Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7608/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehlərin paylı mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Şota Rustaveli küçəsində yerləşən 76 saylı torpaq sahəsinin onunla cavabdehlərin arasında paylarına uyğun olaraq bölünməsi və torpaq sahəsinin onun mülkiyyətində olan 7/17 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Torpaq sahəsinin 7/17 hissəsi iddiaçının, 6/17 hissəsi Cavabdeh1, 2/17 hissəsi Cavabdeh2 və 2/17 hissəsi Cavabdeh3 mülkiyyətindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışla” təsdiq edilir. İddiaçı bildirir ki, torpaq sahəsinin onun mülkiyyətində olan 7/17 hissəsinin naturada ayrılması mümkündür. Həmin hissənin ayrıca giriş-çıxışa malikdir. İş üzrə tərəflər paylı mülkiyyətin idarə edilməsi barədə razılığa gəlməmiş və iddiaçının öz əmlakından sərbəst şəkildə istifadə etmək hüququ məhdudlaşmışdır. Buna görə də, o, hesab edir ki, torpaq sahəsinin onunla cavabdehlərin arasında paylarına uyğun olaraq bölünməli və torpaq sahəsinin onun mülkiyyətində olan 7/17 hissəsi naturada ayrılmalıdır. Torpaq sahəsi naturada bölündüyü təqdirdə həmin sahədən istifadə qaydaları da müəyyən edilmiş olacaqdır və hər bir mülkiyyətçinin öz payına uyğun qaydada istifadə etməsinə şərait yaradacaqdır. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Daha sonra, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə mülki iş üzrə icraata xitam verilməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında mübahisə yoxdur. Mübahisə olmadığından, iddia ərizəsində qeyd edilən məsələyə məhkəmə qaydasında baxıla bilməz, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə tərəflər öz aralarında razılığa gələrək paylı mülkiyyətlərində olan torpaq sahəsinin iddiaçının payına düşən 7/17 hissəni qalan hissələrdən naturada ayırmışlar. İş üzrə keçirilmiş ekspertizanın nəticəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2114 saylı rəydən görünür ki, iş üzrə tərəflərin iddiaçı üçün naturada ayırdıqları hissə iddiaçının payının miqdarına uyğun aparılmışdır; həmin hissə digər hissələrdən təcrid olunmuşdur; ayrıca giriş-çıxışı var; iddiaçının payının məhkəmə qaydasında naturada ayrılması elə mövcud olan şəraitə uyğun aparılması texniki cəhətdən mümkündür. Bu hal, mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da müəyyən edilmişdir. Yerində müayinə zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı tikili torpaq sahəsinin məhz onun üçün ayrılmış və istifadə etdiyi hissəsində yerləşir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassız və qanunsuzdur. Rayon Məhkəməsi ekspertiza rəyinə əsaslanaraq torpaq sahəsinin artıq naturadan bölündüyü, iş üzrə tərəflər arasında heç bir mübahisənin olmadığını bildirsə də, nəzərə almamışdır ki, cavabdehlər əmlakın naturadan bölünməsi üçün heç bir təşəbbüs göstərməmişlər. Torpaq sahəsi faktiki olaraq bölünsə də paylara uyğun bölünməmiş, ona ayrılmış hissə payının ölçüsünə uyğun deyil. Belə olan halda tərəflər arasında paylı mülkiyyətdə olan əmlakın idarə edilməsində müəyyən çətinliklər yaranır. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələblərinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (maddə 220.3.). İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışa” əsasən iddia ərizəsində qeyd edilən torpaq sahəsinin 7/17 hissəsi iddiaçının, 6/17 hissəsi Cavabdeh1, 2/17 hissəsi Cavabdeh2 və 2/17 hissəsi Cavabdeh3 mülkiyyətindədir. Göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşin hallarından müəyyən edilir ki, iş üzrə tərəflər razılığa gələrək iddiaçının payına düşən hissəni naturada ayırmışlar. Həmin hissə digər hissələrdən təcrid olunmuşdur və ayrıca giriş-çıxışı var. İddiaçı qərardaddan verdiyi şikayətdə bildirir ki, torpaq sahəsi faktiki olaraq bölünsə də payına uyğun deyil. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 10/2114 saylı rəydən görünür ki, iş üzrə tərəflərin iddiaçı üçün naturada ayırdıqları hissə iddiaçının payının miqdarına uyğun aparılmışdır. Həmin hissə digər hissələrdən təcrid olunmuşdur və ayrıca giriş-çıxışı var. Göründüyü kimi şikayətin ayrılmış sahənin ölçüsünün iddiaçının payına uyğun olmaması barədə dəlili əsassızdır. İddiaçı bu dəlilin əsaslı olmasını təsdiq edə biləcək və ekspertiza tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutu (məsələn: alternativ rəyi) məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş “payın naturada ayrılması tələbi barədə” iddia əsasında başlanmış mülki işin icraatına qeyd edilən (işə məhkəmədə baxılmalı deyil, iş üzrə tərəflər arasında mübahisə yoxdur) əsasla xitam verməkdə haqlı olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı qərardaddan verdiyi şikayətdə həmçinin bildirir ki, onunla cavabdehlər arasında paylı mülkiyyətdə olan əmlakın idarə edilməsində müəyyən çətinliklər yaranır. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 218.3-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi iddiaçı ilə cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsinin iddiaçı ilə cavabdehlərin arasında onların paylarına uyğun olaraq bölünməsi və torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 7/17 hissəsinin naturada ayrılması barədədir. Bu tələblər ilə bağlı Məhkəmənin artıq müəyyən edilmiş mövqeyi ondan ibarətdir ki, bu tələblərə məhkəmədə baxılmalı deyil, çünki iş üzrə tərəflər torpaq sahəsinin iddiaçının payına düşən hissəsinin naturada ayrılması məsələsini öz aralarında həll etmişlər. Qərardaddan verilmiş şikayətdə qeyd edilən “iddiaçı ilə cavabdehlər arasında paylı mülkiyyətdə olan əmlakın idarə edilməsində müəyyən çətinliklər yaranması barədə” dəlilləri hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddia ilə əhatə olunmur. Əgər iddiaçı ilə cavabdehlər arasında bu kimi məsələ ilə bağlı problemlər varsa, onda o, yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Bu baxımdan Məhkəmə hesab edir ki, qərardaddan verilmiş şikayətin müzakirə edilən bu dəlili də əsaslı hesab edilə bilməz. Beləliklə də, qeyd edilənləri nəzərə alan və MPM-nin 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7608/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7608/2022
18.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver