Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7666/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: tikintinin sökülməsi və materialların geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikintinin sökülməsi və materialların geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2020-ci il tarixli Qərarından müəyyən edilir ki, İddiaçı müraciəti ilə bağlı aparılan araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, “2017-ci ilin yay aylarında qonşusu İddiaçılə yas mərasimində görüşərkən söhbət zamanı ona mağaza tikəcəyini, onun isə həmin mağazanı işlədəcəyini təklif etmişdir. O da qonşusu Elçinin təklifi ilə razılaşmışdır. Belə ki, qonşusu İddiaçı həmin mağazanı öz həyətində tikəcəkdi. Lakin bu söhbətdən 2 ay sonra Elçinlə yenidən rastlaşdıqda öz həyətində mağaza tikmək üçün şərait olmadığını bildirib, onun həyətində tikilmiş, lakin yarımçıq qalmış mağazanın rekonstruksiya edilməsini təklif etmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən onun həyətində olan, yarıya qədər daş işi görülmüş tikintini rekonstruksiya edib təmiri başa çatdırmışlar. Həmin tikiliyə qonşusu İddiaçı 2 ay ərzində hissə-hissə 10180 manat pul xərcləmişdir. Mağaza hazır olduqdan sonra isə ora ilk olaraq 4600 manat, sonradan əlavə məhsulların alınması üçün 1300 manat vermişdir. Ümumilikdə qonşusu İddiaçı mağazaya 16080 manat pul xərcləmiş, mağazanın işlədiyi dövrdə onun evinə 185 manatlıq ərzaq məhsulları getmişdir. 2019-cu ilin noyabr ayında qonşusu İddiaçı mağazaya gələrək mağazanı bağlayıb açarları ona təhvil verməsini, mağazanı başqa şəxsin işlədəcəyini bildirmişdir. O da qonşusu İddiaçılə razılaşmayıb, mağazanın onun həyətində yarımçıq tikilinin üzərində tikildiyini bildirərək çəkdiyi xərci hər ay 500 manat olmaqla hissə-hissə ödəyəcəyini təklif etmiş, lakin İddiaçı onun təklifi ilə razılaşmayıb hər ay 1000 manat olmaqla ümumilikdə 24000 manat istəmişdir. Qonşusu İddiaçılə aralarında baş vermiş mübahisə sözlə omuşdur, heç bir dava-dalaş və ölümlə hədələmə olmamışdır, ərizədə yazılanlar qismən yalandır.”
2. Toplanmış materialda cinayət tərkibi yaradacaq hal müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir.
3. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında olan qarşılıqlı razılığa əsasən iddiaçı cavabdehə məxsus ünvanda mağaza inşa etmiş və ərzaq məhsullarının alınması üçün sonuncuya pul vəsaiti vermişdir. Lakin sonradan həmin mağazanın işlədilməsi ilə bağlı aralarında mübahisə yaranmışdır və hazırda iddiaçı mağazanın inşasına çəkilmiş xərcləri və s. ödəncləri tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında öz vəsaitinə inşa etdiyi mağazanın təmir-tikintisinə çəkilən xərcin, ustalara verdiyi 4681 manat haqqın, mağazaya qoyduğu 11197 manat məbləğində avadanlıqların; ərzaq malların alınması üçün Cavabdeh verdiyi 7980 manat məbləğində pulun cavabdehdən alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh onun qonşusudur, sonuncu 2018-ci ilin yay aylarında ona müraciət edərək dolanışığı çətin olduğunu bildirərək mağaza tikərək şərikli işlətmələrini təklif etmişdir. O, razılaşmış və cavabdehin həyətində şərikli işlətmək məqsədilə təxminən 44 kv.m ölçüdə mağaza tikərək içərisini ərzaq məhsulları ilə doldurmuşdur. Ümumilikdə tikiliyə və ərzaq məhsullarına 23958 manat pul xərcləmişdir. Mağazanın tikintisində və istifadəsi üçün aşağıda göstərdiyi materiallar sərf olunub: Mişar daşı 580 manat məbləğində, Armatur d-12 188 metr - 206 manat, Sancaq 20/15 235 ədəd - 47 manat, Dam - 3000 manat, Çornavoy üçün taxta 300 kub.m – 300 manat Çornavoy üçün tol -20 manat, xx.xx.2019 Qapılar 2ədəd - 450 manat, xx.xx.2019 Pəncərə, Fortuçka-360 manat, xx.xx.2019 qapıpəncərə-570manat, Elektrikmalları 300 manat, Beton üçün setlca 20 ədəd -90 manat, Metlax 541cv.m -756 manat, Lambir 65kv.m- 273 manat, Lambir üçün profil,U,şurup,əqrəb - 250 manat, Lambir üçün künc 1 ük 90 m - 90manat, Lambir üçün spot 20 ədəd - 140 manat, Vitrin üçün metal İcons. - 265 manat, Vitrin üçün profil - 465 manat, Xaladelnik vitrin - 650 manat, Kassa - 360 manat, Kondisioner 500- manat, Marojna xaladelnik (150+120)- 270 manat, Qapının öz sahəsi -340 manat, Şüşə vitrin - 100manat, Reklam - 120 manat, Market reklamı - 70 manat, Seyf qapı - 200 manat, Vitrin şkaf - 140 manat, çörək şkafı - 100 manat, tərəzi – 40 manat, Vedrələr 3 ədəd - 45 manat, Polka meyvə üçün – 100 manat. Mağazanın tikintisində aşağıda göstərdiyi məbləğdə ustalara zəhmət haqqı ödənilib: Daş işlərin görülməsi üçün -470 manat, Mala işi - 920 manat, Elektrik ustası – 150 manat, Mağazanın içi beton ustası - 150 manat, Metlax ustası - 400 manat, Lambir üçün usta - 250 manat, Vitrin ustası - 100 manat, Divarların şpaklevkası usta - 875 manat, Kondisionerin quraşdırılması - 50 manat, cəmi 3365 manat. Həmçinin, mağazanın tikintisində 8 kub.m şeben - 160 manat, 2 maşın qum -200 manat, 100 kisə sement - 600 manat, 40 kq mismar - 56 manat,metlax üçün mata 20 kisə - 140 manat, şpaklovka astar 6 kisə - 36 manat, şpaklovka üzlük 2 kisə -12 manat, emulsiya 25 qr 2 ədəd - 80 manat, binder 2 ədəd - 32 manat - cəmi 1316 manat məbləğində material istifadə olunub. Ərzaq malların alınması üçün cavabdehə ilk dəfə 4620 manat və sonradan 1160, 800, 500, 400, 500, manat - cəmi 7980 manat məbləğində pul verilmişdir. Cavabdeh mağazanın ona məxsus olduğunu bildirərək onu mağazaya yaxın buraxmır və şərikli işlətməli olduqları mağazadan ona bir manat da verməmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli 10/2604 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli əmlakın tikilməsi və təmir edilməsi üçün çəkilən xərclərin ümumi dəyəri 13433.9 manat məbləğində müəyyən olunmuşdur.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 dekabr 2021-ci il tarixli 2(003)-73/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 17433.9 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 manatın alınaraq iddiaçıya verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın cavabdehdən, 50 manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli ünvanda öz hesabına avadanlıqlar yerləşdirməsi, həmçinin mağazanın tikintisi üçün ustaya əmək haqqı ödənilməsi barədə öz tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbi həmin hissədə cavabdeh tərəfindən etiraf edilməmiş və işin məhkəmə iclasında araşdırılması zamanı qeyd olunan halları təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Cavabdeh iddia tələbini qismən etiraf edərək, iddiaçının həqiqətən də ona məxsus ünvanda mağaza tikdiyini, ona ərzaqlar üçün pul vəsaiti verildiyini bildirmiş, lakin tələb olunan məbləğlərlə bağlı razılaşmamışdır.
9. Məhkəmə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərək qeyd etmişdir ki, ünvan 1 ünvanında iddiaçı tərəfindən tikilmiş tikiliyə çəkilmiş xərclərin 13433.9 manat olması öz təsdiqini tapmışdır və həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə, ərzaq məhsullarına görə cavabdehə verilmiş pul vəsaitinə dair qeyd etmişdir ki, iddiaçının həmin pul vəsaitinin məbləğinə dair hər hansı sübut təqdim etməməsi və cavabdehin ona 4000 manat pul verildiyini qəbul etməsini nəzərə alaraq, həmin ödənişin 4000 manat qəbul edilməsi işin hallarına uyğun hesab edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 21, 21.2, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 88, 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, ona məxsus torpaq sahəsində yerləşən mübahisəli tikintiyə iddiaçı tərəfindən vəsait sərf edilməmişdir, həmin materiallar bildirdiyinə görə ona hər hansı şərtlə yox, yalnız xeyriyyə məqsədi ilə verilmişdir. Həmin materiallar yalnız kosmetik işlərə sərf edilmişdir. Yalnız ərzaq malları üçün iddiaçı ona 2000 manat pul vermiş, o isə iddiaçıya demişdir ki, ayda 500 manat verərək, həmin borcu qaytaracaq, lakin sonradan bu razılıq pozulmuşdur. Məhkəmə müəyyən etməmişdir ki, tikintiyə çəkilən xərc iddiaçı tərəfindən həyata keçirilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür.
Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. İddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən şikayət verilməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Tərəflər arasında olan qarşılıqlı razılığa əsasən cavabdehə məxsus həyətdə mağaza inşa edilmiş, əşyalar yerləşdirilmiş və ərzaq məhsullarının alınması üçün cavabdehə pul vermişdir.
31. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iddiaçı araşdırma zamanı ümumilikdə tikintiyə və ərzaq məhsullarına 25000 manat pul xərclədiyini bildirmiş, hazırki iddia ərizəsində isə ümumilikdə tikiliyə və ərzaq məhsullarına 23958 manat pul xərclədiyini bildirmişdir.
32. Cavabdeh isə araşdırma zamanı izahatında onun həyətində olan, yarıya qədər daş işi görülmüş tikintini rekonstruksiya edib təmiri başa çatdırdığını, həmin tikiliyə qonşusu İddiaçı 2 ay ərzində hissə-hissə 10180 manat pul xərclədiyini bildirmiş, hazırda isə tikintiyə sərf edilən vəsaitin iddiaçının qeyd etdiyi məbləğdə olmadığını, sadəcə kosmetik işlərə vəsaitin sərf edildiyini bildirmişdir.
33. Yaranmış ziddiyyətin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən mübahisəli əmlakın tikilməsi və təmir edilməsi üçün çəkilən xərclərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən mübahisəli əmlakın tikilməsi və təmir edilməsi üçün çəkilən xərclərin ümumi dəyəri 13433.9 manat məbləğində müəyyən olunmuşdur.
34. Belə olan halda məhkəmə haqlı olaraq ekspert rəyinə istinad edərək, tikilmiş tikiliyə çəkilmiş xərclərin 13433.9 manat olmasının öz təsdiqini tapması qənaətinə gələrək, həmin məbləği cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.
35. Ərzaq məhsullarına aid hissədə isə iddiaçı tələbində 7980 manat pul verdiyini iddia etsə də, həmin məbləğdə pul verdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
36. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf istinad etdiyi halı sübuta yetirməlidir.
37. Məhkəmə bu hissədə cavabdehin ona 4000 manat pul verildiyini qəbul etməsini nəzərə alaraq, həmin ödənişin 4000 manat qəbul edilməsini işin hallarına uyğun hesab etmişdir.
38. Cavabdeh apelyasiya şikayətində ərzaq məhsulları üçün iddiaçının ona 2000 manat verdiyini göstərsə də, Kollegiya bu dəlili əsassız hesab edir. Qeyd edir ki, məhkəmə haqlı olaraq bu hissədə cavabdehin məhkəmədə qəbul etdiyi həcmdə iddia tələbini təmin etmişdir.
39. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.