Məhkəmə qərarları › İş №2(103)-7618/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7618/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7618/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxx” İKBASC-nin nümayəndəsi X3, cavabdeh X1, onun və həmçinin Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxxxx” İKBASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X6 qarşı kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsitələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2797/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxx” İKB ASC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X6 qarşı kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 17-G-1- 0-20-14 saylı kredit müqaviləsi üzrə 6482,53 ABŞ dolları əsas borc, 11791,77 ABŞ dolları faiz borcu, 1545,02 ABŞ dolları cərimə olmaqla, cəmi 19819,32 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın X7 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 40000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh1, X1, Cavabdeh3 və X5 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları və mənzilin boşaldılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, bankın 6 saylı filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 17-G-1-0-20-14 saylı kredit müqaviləsi bağlanmış və iddiaçı illik 25% olmaqla 36 aylıq müddətə cavabdehə 33146 ABŞ dolları məbləğində istehlak məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit ödənişinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən RX seriyalı, ******* saylı çıxarışa əsasən cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı 53 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 1317.88 ABŞ dolları, ümumilikdə isə 47443.62 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6482,53 ABŞ dolları əsas borc, 11791,77 ABŞ dolları faiz borcu, 45,02 ABŞ dolları cərimə olmaqla, cəmi 18319,32 ABŞ dolları məbləğində borcun və 55,20 məhkəmə xərclərinin “xxxxxx” İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, cavabdeh X7 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X5 mənzildən çıxarılması və mənzilin boşadılması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və mühasibatlıq eskpertizasının rəyinə əsasən yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən borc məbləğlərinin dəqiq hesablanmadığının nəzərə alınmadığı və onların ipoteka predmetinindən əsassız olaraq çıxarılmaları barədə qərar qəbul etdiyi arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən həmçinin cavabdeh X2 da apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, bununla belə sonradan o apellyasiya şikayətindən imtina etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh4aya münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və borc məbləğinin ekspert rəyinə uyğun müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh X4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 18319,32 borcun tutulması” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxx” İKB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 17-G-1 -0-20-14 saylı kredit müqaviləsindən görünür ki, borc alana 36 ay müddətinə illik 25% olmaqla 33146 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxxxx” İKB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan “xxxxxx” İKB-nin maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 17-G-1 -0-20-14 saylı kredit müqaviləsi üzrə borcu 6482,53 ABŞ dolları əsas borc, 11791,77 ABŞ dolları faiz borcu, 1545,02 ABŞ dolları cərimə olmaqla, cəmi 19819,32 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1, yuxarıda göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş mühasibatşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh1 hesablanmalı olan faiz borcu 1852,96 ABŞ dolları, əsas borcu isə 21346,07 ABŞ dolları təşkil etmiş, müqavilə müddətinin bitdiyi xx.xx.2017ci il tarixindən sonra isə o, 3800 ABŞ dolları ödəniş həyata keçirmişdir. Kollegiya iddiaçının cavabdehdən əsas borc üzrə 6482,53 ABŞ dollarının tutulmasını tələb etdiyi nəzərə alaraq qeyd edir ki, iddiaçıdan tutulmalı olan əsas borcun məbləği iddia tələbinin həcmində müəyyən edilməlidir. Buna görə də kollegiya hesab edir ki, xx.xx.2014-cü il tarixli müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə hesablanmış 6482,53 ABŞ dolları əsas borc, 1852,96 ABŞ dolları faiz borcu və 45,02 ABŞ dolları cərimə borcu olmaqla, 8380,51 ABŞ dolları ümumi borcdan borcalanın həmin müqavilə üzrə sonradan ödədiyi 3800 ABŞ dolları ümumi borcdan çıxılmalıdır (8380,51 - 3800 = 4580,51 ABŞ dolları). Beləliklə kollegiyanın qənaətinə görə, xx.xx.2014-cü il tarixli müqavilənin müddətinin bitdiyi müddətə yaranmış borc məbləğləri və borcalanın sonradan həyata keçirdiyi ödəniş əsas götürülməklə, ondan həmin müqavilə üzrə iddiaçı təşkilatın xeyrinə 4580,51 ABŞ dolları tutulmalıdır. Qətnamənin, “xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45,02 ABŞ dolları dəbbə pulunun Cavabdeh1 tutulması” hissəsi üzrə kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı, borcalanın xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6482,53 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 1545,02 ABŞ dolları cərimə hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərimə məbləğini 45,02 ABŞ dolları həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə məhkəmə cərimə məbləğini kifayət qədər azaltmışdır və bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas mövcud deyildir. Kollegiya apellyasiya şikayətinin digər dəlili olan “ipoteka predmeti olan mənzil satıldıqdan 1 ay sonra boşaldılmasının qanunsuz olması” hissəsini də əsassız hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiyanın qənaətinə görə, ipoteka qoyan üzərinə müvafiq öhdəlik götürmüş olduğundan, mənzil satıldıqdan 1 ay sonra onun boşaldılması tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2797/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi “cavabdeh X4 xx.xx.2014-cü il tarixli 17-G-1 -0-20-14 saylı kredit müqaviləsi üzrə ümumilikdə 18 319,32 ABŞ dollarının tutulması” hissəsində dəyişdirililsin. X4 xx.xx.2014-cü il tarixli 17-G-1 -0-20-14 saylı kredit müqaviləsi üzrə iddiaçı “xxxxxx” İKB ASC-nin (Yelo Bank ASC) xeyrinə tutulmalı ümumi borcun məbləği 4580,51 (dörd min beş yüz səksən dollar 51 sent) ABŞ dollarımüəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 50 (əlli) manatı Cavabdeh1, 150 (yüz əlli) manatı isə “xxxxxx” İKB ASC-dən (Yelo Bank ASC) alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar