Məhkəmə qərarları › İş №2(103)-7584/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7584/2020

27.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7584/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Murtuz qızının, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Murtuz qızının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz və əsassız hesab edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3135/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Murtuz qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Murtuz qızı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 20-0138 saylı əmrin qanunsuz və əsassız hesab edilməsi, işsiz qaldığı bütün dövr üzrə orta əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, dəymiş mənəvi zərərə görə 20000 manat məbləğində pul vəsaitinin, hüquqi məsləhət və nümayəndəlik xidmətləri üçün 200 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixli, 20-0138 saylı əmr ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "c" yarımbəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli, 20-0138 saylı əmr qanunsuz və əsassız hesab edilərək ona dəymiş zərərin məbləği işəgötürən tərəfindən onun xeyrinə ödənilməlidir. Belə ki, "xxxxxxxxx" QSC-nin xx xxxxxx 2020-ci il tarixli rəsmi bildirişindən görünür ki, işə götürən istehsalın və əməyin təşkilində optimallaşdırma ilə bağlı dəyişikliklər edilməli olduğundan departamentin əməkdaşları arasında vəzifə bölgüsü yenidən aparılmış və o, əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədər "Cavabdeh" QSC-nin başqa fililalına keçirilmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl onu xəbərdar etməli idi və yeni əmək şəraitinə razılıq vermədiyi təqdirdə işəgötürən onu başqa vəzifəyə keçirə bilərdi və əgər bu mümkün olmasaydı işəgötürənin əmək müqaviləsinə xitam verməyə hüququ olardı. Yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermək üçün işəgötürən həmin yeni əmək şəraiti ilə iddiaçını tanış etməli idi, onu da etməmişdir. Nəticə etibarı ilə "Cavabdeh" QSC əmək qanunvericiliyinin tələblərinə əməl etmədən əmək münasibətlərinə xitam vermiş və iddiaçıya maddi və mənəvi zərər vurmuşdur. xx xxxxx 2008-ci il tarixindən “Cavabdeh" QSC-də fəaliyyətə başlamış və həmin bankda xx xxxxxx 2017-ci ildən QKM (qeyri kredit məhsullarının) Satış və Bank Xidmətləri üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xx xxxx 2019-cu ildən xx xxxx 2019-cu il tarixədək analıq, xx xxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixədək əsas əmək məzuniyyəti, xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixədək uşağa qulluqla bağlı sosial məzuniyyətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən işə çıxmış və Cavabdeh QSC-nin rəhbəri tərəfindən heç bir xəbərdarlıq olunmadan əmək funksiyasından kənarlaşdırılmış və onun yerinə başqa işçi götürülmüşdür. Bundan başqa, məzuniyyətdə olduğu dövrdə çalışdığı departamentin adı dəyişdirilmiş və ondan başqa bütün əməkdaşlara yeni müqavilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müqaviləyə xitamın əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "c" yarımbəndinə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi göstərilsə də, əslində cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" yarımbəndində göstərilmiş, yəni işçilərin sayı və ştatları ixtisarı edilmə əsası ilə əmək müqaviləyə xitama hüquqi don geyindirməyə çalışmışdır. Beləliklə, onların bu hərəkəti cinayət məsuliyyətindən yayınmaya yönəldilmişdir. İşin faktiki hallarından göründüyü kimi Əmək Məcəlləsində 3 yaşınadək uşağı olan qadınlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin və sair ödənişlərin, qısa iş saatı və digər üstünlükləri ilə bağlı tələblərinin yerinə yetirməli olduğu halda işəgötürən əlavə xərcə düşməmək üçün onu, yəni 3 yaşınadək uşağı olan qadın olması əsası ilə faktiki olaraq ixtisara salmış, əmrdə isə formal olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndini qeyd edərək xitam vermişdir, nəticə etibarı ilə məsuliyyətdən yayınmağa cəhd göstərmişdir. Qeyd olunanlar əmrin qanunsuzluğunu və əsassızlığını göstərir. O, 12 il vicdanla "Cavabdeh" QSC-də çalışmış və bu müddət ərzində o bankın inkişafına, zənginləşməsinə və fəaliyyətin yaxşılaşmasına öz əməyini sərf etmişdir. Bütün bunlardan sonra barəsində bu cür qanunsuz hərəkət mənfi psixi reaksiyaya və mənəvi pozğunluğa səbəb olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdırarkən yalnız xx xxxxxx 2020-ci il tarixli rəsmi bildirişə və xx xxxxxx 2020-ci il tarixli etiraz ərizəsinə istinad etmişdir. xx xxxxxx 2020-ci il tarixli rəsmi bildirişə əsasən, iddiaçı əmək şəraitin şərtlərinin dəyişdirilməsi ilə əlaqədər əmək haqqı məbləği 600 olmaq “xxxxxxxxx” QSC Babək filialında “X7 üzrə Apaıcı Mütəxəssis vəzifəsinə keçirilməyiniz barədə məlumatlandırırsınız” barədə bildirilmişdir. Lakin məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçı əslində başqa vəzifə keçirilməmişdir. Buradan görünür ki, cavabdeh artıq digər vəzifəyə keçirildiyini yalandan bildirməklə, iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Axı bu məsələdə əmək qanunvericiliyi iddiaçının hüquqularını xüsusilə vurğulayır, hansılardan ki, cavabdeh faktiki olaraq, ya hazırki vəziyyətlə barışmaq, ya işdən çıxmaq şərtini sərt şəkildə qoymaqla iddiaçını onlardan məhrum etmişdir. İddiaçının başqa vəzifəyə keçirilməsi mümkün olub-olmadığı araşdırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1-maddəsinə əsasən, “İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.” Qeyd edilir ki, iş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə əlavənin 1.2-ci bəndinə əsasən, iddiaçı “İşçi QKM satışı və Bank xidmətləri üzrə Aparıcı Mütəxəssisi” (qeyri kredit məshulların) vəzifəsinə təyin edilmişidr. Lakin xx xxxxxx 2020-ci il tarixli rəsmi bildirişə əsasən, “X7 üzrə Aparıcı Mütəxəssisi” vəzifəsinə keçirilmişdir. Burada vəzifənin adından müəyyən etmək olur ki, birinci vəzifə bank xidmətlərinin “qeyri kredit” məhsuları ilə, lakin keçirilmiş yeni vəzifə isə “kredit”-lə bağlıdır. Yəni cavabdehin “...İşçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir” barədə qanunun tələbini riayət edilib-edilməməsi və buna dair hər hansı sübut təqdim edilməməmişdir. Cavabdeh tərəfindən əmək haqqı 600 manat olan, yəni əvvəlkindən daha yüksək əmək haqqı nəzərdə tutulan vəzifənin, əmək funksiyaları barədə məsələ araşdırılmamışdır. Məhkəmə iclasnın protokoluna əsasən, cavabdeh bildirir ki “əmək funksiyaları demək olar ki, eynidir. Dəyişiklərlə bağlı rəsmi sənəd iddiaçıya və Dövlət Əmək Müfəttişliyinə təqdim olunmuşdur”. Lakin əmək funksiyaları barədə hər hansı sənədlər iddiaçıya təqdim edilməmiş və bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əmək funksiyalarında dəyişiklik olunub-olunmaması araşdırılmamışdır. İş materiallında olan cavabdehə ünvanlanmış xx xxx 2020-ci il tarixli ərizəyə əsasən, iddiaçı “X7 üzrə Aparıcı Mütəxəssis” vəzifəsinin əmək funksiyası barədə sual versə də, iş materialında olan xx xxx 2020-ci il tarixli məktuba əsasən, cavabdeh bu barədə məlumat verməyərək, “ həmin vəzifə üzrə müvafiq vəzifə öhədlikləri izah edilmişdir” deyə bildirmişdir. Beləliklə, qeyd edilənləri rəhbər tutaraq hesab edirik ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin həlli üçün bütün faktiki halları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh İddiaçı və təmsilçisi ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh QSC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PERSORD-64176 saylı əmək müqaviləsinə əsasən, İddiaçı vəzifə maaşı 757 manat olmaqla, Müştəri Xidmətləri Aparıcı Kredit Mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Həmin tərəflər arasında bağlanılmış PERSORD-64176 saylı əmək müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli əlavəyə əsasən, İddiaçı vəzifə maaşı 450 manat olmaqla, QKM Satışı və Bank Xidmətləri üzrə Aparıcı Mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə əsasən, yaranmış zərurətlə əlaqədar olaraq “xxxxxxxxx” QSC-də istehsalın və əməyin təşkilində optimallaşdırma ilə bağlı dəyişiklik edilməli olduğundan “Pərakəndə Bankçılıq” Departamentinin əməkdaşları arasında vəzifə bölgüsü yenidən aparılmışdır. Bu bildirişlə əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar əmək haqqı məbləği 600 manat olmaqla Cavabdeh QSC-nin Babək filialında X7 üzrə Aparat Mütəxəssisi” vəzifəsinə keçirilməsi, yeni əmək şəraitin şərtlərinə münasibətindən asılı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş növbəti tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır. Cavabdeh QSC-nin xx.xx.2020-cu il tarixli, 20-0138 saylı əmrinə əsasən, “QKM Satışı və Bank Xidmətləri üzrə Aparıcı Mütəxəssis” İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin c yarımbəndinə əsasən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasımın Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Cavabdeh QSC-nin rəhbərliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə təqdim etdiyi məktublar və əlavə olunmuş sənədlərdə onun, xx.xx.2017-ci il tarixdən “QKM satışı və bank xidmətləri üzrə aparıcı mütəxəssis” vəzifəsində çalışdığı, əmək haqqının 450 (dörd yüz, əlli) manat məbləğində olduğu bildirilmişdir. Həmçinin şirkət tərəfindən xx.xx.2020-ci il tarixdə “QKM satışı və bank xidmətləri” departamentində (əvvəlki eyni vəzifə funksiyanına uyğun olan təlimata) əmək haqqının 600 (altı yüz) manat olmaqla əmək şəraitinin dəyişdirilməsi barədə ona bildirişin təqdim edildiyi lakin razılıq vermədiyi, onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən xitam verildiyi qeyd olunmuşdur. Hazırda Cavabdeh” QSC-də “Pərakəndə Bankçılıq” departamentinin müştəri xidmətlərində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiyanın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli bu mümkün olmadıqda isə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində əmək müqaviləsinə xitam verilə bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1 və 56.2-ci maddələrini, 68-ci maddəsinin “c” bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “c” bəndinə əsasən, əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilə bilər Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə, yəni qanunvericiliyin tələbinə uyğun olaraq 1 ay əvvəldən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə rəsmi bildiriş təqdim olunmuş və bununla əlaqədar ona əmək haqqı məbləğinin artırıldığı digər vəzifəyə keçirilməsi təklif edilmişdir. Bu təklif istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar yaranmış işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməsinə uyğun olmuşdur. X6 yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş, onun başqa vəzifəyə keçirilməsi mümkün olmamışdır. Beləliklə, xx xxxxxx 2020-ci il tarixdə verilmiş bildiriş üzrə xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçı və Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilmişdir. Bundan başqa, İddiaçı Murtuz qızı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş və araşdırma əsasında ona qanun pozuntusunun müəyyən edilmədiyi bildirilmişdir. Beləliklə, aparılmış məhkəmə araşdırmaları zamanı İddiaçı Murtuz qızının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının qanuni və əsaslı olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X4 Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Murtuz qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3135/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar