Məhkəmə qərarları › İş №2(103)-7603/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7603/2022

18.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7603/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlkların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022- ci il tarixli qərardadı ilə iddia ərizəsi “ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsi” hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022- ci il tarixli qərardadı ilə iş üzrə icraata “iddiaçının ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatına alınması” hissəsində xitam verilmişdir. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 142/2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri yaşayış sahəsinə (ünvan 2 ünvanında yerləşən mənzilə) ½ payları müəyyən olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022 saylı iddianın baxılmamış saxlanması qərardadından şikayət verərək məhkəmədən qərardadın ləğv edilməsini və iddia ərizəsinə qeyd olunan hissədə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 142/2022 saylı qərardadı ilə qərardaddan şikayət geri qaytarılmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 həmin qərardaddan şikayət verərək məhkəmədən qərardadın ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022 saylı qərardadından verilmiş şikayətə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022 saylı qərardadının iddiaçının vəkilinə (nümayəndəsinə) məxsus elekron kabinetə yerləşdirilməsi iddiaçının həmin qərardadı xx.xx.2022-ci il tarixdə aldığı mənasına gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən həmin Məcəllənin 135.6-cı maddəsində nəzərdə tutulmuş işdə iştirak edən şəxslər dedikdə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar başa düşülür. Həmin normadan görünür ki, iddiaçının vəkili (nümayəndəsi) mülki iş üzrə işdə iştirak edən şəxslərə aid deyil və nəticə etibarilə şikayət verilmiş qərardadın onun elektron kabinetinə yerləşdirilmə tarixi həmin qərardadın hüquqlarını təmsil etdiyi işdə iştirak edən şəxsə (iddiaçı tərəfə) xx.xx.2022-ci il tarixdə təqdim olunması mənasına gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən vəkillər və nümayəndələr iş üzrə işdə iştirak edən şəxs deyil, onlar mülki prosesin digər iştirakçıları sayılır və nəticə etibarilə həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən mülki prosesin digər iştirakçılarına qərardadın çatdırılması qərardadın işdə iştirak edən şəxsə çatdırılması mənasına gəlmir. Həmçinin iddiaçı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişdir və nəticə etibarilə məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə onun mobil telefon nömrəsinə SMS-lə çatdırılmamışdır. Qeyd olunan xx.xx.2022-ci il tarixli qərardad “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada iddiaçıya xx.xx.2022-ci il tarixdə (qəbul edildiyi tarixdən 25 gün sonra) rəsmi olaraq təqdim edildiyindən iddiaçı tərəfin həmin qərardaddan şikayət etmək müddəti buraxılmamış hesabedilməli və həmin qərardaddan verilmiş şikayətə mülki prosessual qanunvericilik çərçivəsində baxılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(010)-142/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası mülki işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022 saylı qərardadı ilə Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki iş “ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsi” hissəsində baxılmamış saxlanılmışdır. Bu barədə məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, iddia tələbi birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi ilə bağlı olmuş, iddiaçı sonradan bir neçə dəfə iddia tələbinin həcmini artıraraq, əlavə tələblər irəli sürmüşdür. Lakin bu zaman nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsi tələbi ilə iddiaçının bu mənzil üzərində payının tanınması tələbi arasında heç bir bağlılıq olmadığından iddia ərizəsi sonradan artırılan hissədə - istifadə hüququnun tanınmaqla köçürülməsi hissəsində baxılmamış saxlanılmalıdır. Hazırkı şikayətdən isə belə görünür ki, iddiaçının nümayəndəsi (vəkili) bu iki tələb arasında bağlılıq olduğunu iddia etmiş, lakin bununla bağlı mövqeyini əsaslandıra bilməmişdir. Halbuki bu iki tələbin bir-biri ilə heç bir bağlılığı yoxdur. Belə ki, birgə nikah dövründə əldə edilmiş mənzil üzərində pay tələb edilməsi və bu mənzildən istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbləri bir-biri ilə bağlılığı olmayan tələblərdir. İddiaçının mənzil üzərində payının tanınıb-tanınmamasından asılı olmayaraq, o, mənzildən istifadə hüququnun tanınmasını, eləcə də mənzilə köçürülməsini tələb edə bilər. Bu tələbin əmlak bölgüsü tələbinə hər hansı bağlılığı yoxdur. Nəzərə alınmalıdır ki, hər iki tələbin hüquqi əsasları da bir-birindən tamamilə fərqlidir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 142/2022 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-142/2022 saylı qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar