-0-843-15 saylı xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 14.774,07 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.214,20 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 200 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonrakı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 551,45 ABŞ dolları, cəmi isə 20.739 ABŞ dolları 72 sent məbləğində pulun (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat, xidmət haqqının əvəzinin – 20 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmasını; tutmanın Cavabdeh1 məxsus olan mənzilə yönəldilməsini, həmin mənzilin açıq hərracdan 90.000 manata ilkin satış qiyməti ilə satılmasını və satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini; həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borcun Cavabdeh1 ümumi qaydada tutulmasını; mənzil açıq hərracdan satıldığı halda 1 aydan gec olmayaraq cavabdehlərin mənzildən çıxarılmalarını; iddianın qalan hissədə təmin edilməməsini; ekspertiza tədqiqatının dəyərini təşkil edən 20 manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. İş üzrə iddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni faiz və cərimə barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və həmin tələblərin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 da öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və əsas kredit borcunun məbləğinin yenidən müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə öldüyü üçün Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ona aid hissədə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə apellyasiyanın hədləri ilə bağlı onu qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia faiz və cərimə borcunun tutulması hissəsində qismən təmin edilmiş, iddiaçı Bank da yalnız iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Cavabdeh1 apellyasiya şikayətində isə qətnamənin tamamilə ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan aydın olur ki, o, yalnız əsas borcun məbləğinin müəyyən edilməsindən narazıdır. Odur ki, Məhkəmə göstərilənləri nəzərə alaraq Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız əsas, faiz və cərimə borclarının məbləğlərinin müəyyən edilməsi hissəsində yoxlamışdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq qeyd edir ki, Bankın iddia tələbi və apellyasiya şikayəti faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən, Cavabdeh1 iddiaçı Bankın “1 saylı” filialından illik 21 % dərəcəsi ilə 36 ay müddətinə 28.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin o, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla da xx.xx.2019-cu il tarixə Banka 14.774,07 ABŞ dolları əsas, 10.465,96 ABŞ dolları faiz, 1.637,04 ABŞ dolları cərimə borcu yaranmışdır. Lakin iş üzrə verilmiş ekspert rəyində borc məbləği düzgün hesablanmamış, Rayon Məhkəməsi də borcu həmin rəy əsasında tutmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 tutulan borcun məbləği ekspert rəyi ilə müəyyən edilməməli, iddia ərizəsində tələb edilən məbləğ tutulmalıdır. Çünki ekspert həqiqətə uyğun olmayan rəy vermişdir. Bankın nümayəndəsi tərəfindən məhkəmə iclasında şifahi olaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət qaldırılsa da, Rayon Məhkəməsi tərəfindən həmin vəsatət təmin edilməmişdir. İş üzrə Cavabdeh1 apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddia tələbindən məlum olur ki, iddiaçı Bank əsas borcun ödənilməsi məqsədi ilə ondan 14.774,07 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etsə də, ekspert tərəfindən verilmiş rəydə əsas borcun məbləği daha artıq 23.737,73 ABŞ dolları kimi qeyd edilmişdir. Bu anlaşılmazlığın iddiaçı Bank tərəfindən aradan qaldırılmamasına baxmayaraq, Rayon Məhkəməsi bu istiqamətdə araşdırma aparmamış, Bankın əsas borc barədə tələbini təmin etmişdir. Buna görə də, o hesab edir ki, Rayon Məhkəməsi iddia tələbindən kənara çıxmışdır. İddiaçı Bankın nümayəndəsi D.Əliyeva apellyasiya baxışı iclasında iştirak edərək Bankın apellyasiya şikayətini müdafiə edərək bu şikayətin məzmununa uyğun izahat verdi. O, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, əsas kredit borcunun tutulması hissəsində Rayon Məhkəməsi iddia tələbindən kənara çıxmamış, əksinə iddia tələbi çərçivəsində nəticəyə gələrək əsas kredit borcunu ekspertizanın rəyində göstərilmiş məbləği nəzərə almamışdır. Buna görə də, Cavabdeh1 apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. Apellyasiya baxışında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4, habelə Cavabdeh1 vəkili (nümayəndəsi) A.Bağırov Bankın apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və bu şikayətinin məzmununa uyğun izahat verdilər. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti əsassız, iddiaçı Bankın apellyasiya şikayəti isə qismən əsaslıdır. Belə ki, Bankın “1 saylı” filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1-G1-1-0-843-15 №-li “Kredit müqaviləsindən” görünür ki, Bank kreditdən istifadəyə görə 28.000 manat məbləğində krediti, illik 21% dərəcəsi ilə 36 ay müddətinə Cavabdeh1 vermişdir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, Cavabdeh1 Banka xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə 14.774,07 ABŞ dolları əsas kredit borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 23377 saylı rəydən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, müqavilə üzrə Cavabdeh1 Banka xx.xx.2018-ci il tarixə (müqavilənin bitdiyi tarix) olan əsas borcu 23.737,73 ABŞ dolları məbləğindədir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 29612 saylı rəydən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, müqavilə üzrə Cavabdeh1 Banka xx.xx.2018-ci il tarixə (müqavilənin bitdiyi tarix) olan əsas kredit borcu 23.737,73 ABŞ dolları, xx.xx.2019-cu il tarixə (ekspertizanın təyin edilməsi barədə qərardadın qəbul edilməsi tarixi) isə əsas kredit borcu 23.737,73 ABŞ dolları məbləğindədir. Ekspert rəyi ilə müəyyən edilən əsas borcunun məbləği iddia ərizəsində tələb edilən məbləğlərdən çox olsa da, Rayon Məhkəməsi haqlı olaraq iddia tələbindən kənara çıxmamış və əsas kredit borcunun məbləğini iddia tələbi həddində təmin etmişdir. Çünki MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdeh1 apellyasiya şikayətində işə baxmış Rayon Məhkəməsinin əsas kredit borcu ilə bağlı tələbdən kənara çıxdığınıbildirsə də, apellyasiya baxışının nəticələri ilə bu kimi hal müəyyən edilmədi. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti əsassızdır. İddiaçı Bankın apellyasiya şikayəti ilə bağlı Məhkəmə qeyd edir ki, Bankın təqdim etdiyi hesablamalardan görünür ki, Cavabdeh1 Banka xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə 12.758,51 ABŞ dolları faiz borcu və 1.637,04 ABŞ dolları ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimə (dəbbə) borcu mövcuddur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 23377 saylı rəydən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, müqavilə üzrə Cavabdeh1 Banka xx.xx.2018-ci il tarixə (müqavilənin bitdiyi tarix) olan faiz borcu 5.214,20 ABŞ dolları məbləğindədir. Həmin Mərkəz tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 29612 saylı rəydən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, müqavilə üzrə Cavabdeh1 Banka olan faiz borcu xx.xx.2018-ci il tarixə (müqavilənin bitdiyi tarix) 5.214,20 ABŞ dolları, xx.xx.2019-cu il tarixə (ekspertizanın təyin edilməsi barədə qərardadın qəbul edilməsi tarixi) isə 6.532,97 ABŞ dolları məbləğindədir. İşə baxmış Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş rəyləri nəzərə alaraq hesab etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə Cavabdeh1 iddiaçı Bankın xeyrinə 5.214,20 ABŞ dolları məbləğində pul tutulmalıdır. İddiaçı Bank apellyasiya şikayətində qeyd edir ki, faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində Rayon Məhkəməsinin nəticəsi əsassızdır. Çünki iş üzrə verilmiş ekspert rəyində məbləği düzgün hesablanmamış, Rayon Məhkəməsi də borcu həmin rəy əsasında tutmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilməməli, iddia ərizəsində tələb edilən məbləğdə müəyyən edilməlidir. Məhkəmə iddiaçı Bankın bu dəlilini əsassız hesab edir. Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin ekspertiza tərəfindən verilmiş rəydə faiz borcunun səhv hesablanmasını bildirən Bank bu halı təsdiq edə və rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa ekspertin rəyini və ya mütəxəssisin hesablamasını) Məhkəməyə təqdim etməmişdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Bankın özünün hazırki iş üzrə Rayon Məhkəməsinə təqdim etdiyi hesablama etibarlı sübut kimi qəbul edilə bilməz, çünki Bank hazırki iş üzrə maraqlı şəxsdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı Bankın faiz borcu ilə bağlı gətirdiyi dəlil əsassızdır. Bununla yanaşı Məhkəmə iddiaçı Bankın apellyasiya şikayətinin ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) məbləği ilə bağlı dəlilini qismən əsaslı hesab edir. Belə ki, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) azaldılmış məbləğdə Cavabdeh1 tutulması barədə Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmalı olan cərimə borcu əsas borca nəzərən tənasübsüz surətdə xeyli yüksəkdir və cəriməni azaldaraq 200 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə razılaşır ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməmişdir. Buna baxmayaraq bu məsələ ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır və bu təcrübəyə görə cərimənin tutulması barədə tələblərə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini əsas borcun 10% miqdarında müəyyən edirlər. Bu təcrübə və hazırki iş üzrə əsas kredit borcunun 14.774,07 ABŞ dolları məbləğində olması nəzərə alındıqda müəyyən edilir ki, Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmalı olan cərimə borcu əsas kredit borcunun 10% miqdarında, yəni 1.477 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı Bankın cərimə borcu ilə bağlı gətirdiyi dəlil qismən əsaslıdır. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkəmə, hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı Bankın apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Bankın xeyrinə tutulmalı olan cərimənin məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cərimənin tutulması barədə iddia qismən təmin edilməli, Cavabdeh1 cərimə olaraq 1.477 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı Banka ödənilməli, bu tələbin qalan hissəsi təmin edilməməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddiasının “ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) tutulması barədə” hissəsi qismən təmin edilsin. Cavabdeh1 ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.477 (bir min dörd yüz yetmiş yeddi) ABŞ dolları (qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manati ilə) tutularaq İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cərimənin (dəbbənin) ödənilməsi barədə tələbin qalan hissəsi təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni “1- G1-1-0-843-15 saylı xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 14.774 (on dörd min yeddi yüz yetmiş dörd) ABŞ dolları 07 (yeddi) sent, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.214 (beş min iki yüz on dörd) ABŞ dolları 20 (iyirmi) sent, müqavilə müddəti bitdikdən sonrakı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 551 (beş yüz əlli bir) ABŞ dolları 45 (qırx beş) sent məbləğində pulun (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissədə dəyişdirilməmiş saxlanılsın. Müəyyən edilsin ki, hər iki qətnamə ilə Cavabdeh1 İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit müqaviləsi üzrə (qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manati ilə) tutulacaq ümumu məbləğ 22.016 (iyirmi iki min on altı) ABŞ dolları 72 (yetmiş iki) sentdir. Müəyyən edilsin ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamənin “iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 (on) manat, xidmət haqqının əvəzinin – 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh1 İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; tutmanın Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 100 saylı evin 106 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan 90.000 manata ilkin satış qiyməti ilə satılması və satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borcun Cavabdeh1 ümumi qaydada tutulması; mənzil açıq hərracdan satıldığı halda 1 aydan gec olmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mənzildən çıxarılmaları; iddianın qalan hissədə təmin edilməməsini; ekspertiza tədqiqatının dəyərini təşkil edən 20 (iyirmi) manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi barədə” hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7574/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7574/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver